525.Az

Məramı sülh olmayan sülhməramlılar 


 

RUS ƏSGƏRLƏRİ MİSSİYASINI UNUDARAQ QANUNSUZ ERMƏNİ BİRLƏŞMƏLƏRİNİN DƏSTƏKÇİSİNƏ ÇEVRİLİBLƏR

Məramı sülh olmayan sülhməramlılar <b style="color:red"></b>

Son günlər Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasında baş verənlər adı və missiyası sülhməramlı olanların məramının heç də sülh olmadığını göstərir. Təkcə noyabr ayının statistikasına nəzər saldıqda, demək olar ki, hər gün həm erməni təxribatlarının baş verdiyini, eyni zamanda rus sülhməramlılarının öz öhdəliklərini yerinə yetirmədiyini, bu təxribatlara göz yumduğunu görürük. Rusiyanın Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan sülhməramlı kontingentin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd olunur. Azərbaycanın Müdafiə Nazirliyi məsələ ilə bağlı dəfələrlə rəsmi açıqlama yayaraq qarşı tərəfi ölkəmizin yaşayış məntəqələrinin düzgün adlarından istifadə etməyə çağırıb: "Təəssüflə bildiririk ki, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən narazılıq ifadə olunmasına baxmayaraq, Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunması yenə də davam edir. Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsinə son qoyulmalıdır. Ümumiyyətlə, Azərbaycan ərazilərinin uydurma erməni toponimləri ilə ifadə olunması yolverilməzdir.

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərə müvafiq şəkildə ifadə etməyə çağırırıq. 28.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında "Mardakert", "Martuni", "Madagiz" və "Getavan" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ, XOCAVƏND, SUQOVUŞAN və QOZLUKÖRPÜDÜR".

Digər tərəfdən, Rusiya sülhməramlı kontingenti qeyri-qanuni erməni silahlı birləşmələrinin atəşkəsi pozması faktlarını da rəsmi hesabatlarına daxil etmir, onların qanunsuz hərəkətlərinə hər hansı reaksiya vermir. Bununla da əslində öz prinsiplərindən - sülhün bərqərar olması, təhlükəsizliyin təmini və tərəfsiz olmaqdan kənara çıxırlar. Məsələn, noyabr ayında Azərbaycanın mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən mütəmadi atəşə tutulub. Ordumuzun Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri, o cümlədən, Ermənistan ərazisindən Kəlbəcər, Tovuz, Daşkəsən rayonları müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Noyabrın 17-də isə qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri ordumuzun bölmələri tərəfindən müşahidə edilib. Müdafiə Nazirliyi qeyd edib ki, qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb.

Bir neçə gün əvvəl Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

Qanunsuz erməni silahlı dəstələrinin Laçın rayonunun Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində basdırdığı piyada əleyhinə mina sahəsinin aşkarlanmasına da sülhməramlı kontingentin heç bir reaksiyası olmadı. Xüsusi qeyd etmək lazımdır ki, bu istiqamətində aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra - 2021-ci ildə Ermənistanda istehsal olunub. Birbaşa insan ölümünə hesablanan bu cinayətə də susqun qaldılar. Sülhməramlı deyilən kontingentin bu və digər cinayətlərə, təxribatlara göz yumması onların həmin bu cinayətlərə ortaq olması deyilmi? Axı qeyd edilənlər Rusiyanın da imzası olan üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır. 44 günlük müharibənin sonunda imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlı kontingenti bölgəyə yerləşdirilib. Üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, sülhməramlı kontingent Azərbaycanın Qarabağ bölgəsinə yerləşdiriləndə paralel olaraq qanunsuz erməni silahlı qüvvələrinin çıxarılması təmin edilməli idi. İki il keçməsinə baxmayaraq, ortada hələ də konkret nəticə yoxdur.

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları 10 noyabr bəyanatına uyğun fəaliyyət göstərməlidir. Təəssüf ki, bunun əksini görürük, onlar qanunsuz erməni silahlı birləşmələrinə dəstək verir, sülhü əngəlləyən addımlara yaşıl işıq yandırırlar. Bu qanunsuz silahlı dəstələrə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan dəhliz və yollarla silah-sursat, Azərbaycan ərazilərinin çirkləndirilməsi üçün minalar çatdırılır. Hansı ki, təkcə müharibədən sonra, ötən iki il ərzində 270 nəfər insan bu mina terrorunun qurbanı olub.

Görünən odur ki, beş il müddətinə regionda olan sülhməramlı kontingent iki ildə heç bir öhdəliyini yerinə yetirə bilməyib. Daha doğrusu, yetirmək istəməyiblər. Məramını, missiyasını unudaraq qanunsuz erməni birləşmələrinin dəstəkçisinə çevriliblər. Bununla həm də Moskva öz sülhməramlılarının sülhü əngəlləyən imicini yaratmış oldu. Üç il vaxtı qalan sülhməramlıların bundan sonra da erməni təxribatlarına göz yumub, qanunsuz silahlı birləşmələrə dəstək göstərməkdə davam edəcəyinə şübhəmiz yoxdur. Azərbaycan təbii ki, öz ərazisində baş verən bu qanunsuzluqlara, beynəlxalq hüquqa zidd hərəkətlərələrə uzun müddət dözmək niyyətində deyil. Əminik ki, buna da heç kimin şübhəsi yoxdur. Azərbaycan nəyi nə vaxt edəcəyini çox yaxşı bilir.

 

 

 





30.11.2022    çap et  çap et