525.Az

Rusiya sülhməramlıları izahat verməlidir


 

Rusiya sülhməramlıları izahat verməlidir<b style="color:red"></b>

Azərbaycan tərəfinin dəfələrlə öz etirazını bildirməsinə baxmayaraq Rusiyanın ərazimizdə müvəqqəti yerləşmiş sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunması davam edir. Azərbaycanın Müdafiə Nazirliyi son günlər bununla bağlı ardıcıl bəyanatlar verib. Qeyd olunub ki, yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən, "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi YOLVERİLMƏZDİR. Bundan başqa ölkəmizin adının da paylaşdıqları xəritədə düzgün qeyd olunması tələb edilib. Təəssüf ki, RF-nın sülhməramlı kontingenti bu açıqlamalara etinasız yanaşır, həmçinin bu ölkənin aidiyyəti dövlət qurumları - MN, XİN də hər hansı reaksiya vermir. Susqunluq və təxribatların davam etməsi isə sülhməramlıların sülhün bərqərar olmasında deyil, vəziyyətin gərginləşməsində maraqlı olduğunu göstərir. Azərbaycan ərazisindəki qanunsuz silahlı erməni birləşmələri isə özünü arxalı hesab edərək, müxtəlif təxribatlara əl atır, mövqelərimizi atəşə tutur, silah sursat daşıyır, mina terroru həyata keçirilər. Azərbaycan-Rusiya münasibətlərinin normal məcrada inkişafı fonunda sülhməramlı kontingentin öz öhdəliklərini yerinə yetiməməsi haqlı suallar doğurur. Rusiyanın mövqeyini ölkənin siyasi rəhbərliyi müəyyənləşdirir, yoxsa sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkov. Volkov bu cəsarəti hardan alır? Sanki erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın Qarabağa köçməsi Volkovu da sanki "cəsarətləndirib". Əlbəttə ki, Qarabağda toponimlər həssas məsələdir və sülhməramlılara ünvanlanan bu tələb yalnız MN-nin yox, ümumilikdə Azərbaycan ictimaiyyətinin tələbidir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə deyib ki, rus sülhməramlılarının bu addımı qəbuledilməzdir: "Azərbaycan bununla bağlı dəfələrlə Rusiya tərəfinə öz fikrini bildirib. Bu ərazilərin adları Azərbaycan dilində olmalıdır. Çünki bu torpaqlar beynəlxalq hüquqa əsasən də Azərbaycan əraziləridir".

Deputat əlavə edib ki, rus sülhməramlıları bəlkə də bununla özlərini ermənilərə yaxın və onların yanlarında olduqlarını göstərmək istəyirlər. Amma bu yanlış bir addımdır: "Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənəd var. Bu iki ölkə bir sıra sahələrdə uzunmüddətli əməkdaşlıq edirlər. Həmçinin, Rusiyanın Azərbaycanda və Azərbaycanın da Rusiyada bir sıra müəssiələri fəaliyyət göstərir. Ona görə hesab edirəm ki, bu məsələdə rus sülhməramlıları diqqətli olmalı, ermənilərin yanlış siyasətinin qurbanına çevrilməməlidirlər. Bu, Azərbaycanla Rusiya arasında imzalanmış strateji müttəfiqlik sənədinə də ziddir. Azərbaycan Rusiya tərəfinə dəfələrlə xəbərdarlıq edib. Bizim gözləntilərimiz ondan ibarətdir ki, Rusiya bu məsələləri mütləq nəzərə almalıdır. Nəzərə almadığı təqdirdə, Azərbaycanın da buna öz münasibəti və reaksiyası olacaq".

Deputat Cavanşir Feyziyev deyib ki, Azərbaycanın Müdafiə Nazirliyi öz iradlarını bildirib, amma indiyədək Rusiya sülhməramlıları tərəfindən aydın bir izahat verilməyib: "Eyni zamanda, toponimlərin təhrif olunması ilə ermənilərin nəyəsə nail ola biləcəyini düşünmək də sadəlövhlük olardı. Ermənilər son 30 ilə yaxın bir müddətdə işğal olunmuş şəhər və kəndlərimizin adlarını dəyişdirərək saxta sənədlər tərtib edirdilər. Amma bu gün Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər və digər bütün yaşayış məntəqələrimizin qanuni statusu və qədim türk adları bərpa edilib. Əminəm ki, tezliklə separatçıların olduğu ərazidə də Azərbaycan yurisdiksiyası tam təmin olunmaqla bütün qeyri-qanuni əməllər aradan qaldırılacaq və Azərbaycan qanunlarını kobud şəkildə pozmuş separatçılar layiqli cəzalarını alacaqlar. Rusiya sülhməramlıları Qarabağ ərazisində müvəqqəti yerləşib, cəmi 3 il sonra onların ərazidə öz xidmətlərini başa vurması və ya davam etdirməsi haqqında qərar qəbul olunmalıdır. Rusiya sülhməramlılarının ərazidə apardığı xidmətin obyektiv qiyməti o zaman veriləcək və Azərbaycan hökumətinin bu qiymətləndirməsi Rusiya sülhməramlı missiyasının taleyini həll edəcək. Düşünürəm ki, 5 illik müddət sona yaxınlaşdıqca Rusiya sülhməramlı kontingentinin rəhbərliyi və Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyi tərəfindən bildirilən irad və etirazlara daha ciddi və həssas yanaşacaqlar".

Deputat qeyd edib ki, Azərbaycan ərazisində, eləcə də Azərbaycanla Ermənistan arasında sərhəd boyunca ermənilərin törətdiyi təxribatlar iki ölkə arasında münasibətlərin tənzimlənməsinə mane olmaq məqsədi daşıyır: "Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üzrə aparılan sülh prosesinə mane olmaq istəyən qüvvələr isə təkcə Ermənistan daxilində deyil, həm də bölgəmizdən kənarda yerləşir. Xüsusilə son həftələrdə, Avropa İttifaqının missiyasının Ermənistana gətirilməsi ilə erməni siyasi dairələrində yanlış ümidlər yaranıb. Onlar belə hesab edirlər ki, tez-tez təxribatlar törətməklə beynəlxalq birliyin diqqətini problemin "həll olunmadığına" cəlb etmək və beləliklə problemi yenidən beynəlxalq səviyyəyə çıxarmaq və bu məqsədlə də ATƏT-in Minsk qrupunu diriltmək olar. Son Praqa görüşündə Fransa prezidenti Emanuel Makronun iştirakı və bu görüşdən sonra onun sülh prosesini pozmağa yönəlmiş açıqlamaları da göstərir ki, bu təxribatlar təkcə erməni siyasətçilərinin yox, həm də xarici qüvvələrin pozuculuq maraqlarına cavab verir. Lakin bu kimi səylər ermənilərin istədiyi nəticələrə gətirib çıxarmayacaq. Qarabağ münaqişəsi 44 günlük Vətən müharibəsinin nəticəsində həll olunub. Ondan sonra Azərbaycan ərazisində baş verən bütün təxribat hadisələri qanuni dövlət qurumlarına və mülki vətəndaşlara qarşı terror fəaliyyəti kimi qiymətləndirilir və müvafiq qurumlar tərəfindən adekvat tədbirlər görülür. Əgər ermənilərin terror fəaliyyəti təkrarlanarsa və ya artarsa, terrora qarşı cavab tədbirləri də daha kəskin və amansız olacaq".

 

 





01.12.2022    çap et  çap et