525.Az

"İran yenə də özünün tərəfdaşı kimi, özünün dostu, qardaşı kimi Ermənistanı görür"


 

"İran yenə də özünün tərəfdaşı kimi, özünün dostu, qardaşı kimi Ermənistanı görür"<b style="color:red"></b>

“Bir müddət bundan əvvəl İran Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti demişdir ki, “Azərbaycan bizim gözümüzün nurudur. Biz Azərbaycanla münasibətləri qorumaq istəyirik”. Amma, hesab edirəm ki, bu konfransla İran bir daha nə dərəcədə qeyri-səmimi, riyakar olduğunu göstərir. Bəli, əslində İran son addımlarıyla, son keçirdiyi tədbirlərlə, verdiyi bəyanatlarla özünün uzun illər həyata keçirdiyi siyasəti növbəti dəfə özü ifşa edir. İran bu tədbirə baxın kimləri dəvət edib?! -Əmin Movəhdian, Məcid Kərimi, Əhməd Kazımi, Şüeyb Bəhmən və Siyamək Kakai. Həmin şəxslər isə qatı Azərbaycan və Türkiyə əleyhinə olan insanlardır. Eyni zamanda Ermənistanla əlaqələrin güclənməsində, inkişafında maraqlı olan bir sıra şəxslər də burada məruzəçi kimi iştirak edəcəklər. Yəni, bu konfransda olan spikerlər, məruzəçilər uzun illərdir Azərbaycanla Türkiyə əleyhinə təbliğat aparan insanlardır. Bu gün erməni sevərlərin iştirakıyla belə bir tədbirin keçirilməsinin planlaşdırılması, təəssüf ki, bir daha İranın öz münasibətlərində, əlaqələrində qeyri-səmimi olduğunu göstərir. İran üstdə bir şey deyir, altda isə Azərbaycan qarşı öz işlərini görür. Ona görə İran bir tərəfdən belə tədbirləri keçirərək, digər tərəfdən isə Azərbaycana deməsin ki, “biz sizi sevirik, dostuq, qardaşıq!”.  

525.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib. O qeyd edib ki, çox təəssüf ki, İran 30 ildir ki, bu siyasətini davam etdirir:

“Prezident İlham Əliyev dəfələrlə İran tərəfinə xəbərdarlıq etdi.  Biz ümid edirik ki, İran bu məsələlərdə nəticə çıxardacaq. Amma bu proseslər, bu tədbirlər, bu addımlar bir daha onu göstərdi ki, İranın məqsədi Azərbaycanla münasibətləri korlamaq, Ermənistanla isə daha da gücləndirməkdir. Münasibətlərin gərgin olduğu bir dövrdə, bu qədər Azərbaycanın davamlı olaraq öz fikirlərini, mövqelərini bildirməsinə baxmayaraq, İran belə bir addım atırsa, demək onun məqsədi məlumdur. O yenə də təxribatlara davam etmək istəyir, yenə də Azərbaycana qarşı ərazi iddiasıyla, ayrı-ayrı ittihamlarla çıxış etmək istəyir. Qeyd etdiyim kimi, əlbəttə, bu qəbul edilən deyil. İran  çalışmalıdır ki, bu ritorikaya, bu addımlara, bu təxribatlara son qoysun.”.

Millət vəkili bildirib ki, bizdən daha çox İran  münasibətlərin normallaşması barədə düşünməlidir və bu yöndə, bu istiqamətdə addımlar atmalıdır. Biz bunu görmürük və təəssüf ki, İran yenə də özünün tərəfdaşı kimi, özünün dostu, qardaşı kimi Ermənistanı görür və bu istiqamətdə addımlarını atır:

“Əlbəttə ki, bu birmənalı olaraq ikitərəfli əlaqələrə xələl gətirən bir məsələdir. Biz bir daha deyirik ki, İran bu siyasətə son qoymalıdır! Bunun adı riyakarlıqdır, bunun adı ikiüzlülükdür, bunun adı xəyanətdir. Ona görə bizim başımızı aldatmağa çalışmasınlar. İran səfiri bizim rəsmi şəxslərin yanından gəlir, İranın rəsmi şəxsləri bir bəyanat verirlər,  ardınca isə gedib öz dostları və qardaşları ilə belə tədbirləri, konfransları keçirirlər. Azərbaycan hər zaman çalışdı ki, üzərinə düşəni yerinə yetirsin. Hər zaman İranla biz dost münasibətlərdə olmaq istədik, münasibətlərimizi qorumaq istədik, amma İran bunu istəmədi”.

Sevinc Qarayeva 
 

 





29.11.2022    çap et  çap et