525.Az

"İnsan haqları təşkilatları İranda baş verənlərə səssiz qalmamalıdır"


 

NOVELLA CƏFƏROĞLU: "BİZ HAQQI POZULAN BÜTÜN MİLLƏTLƏRİN YANINDA OLMALIYIQ"

"İnsan haqları təşkilatları İranda  baş verənlərə səssiz qalmamalıdır"<b style="color:red"></b>

İranın molla rejimi illərlə apardığı mənfur siyasəti ilə təkcə regionda sabitliyi pozmayıb, həm də öz xalqına qarşı amansız davranış sərgiləyib. Azərbaycanlılar başda olmaqla bu ölkədə yaşayan müxtəlif millətlərin bütün hüquqlarını pozub, onların kimliklərini unutdurmağa çalışıb. Ermənistanın dostu olan İran elə ölkə daxilində də ermənilər üçün hər bir şəraiti yaradıb. Hətta onlara müstəsna hüquqlar verib. 40 milyona yaxın azərbaycanlı isə öz dilində oxumaq, təhsil almaq hüququndan məhrum edilib, soydaşlarımızın öz adət-ənənələrini unutdurmaq üçün ən çirkin vasitələrə əl atıb. Tehran rejimi süni problemlər yaradaraq güneyli soydaşlarımızın tarixi yaşayış yerlərindən köçürülməsinə çalışıb. Urmiya gölünün qurudulması, tarixi, mədəni abidələrimizə qarşı soyqırımı siyasəti də bundan irəli gəlir.

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra İran daha da aqressivləşib, öz düşmənçiliyini açıq şəkildə büruzə verməyə başladı. Azərbaycanın güclənməsi, ərazi bütövlüyünü bərpa etməsi İranın yuxusunu ərşə çəkdi. Məhz buna görə də Ermənistanla daha da yaxınlaşdı. 30 il ərzində torpaqlarımızın işğalına, məscidlərimizin dağıdılıb, təhqir edilməsinə nəinki hansısa reaksiya verdi, əksinə bu cinayətlərə ortaq oldu, dini abidələrimizin özünüküləşdirilməsinin iştirakçısına çevrildi. İran son addımları ilə illərlə pərdələməyə çalışdığı simasını tam olaraq ortaya qoydu. Bu gün millətlər öz azadlığını, milli hökumətini qurmaq istəyir. Üçüncü aydır davam edən aksiyalarda rejim etirazçılara qarşı ən amansız işgəncələrdən istifadə edir, edamlar həyata keçirir, insanları həbsə atır. Amma bunların heç biri artıq etirazçıları qorxutmur. Çünki hələ də dirəniş göstərən molla rejimi qırmızı xətləri çoxdan keçib. Onu da vurğulayaq ki, indiyə kimi beynəlxalq təşkilatlar İran rejiminin öz xalqına qarşı həyata keçirdiyi işgəncə siyasətinə, hüquqlarının pozulmasına lazımı reaksiya verməyib. Bu da rejimin əl-qolunu daha da açıb.

Bəs, Azərbaycanda fəaliyyət göstərən insan hüquqları təşkilatları İranda haqları pozulan insanların müdafiəsi üçün nə edib və nə etməyi düşünür?

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu mövzu ilə bağlı "525"ə deyib ki, Azərbaycanda hər kəs İranda baş verənlərə, etirazçılara qarşı həyata keçirilən qeyri-insani hərəkətlərə çox ciddi münasibət sərgiləməlidir. Təkcə güneyli soydaşlarımızı deyil, bütün haqları pozulan digər millətləri də müdafiə etməliyik: "İranda illərdir ki, cənublu soydaşlarımızın hüquqları pozulur, onlar öz ana dillərində təhsil almaq, oxumaq və digər bütün haqlardan məhrumdurlar, məktəbləri belə yoxdur. Təbii ki, bu cür davam edə bilməz, insanlar bir gün ayağa qalxıb öz etirazlarını bildirməli idilər. Düşünürəm ki, insan haqları təşkilatları səssiz qalmamalı, həm hüquqi dəstəyini göstərməli, eyni zamanda, bütün beynəlxalq təşkilatlarda bu məsələləri qaldırıb, yazılı müraciətlər etməlidirlər ki, onlar öz hesabatlarında bu halları qeyd etsinlər. Biz haqqı pozulan bütün millətlərin yanında olmalıyıq".

N.Cəfəroğlu konkret olaraq rəhbərlik etdiyi cəmiyyətin bu istiqamətdə planlaşdırdığı işlərdən danışıb: "Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti İranda insan haqlarının pozulması, etirazçılara qarşı həyata keçirilən amansız fəaliyyətlərlə bağlı bəyanat verib. Beynəlxalq təşkilatlara bu barədə müraciətlərimiz olub. Bu işləri görməkdə davam edirik. Bizim cəmiyyət Azərbaycanda yeganə qurumdur ki, həmişə İranla, orada hüquq müdafiəsi ilə məşğul olan xanımlarla əlaqələrimiz olub. Həmin xanımlardan baş verənlərə dair məlumatlar almışıq. Eyni zamanda, ABŞ və digər ölkələrdə bu mövzuda əməkdaşlıq etdiyimiz insanlar var. Onlar İranı tərk etmiş siyasi mühacirlərdir və bu ölkə daxilində baş verənlər barədə birbaşa məlumat ala bilirlər. Biz həmin insanlarla işləməyə davam edirik. Bundan əlavə, İranda repressiyalara məruz qalmış bəzi cənublu soydaşlarımız olub ki, onları məhz bizim cəmiyyət BMT vasitəsilə Almaniyaya, ABŞ-a, göndərib. Cəmiyyətimizdə güneylə bağlı şöbə fəaliyyət göstərir və ona Əntiqə Qurbanova rəhbərlik edir. Biz məlumatları birbaşa İranın özündən alırıq və çox sıx əməkdaşlığımız qurulub".

Hüquq müdafiəçisi Prezident İlham Əliyevin güneydəki soydaşlarımızla bağlı bəyanatına da toxunub: "Prezident dedi ki, İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu, hansısa dövlətin daxili işinə qarışmaq deyil, soydaşlarımızın milli kimliyinin yaşadılması, dilin saxlanılmasıdır ki, bu da çox vacibdir. Dövlət başçısının "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik" söyləməsi də çox mühüm və gözəl bir bəyanat idi. Prezidentimiz açıq bəyan etdi ki, hər bir azərbyacılının hüququnu qoruyur. Bu, çox böyük və təqdirəlayiq addımdır, biz bunu dəstəkləyirik, bu məsələdə dövlət başçısının yanındayıq".

N.Cəfəroğlu onu da vurğulayıb ki, beynəlxalq birlik, dövlətlər İrandakı aksiyalara gözlənilən reaksiya vermir: "Bəzən reaksiya olur ki, bu da qaneedici deyil. Ona görə də müsəlman, türk, Turan dövlətləri yığışıb bir yerdə İranın insanlara qarşı olan əcaib işgəncələrinə, törətdiyi pis əməllərə açıq reaksiya verməlidir ki, bu cür halların qarşısını almaq mümkün olsun. Bu məsələdə bizim birliyimiz vacibdir və məhz birlik hər şeyi həll edə bilər".

Təşkilat hansı addımları atmağı planlaşdırır? N.Cəfəroğlu bu haqda deyib: "Hər cəhətdən İrandakı insanlara dəstəyimiz vacibdir. İnsan haqlarının pozulması hallarının beynəlxalq müstəviqdə qaldırılmasından tutmuş, orda yaşayan insanlara dəstəyə qədər".

 

 





01.12.2022    çap et  çap et