525.Az

Dövlət Komitəsinin sədri xarici jurnalistlərlə görüşüb


 

Dövlət Komitəsinin sədri xarici jurnalistlərlə görüşüb<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı noyabrın 28-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə səfər edən xarici jurnalistlərlə görüşüb.

525.az xəbər verir ki, Dövlət Komitəsinin sədri xarici jurnalistlərə ölkəmizdə mövcud olan dini durum, dinlərarası harmoniya və DQİDK-nın fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycan əhalisinin əksər hissəsinin müsəlman olduğunu qeyd edən Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini deyib. Diqqətə çatdırıb ki, müstəqilliyimizin bərpasından sonra tolerantlıq və multikulturalizm mühitinin daha da güclənməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub və bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Multikultural həyatı özünün yaşam tərzinə çevirmiş Azərbaycanda tolerant dəyərlər xalqımızın adət-ənənələrində əhəmiyyətli yer tutur. Dini konfessiya nümayəndələrinin hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini qoruyub-saxlamaq imkanına malikdir. Komitə sədri, həmçinin ölkəmizdə dövlət tərəfindən bütün dini qurumlara, o cümlədən qeyri-islam icmalarına mütəmadi maliyyə yardımı edildiyini vurğulayıb. Görüş zamanı qonaqların suallarına cavab verərkən Azərbaycanın özünəməxsus dövlət-din modelinin olduğu, ölkə Konstitusiyasında vicdan azadlığının  təsbit olunduğu qeyd olunub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərə diqqət çəkən Mübariz Qurbanlı bu qələbəni şərtləndirən amillər sırasında xalqımızın həmrəyliyinin, milli dəyərlərə, birgəyaşayış ənənəsinə verdiyi önəmin də yer aldığını qeyd edib. 30 illik işğal dövründə ermənilərin torpaqlarımızda olan tarixi-dini abidələrə qarşı sərgilədiyi vandal və barbar yanaşmaya toxunan DQİDK sədri Bakı şəhərinin mərkəzində erməni kilsəsinin mövcud olduğunu xüsusi vurğulayıb.

Jurnalistləri maraqlandıran mövzular ətrafında davam edən görüşün sonunda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.

Qeyd edək ki, jurnalistlər qrupunun tərkibinə “Gurevich Communications” şirkətinin rəhbəri Roman Gurevich, “El Español”  onlayn jurnalının direktor müavini Alberto Daniel Prieto Davila, “La Vanguardia” və “La Razón” qəzetlərinin müxbiri Ofer Laszewicki, eyni zamanda “SIC”, “La Vanguardia” və “Mediaset España” media qurumlarının Orta Şərq üzrə müxbiri Paul Manuel Sanchez Keighley, yəhudi kinematoqraf, həmçinin İspaniya, Portuqaliya, Fransa, Argentina və digər ölkələrin mediasında məqalələri dərc olunan jurnalist Yair Cymerman daxildir.

Sevinc Qarayeva 

 





29.11.2022    çap et  çap et