525.Az

Avropadan Ukraynaya dəstək


 

Avropadan Ukraynaya dəstək<b style="color:red"></b>

Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin xarici işlər nazirlərinin Kiyevə səfəri Avropanın Ukraynaya dəstəyinin azalmadığını nümayiş etdirir. Kiyevdə prezident Volodimir Zelenski ilə görüşdə Ukraynaya iqtisadi, hərbi və humanitar dəstəyi davam etdirəcəklərini vəd edən nazirlər Rusiyaya qarşı sanksiyaları da gücləndirəcəklərini bildiriblər.

Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin xarici işlər nazirlərinin bu mövqeyi onların Kiyevə səfərinin yekunları üzrə birgə bəyanatında da öz əksini tapıb. Nazirlərin birgə bəyanatında deyilir ki, Krım da daxil olmaqla Ukrayna ərazilərinin işğalını heç zaman tanımayacaqlar və bu ərazilərin işğaldan azad edilməsinə nail olmaq üçün fəaliyyətlərini daha da gücləndirəcəklər. "Ukraynanın müstəqilliyini və suverenliyini təmin etmək, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etmək üçün özünümüdafiə hüququ var. Rusiya təcavüzünü dayandırmalı və qoşunlarını Ukraynanın bütün ərazisindən çıxarmalıdır".

Avropa ölkələrinin Ukraynaya dəstəyi Est

oniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin xarici işlər nazirlərinin Kiyevə səfəri ilə yekunlaşmıır. Kiyevə səfər edən Sloveniyanın müdafiə naziri Marjan Sarec ukraynalı həmkarı Aleksey Reznikovla apardığı danışıqlarda Rusiyanın təcavüzünün qarşısını almağın yollarını müzakirə edib. Marjan Sarec ölkəsinin ukraynalı hərbçilərə təlim üçün Avropa İttifaqı tərəfindən təsis edilmiş EUMAM (European Union Assistance Mission Ukraine - Avropa İttifaqının Ukraynaya Yardım Missiyası) missiyasına qoşulmaq niyyətini açıqlayıb. Sloveniyalı hərbçilər və mülki ekspertlər Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularının Avropa İttifaqına üzv dövlətlərin ərazisində fərdi, kollektiv və ixtisaslaşdırılmış təlimlərində və missiyanın komanda-qərargah tapşırıqlarının yerinə yetirilməsində iştirak edəcəklər. Bundan başqa, nazir Marjan Sarec ukraynalı yaralıların Sloveniyada müalicəsini təşkil etmək təklifi ilə də çıxış edib. Sloveniya Ukraynaya piyadaların zirehli döyüş maşını və tanklar da verib.

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ikigünlük sammiti bu gün, noyabrın 30-da başa çatır. Çox maraqlıdır ki, Ukrayna və Gürcüstanın NATO-ya üzv olmaq hüququ 14 il əvvəl Şimali Atlantika Alyansının Buxarestdə keçirilən sammitinin yekun sənədində öz əksini tapmışdı. Sammitə NATO-ya üzv 30 ölkənin xarici işlər nazirləri ilə yanaşı, Şimali Atlantika Alyansına üzvlüyü tam gerçəkləşməmiş Finlandiya və İsveç, eləcə də NATO-ya üzv olmaq istəyən ölkələrin - Ukrayna, Gürcüstan, Bosniya və Hersoqovinanın nümayəndələri dəvət olunur. Sammitdə Ukraynanı xarici işlər naziri Dmitri Kuleba təmsil edir.

Sammitdən əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, NATO Ukraynaya dəstəyini lazım olduğu qədər davam etdirəcək: "Biz geri çəkilməyəcəyik. Müttəfiq ölkələr görünməmiş hərbi dəstək verir. Mən gözləyirəm ki, xarici işlər nazirləri bu dəstəyi artırmağa razı olacaqlar".

Aydın görünür ki, Avropa Rusiyanın qarşısından geri çəkilmək niyyətində də deyil və Ukraynaya dəstəyini davam etdirəcək.

 

 

 

 

 





01.12.2022    çap et  çap et