525.Az

Son çağın Güney Azərbaycan nəsri - Esmira Fuad yazır


 

Son çağın Güney Azərbaycan nəsri - <b style="color:red"> Esmira Fuad yazır</b>

(Əvvəli ötən sayımızda)

 

Orijinal təhkiyə tərzi, tarixi və milli koloriti əks etdirmək baxımından Ruqiyyə Kəbirinin Marksizm fəlsəfəsinə, şamanizm və Mirəli Seyidovun "Qam-şaman" əsərindəki bilgilərə söykənərək, həmçinin, Modern romançılığın qaydalarına əsasən qələmə aldığı "Evim" romanı ilin ən yaxşı romanlarından biri sayılır. "Evim" gənc bir qızın İrandakı "Evin" adlı dustaqxanada keçirdiyi məşəqqətli günlərin hekayətidir. Güney Azərbaycanda "dirəniş rəmzi olan bu romanın baş qəhrəmanı məhbəsin bütün məhrumiyyətlərinə dözməkdən daha çox qadınlığını müdafiə etmək" istəyi, amacı ilə uğraşır.

N.Əzhərinin obyektiv şair adlandırdığı Ruqəyyə Kəbirinin əsərlərindən anlaşılır ki, xanım yazar hər nə qədər özünə qapanıq olsa da, duyğularının gözü ilə real həyata baxa, röyalarını ayıqlıqda da görə bilir. Ruqiyyə xanım maraqlı təhkiyə qurur, romanda ölkəsinin siyasi görüşlü qız və qadınlarının durumunu xarakterizə edən tam bir mənzərə yarada bilir. "Evim" romanı bütünlüklə toplumun aşağı qatında yaşayan, uşaqkən atasını itirən və öksüz qalan bir qızın qarşılaşdığı yoxsulluq və aclıqdan, sürünə-sürünə yaşamaqdan qurtulmaq üçün solçuluğa yol alan və bu səbəbdən də zindana düşən gənc bir qızın yaşam öyküsü, həyat hekayəsidir.

Həmid bəy Arğışın (Rüstəmi, 1976-cı il, Xoy) 1921-2001-ci illərdə qırx Güney Azərbaycan yazarının türkcə qələmə aldığı əlli hekayəni qapsayan, Abbas Pənahi, Həbib Sahir, Gəncəli Səbahi, M.Zəhtabi, N.Mənzuri, S.Behrəngi kimi klassiklərlə yanaşı, 1990-cı illərdən bəri yaranan gənc yazarlar dalğasının ünlü nümayəndələrinin də əsərlərindən örnəklər verilən "80 il hekayəmiz" antologiyası son dönəm Güney Azərbaycanda mühüm ədəbi hadisələrdən biri sayılır. O, kitabdakı yazıları iki yerə bölür və ön sözləri I, hekayə və qaynaqları isə II bölümdə yerləşdirir. H.Arğış antologiyadakı əsərlərin toplanmasına 1992-93-cü illərdə başlasa da, nəşri 20 il çəkib. Çünki Güney Azərbaycanda yaşayıb-yaradan və elə açıq fikirliliyinə, demokratik düşüncələrinə görə başlarının üstündən Domokl qılıncı asılmış, yəni hər dəqiqə həbs, sürgün, təqib olunmaq təhlükəsi ilə üz-üzə qalan və elə bu şərtlər altında da fədakarcasına çalışan digər aydınlarımız kimi, Həmid bəyin də tutulması və tutuqlandığı zaman kompüterinin də müsadirə olunması kitabın materiallarının da gedər-gəlməzə yollanmasına səbəb olur. Nəşrə yazdığı ön sözündə Həmid Arğış Güneyda nəsr janrının tarixən necə inkişaf etdiyindən və bugünkü səviyyəyə çatması prosesindən söz açır. "80 il hekayəmiz" antologiyası "Güney Azərbaycanın genəlliklə, nəsr tarixində, özəlliklə hekayə tarixində iz qoyan bir kitabdır. Belə kitabların yazılıb yayılmasını yeri, hər zaman boş görünüb. Kitabın başqa vurğulanacaq dəyəri, Arğışın, tanıtdırdığı yazıçıların yazdıqlarını olduqları kimi, əl dəyilmədən gətirməsidir..."

Adətən, ədəbiyyatda yeni janrlar kiçik, yığcam əsərlərlə təşəkkül tapır. 2013-cü ilin çap məhsulları içərisində bu sıradan olan nəsr əsərləri də özünəməxsus yer tutur. Onlardan ikisinin üzərində bir az ətraflı dayanmaq istəyirəm. Ramin Cahangirzadənin "Qapı" minimal hekayəsində hakim rejimin məhkəmə qərarına əsasən güllələnmə cəzasına məhkum edilmiş bir insanın ölümdən qabaqkı düşüncələri insanın ruhunu üşüdür, acı gerçəyin lakonik bədii təcəssümü və "cəzalının" cəsarətlə verdiyi ölüm qərarı damarlar-da qanı dondurur.

Xosrov Barışanın şifahi xalq yaradıcılığı nümunəsi əsasında yazdığı "Balta" hekayəsini 2013-cü ildə uşaqlar üçün nəzərdə tutulmuş nəsr əsərləri içərisində ən uğurlusu hesab etmək olar. Əfsanənin məzmununa yeni çalarlar əlavə edən Xosrov meşənin ən qoca ağacı olan "Girdəkən (qoz) dədə"nin dili ilə balaca oxucularını insanı məhvə sürükləyən paxıllıq, həsəd, xəbislik, lovğalıq, etibarsızlıq kimi hisslərdən uzaq olmağa səsləyir, sanki onlara yaşayış, həyat dərsi verir, davranışlarında düşüncəli olmağı, dost və düşməni yaxşı tanımağı, öz soydaşlarına, doğmalarına, eyni zamanda xalqına arxa çevirməməyi, yalan vədlərə aldanmamağı, el malına göz dikməməyi tövsiyə edir...

Qadir Cəfərinin "Tuva türklərinin musiqisini dinlədikdən sonra" adlı essevari hekayəsində isə türkün qədim və şanlı tarixinə bir nəzər var: "Demirəm ən doğmamsan mənim. Ancaq bir parçam. Hardasa yaddaşımda izin var, bilirəm. Hansı uzaqlar burulğanında itirmişdimsə də, yenidən tapılır, cücərirsən. Hardan doğuldun yenə məndə sən? Nayman, məni buraxsana! Burası şaxtadır. donuq bağırtılar sarayıdır. Səsim üşüdü. Sızıltılarımı Vərziqana qusdum, ağılarımı Qarabağa. Artıq, Aral quruluğundan Urmu gölünə dammağına inanmışam. Bu nə coşğudu səndə? Bir an dayan, mən unutqanam. Yuvan-yuvanlar qəbiləsinə yalamanam. Çoxdandı ormanlara yadırğamışam. Beləcə kişnərtmə atını ərənlər sayaq. Qışqırmaq Koroğlu dolu nostalgiyamdı mənim..."

Rəsul Məlikoğlu "Yeddi" adlı kiçik həcmli hekayəsinə Bəxtiyar Vahabzadənin "Vaxtsız açan çiçək xar olmalıymış..." misrasını epiqraf seçib və elə bu epiqraf əsərin ideyasını, mövzusunu və müəllifin hədəfini bəlləyir...

Çağdaş dövrün ədibləri əsərlərində həyatın dibinə enir, məişətin alt qatını, insanın gündəlik həyatda yaşadıqlarını, getdikcə gəlişib inkişaf edən elmin, texnikanın yeniliklərini, hətta mətbəxdə baş verənləri belə, ütüsüz-boyasız, tamamilə yeni bir formada ədəbiyyata gətirirlər... Bəzi söz ustaları ən qısa həcmli - kibriti şeir və hekayələr, eləcə də hekayənin çox sıxılmış formasında əsərlər - Flash fiction, yəni sözlərin sayına əsaslanan, bir çox xüsusiyyətləri nəzərə alınan qısa hekayənin daha da sıxılmış formasını yaradırlar. Belə ki, xüsusi söz sayından asılı olmayaraq flaş bədii hekayəni mümkün olan ən az sözə çevirməyə çalışır. Başqa bir şəkildə nəzərdən keçirmək üçün, flaş kurgu müəyyən bir söz sərhədi içində mümkün olan ən böyük, ən zəngin, ən mürəkkəb bir hekayəni izah etməyə çalışır... Məlihə Əzizpurun "Kibriti hekayələr" silsiləsindən on beş öyküsü Flash fiction-un ən gözəl örnəklərindən sayıla bilər.

Əksər tədqiqatçı və yazarlar, ümumiyyətlə, Azərbaycan ədəbiyyatında tarixən poeziyanın üstünlük təşkil etdiyini dönə-dönə vurğulamış, səbəblərini şərh etməyə çalışmışlar. Bu mənzərə "Azərbaycan xalqı şair xalqdır" istilahında da qorunur. Ancaq böyük Vətənimizin Quzey parçasında durum fərqlidir və güclü nasirlərimizin roman yaradıcılığı burada nəsrin hansı səviyyədə inkişaf etdiyinin göstərgəsidir. Güneydə isə, göründüyü kimi, nəsr yaradıcılığında bir lənglik, gecikmə olmuşdur. Nəsrdə mövcud olan boşluğu hələ sağlığında ikən ustad Şəhriyar da hiss etmiş, bu boşluğu doldurmaq üçün roman janrında qələmini sınamaq istəmiş, ancaq məlum səbəblər üzündən məqsədinə çata bilməmişdir. G.Gəncalp, Nazlı və Yüksəlin ustad şairlə söyləşilərində durumun səbəbləri Şəhriyarın öz dili ilə açıqlanır: "Anamdan, nənəmdən, ağsaqqallardan eşitdiyim nağıllar əsasında roman yazmaq istəyirdim. Dilimizdə nəsr yazmaq fürsətini bizə tanımadılar. O qədər ədəbi yaradıcılıq arzularım içimdə dəfn olundu ki. Siz çox gəncsiniz və bir də tanınmırsınız. Tanınmış olsanız, sizlərə də əziyyət edərlər. Qoymazlar ana dilinizdə yazasınız. "Heydərbabaya salam" əsərinə görə məni çox incitdilər. Kimsə bilmir bunları. Həm incitdilər, həm də sosial imkanlardan məhrum etdilər. Ancaq mənim milli vicdanım o əsərləri (Azərbaycan türkcəsində olanları) yazmağa əmr çıxarmışdı öz içimdə. Mən əlimdən gələn xidməti dilimizə etdim. Bu qədərini başardım. Bəlkə ana dilimizdə az yazdım, bunun uzun səbəbləri var. Ancaq elə bir mərhələ gəlmiş ki, dilimiz nəsrdə də təcrübə qazanmalıdır. Ancaq bəzi millətlər nəsrə çox gec keçirlər. Hətta bu gün də elə millətlər var ki, onların dili mənsur ədəbiyatda hələ təcrübə qazanmamışdır. Ancaq şeirdə demək olar ki, bütün dünya dillərinin təcrübəsi var. Bizim də dilimizin ən azından İran mühitində nəsr sahəsində təcrübəsi yoxdur..."

Elşən Böyükvəndin Azərbaycan türkcəsində Güneydə roman yaradıcılığının zəif inkişaf etməsinin səbəblərini açıqlayan fikirləri də bir gerçəkdir. Gənc şair"Ana dilində yazmamaq, yaxud iki və bir neçə dildə yazmaq məsələsi Batı ölkələrində olduğu kimi, Doğu ölkələrində də görünən məsələdir. Güney Azərbaycanda  1360-cı (1981-ci) illərə qədər təkcə 5 cild boşqaba qoymalı roman kitabının olmamasının əsas səbəbini Rza Bərahəni, Səməd Behrəngi və Qulamhüseyn Səidinin bacarıqsızlığı, laqeydliyi və Ana dillərinə "sevgi və şuur" bəsləməməyin sonucu kimi görmək, İranın çağdaş siyasi-ictimai tarixini yaxşı oxuma-maq və bu məsələyə qərəzli və qeyri-elmi yanaşmağın sonucudur. 1981-ci ilə qədər Ana dilimizdə roman yazmaq istəyən yazıçı Türk dili dənizində dalğıclıq (qəvvaslıq) etməli idi, amma pəhləvilərin Ana dilimizə tutduqları divanın içində roman yazmağa heç bir imkanatın olmaması və Ana dilimizdə roman kitablarının yoxluğunu unutmamalıyıq. Enis Batur, "Ana dil, ögey dil və ötəki dil" başlıqlı məqaləsində Dante, Petrark, Cioran, Beckett, Pound, Nabokov, Conrad və Kundara kimi... ikidilli və çoxdilli yazarlardan danışır, amma Güney Azərbaycan yazıçıları kimi yazısından öfkəli bir qoxu duyulmur. Osmanlı dövrü və çağdaş Türkiyə yazarları barədə danışırkən məsələyə ideolojik xarakter verməkdən çəkinir. Güney Azərbaycandan fərqli olaraq hər iki dövrün yazarları (Osmanlı və  yeni Türkiyə dövrü) öz Ana dillərində təhsil almaq imkanına malik olduqlarına heç bir şübhə yoxdur..."

Güney Azərbaycanda son illərin ədəbi yekunlarına nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin olduğu apaydın görünür. Gələcəyə ümidsizliyin artdığı kürəsəlləşmə//qloballaşma dönəmində, 2020-ci ilin vəhşəti-korona pandemiyası dövründə belə, Güney Azərbaycanda ədəbiyyat ümidsizliyə təkan vermir, əksinə, insanı ümidsizlikdən ötəyə çatdırır, gələcəyə, ulusumuzun sabahına ümidi artırır... Ənənəvi şeirlə yanaşı, nəsr, modern, postmodern və metamodern ədəbiyyat dinamik inkişaf etməkdədir...

Demək ki, möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır. 

 





29.11.2022    çap et  çap et