525.Az

"Gecə gözətçisi"


 

"Gecə gözətçisi"<b style="color:red"></b>

Rembrandt Holland-Amsterdam rəngkarlıq məktəbinin görkəmli nümayəndəsidir. 1630-1640-cı illər rəssamın yaradıcılığının yüksəliş dövrü hesab olunur. Həmin dövrdə ona çoxlu sifarişlər gəlir və bu əsərlər yaradıcılığının çiçəklənməsinə müsbət təsir göstərirdi. Rəssamın rəngkarlıq zirvələrindən olan "Həkim Tulpun anatomiya dərsi" əsəri psixoloji əsər kimi təzahür edir. Bundan başqa, o, dini kompozisiyalı əsərlər də yaradıb. Bunlardan "İbrahimin qurban edilməsi" (1635), "Müqəddəs ailə" (1645), "Saksiyanın portreti" və "Danaya" əsəri dini mifoloji əsərləridir. Rəssam 650-dən çox əsər yaradıb. Rembrandt 60-ı avtoportret, 300-ü offort, 300-dən çoxu rəngkarlıq əsərləri olmaqla incəsənətə böyük töhfələr verib.

"Bir rəsmin dedikləri" rubrikasının  budəfəki qonağı sənətşünas Elariz Nəhmədlidir. Onunla Rembrandt van Reynin "Gecə gözətçisi" əsərindən danışmışıq.

 

 

- Elariz bəy, əsərin yaranma tarixçəsi haqqında nə bilirik?

- "Gecə gözətçisi"əsəri Qərbi Avropa incəsənətinə öz çoxsaylı offortları və rəngkarlıq əsərləri ilə təsir edən dünya şöhrətli rəssam Rembrandt tərəfindən 1642-ci ildə çəkilib. Əsər kapitan Banniq Kokun və leytenant Villem Van Rötenbürqün atıcı rotasına hücumu mövzusundadır. Rembrandtın bu əsəri holland rəssamlığının "Qızıl dövrü"nə aid edilir.

- Əsərin ilkin dönəmdə qəbul edilmədiyi deyilir. Səbəb nə idi?

- Deməli, Rembrandt Holland cəmiyyətinin yeni iqamətgahı üçün tablo çəkir. Bu tabloda rəssam holland rəssamlıq məktəbinin ənənələrini pozur. Əsərdə modellər bilavasitə hərəkətli təsvir olunduğu üçün sifarişçilərin bəyannaməsinə əsasən rəsmdən imtina edilir. Tablodakı personajların çoxluğu, kütləvilik Niderlandda inqilab təəssüratları yaratması sifarişçiləri qorxuya salır. İllər ötdükcə tablodakı lak o qədər qaralmış və his bağlamışdı ki, şəkildəki hadisələrin sanki gecə vaxtı baş verməsi təəssüratını yaradırdı. 1947-ci ildə əsər bərpa edildikdən sonra məlum olur ki, rəsmdə günəşli gün təsvir edilib. Əsərə etirazın digər bir səbəbi də burada 17 zabit əvəzinə 34 zabitin təsvir edilməsi idi. Tablodakı insanların sayının çoxluğu inqilabi ideologiyadan xəbər verirdi.

- Əsərin rəng koloriti barədə nə deyə bilərsiniz?

- Əsərdə tünd rənglərdən istifadə edilib. Burada rəng koloriti düzgün istiqamətdə - əsas hadisələr ön planda parlaq boyalarla, eyni zamanda tablonun bəzi hissələrində açıq rənglərdən istifadə olunmaqla təsvir edilib. Əsərdə işıq-kölgə münasibəti mükəmməl işlənib və əsərdəki açıq-tünd rənglərin vəhdətdə verilməsi elə məhz işıq-kölgə anlayışının düzgün nəticəsidir.

- Bəs kompozisiya necə?

- Əsər, hadisələrdən göründüyü kimi, batal janrındadır. Burada kapitan Frans Kokun atıcı rotasına hücumu təsvir edilib. Rəsmdə aydın şəkildə göründüyü kimi, kapitan Frans ön planda təsvir edilib. O, öz döyüşçülərinə təlimatlar verir. Onun yanında silahdaşı və ən yaxın adamı olan vəziri, arxa planda digər döyüşçülər, balaca qız, həmçinin bayraq, qılınc, silah təsvir edilib. Əsərdə diqqət çəkən daha bir məqam da var ki, o da musiqi aləti olan davulun təsviridir. Çünki o dövrdə döyüşlərə gedərkən döyüşçüləri ruhlandırmaq məqsədilə musiqi ifa edilirdi. Əsər kətan üzərində, yağlı boya ilə çəkilib. Ölçüləri 363 sm-437 sm nisbəti ölçüsündədir. Sonuncu dəfə tablonun restavrasiya işləri 2019-cu ildə ictimaiyyət üçün açıq aparılıb.

- Tablo hazırda harda saxlanılır?

- Əsər hazırda Amsterdam şəhərindəki Rijks muzeyində saxlanılır.

- Sizcə, bu əsər bizə nə deyir?

- Əsər bizə müharibənin hər bir halda xoşagəlməz hal olduğunu, təkcə döyüşçülərin deyil, həmçinin vətəndaşların da müharibələrdə zərər gördüyünü göstərir. Sonda sülh olsa belə, müharibə hər iki tərəfdən insan tələfatına, mədəniyyət nümunələrinin və abidələrinin zərər görməsinə səbəb olur.

Aytac SAHƏD

 





30.11.2022    çap et  çap et