525.Az

20 il insan haqlarının müdafiəsində


 

20 il insan haqlarının müdafiəsində<b style="color:red"></b>

Müasir dövrdə insanın hüquq və azadlıqları, onların təmini və səmərəli şəkildə müdafiəsi, həmçinin, dövlət tərəfındən qanunvericilikdə təsbiti hər bir dövlətin və cəmiyyətin inkişafının mühüm faktoru kimi çıxış edir. İnsan hüquqları insanın təbiətinə məxsus olan hüquqlardır və onlara hörmət olunması, riayət edilməsi və müdafiəsi dövlətin ən ali vəzifəsidir. İnsan hüquqlarının daha dolğun və səmərəli təmin edilməsi məqsədilə bütün inkişaf etmiş demokratik ölkələrdə hüquqi dövlətin mühüm atributlarından sayılan Ombudsman institutu fəaliyyət göstərir.

Azərbaycanın Avropa hüquq məkanına doğru inteqrasiya prosesində həyata keçirdiyi islahatların ən mühüm mərhələlərindən biri məhz Ombudsman institutunun yaradılması oldu. Ümumilikdə, Müvəkkilin fəaliyyətinin nəticələri bu təsisatın ölkədə zərurətdən doğduğunu, qısa müddət ərzində əhalinin rəğbətini qazanmaqla qurulmaqda olan hüquqi dövlət və vətəndaş cəmiyyətində ona ehtiyac duyulduğunu, dövlət, o cümlədən, hüquq-mühafızə və yerli özünüidarə orqanları, beynəlxalq və milli qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlıq mexanizmlərinin hazırlanaraq uğurla həyata keçirildiyini göstərib. Azərbaycanda bu institutun təsis olunması və səmərəli fəaliyyəti həqiqətən də ölkənin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda olduğunu göstərən ən mühüm amillərdəndir. Ölkədə insan hüquq və azadlıqlarının təmini istiqamətində aparılan hüquqi islahatların tərkib hissəsi kimi, insan hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə 28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu da qəbul edilib. 5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu Qanunun tətbiq edilməsi haqqında Fərman imzalanıb, beləliklə də, təsisatın yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi baza yaradılıb. Azərbaycan Respublikasının ilk Ombudsmanı 2002-ci il iyulun 2-də Milli Məclis tərəfindən Prezidentinin təqdim etdiyi üç namizəd arasından seçilib. Müvəkkilin seçilməsindən üç ay sonra, 2002-ci il oktyabrın 28-də artıq Ombudsman Aparatında ərizəçilərin qəbuluna və şikayətlərin araşdırılmasına başlanılıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında Konstitusiya Qanununun müəyyən etdiyi mandata uyğun olaraq onun fəaliyyətinin əsaslarını açıqlayan birinci maddəsində göstərilir ki, Müvəkkil vəzifəsi Azərbaycan Respublikasının Konstitusiyasında və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunan və dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquq və azadlıqlarının bərpa edilməsi üçün təsis edilib. Buradan göründüyü kimi, Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biri hüquqları pozulan vətəndaşların fərdi şikayət və ərizələrinə baxmaq, pozulan hüquqları bərpa etməkdən ibarətdir. Konstitusiya qanununa əsasən, Müvəkkilin hər-hansı bir əlamətə görə -milli, dini, etnik, dil və s. ayrı-seçkilik olmadan Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə hüquqi şəxslərin hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ var.

Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulan insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir. Müvəkkilin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasını, ona əməl edilməsini, təmini vəziyyətinin öyrənilməsini, monitorinqini və təhlilini, habelə çatışmazlıqların və pozuntuların aşkar edilməsini, pozulmuş hüquqların bərpasını və pozulmasının qarşısının alınmasını özündə ehtiva edir.

İnsanlar öz şikayətlərini Müvəkkilə müxtəlif vasitələrlə verə bilərlər. Aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərən Müvəkkil Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.

Artıq Ombudsmanın işinin mexanizmi göstərir ki, onun fəaliyyətinin səmərəli olmasında müvafiq dövlət qurumları ilə əməkdaşlığın olduqca böyük əhəmiyyəti var. Bu baxımdan Ombudsmanın dövlət qurumları, o cümlədən, hüquq-mühafizə orqanları, aparıcı nazirliklər və dövlət komitələri ilə əməkdaşlığı onun işinin təşkili və pozulan insan hüquqlarının bərpasında əvəzolunmaz rolu olub.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın sözlərinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında məhz vətəndaş hüquqlarının, azadlıqlarının, layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilib. Səbinə Əliyeva vurğulayıb ki, Azərbaycanda insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması sahəsində son illərdə böyük irəliləyişlər əldə olunub. Vətəndaş cəmiyyətinin və demokratik hüquqi dövlətin bərqərar olunması, habelə hər bir şəxsin hüquq və azadlıqlarının təmin edilməsi, eyni zamanda demokratiyanın və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı sahəsində mühüm addımlar atılıb: "Dövlətin insan hüquqlarına verdiyi dəyərin bariz təzahürüdür ki, Prezident İlham Əliyevin 2007-ci 18 iyun il tarixli Sərəncamına əsasən, insan hüquqlarına dair ilk strateji sənəd hesab olan həmin Dövlət Proqramının qəbul edildiyi 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Ombudsmanın da əsas qayəsi - hər bir kəsin ayrı-seçkiliyə yol vermədən bütün hüquqlarını təmin etmək naminə fərdlə dövlət arasında körpü rolunu oynayaraq, nəticədə demokratik idarəetməni təkmilləşdirmək, dövlət qurumları tərəfindən insan hüquqlarının təmin edilməsi, qanunun aliliyinin bərqərar olunması ilə dövlətdə sabitlik və hərtərəfli dayanıqlı inkişafa dəstək verməkdir. Bu məqsədlə ölkənin bütün şəhər və rayonlarını əhatə etməklə sistemli, dinamik iş aparılır. Azərbaycan Respublikasının Konstitusiyasına və milli qanunvericiliyə, qoşulduğumuz beynəlxalq müqavilələlərə uyğun olaraq dövlətimizin ali məqsədi olan insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərən Ombudsman təsisatı öz işini aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında həyata keçirir, hər bir kəsin, əhalinin bütün qruplarının hüquqlarının müdafiəsinə xidmət edir".

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyanın bütün bir fəsli məhz insan hüquq və azadlıqları və onun qorunmasının təminatlarına həsr olunub: "Azərbaycan dövlətinin əsas fəaliyyəti istiqamətlərindən biri insan hüquq və azadlıqlarının qorunması və layiqli həyat səviyyəsini təmin etməkdir. O baxımdan da, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində mühüm addımlar atılıb və davamlı olaraq da bu addımlar atılır".

Əliməmməd Nuriyev vurğulayıb ki, Ombudsman tərəfindən ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətdə mühüm işlər görülüb. Eyni zamanda bu sahədə nəinki ölkə daxilində qanunvercilik bazasının formalaşdıraraq, institusional strukturlar yaradıb, həmçinin, bu istiqamətdə olan bütün beynəlxalq konvensiyalara qoşulub. Azərbaycan dövləti insanların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində konkret addımlar atıb. Bugün də insan hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Dövlətin əsas hədəfi vətəndaşlarının hüquq və azadlıqlarını qoruyub, onların layiqli həyat tərzini təmin etməkdir.

Millət vəkili Şahin İsmayılov deyir ki, Azərbaycan dövləti insan hüquq və azadlıqlarının müdafiəsini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirir: "İstər qanunvericilik bazasının təkmilləşdirilməsi, istər mövcud qanunvericiliyin tətbiqi baxımından kifayət qədər uğurlu işlər görülür. Son dönəmdə İnsan Hüquqları üzrə Müvəkkili institutunda dəyişikliklərin müsbət dinamikası daha çox nəzərə çarpır. 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə qarşı sərgilənən qərəzli mövqelər, düşmən diasporunun təxribatları ifrat dərəcədə idi. Bu zaman Ombudsmanın qarşısında çox ciddi vəzifələr dururdu. Görülən işlərin nəticəsində bütün bu vəzifələrin yüksək səviyyədə icrasının şahidi olduq. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ölkədə insan hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynamaqla yanaşı, yaranmış əlverişli mühitlə bağlı reallığı əks etdirən hesabatları hazırlayaraq təqdim edir. Azərbaycan dövləti bu sahəni xüsusilə diqqətdə saxlayır. Dövlətin ayrı-ayrı strukturları bu istiqamətdə çatışmazlıqların aradan qaldırılması üçün işlər görür. Ombudsmanın ixtisaslaşdırılmış şəkildə həyata keçirdiyi fəaliyyət isə bu işdə dövlət siyasətinin icrasına böyük töhfələr verməkdədir. Azərbaycanda Ombudsmanın vətəndaşların və eyni zamanda dövlətin mənafeyinə hesablanmış fəaliyyəti şəffaflığı ilə seçilir".

Millət vəkili Fatma Yıldırımın sözlərinə görə, Ombudsmanın fəaliyyəti insanların dövlət orqanlarına müraciətlərinin vaxtında cavablandırılmasına, məlumatlılıq səviyyəsinin artırılmasına, vəzifəli şəxslər tərəfindən vətəndaşlara diqqət və qayğı ilə yanaşılmasına istiqamətlənib: "İlk növbədə müraciətlərə operativ və dəqiq baxılmasına məsuliyyətli yanaşma ortaya qoyulub. Bu, Prezident İlham Əliyevin şəffaf cəmiyyət quruculuğu siyasətinə və "bizim siyasətimizin mərkəzində vətəndaş amili dayanır" yanaşmasına tam uyğundur, dövlət ilə vətəndaş arasında inamın gücləndirilməsinə xidmət edir. Ötən il ərzində dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpasına xüsusi diqqət göstərilməsi həm də hüquqi dövlət quruculuğuna və qanunun aliliyi prinsipinin qorunmasına mühüm töhfədir. Ombudsmanın və təsisat əməkdaşlarının cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, hərbi hissələrə, təhsil və tibb, habelə sosial xidmət müəssisələrinə başçəkmələri də hüquqların qorunması və pozulmuş hüquqların bərpası baxımından önəmlidir". 

Millət vəkili qeyd edib ki, Ombudsmanın fəaliyyətində diqqəti cəlb edən mühüm məqamlardan biri də cəmiyyətin bütün təbəqələrindən olan insanlarla daimi təmasda olmaq və onların problemlərinin həllinə təsisatın səlahiyyətləri çərçivəsində yardım göstərməkdir:

"Xüsusilə, həssas qruplardan olan insanlar, şəhid ailələri və müharibə veteranları, o cümlədən, müharibə əlilləri ilə daim təmasda olan Ombudsmanın onların hüquqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlər görməsi təqdirəlayiqdir. Mərkəzi aparatda və regional mərkəzlərdə pandemiya şəraitinə görə canlı qəbulun keçirilməməsinə baxmayaraq, şəhid ailələrinin üzvləri və müharibə veteranlarının müxtəlif vaxtlarda Ombudsman tərəfindən şəxsən qəbul edilməsinə ayrıca diqqət yetirmək istəyirəm. Onların şikayətlərinin dinlənilməsi, problemlərinin həlli məqsədi ilə səlahiyyətli dövlət qurumlarına müraciətlər edilməsi, hesab edirəm ki, həm dövlət siyasətinə dəstək, həm də milli həmrəyliyin qorunmasına vacib töhfədir. 

Bunlarla yanaşı, Ombudsmanın Ermənistanın hərbi cinayətləri, erməni vandalizmi ilə əlaqədar beynəlxalq ictimaiyyətə, ayrı-ayrı ölkələrin ombudsmanlarına, beynəlxalq təşkilatlara, parlamentlərə və s. müraciətləri də çox mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın haqlı və ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması, erməni yalanlarının ifşası üçün önəmli olmaqla yanaşı, işğalçı dövlətə qarşı beynəlxalq birlik tərəfindən təzyiq göstərilməsi və sanksiya tətbiq olunması üçün hüquqi əsaslar yaradır. Ombudsmanın xarici nümayəndələrlə görüşü və beynəlxalq tədbirlərdə iştirakı zamanı bu məsələləri daim diqqətdə saxlaması da faydalı və əhəmiyyətlidir".

Sevinc QARAYEVA

 





29.11.2022    çap et  çap et