525.Az

Dədə Qorqud sevgisi


 

VƏ YAXUD "DÜNƏNİMİZİN KEÇMİŞİ"NƏ MÜASİR BAXIŞ

Dədə Qorqud sevgisi<b style="color:red"></b>

Hər bir xalqın qədimliyi onun tarixi, mədəniyyəti, bu günə qədər gəlib çatan ədəbi-tarixi nümunələr əsasında qiymətləndirilir. Ədəbi nümunələr aid olduğu xalqın tarixi, tarixi nümunələr isə onun sənətkarlığı, mədəniyyəti haqqında fikir söyləməyə əsas verir.

Elə ədəbi nümunələr də var ki, təkcə bir xalqın deyil, eyni kökə, eyni mədəniyyətə malik olan bir neçə xalqın tarixi, mədəniyyəti və ədəbiyyatı haqqında fikir söyləməyə əsas verir.

Belə müştərək ədəbi abidələrdən biri də Ümummilli lider Heydər Əliyev tərəfindən 1997-ci ildə 1300 illik yubileyinin keçirilməsi haqqında Fərman imzalanan "Kitabi-Dədə Qorqud" dastanıdır.

"Kitabi-Dədə Qorqud" dastanı təkcə Azərbaycan türklərinin deyil, bütün türkdilli xalqların keçmişini, ədəbi-bədii düşüncəsini əks etdirir və xüsusilikdən uzaqlaşaraq, ümumbəşəri dəyərlərə malik bir istinad nöqtəsinə çevrilir.

Bu sahənin əvəzolunmaz tədqiqatçısı, akademik Tofiq Hacıyevin yaradıcılığının böyük bir hissəsini onun Oğuz qrupu dillərinin müştərək nümunəsi olan "Kitabi-Dədə Qorqud" haqqında əsərləri təşkil edir.

Bu dastanla bağlı alimin iki kitabı çap olunub. Bunlardan biri 1999-cu ildə "Elm" nəşriyyatı tərəfindən nəşr edilən "Dədə Qorqud": Dilimiz, düşüncəmiz", digəri isə 2014-cü ildə "Elm və təhsil" nəşriyyatında çap edilən "Dədə Qorqud kitabı": tariximizin ilk yazılı dərsliyi" kitabıdır. Birinci kitab 212 səhifə, 7 bölmədən ibarətdir. Kitabın titul səhifəsində "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi haqqında Ulu öndər Heydər Əliyevin 20 aprel 1997-ci ildə imzaladığı Fərmanın mətni verilib.

Giriş əvəzi verilmiş yazı "Türkün yeddi möcüzəsindən biri "Dədə Qorqud" adlanır. Elə həmin girişdə müəllif "türkün yeddi möcüzəsi" deyəndə nəyi nəzərdə tutduğu haqqında yazır: "Mete, Atilla, Əmir Teymur və Osmanlı imperatorluqları, "Dədə Qorqud" dastanı, "Orxan-Yenisey" daş kitabı, M.Kaşqarlının "Divan"ı türkün yeddi möcüzəsidir. Bu möcüzələrdən biri böyük Türk coğrafiyasının Azərbaycan torpağı ilə bağlıdır. Bu möcüzə "Dədə Qorqud" dastanı və ya "Dədə Qorqud" kitabı adı ilə tanınır".

Kitabın birinci bölməsi "Dədə Qorqud" ("Kitabi Dədəm Qorqud əlalisani-taifeyi-oğuzdan") adlanır. Bu bölmədə dastanın türkcəsini yaxşı bilən, İstanbulda səfir işləmiş alman şərqşünası H.Dits tərəfindən 1815-ci ildə Drezden kitabxanasından tapıldığını qeyd edir. Onun ardınca bu dastanla bağlı araşdırma aparan xarici və yerli tədqiqatçılarla bağlı qısa məlumat verir. Dastanın əsl adının XV əsrdə tapılan əlyazmasının üzərində "Kitabi-Dədə Qorqud əlalisani-taifeyi-oğuzan" ("Oğuz tayfasının dilində Dədə Qorqud kitabı") kimi yazıldığını qeyd edir .Bu bölmədə, eyni zamanda, başqa dillərə tərcüməsi ilə bağlı da geniş məlumat verilir.

Alimin dastana istinad edərək gəldiyi son nəticə budur ki, oğuzların qurduqları dövlət bəyliklərdən ibarətdir və bu bəyliklərin hamısı bir mərkəzə tabedir. Dövlətin başında isə xanlar xanı dayanır. Dövlətin başçısı elə xanlar xanıdır.

Müəllif bu bölmədə hər bir boyu ayrı-ayrılıqda təhlil edir. Əsərdəki mənfi və müsbət obrazları dastandakı vəzifələrinə görə qruplaşdırır və onları qiymətləndirir.

Bütün müasir ədəbiyyatda "Dədə Qorqud" dastanının 12 qoldan ibarət olduğu qeyd edilsə də, akademik 13-cü boyun da tapıldığını, lakin həmin boyun dastana əlavə olunmadığını qeyd edərək yazır: "Əlimizdə olan"Dədə Qorqud kitabı"nda on iki boy əhatə olunur. "Bakinski raboçi" qəzetindəki (4 avqust 1936) məlumata görə, professor B.Çobanzadə Leninqrad Şərqşünaslıq İnstitutu kitabxanasının əlyazmaları arasında dastanın 13-cü boyunu tapmışdır. Ancaq bu boy ortalığa çıxarılmadı. B.Çobanzadənin repressiya qurbanı olması və 1950-ci ildə dastanın Azərbaycanda (SSRİ-də) qadağan edilməsi 13-cü boy söhbətini unutdurdu".

Əsərin ikinci bölməsi "Əski türk demokratiyası Dədə Qorqudun gözü ilə" adlanır. Bu bölməni Tofiq müəllim ola bilsin ki, başqa bir ad altındada verə bilərdi.Görkəmli alimin daxili düşüncəsi, insanlığa, ümumiyyətlə, insanlara olan yanaşması bu başlığın özündə də əksini tapmışdır.

Bu bölmədə tədqiqatçı alim, Dədə Qorqud boylarında təsvir olunan türk cəmiyyətinin quruluşu və dastanın məzmunundan söhbət açaraq yazır: "Boylarda qul sözü var, ancaq bu söz quldarlıq cəmiyyəti anlayışı yaratmır. Ümumiyyətlə, boylarda qul sözü çoxmənalıdır: yerinə görə insan, qulluqçu, nökər, əsir mənalarında çıxış edir; qul-xəyalıq, qul-qaravaş, şəkillərində də işlənir. Dastandakı qullar nəzarət altında deyillər, adi işçilər kimi işləyirlər".

Dastanda insan-qəhrəman obrazı ilə yanaşı, at obrazı da xüsusi bir yanaşma ilətəsvir edilmişdir.

Bununla bağlı Tofiq Hacıyev yazır: "Oğuz cəmiyyəti üçün atdan qiymətli ikinci varlıq, ikinci təbiət qüvvəsi yoxdur. Eyni zamanda dünya tarixinin təsdiqlədiyi kimi, heç bir etnos türk qədər atın qədrini bilmir və onun imkanlarından heç kəs türk qədər maksimum istifadə etmir".

Bu bölmədə, eyni zamanda, dastanı təşkil edən boylarda xan-bəy münasibətləri, Qıpçaq Məlik, Qazan xan, Dirsə xan obrazları təhlil olunur və dastanda onların tutduqları mövqe işıqlandırılır.

Digər bir bölmə "Kitabda oğuz ailəsi" adlanır. Bu bölmədə dastanda oğuz ailələrinin qurulmasından, bəylə gəlinin bir-birini bəyənməsindən, ata-anaların bu izdivaca münasibətindən danışılır. Dastanda oğlanla qızın ailə qurmasında ata-ananın razılığının əsas rol oynadığı qeyd olunur. Burada oğuz ailəsinin əxlaq qaydaları, qadın namusunun müqəddəsliyi, ata-ananın bir-birinə bağlanmasında övladın rolununəsas olması məsələləri önə çəkilir.

Kitabın digər bölməsi "Dədə Qorqud kitabı" ədəbi-bədii abidə kimi" adlanır. Bu bölmədə Tofiq müəllim "Dədə Qorqud" kitabına həm ədəbi, həm bədii, həm də tarixi bir əsər kimi yanaşır. Bununla bağlı alim yazır: "Dədə Qorqud" Oğuzun tarixidir. "Dədə Qorqud" Oğuzun dövlətçiliyidir, "Dədə Qorqud" Azərbaycanın tarixi coğrafiyasıdır, ...birinci növbədə "Dədə Qorqud" ədəbi-bədii əsərdir".

Alim dastanda Oğuz cəmiyyətini səciyyələndirən çoxlu kəlam, atalar sözləri və məsəllərin geniş yer tutduğunu qeyd edir. Söylənən ibrətamiz sözlər, xeyir-dualar və ustadnamələr dastanın dilini daha da zənginləşdirir.

Dastandakı bütün obraz və hadisələri təhlilə cəlb edib araşdıran müəllif sonda yazır: "Əlbəttə, kitabımızın kamilliyinin ən uca göstəricisi onun dilidir. Bu dilin gözəlliyi yalnız onun sevgi dili olmasında deyil, səsindən, sözündən tutmuş, cümlənin təşkilinə qədər bu dil hər şeyi ilə gözəldir. Bütün tərəflərindən dil yaradıcılığının gözəl harmoniya nümunəsidir".

Bölmənin sonunda müəllif belə bir nəticəyə gəlir ki, "Türk dili Tanrının dilidir, bu dildə Tanrıyla danışmaq olar".

Kitabın 6-cı bölməsi "Kitabın təşbehləri" adlanır. Bu bölmədə kitabın bədii xüsusiyyətlərindən, orada işlədilən təşbehlərdən danışılır. Qeyd olunur ki, başqa xalqların qəhrəmanlıq dastanlarından fərqli olaraq "Dədə Qorqud" dastanlarında bədii təsvir və ifadə vasitələrindən daha çox istifadə olunur. Bu, dastanın dili sırf şeir dilindən ibarət olmasa da, orada verilən şeirlərdə təşbehlərə daha çox yer verilmiş və işlədilmişdir. Bunu nəzərə alan professor yazır: "Dədə Qorqud kitabı"nın dili, əlbəttə, bədii dildir. Bədiiliyin çox tipik şəkildə təzahür etdiyi dil fiqurlarından biri dastanın təşbehləridir. Dastanın dilində təşbehlər elmi əsərlərdəki kimi epizodik deyil, sistem təşkil edir, işlənməsində fasiləsizlik, müntəzəmlik var".

Müəllif dastandakı təşbeh və bənzətmələrin müasir dövrdə nəşr olunan əsərlərin dilində işlədilən təşbeh və bənzətmələrdən daha mükəmməl olduğunu qeyd edir. Bu bölmədə dastanda işlənən təşbeh və bənzətmələrin köklərinin qədim olduğu Füzulinin "Leyli və Məcnun"unda işlədilən bəzi bu cür vahidlərin həmin dastanın dilindən qidalandığı da vurğulanır.

Kitabın digər bir bölməsini Tofiq Hacıyev "Kitabın dilinin iki sintaktik xüsusiyyəti haqqında" adlandırıb. Bu bölmədə tədqiqatçı dastanın başqa dil xüsusiyyətinin olması ilə yanaşı, kamil sintaksisi ilə səciyyələndiyini də qeyd edir. O, dastanın dilində işıənən lakonik ifadələri, dialoqlardakıhazırcavablığı və digər göstəriciləridastanın sintaksisinin uğuru sayır.O göstərir ki, dastanın dili qədim olmasaydı, həmin dastanlar ərəb işğalından sonra yaransaydı, onda dastanın dilində xeyli sayda işlənən ərəb və fars dillərindən keçən frazeoloji tərkib və ifadələrlə qarşılaşa bilərdik.

Müəllif bu bölmədə dastana daxil edilən bütün boyların dilində işlənən qrammatik fiqurları nəzərdən keçirir, onlara öz münasibətini bildirərək təhlil edir və bu barədə yazır: "Dastanın sintaktik vahidərinin - söz birləşmələri və cümlələrinin leksik sistemi göstərir ki, bu yaradılışından əsr sintaksisi olmayıb; ilkin poetik formaların sonrakı şəkil dəyişdirmələri nəticəsində gəldikcə zəmanə katiblərin - yazıya alanların əli ilə onda az-çox nəsrləşdirmə işi aparmışdır".

Müəllifin irəli sürdüyü fikirdən belə məlum olur ki, dastan ilk yaranarkən o, ilk dəfə nəsr şəklində deyil, nəzm formasında olmuş, sonradan onu yazıya alanlar dastanın əsas hissəsini nəsr formasına salmışlar. Bunun ardınca müəllif dastanın müxtəlif boylarından parçaları nümunə gətirərək onun ilkin variantının tamamilə şeir formasında olduğunu isbatlayır.

Kitabın son bölməsi "Dədə Qorqud kitabı"nın dili" adlanır. Bölmənin girişində yazılır: "Dədə Qoprqud kitabı"nda bir neçə əsrlik ədəbi-bədii təfəkkürümüzün sanballı çəkisi cəmləşir. Bu fikir hər iki mənada özünü doğruldur: Abidə bir neçə əsrlik xalq yaradıcılığının məhsuludur; Bu əsərdə ayrı-ayrı yazıçıların, şairlərin bir neçə əsrdə yaratdığı sənət nümunələrinin siqləti vardır".

Burada müəyyən nümunələr gətirilərək dastanın bir çox boylarının islamiyyətin qəbulundan hələ çox-çox əvvəl yarandığı diqqət mərkəzinə çəkilir. Dastandan bununla bağlı nümunələr gətirilir. Dastanda əks olunan hadisələrin hamısının Azərbaycan coğrafiyasında baş verdiyi həmin əsərdə gətirilən faktlarla sübut olunur.

Noyabrın 27-si böyük şəxsiyyət, görkəmli alim, akademik Tofiq İsmayıl oğlu Hacıyevin anım günüdür. Biz əvəzolunmaz insanı daim iftixar hissi ilə anır və əziz ruhu qarşısında baş əyirik.

Sərdar ZEYNAL,
Filologiya elmləri doktoru, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru

 





30.11.2022    çap et  çap et