525.Az

Zamana boyun əyməyən köklü ənənələr: Azərbaycanda tolerantlıq mühitinin keçmişinə və indisinə bir baxış


 

Zamana boyun əyməyən köklü ənənələr: Azərbaycanda tolerantlıq mühitinin keçmişinə və indisinə bir baxış<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

 

Din və inancların yaşı insanoğlunun yaşı qədərdir. Səmavi kitabların və tarix elminin təsdiqlədiyi bu həqiqətin sübutu üçün əlavə izahata və geniş şərhə ehtiyac yoxdur. Amma bu da həqiqətdir ki, zaman keçdikcə insan oğlunun dünyagörüşünə paralel olaraq inancları da dəyişib. Bu baxımdan, dinlərin və inancların təkmilləşməsi insanın dünyagörüşünün genişlənməsi ilə düz mütənasibdir. Maraqlıdır ki, dini inancların ən ibtidaidən ən aliyə doğru inkişafını Azərbaycan tarixinin timsalında ardıcıllıqla müşahidə etmək mümkündür. Çünki ilk insan məskənlərindən biri olan Azərbaycan həm də ilk dini inancların yarandığı və səmavi dinlərin yayıldığı bir ərazidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova bildirir ki, dini inanclar özünü daha çox dəfn mərasimlərində büruzə verir və tarixçilər qədim insanların dini inanclarını o dövrə aid düşərgələrdə, xüsusilə qəbirlərdə aparılan arxeoloji tədqiqatlar əsasında öyrənirlər. Tədqiqatlar təsdiqləyir ki, ilk dövrlərdən başlayaraq dini inancların inkişafı Mesopotamiya ilə Azərbaycan ərazilərində, təxminən, paralel gedib: "Məsələn, eramızdan əvvəl altıncı və dördüncü minilliklərdə meyitləri yaşayış məskənlərində, tikililər arasındakı boşluqda və ya küplərdə dəfn edirdilər. Bu adət təkcə Azərbaycan ərazisində yox, qədim Şərqin bir sıra ölkələrində, o cümlədən, Mesopotamiyada mövcud olub. Eyni zamanda, həmin dövrlərdə dini mərasimlər keçirmək üçün xüsusi otaqlar tikilib ki, arxeoloji qazıntılar zamanı onların qalıqlarına rast gəlinib. Bütün bunlar təsdiqləyir ki, eramızdan neçə min il öncə Azərbaycan ərazilərində yaşayan insanların həyatında dini ayin və ovsunların önəmli yeri olub. Qobustan qayaüstü rəsmlərinin çoxunun ovsun və dini mərasimlərlə bağlı olması da bu iddianın əyani sübutudur".

Elnarə Kərimovanın dediyinə görə, səmavi dinlərə qədər Azərbaycan ərazilərində müxtəlif inanclara etiqad edilib, daha konkret desək, bütpərəstlik hökm sürüb. Amma bu dövrdə bəzi inanclara, xüsusilə, oda, suya, ağaca və səma cisimlərinə inam daha güclü olub: "Ən maraqlısı da odur ki, min illərin keçməsinə baxmayaraq, bu inamın əlamətləri insanların yaddaşında mühafizə olunub və bu gün də onların həyat tərzində özünü bürüzə verir. Məsələn, ilk insandan üzü bəri əcdadlarımızın müqəddəs hesab etdikləri oda bütün dövrlərdə qoruyucu, müqəddəs təmizləyici qüvvə kimi baxılıb. Ümumiyyətlə, həyatın mövcudluğunu şərtləndirən əsas komponentlər kimi od, su, torpaq və hava (külək-yel) İslamın yayılmasına qədər Azərbaycan ərazilərində yaşayan insanların etiqadında önəmli yer tutub. Səmavi dinlərin meydana çıxmasına qədər, belə demək mümkünsə, bütpərəstliyin bünövrəsini təşkil edən bu dörd mühüm komponent, əslində, Azərbaycan xalqının min illər ərzində formalaşmış dünyagörüşünün kodlaşmış simvoludur. Bəlkə elə buna görədir ki, İslamı qəbul etməsindən 14 əsr keçməsinə baxmayaraq, xalqımızın adət-ənənələrini, xüsusilə milli bayramlarımızı bu simvollarsız təsəvvür etmək qeyri-mümkündür".

Şöbə müdiri qeyd edir ki, mədəniyyətlər adətən milli zəmində yaranır, formalaşdıqları bölgənin və xalqın sərhədlərini aşdıqda ümumbəşəri dəyərlər sisteminə daxil olurlar. Azərbaycan xalqının min illər ərzində formalaşdırdığı mədəniyyətə də bu prizmadan yanaşılmalıdır. Çünki yalnız belə olduğu təqdirdə o, əsl qiymətini ala bilər: "Tarixən Azərbaycan ərazilərində yaranan və yayılan dinlərdən, ümumiyyətlə, mədəni dəyərlərdən danışarkən atəşpərəstliyə, xüsusilə zərdüştiliyə toxunmamaq qeyri-mümkündür. Adətən, atəşpərəstliyi zərdüştilik dini inamı ilə eyniləşdirirlər. Halbuki hər iki inam müstəqil din sahələri kimi meydana gəlib və onların yaranması bilavasitə Azərbaycan əraziləri və xalqı ilə bağlıdır. Odu müqəddəs hesab edən və kahinləri "maq" adlandırılan atəşpərəstlər ilk zamanlar zərdüştilik dini ayinlərini həyata keçirmirdilər. Ehtimallara görə, məhz eramızdan əvvəl VI əsrin sonundan etibarən maqlar zərdüştiliyə kahin kimi xidmət göstərməyə başlamışlar. Zərdüştiliyə qədər dünyada müxtəlif dinlər və inanclar olub, amma onların hamısı məhəlli xarakter daşıyıb və demək olar ki, yarandığı bölgənin sərhədlərini aşa bilməyib. Üç böyük imperiyanın dövlət dini olmuş zərdüştilik nəinki məhəlli din anlayışının sərhədlərini aşmış, hətta ilk dəfə qədim dünyada mükəmməl din, dünyagörüşü, əxlaq və məişət, mənəviyyat prinsipləri toplusu yaradıb. Bu dinin yaradıcısı sayılan Zərdüştün böyüklüyü ondadır ki, özünə qədər mövcud olan allahların hamısını rədd edərək yeganə Allah - Hörmüzü kainatın və bütün canlı varlıqların yaradıcısı kimi irəli sürüb. Bu baxımdan, bütpərstlikdən fərqlənən Zərdüştilik bütpərəst dinlərlə səmavi dinlər arasında ayrıca bir mərhələ təşkil edir. Bu dinin əhatə dairəsi yalnız Azərbaycanın tarixi əraziləri və Yaxın Şərqlə məhdudlaşmayıb, Qərbə, xüsüsilə qədim yunan və hind mədəniyyətinə ciddi təsir göstərib. Əksər tədqiqatçılar təsdiqləyir ki, Zərdüştün dövrünə qədər analoqu olmayan ideyaları nəinki onun ardıcıllarına, hətta qədim dövrün bir çox aliminə - Platona, Aristotelə, Hermippinə və başqalarına güclü təsir göstərib. Uzun tarixi dövr ərzində dövlət dini statusunu qoruyub saxlayan zərdüştilik VII əsrdən etibarən, yəni İslamın yayılması ilə əlaqədar zəifləməyə başlayıb. Təsir dairəsi bu qədər geniş olan, Hindistanda və İranda indiyədək mənsubları yaşayan zərdüştilik Azərbaycanın tarixi ərazilərində yaranıb və Azərbaycan xalqının bəşəriyyətin mədəni dəyərlər sisteminə ərmağan etdiyi ilk böyük töhfədir".

Elnarə Kərimovanın dediyinə görə, əlverişli iqlimə, münbit torpaqlara və gözəl təbiətə malik Azərbaycan bütün dövrlərdə cəlbedici və diqqət mərkəzində olub. Şübhəsiz ki, Azərbaycan ərazilərində müxtəlif tarixi dövrlərdə çoxsaylı etnik və dini qrupların məskunlaşmasında bu amil böyük rol oynayıb. Amma inkaredilməz faktdır ki, bu məsələdə coğrafi şərait yeganə amil deyil. Müxtəlif xalqlara və dinlərə mənsub insanların Azərbaycana pənah gətirməsinin əsas səbəbi bu ölkədə yaşayan insanların mədəniyyəti və onların xarakterik keyfiyyətinə çevrilmiş tolerantlıq xüsusiyyətidir. Bu, elə bir sərvətdir ki, min illər boyu heç bir qüvvə onu Azərbaycan xalqından ala bilməyib, əksinə, əsrlər keçdikcə daha da zənginləşib və möhkəmlənib. Azərbaycan xalqının bu zənginliyini təsdiqləyən və min illər ərzində ondan faydalanan xalqlardan biri də yəhudilərdir. Azərbaycanda məskunlaşmalarının tarixi 2600 il öncəyə  gedib çıxan yəhudilərin bu böyük tarixi dövr ərzində azərbaycanlılar tərəfindən nə vaxtsa dini ayrı-seçkiliyə məruz qalmalarına dair bir dənə də olsun fakt yoxdur. Amma müxtəlif tarixi dövrlərdə Azərbaycan xalqına qarşı aparılmış soyqırım siyasətinin qurbanları arasında yəhudilər də olub: "Yəhudilər Azərbaycana gəlməmişdən əvvəl bu ərazilərdə müxtəlif dinlər və inanclar olub, lakin onların heç biri kənardan gəlməyib, burada formalaşıb. Bu baxımdan, Azərbaycana kənardan gəlmiş ilk din olan yəhudilik həm də bu ərazilərdə yayılan ilk səmavi dindir. Azərbaycanda ən qədim yəhudi icması sayılan dağ yəhudiləri bizim eradan əvvəl VI əsrdə Yerusəlimdə birinci xram adlanan məbədin sökülməsi nəticəsində vətənlərini tərk etmiş qədim yəhudi qəbilələrinin nəslindəndirlər. Yəhudi dininə mənsub insanlar təkcə Azərbaycanda yox, dünyanın əksər ölkələrində yaşayırlar və məlum məsələdir ki, onlara münasibət hər yerdə eyni deyil. Amma Azərbaycanda bu dinin mənsublarına bütün tarixi dövrlərdə münasibət birmənalı olub, hansısa yəhudi nə vaxtsa özünü "ögey övlad" kimi hiss etməyib, əksinə, böyük bir ailənin bərabərhüquqlu üzvü kimi həmişə onun rifahı və inkişafı üçün çalışıb. Ümumiyyətlə, yəhudilərə göstərilən münasibətə görə Azərbaycan yalnız İsraillə müqayisə oluna bilər. Bu fikir təkcə azərbaycanlıların və bu ölkədə yaşayan yəhudilərin yox, həm də başqa dövlətlərin, o cümlədən, İsrail vətəndaşı olan yəhudilərin təsdiqlədikləri həqiqətdir. Heç kimə sirr deyil ki, yəhudilərin burada yaşadıqları 26 əsr ərzində Azərbaycan ərazilərində müxtəlif dinlərə və xalqlara mənsub insanlar çoxsaylı dövlətlər qurublar, hətta Azərbaycanın əsrlər boyu işğala və təcavüzə məruz qaldığı dövrlər də olub. Ancaq Azərbaycan xalqı yəhudiləri heç vaxt taleyin ümidinə buraxmayıb, əksinə, ona pənah gətirmiş digər dini və etnik qruplara olduğu kimi, yəhudilərə də himayədarlıq edib".

Şöbə müdiri vurğulayıb ki, bəşər tarixində dinlərin və fəlsəfi cərəyanların sıxışdırıldığı, insanların inancsızlığa və allahsızlığa məcbur edildiyi dövrlər olub, amma bu siyasət və inancsız ideologiyalar heç vaxt özünü doğrultmayıb: "Dünyada elə bir cəmiyyət, xalq ola bilməz ki, hansısa din onun həyatında ciddi izlər qoymasın, mədəniyyətinin, dünyagörüşünün formalaşmasına təsir göstərməsin. Təbii ki, Azərbaycan xalqı da bu məsələdə istisna təşkil etmir, amma azərbaycanlıların başqa xalqlardan fərqi ondadır ki, onların mədəniyyətinin, dünyagörüşünün, hətta bədii təfəkkürünün formalaşmasında bir yox, bir neçə dinin böyük rolu olub. Bu baxımdan Azərbaycan xalqının tarixində və həyatında önəmli rol oynamış dinlərdən biri xristianlıqdır. Xalqımız Azərbaycanda tarixən aparıcı dinlərdən biri olmuş xristianlığa və onunla bağlı keçmişinə üzüağ, şərəfli tarixinin tərkib hissəsi kimi baxır. Maraqlı məqamlardan biri də odur ki, Azərbaycanda aparıcı din hesab edilən İslamdan fərqli olaraq xristianlığın, demək olar ki, bütün cərəyanları ölkəmizdə bu və ya digər şəkildə təmsil olunub. Azərbaycanın bu xüsusiyyətinə görə islam ölkələri arasında analoqu yoxdur və ölkəmiz bu sahədə yalnız bəzi xristian dövlətlərilə müqayisə edilə bilər. Ümumiyyətlə, ölkəmizdə xristianlığın təxminən 2 min yaşı var ki, bu fakta görə Azərbaycan yalnız xristianlığın meydana çıxdığı bölgə ilə müqayisə edilə bilər. Belə ki, Azərbaycanda xristianlığın yayılması İsa Məsihin səhabələrindən olan Varfolomeyin adı ilə bağlıdır və dini rəvayətlərə görə, o, 71-ci ildə yaralanıb və Bakıda vəfat edib. Şəhərin mərkəzində, Qız qalasının yanında adı çəkilən səhabənin qanı tökülüb və bu yer 2 min il ərzində xristianlar tərəfindən müqəddəs hesab olunub. Azərbaycanda xristianlıqdan danışarkən Alban kilsəsinə və onun tarixinə toxunmamaq qeyri-mümkündür. Çünki Azərbaycanda xristianlığın tarixi, demək olar ki, Alban kilsəsindən başlayır və bütövlükdə bu dinin tarixində həmin kilsənin xüsusi yeri var. Qədim müəlliflər və qaynaqlar sübut edir ki, Alban kilsəsi nəinki Qafqazda, hətta bütün xristian dünyasında ən qədim kilsələrdən biridir və apostol mənşəlidir".

(Ardı var)

Sevinc QARAYEVA

 

 

 





30.11.2022    çap et  çap et