525.Az

Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib


 

Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib<b style="color:red"></b>

Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.

525.az xəbər verir ki, Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov dostluq və qardaşlıq münasibətlərinə əsaslanan Azərbaycan-Türkmənistan əlaqələrinin uğurla inkişaf etdiyini, ölkəmizin Türkmənistanla tərəfdaşlığın genişlənməsinə önəm verdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, əməkdaşlığın əsas istiqamətlərindən olan ticarətdə ciddi artım müşahidə olunur. Belə ki, yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 dəfədən çox artıb. Bununla belə, ticarət həcmini daha da artırmaq üçün böyük imkanlar var. Bundan başqa, hər iki ölkənin enerji, nəqliyyat-tranzit və digər sahələr üzrə geniş potensialı əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradır.

Tədbirdə ölkəmizin biznes və sərmayə cəlbediciliyi barədə ətraflı məlumat verilib, Türkmənistan investorları fəal əməkdaşlığa dəvət olunub.

Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev ölkələrimiz arasında uğurlu əlaqələri vurğulayıb, tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişafı, işgüzar münasibətlərin genişlənməsi və birgə layihələrin icrası barədə fikirlərini bölüşüb.

İclasda qarşılıqlı ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə tərəfdaşlığın inkişafı barədə müzakirələr aparılıb.

İclasın sonunda Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən Azərbaycan Respublikası ilə Türkmənistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev imzalayıblar. Sənəddə iqtisadi-ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, şəhərsalma və arxitektura, eləcə də digər sahələrdə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

 





30.11.2022    çap et  çap et