525.Az

Ekoloji təmiz avtomobillərlə bağlı stimullaşdırıcı tədbirlər görülür


 

Ekoloji təmiz avtomobillərlə bağlı stimullaşdırıcı tədbirlər görülür<b style="color:red"></b>

Ətraf mühitə, eləcə də, iqlim dəyişmələrinə mənfi təsirləri minimuma endirmək, o cümlədən nəqliyyat vasitələrindən atmosferə atılmaların qarşısını almaq məqsədilə ölkəmizdə beynəlxalq təcrübəyə əsasən tədbirlər görülür.

525.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.

O qeyd edib ki, ekoloji təmiz avtomobillərin təşviqi məsələləri ölkəmizdə qəbul edilən dövlət proqramlarında yer alıb. İstehsal tarixi 3 ilə qədər olan və mühərrikin həcmi o qədər də böyük olmayan hibrid avtomobillərin, elektromobillərin, həmçinin enerji doldurucularının idxalının və satışının ƏDV-dən azad olunması, əlavə olaraq elektrik mühərriki ilə işləyən yeni avtomobillərin və onların enerji doldurucularının idxal gömrük rüsumundan azad olunması kimi stimullaşdırıcı tədbirlərin tətbiqi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin əlçatanlığını artırır.

R.Səttarzadənin sözlərinə görə, köhnə avtomobillərin ətraf mühitə mənfi təsirinin olduqca çox olduğunu nəzərə alaraq belə nəqliyyat vasitələrinin idxalının məhdudlaşdırılması üçün artıq ölkəmizdə bir sıra tədbirlər görülür.

“İstehsal tarixi 7 ildən artıq olan benzin və dizel mühərrikli minik avtomobillərinə yüksəldici aksiz əmsalının tətbiq olunması məsələnin həllinə bir qədər kömək edəcək. Eyni zamanda, köhnə nəqliyyat vasitələrindən istifadənin mərhələlərlə məhdudlaşdırılması, istismar dövrünü başa vurmuş avtomobillərin utilizasiyası və dövriyyədən çıxarılması son dərəcə vacibdir. Hazırda razılaşdırma mərhələsində olan mexaniki nəqliyyat vasitələrinin utilizasiyası proqramının qəbul olunması nəqliyyat parkının yenilənməsi ilə bərabər köhnə avtomobillərin təkrar xammal kimi emal edilərək yenidən dövriyyəyə qaytarılması vasitəsilə tullantıların idarə olunmasının təkmilləşdirilməsinə də öz töhfəsini verəcək”.

Sevinc Qarayeva 

 

 





30.11.2022    çap et  çap et