525.Az

Belçikada dəmiryol işçiləri 3 günlük tətilə başlayıblar


 

Belçikada dəmiryol işçiləri 3 günlük tətilə başlayıblar<b style="color:red"></b>

Belçikada dəmiryol işçiləri hökumətin hazırladığı büdcə paketini qeyri-kafi görüb və ölkə daxilində 3 günlük tətilə başlayıblar.

525.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Belçikada dəmiryol işçiləri, Baş nazir Alexander De Croo hökumətinin hazırladığı 2023-cü il üçün dəmiryollarına ayrılan büdcəyə etiraz ediblər.

Həmkarlar ittifaqlarının təşkil etdiyi tətilə görə ölkədə hər 4 qatardan yalnız biri işləyəcək. Xüsusilə Valoniya bölgəsindəki Namur, Brabant, Vallon və Lüksemburq şəhərlərində səfərlər kadr çatışmazlığı səbəbindən tamamilə dayandırılıb. Ölkədə üç günlük dəmiryol tətili səbəbiylə bir çox işçi şəxsi avtomobilləri ilə işə getmək məcburiyyətində qalıb, insanların bir qismi isə uzaqdan işləməyə üstünlük verib.

3 gün davam edəcək və ölkədə həyata mənfi təsir göstərəcək tətillə bağlı hökumət isə susur. Böyük büdcə böhranı yaşayan, büdcə səhvlərinə görə təcili olaraq nazirləri dəyişdirən və yüksək dövlət borclarına görə Avropa İttifaqı (Aİ) tərəfindən xəbərdarlıq edilən Belçikada, hökumətin əmək haqqının artırılması və şəraitin yaxşılaşdırılmasını tələb edən dövlət işçilərinə gözlənilən səviyyədə cavab verməsi çətin görünür.

Xatırladaq ki, ölkədə Vivaldi Koalisiyası kimi tanınan federal hökumətin qurulması zamanı koalisiyada olan Yaşıllar Partiyası nəqliyyat nazirini işdən azad etmiş və bu vəzifəyə Georges Gilkinet təyin olunmuşdu. Gilkinet vəzifəyə gəldiyi gündən: "Dəmir yollarını ölkədə nəqliyyatın dayağı edəcəyik", -deyə bildirmişdi. Buna baxmayaraq hökumət dəmir yolları üçün 2023-cü ildə 115 milyon avro, 2024-cü ildə isə 100 milyon avro büdcə ayrıldığını açıqlayıb.

Sevil Seymur

 





29.11.2022    çap et  çap et