525.Az

“Ümid edirik ki, beşdən çox uşağı təkbaşına böyüdən ataların sosial təminat hüquqları təmin olunacaq” - Ombudsman


 

“Ümid edirik ki, beşdən çox uşağı təkbaşına böyüdən ataların sosial təminat hüquqları təmin olunacaq” - <b style="color:red">Ombudsman</b>

Jurnalist: Hörmətli Səbinə xanım, əvvəlcə vaxt ayırıb müsahibə verdiyinizə görə sizə dərin təşəkkürümüzü bildiririk. 

Bu günlərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə ünvanladığınız sorğu əsasında həmin qurumun Plenumu tərəfindən növbəti uğurlu qərar qəbul edilmişdir. Bu barədə fikirlərinizi bildirməyinizi xahiş edirəm.

Səbinə Əliyeva: Təşəkkür edirəm. 

Bildiyiniz kimi, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə əsasən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada həmin maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər. Eləcə də, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun 13.2.8-ci maddəsinə əsasən, şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda, Müvəkkil Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək səlahiyyətinə malikdir. 

Bu istiqamətdə də geniş fəaliyyət həyata keçiririk. Bu baxımdan fəaliyyətimiz çərçivəsində növbəti sorğumuz Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli, 55-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” Qanununun 4-cü maddəsinin (Müavinətlərin növləri) Azərbaycan Respublikası Konstitusiyasının 25-ci (Bərabərlik hüququ), 38-ci (Sosial təminat hüququ), 71-ci (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) və 147-ci (Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi) maddələrinə, 149-cu maddəsinin (Normativ hüquqi aktlar) I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair olmuşdur. 

Belə ki, Azərbaycan Respublikasının «Sosial müavinətlər haqqında» Qanununun 4-cü maddəsinə (Müavinətlərin növləri) əsasən, şəxslərə müvafiq müavinətlər təyin edilir. Həmin Qanunun 4.0.1.13-cü maddəsinə əsasən, beşdən çox uşağı olan qadınlara münasibətdə də müavinət müəyyən edilmişdir. Lakin bu və ya digər səbəblərdən (məsələn, ananın dünyasını dəyişməsi, valideyinlik hüququndan məhrum edilməsi, fəaliyyət qabiliyyətli olmayan elan edilməsi və s.) uşaqları təkbaşına böyüdən kişilərə münasibətdə isə müavinətin ödənilməsi nəzərdə tutulmamışdır. Bu isə öz növbəsində göstərilən əsaslarla sözügedən şəxslərin, yəni beşdən çox uşağı təkbaşına böyüdən kişilərin sosial təminat hüququnun pozulmasına və ayrı-seçkiliyə səbəb olur. Odur ki, qadınlarla yanaşı kişilərə münasibətdə də həmin müavinətin ödənilməsi tam doğru və ədalətli yanaşma olardı. Göstərilən səbəblər Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etməyimizi şərtləndirmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə bu müraciətimiz üzrə də 14 noyabr 2022-ci il tarixində Plenum tərəfindən Qərar qəbul edilmişdir. 

Jurnalist: Hörmətli Səbinə xanım, məsələyə münasibətdə Ombudsmanın hüquqi mövqeyi ilə Konstitusiya Məhkəməsinin mövqeyi nə dərəcədə uzlaşır? Zəhmət olmasa, bu barədə  fikirlərinizi bildirərdiniz.

Səbinə Əliyeva: Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2022-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsinə nəzər yetirsək, hər iki qurumun hüquqi mövqeyinin üst-üstə düşdüyünü görmüş olarıq. Bununla belə, Konstitusiya Məhkəməsi dövlətdaxili və beynəlxalq hüquqi aktlara, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinadən həmin mövqeyini daha da gücləndirmişdir.

Jurnalist: Nəticə etibarilə Konstitusiya Məhkəməsi Plenumunun həmin məsələ ilə bağlı qənaəti necə olmuşdur?

Səbinə Əliyeva: Konstitusiya Məhkəməsi Plenumunun həmin məsələ ilə bağlı Qərarının nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunlaşdırılması məqsədilə “Sosial müavinətlər haqqında”  Azərbaycan Respublikası Qanununun 4.0.1.13 və 7.0.10-3-cü maddələrində beşdən çox uşağı təkbaşına böyüdən ataların da nəzərdə tutulması ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
Ümid edirik ki, “Sosial müavinətlər haqqında”  Azərbaycan Respublikası Qanununa ediləcək dəyişikliklər beşdən çox uşağı təkbaşına böyüdən atalara münasibətdə həmin əsaslarla onların sosial təminat hüquqlarının təmin olunmasına və mümkün ayrı-seçkiliyə məruz qalmamalarına imkan yaradacaqdır.

Jurnalist: Çox sağ olun, təşəkkür edirik.

Səbinə Əliyeva:  Mən də sizə təşəkkür edirəm və fəaliyyətinizdə uğurlar arzulayıram.

 





29.11.2022    çap et  çap et