525.Az

"Bu tarixi səfərə görə Prezidentə minnətdarıq"


 

"Bu tarixi səfərə görə Prezidentə minnətdarıq"<b style="color:red"></b>

Bakıda Əlcəzair Xalq Demokratik Respublikasının  1 noyabr 1954-cü il İnqilabının 68-ci ildönümü qeyd olunub.

525.az xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, diplomatik korpusun, millət vəkillərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan və Əlcəzairin dövlət himnləri səsləndirilib. Daha sonra çıxış edən Əlcəzairin ölkəmizdəki səfiri Abdelouahab Osman deyib ki, heç şübhəsiz 1 noyabr 1954-cü il şanlı Əlcəzair inqilabının başlanması 1830-cu ildən etibarən müstəmləkəçi Fransanın işğalından azad olmaq və milli suverenliyi bərpa etmək uğrunda heç vaxt sönməyən davamlı xalq mübarizəsinin kulminasiya nöqtəsi olub. Milli mənafe uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimiz və mücahidlərimizin ruhları şad olsun! 

Səfir qeyd edib ki, azadlıq müharibəsi idealları, yəni müstəqillik, milli suverenlik, ədalət, sülh, həmrəylik, dostluq, qarşılıqlı hörmət və milli qürur kimi prinsiplər bu gün də müstəqil Əlcəzairdə rəhbər tutulur.

Əlcəzair öz strateji coğrafi mövqeyi, təbii sərvətləri, siyasi sabitliyi və ixtisaslı insan resursları kimi potensialları ilə tanınmış ölkə olaraq davamlı böyüməni və inkişafı təmin edəcək iddialı proqramlar həyata keçirməkdədir. İqtisadiyyatın şaxələndirilməsi, enerji keçidinin sürətləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, iqlim dəyişikliyinə səbəb olan amillərin təsirinin azaldılması Əlcəzair hökumətinin fəaliyyətinin prioritetləri sırasındadır.

Diplomat qeyd edib ki, xarici siyasətdə Əlcəzair dövlətinin öhdəlikləri hamıya məlumdur: Əlcəzair beynəlxalq sülh, təhlükəsizlik və davamlı inkişafa öz töhfələrini verməyə davam edəcək.

Noyabrın 1-də Əlcəzairin paytaxtında Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirildiyini xatırladan Osman bildirib ki, bu mühüm diplomatik tədbirin əhəmiyyəti BMT baş katibinin, Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin, Afrika İttifaqının sədri və İqtisadi Əməkdaşlıq Təşkilatı Baş katibinin fəxri qonaqlar qismində iştirakları ilə daha da artıb.

"Cənab Prezident İlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib, Muzeyin Xatirə kitabını imzalayaraq yazıb:

“Qardaş Əlcəzair xalqına dərin ehtiram əlaməti olaraq ilk dəfə Əlcəzair Xalq Demokratik Respublikasına səfər etmək və Milli Mücahidlər Muzeyinə gəlmək mənim üçün böyük şərəfdir”. Biz bu tarixi səfərə görə cənab Prezidentə minnətdarıq”, - səfir deyib.

Bildirib ki, Əlcəzair 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. O, Əlcəzairin xarici işlər naziri Ramtane Lamamranın bu ilin avqust ayında Azərbaycana işgüzar səfərini iki ölkə arasındakı səfərlərin başlanğıcı adlandırıb.  O, səfər zamanı ölkələr arasında əməkdaşlığa dair iki sazişin imzalandığını da xatırladıb.

“Bütün sahələrdə əməkdaşlığa dair yeni perspektivlərin açılması, eləcə də məsləhətləşmələrin və koordinasiyanın artırılması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üçün iki ölkənin böyük imkanları və maraqları var. Biz 2023-cü ilin birinci rübü ərzində ilk siyasi məsləhətləşmələrin aparılmasını səbirsizliklə gözləyirik. Həmçinin, yaxın gələcəkdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yaradılması, eləcə də İş Adamları Forumunun keçirilməsi üzərində işləyirik. Energetika naziri Pərviz Şahbazov hazırda Əlcəzairdə işgüzar səfərdədir. Cənab nazir əlcəzairli həmkarı ilə məsləhətləşmələr aparıb və enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb”.

Azərbaycanın Xarici işlər nazirinin müavini Fariz Rzayev bildirib ki, Azərbaycan dini, tarixi və mədəni dəyərləri ilə bağlı olduğu Əlcəzair ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhmiyyət verir: “Ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar müstəisində yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Biz iki ölkə arasında əlaqələri gələcəkdə daha da inkişaf etdirmək əzmindəyik. Əlcəzairin XİN başçısı Ramtane Lamamra Azərbaycanda səfərdə olub, Prezident İlham Əliyev tərəfindən qəbul edilib, xarici işlər naziri Ceyhun Bayramovla görüşüb, danışıqlar aparıb. Səfər çərçiəsində iki mühüm sənəd imzalanıb. Bunlardan biri diplomatik pasporta malik Azərbaycan və Əlcəzair vətəndaşlarının vizasız gediş-gəlişinə, ikincisi isə iki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşməyə dair prptokoldur. Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri olaraq Ərəb Liqasının Əlcəzairdə keçirilən sammitində iştirakı da xüsusi əhəmiyyətə malikdir". 

Nazir müavini qeyd edib ki, Əlcəzair hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib, möqeyini BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq platformalarda açıq şəkildə nümayiş etdirib.

 





30.11.2022    çap et  çap et