525.Az

26 yaşlı şəhidimizin 28-ci yaşına... - Şahanə Müşfiq yazır


 

26 yaşlı şəhidimizin 28-ci yaşına... - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

İki il öncəyə kimi vətən təqvimimizdə qanla yazılan günlər vardı: Laçının işğal olunduğu gün, Şuşanın işğal olunduğu gün, Kəlbəcərin işğal olunduğu gün, Füzulinin işğal olunduğu gün, Ağdamın işğal olunduğu günü... və s.

Hər il bu günlərdə xalqımızın torpaq dərdi, vətən həsrəti bir az daha artır, qəlbimizi nisgildən, kədərdən daha çox utanc hissi bürüyürdü. Axı torpaq itkisi bir xalq üçün, dövlət üçün həm də bir namus məsələsidir. Düz 30 il bu utanc hissiylə, hər dəfə torpaqlarımızın işğal tarixini başımız aşağı, ürəyimiz qubarlı xatırladıq. Ta ki, 2020-ci ilə kimi...

2020-ci ilin sentyabrın 27-də başlanıb 44 gün davam edən Vətən müharibəmiz zamanın gedişini, təqvimimizin günlərini dəyişdi. Qarabağımızın, hər il işğal tarixləriylə birgə təkrar-təkrar ölüb-dirildiyimiz torpaqlarımızın azadlığı ilə təqvimimizdəki kədərli, utanc dolu günlər silinib, sevinc, qürur, fəxarət dolu günlər- o yurdların azadlıq günləri qeyd olundu. Artıq Azərbaycan xalqı iki ildir ki, məhz bu günləri qeyd edir.

Əlbəttə, bu günləri bizə yaşadan, xalqımızın alnındakı qara ləkəni öz qıpqırmızı qanlarıyla silib torpaqlarımızla bərabər, qürurumuzu, mənliyimizi özümüzə qaytaran şəhidlərimizə, qazilərimizə bir ömür borcluyuq. Bəli, təqvimimizdən işğal günləri silindi, amma indi daha ağrılı, kədər qarışıq qürurla andığımız günlərimiz var. Məsələn, həmin şəhidlərimizin doğum və ölüm günləri. Onlar hər il həm bu günlərdə, həm də torpaqlarımızın azadlıq günlərində, Zəfər bayramımızda xatırlanır, şücaətləri, qəhrəmanlıqları təkrar-təkrar danışılaraq gələcək nəsillərə örnək göstərilir.

Həmin qəhrəman şəhidlərimizdən biri də kiçik çavuş Fuad Məhərrəmlidir. Qəlbi Vətən eşqiylə döyünən, Vətənin dar günündə qanıyla, canıyla yanında olan igidlərimizdəndir o. Düşmənin gözünə ox olub batan, döyüşlərdəki şücaətiylə onlara divan tutan oğul...

Əgər yaşasaydı, noyabrın 28-də 28-ci yaşını qeyd edəcəkdi. O isə əbədiyyən 26 yaşında qəhrəman kimi, şəhid kimi qalmağı seçdi. Gənc yaşında şəhadət zirvəsində qərarlaşdı.

Fuad Habil oğlu Məhərrəmli 1994-cü il noyabrın 28-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub.

O, hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarında qalmağa qərar verir.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Fuad Məhərrəmli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə böyük cəsarətlə savaşıb.

Vətən müharibəsinin ilk günündən qızğın döyüşlərə qatılan Fuad xüsusilə Suqovuşan və Talış kəndləri istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. O, düşmənin canlı qüvvəsinin, texnikasının məhv edilməsində böyük şücaət göstərib.

Hər dəfə anasıyla, ailəsiylə danışanda hər şeyin yaxşı olduğunu deyən, ondan nigaran qalmamağı tapşıran Fuad son danışığında anasına sevinclə ordunun irəlilədiyini, qələbənin lap yaxında olduğunu müjdələyir.

Lakin çox təəssüf ki, qəhrəmanımız sevinclə gözlədiyi və şücaətlə ona doğru irəlilədiyi qələbəni özü görə bilmədi. Amansız müharibə 3 minə yaxın Azərbaycan oğlu kimi onun da həyatını yarıda qoydu.

Fuad Məhərrəmli oktyabrın 19-da Ağdərə istiqamətində "Tülkü dərəsi" adlandırılan ərazidə şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Evoğlu kənd qəbiristanlığında dəfn edilib. 26 yaşında şəhadətə yüksələn Fuad Məhərrəmli ölümündən sonra "Vətən uğrunda" və ''Suqovuşanın azad olunmasına görə'' medalları ilə təltif edilib.

Bəli, təqvimimizdəki həmin günlərdən biridir 28 noyabr - bir şəhidimizin dünyaya göz açdığı gün... İndi təqvimə nəzər salanda az qala 365 günün hamısında hansısa şəhidimizdən bir iz olduğunu görürük. Onlar müxtəlif illərdə bu vətəndə, bu torpaqda dünyaya ona görə göz açıblar ki, vətənin dar günündə ona dayaq olsunlar, onun bütövlüyünü canlarıyla, qanlarıyla təmin etsinlər.

Deyir, insan o vaxt ölür ki, onu bu dünyada xatırlayan ən son insan da ölür. Demək ki, öz varlıqlarıyla adi günləri müqəddəsləşdirən, aliləşdirən əziz şəhidlərimiz heç zaman ölməyəcəklər. Çünki Azərbaycan xalqı, türk dünyası durduqca onların da adı, xatirəsi əbədi yaşayacaq, igidlikləri gələcək nəsillərin öyrəndiyi, əzbərlədiyi və örnək aldığı ən gözəl qəhrəmanlıq dastanı olacaq.

 

 





30.11.2022    çap et  çap et