525.Az

Zəfər carçısı ilə görüş


 

ŞAİR, BƏSTƏKAR ŞAHİN MUSAOĞLU İLƏ MASALLIDA GÖRÜŞ KEÇİRİLDİ

Zəfər carçısı ilə görüş<b style="color:red"></b>

...Həmin gün bambaşqa gün idi. Tez-tez keçirilən görüşlərdən özəlliyi ilə seçilirdi bu görüş. Ona görə yox ki, dillər əzbəri olan vətənpərvərlik ruhlu mahnıların müəllifi idi görüşə gələn, həm də ona görə ki, dəvətlilərin, məktəbin pedaqoji və şagird kollektivinin başına toplaşdığı qonaq bu məktəbdə təhsil almasa da, bu təhsil ocağına doğma sayılırdı. Qonşu kənd məktəbində təhsil alan Şahin Musaoğlu, sanki elə bu məktəbin  yetirməsi idi... O yetirməsi ki, illər öncə

Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş "İgid əsgər, möhkəm dayan!" mahnısı ilə milyonlaraın sevimlisinə çevrildi:

 

Ya azad ol, ya candan keç,

İki yoldan birini seç.

Azadlığın şərbətin iç,

İgid əsgər, möhkəm dayan!

 

Və illər sonra Müzəffər Azərbaycan əsgəri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə möhkəm dayanışması ilə torpaqlarımızı düşmənin soyuq nəzərlərindən qurtardı. İgid əsgər möhkəm dayandı.

Elə bu görüşdə də Zəfər Savaşındakı şanlı qələbənin iki illiyinin sevinci aydınca sezilirdi. Masallı rayonunun şəhid Sübhan Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbində həmin kəndin yetirməsi, vətənpərvərlik mövzusunda məşhur "İgid əsgər", "Cənab leytenant", "Vətən əmanəti" və onlarla bu ruhda yazılan mahnıların müəllifi, Azərbaycan Yazıçılar Birliyi-Hərbi Vətənpərvərlik Komissiyasının sədri, İLESAM Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü, Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının idarə heyətinin üzvü həkim, şair, bəstəkar Şahin Musaoğlu ilə görüşü deyirik...

Görüşdə Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin sədri Qafar Cəfərli, "Cənub xəbərləri" qəzetinin redaktoru Zahir Əmənov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə Təhsil sektorunun əməkdaşı Samit İslamov, həmçinin, Qızılağac kəndinin ağsaqqal və ziyalıları, məktəbin müəllim və şagird kollektivi iştirak etdi.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Giriş sözü ilə məktəbin direktoru Şəhla Fətullayeva çıxış etdi, keçirilən görüşün əhəmiyyətindən danışdı, Şahin Musaoğlu kimi vətənpərvər şairlə bir neçə saatlıq ünsiyyətdə olmağın gənclərin vətəndaşlıq ruhunun artırılmasında əvəzsiz rol oynayacağından bəhs etdi.

Tədbirin əvvəlində göstərilən 10 dəqiqəlik bir video-çarxda "Cənub xəbər TV"nin Şahin Musaoğlu haqqında olan verilişindən maraqlı, yaddaqalan məqamlar  göstərildi.

Öz axarı ilə davam edən tədbirdə dəvət olunmuş qonaqlar çıxış etdilər. Onlar Şahin Musaoğlunun həyat və yaradıcılığı haqqında maraqlı fikirlər səsləndirdilər.

Ş.Musaoğlunun yardıcılığı, şəxsiyyəti haqqında AYB-ni katibi, yazıçı Elçin Hüseynbəyli çıxış etdi, şair-bəstəkarın yaradıcılığının məziyyətlərindən danışdı, qələm dostuna yaradıcılıq uğurları arzuladı.

Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri Qafar Cəfərli, "Cənub xəbərləri" qəzetinin redaktoru Zahir Əmənovun da çıxışları dinləyicilər tərəfindən xoş qarşılandı.

Yerli sakinlərdən Fərhad Abbasov, Hacı Nüsrət, Dilşad Kərimova, Vidadi Fətullayev, Mirtahir Abdullayev və İlahə Quliyeva öz çıxışlarında Qızılağac kəndinin qədim tarixə malik olması, bu kəndin böyüyüb boya-başa çatmış bir neçə general, müxtəlif yüksək vəzifələrdə çalışanlar, alim, millət vəkili, din xadimləri olduğunu xüsusilə vurğuladır. Bildirdilər ki, "İgid əsgər möhkəm dayan", "Çağırır Vətən", "Vətən əmanəti", "Öncə Vətəndir", "İstiqlal marşı", "And içirik", "Cənab leytenant" kimi ölməz əsərlərin müəllifi olan Şahin Musaoğlu da belələrindən biridir.

Görüşün proqramına uyğun olaraq, müxtəlif maraqlı kompozisiyalar, şagirdlərin ifasında Şahin Musaoğlunun şeirləri və mahnıları səsləndirildi, əsərlərindən səhnələşdirilmiş məqamlar göstərildi. Məktəbin şagirdi Fidan Abbasova və onun tərəf müqabillərinin müəllifin "Mübariz" pyesi əsasında hazırladıqları tamaşa iştirakçılara təqdim olundu. 12 yaşlı Zəhra və 15 yaşlı Zeynəb bacılarının oxuduğu mahnılar hər kəsi heyran etdi.

O gün zəfər carçısı olan şair, bəstəkar Şahin Musaoğlu ilə keçirilən görüşdə iştirak edən hər kəs sanki qəhrəman oğullarımızın iki il əvvəl bizə yaşatdığı  zəfər duyğularına köklənmişdi. Çünki Şahin Musaoğlunun "İgid əsgər, möhkəm dayan", "Hay ver mənə, cənab leytenant" deyə xitab etdiyi oğullardır bu Vətənin bütövlüyünü var edənlər. Vətən zaman-zaman soyuq nəzərlər altında sıxılanda ağrısı, Zəfər Savaşından qalib çıxanda qüruru bu oğulların içindən keçib:

 

Biz gedərik, yurd qalacaq,

Yurddan

ocaq-od qalacaq.

Ərənlərdən ad qalacaq -

Vətən oğullar üstədi.

 

Vaxtilə bu görüş keçirilən məktəbin yerləşdiyi kənddə doğulan, müstəqil həyata həm də elə bu kəndin xeyir duası ilə atılan Şahin Musaoğlundan imzalı kitab almağın, onunla mükalimə qurmağın, sual verib cavab almağın  mənzərəsi bir başqa aləm idi. Elə şair  üçün də bu, bir ayrı görüş idi. Böyüyüb boya-başa çatdığı yurdun təkcə insanları yox, daşı-torpağı, gülü-çiçəyi də sanki onunla ünsiyyətə girmişdi:

 

Davam dedim, yolu yoldan öyrəndim,

Gülü güldən, kolu koldan öyrəndim.

Yaranışın bir ilahi kəlmədən,

Yaradanın hökmü "Ol"dan öyrəndim.

 

Tədbirin belə yüksək peşəkarlıqla hazırlanmasında şəhid Sübhan Xəlilov  adına Qızılağac kənd 1 saylı tam orta məktəbin direktoru Şəhla Fətullayevaya, məktəbin müəllimləri Sahib Məhərrəmova, Şəkilə Xəlilovaya, Vüsalə Məmmədovaya, Nuriyyə Kazımovaya və xüsusilə tədbirin təşəbbüsçüsü, Cenub.az saytının rəhbəri Zahir Əmənova, eləcə də zəhməti keçən hər kəsə ürəkdən SAĞ OL düşür.

Görüşün sonunda Şahin Musaoğlu tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi, yeni şeirlərindən oxudu.

Tədbir iştitrakçıları xatirə şəkilləri çəkdirməyi də unutmadılar. Çünki bu, həqiqətən də tarixin yaddaşına köçməli bir görüş idi.

...44 günlük Zəfər savaşında qələm adamları rəşadətli Azərbaycan əsgərinə yaratdıqları əsərləri ilə dəstək oldular. Bu, hələ də davam edir. Gələcəyimiz olan gəncliyin vətənpərvərlik ruhunun daha da artırılmasında Şahin Musaoğlu kimi yaradıcının fəaliyyəti müqayisəolunmazdır. Çünki o, yaradıcılığının, sevgisinin böyük bir hissəsini bu VƏTƏNə verib, onu və onu qoruyanların şəninə yazıb-yaradıb... Və elə buna görə də sevilir...

Faiq BALABƏYLİ

 





30.11.2022    çap et  çap et