525.Az

Müharibənin üçüncü mərhələsi - Xaqani Cəfərli yazır


 

Müharibənin üçüncü mərhələsi - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiyanın Ukraynaya qarşı 24 fevralda başlatdığı müharibənin doqquz ayı noyabrın 24-də tamam oldu. Müharibənin doqquz ayının tamam olmasına baxmayaraq, hərbi əməliyyatların dayandırılması mümkün görünmür. Əksinə, müharibənin daha bir neçə ay davam edəcəyini əminliklə söyləmək olar. Rusiyanın Ukraynaya qarşı müharibəsində artıq iki mərhələnin geridə qaldığı, üçüncü mərhələnin başladığı haqqında fikirlər var.

Tərəflərdən birinin bir neçə gündən üç aya qədər olan müharibədə qəti qələbəsi ilə başa çatan hərbi münaqişələr bir qayda olaraq "Blitzkrieg", yəni "ildırımsürətli müharibə" hesab edilir. Üç aydan doqquz aya qədər uzanan müharibə uzun sürən münaqişə hesab olunur. Müasir dövrdə doqquz aydan sonra müharibə tərəflərdən birinin və ya hər ikisinin resurslarının "tükənməsinə qədər" davam edəcək fazaya keçir. Bütün bunlar Rusiyanın Ukraynaya qarşı müharibəsinin keyfiyyətcə yeni mərhələyə keçdiyini və tərəflərdən birinin resurslarının tamamilə tükənməsinə qədər davam edəcəyini proqnozlaşdırmağa imkan verir. 

Rusiya hakimiyyətinin qismən hərbi səfərbərliyə vadar edən əsas məqam da məhz doqquz aydan sonra səfərbərlik rejiminə keçmədən müharibənin davam etdirilməsinin qeyri-mümkün olacağı rəyinə gəlinməsi idi. Sərt cəza aparatı işə salınmaqla qismən hərbi səfərbərlik həyata keçirmək nə qədər asan idisə, eyni qayda ilə hərbi-sənaye kompleksinin inkişafına nail olmaq mümkün görünmür.

Rusiya ordusunun müharibədən əvvəl malik olduğu ehtiyatı ciddi şəkildə tükətməsi ilə bağlı başqa məlumatlar da var. Buna görə də, qismən hərbi səfərbərlik nəticəsində orduya cəlb edilənləri 50-60 il əvvəl istehsal olunmuş silahlar, dəbilqələrlə təchiz edilirlər. Rusiya ordusunun 1952-ci ildə istehsal olunmuş hərbi texnikadan istifadə etdiyini təsdiqləyən dəlillər də var. Hətta İkinci Dünya müharibəsindən qalmış toplardan, tanklardan istifadə edilməsi ilə bağlı təsdiqini tapmamış iddialar səslənir. Rusiya hakimiyyəti bütün bu iddiaları təkzib etmir.

Rusiya müharibədən əvvəl malik olduğu ehtiyatı ciddi şəkildə tükətdiyi üçün İran və Şimali Koreyadan dron, raket və artilleriya mərmiləri alır. Lakin Moskvada da anlayırlar ki, "tükəndirici müharibə" zamanı İran və Şimali Koreyadan alınan silahlarla müharibəni davam etdirmək mümkün deyil. Buna görə də hərbi-sənaye kompleksini tam gücü ilə işə salmağa çalışırlar. Ancaq bu zaman təkcə hərbi-sənaye kompleksinin deyil, bütün sənayenin hərbi iqtisadiyyata keçirilməsinin zəruri olduğunu hələ də anlamayıblar. Belə görünür ki, bu prosesin necə olacağı haqda Rusiya hakimiyyətinin heç bir təsəvvürü yoxdur. Ekspertlər isə xəbərdarlıq edirlər ki, bütün sənayenin hərbi iqtisadiyyata keçirilməsi digər sahələrə mənfi təsir göstərəcək. Digər tərəfdən, bütün sənayenin hərbi iqtisadiyyata keçirilməsi idarəetmə sisteminin də yenidən qurulmasını tələb edəcək. Əks halda xaos qaçılmazdır. Rusiyanın mövcud korrupsioner oliqarxik sistemdən tamamilə fərqli, səfərbərlik rejiminə keçməyə qadir olduğu şübhə doğurur. Bu günə kimi mövcud olan sistem əsasən korrupsioner rejimin üzvlərinin zənginləşməsinə xidmət edirdi. Bunun nəticəsidir ki, Putinin 22 illik hakimiyyəti ərzində enerji daşıyıcıların, neft, qaz və daş kömürün satışından Rusiyaya 10 trilyon dollar pul daxil olsa da, sənayenin heç bir sahəsi inkişaf etdirilməyib. Əksinə, SSRİ-dən miras qalmış hərbi-sənaye kompleksi əsasən dağıdılıb. Dövlət büdcəsindən oğurluq etmədən necə yaşamağın mümkün olduğunu təsəvvür etməyən məmur təbəqəsi ilə səfərbərlik rejiminə keçidi gerçəkləşdirmək mümkün olmayacaq. Belə olan bir vəziyyətdə bütün resursları tələb olunan istiqamətdə cəmləşdirmək qeyri-mümkün görünür. Putin hakimiyyəti illərində silahlanma üçün ayrılan trilyonlarla rublun hara xərcləndiyi isə məlum deyil. Son 20 ildə Rusiyada yüzdən çox hərbi sənaye müəssisəsi bağlanıb və ya fəaliyyətini dayandırıb. Bir zamanlar SSRİ-nin qürur mənbəyi olan müəssisələrin qalıqları xarabalığa bənzəyir.

Müharibənin nə qədər davam edəcəyinin məlum olmadığı, Rusiya ordusunun hərbi texnika və sursat qıtlığı ilə üzləşdiyi bir zamanda ordunu silahla təmin etməli olan hərbi-sənaye kompleksinin müəssisələri bir-birinin ardınca fəaliyyətini dayandırır. Bunun səbəbi isə tətbiq olunan sərt sanksiyalardır. Çünki mərmi və texnikanın istehsalı üçün komponentlərin əksəriyyəti xaricdən gətirilirdi. İndi artıq hərbi təyinatlı malların Rusiyaya satılması qəti qadağan edilib. Mart ayından başlayaraq hərbi-sənaye kompleksinin iri müəssisələri mərmi və texnikanın istehsalı üçün komponentlərin və hissələrin çatışmazlığına görə bağlanır. Hələ mart ayının ortalarında, hərbi-sənaye kompleksinin iri müəssisələrindən olan Uralvaqonzavod və Çelyabinsk Traktor Zavodu fəaliyyətini dayandırıb. Bu müəssisələr tankların, eləcə də digər zirehli texnikaların istehsalı və təmiri üzrə ixtisaslaşıb. Fəaliyyət göstərən digər müəssisələr də uzun müddət işləməyəcək. Çünki anbarlardakı ehtiyatlar tükənmək üzrədir.

Ukrayna kəşfiyyatı bildirir ki, son iki həftə ərzində Rusiyada 20-dən çox müdafiə sənayesi müəssisəsi bağlanıb. Rusiya hərbi-sənaye kompleksinin əsas müəssisələrindən olan "Vımpel"in zavodlarında raket istehsalı dayandırılıb. Çünki xarici ölkələrdə istehsal olunmuş komponentlər və hissələr olmadan bu raketləri istehsal etmək sadəcə mümkün deyil. Zəruri olan komponentləri və hissələri qaçaqmalçılıq yolu ilə almaq da mümkünsüz hala gəlməkdədir. Avropa İttifaqı isə daha da irəli gedərək, Rusiyanın silah istehsalı üçün zəruri olan avadanlıqları almasını mümkünsüz hala gətirməyə çalışır. Avropa İttifaqı məhdudlaşdırıcı tədbirlərin pozulmasını "cinayət əməlləri" siyahısına əlavə etmək qərarına gəlib. Bu isə o deməkdir ki, sanksiyaları pozanlar maliyyə cərimələri ilə yanaşı, azadlıqlarını da itirmək təhlükəsi ilə üzləşəcəklər.

Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlirlərin azaldılmasını hədəfləyən sanksiyalar gələn ayın əvvəlində qüvvəyə minəcək. Bu isə Rusiya büdcəsinin böyük gəlirlərdən məhrum olmasına səbəb olacaq. Belə bir vəziyyətdə Rusiya sonu görünməyən müharibənin növbəti mərhələsinə daxil oldu. Tam əminliklə demək olar ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin sonuncu mərhələsi başlayıb. Rusiyanın isə bu mərhələdən qalib çıxması mümkün görünmür.

 





30.11.2022    çap et  çap et