Kamal ADIGÖZƏLOV
Sülh quruculuğu prosesinə və regionda strateji sabitliyin təmin edilməsinə müxtəlif maneələr törədən Ermənistan hakimiyyəti yenidən Cənubi Qafqazı geosiyasi qarışıqlığa sürükləməyə çalışır. Onun bu ənənəvi pozuculuq fəaliyyətinin arxasında dayanan məqamı anlamaq olar - ermənilər xaos yaratmaqla bölgəni yenidən qeyri-müəyyənliyə atmaq istəyir, xaricdəki havadarları isə bu işdə onlara yardımçı olmağa cəhd göstərirlər. Regionun geosiyasi, iqtisadi və hərbi-geostrateji həyatında öz milli maraqlarını maksimum formada təmin etməyə və bölgədə dominantlığa cəhd göstərən Rusiya və İran bu prosesdə xüsusi fəallıq nümayiş etdirirlər. Həmin kontekstdə Azərbaycanın dövlət başçısının Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi mühüm hadisədir. Aparılan müzakirələrdə Azərbaycan Prezidentinin irəli sürdüyü tezislər ekspertlərin böyük marağına səbəb olub. Həmin tezislərin regional və qlobal miqyasda müşahidə olunan geosiyasi trendlər kontekstində analizinə ciddi ehtiyac yarandığını düşünürük.
Azərbaycan Prezidenti: iki mühüm məsələnin həlli haqqında
Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətinin qəbulu zamanı ifadə etdiyi fikirlər, sözün həqiqi mənasında, "bomba partlayışı" effekti doğurub. Qəbulda Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxsləri də iştirak ediblər. İlham Əliyev həmin görüşdə iki məsələnin həllini yüksək siyasi məharətlə və həmişə olduğu kimi, yeni yanaşma kontekstində qoyub. Dövlət başçısı hazırkı tarixi mərhələdə dünya miqyasında liderlərdən biri olduğunu növbəti dəfə təsdiq edib.
Məsələ ondan ibarətdir ki, İlham Əliyev həm Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf perspektivlərinin cizgilərini müəyyən edib, həm də bu məsələnin Cənubi Qafqazda geosiyasi proseslərlə sıx əlaqəsinin daxili məntiqini açıb, həmin aspektdə Ermənistanın və onun havadarlarının (onların sırasında ermənistanyönümlü, qərəzli mövqeyi ilə Fransa xüsusi yer tutmaqdadır) regionda oynadıqları riskli və təhlükəli oyunların konkret məzmununu ifadə edib.
Prezident İlham Əliyev göstərib ki, Avropa İttifaqı və bütövlükdə Qərb bu oyunlara son qoymasa, nə Şərq Tərəfdaşlığı Proqramının, nə də regionda sabitliyə, təhlükəsizliyə və rifaha nail olmağın bir mənası qalacaqdır. Çünki Ermənistan tərəfi və ona gizli və açıq yardım edənlər müxtəlif bəhanələrlə tarixi ədalətsizliyə yol verirlər və sülh prosesinin qarşısına sədd çəkirlər. Bir regionda isə sülh və barış olmayınca, hansısa tərəfdaşlıq proqramının reallaşa biləcəyini gözləmək absurddur. Deməli, top, faktiki olaraq Avropadadır - onun necə oynaya biləcəyindən çox şey asılıdır.
Azərbaycan Prezidentinin məsələni bu cür cəsarət və peşəkarlıqla tarixi ədalət və müasir geosiyasətin məntiqi kontekstində qoyması, şübhəsiz, Qərbdə və Şərqdə siyasi liderləri və ekspert dairələrini heyrətləndirib. Səbəbini izah etməyə çalışaq.
Prezident İlham Əliyev ideyaları və real praktiki fəaliyyəti ilə müasir mərhələdə geosiyasi dinamikaya yeni məzmun və strateji perspektivlilik istiqaməti verməkdədir. Onu iki aspektdə təhlil etmək olar. Əvvəla, İlham Əliyev Şərq Tərəfdaşlığı Proqramının tarixi-siyasi və geosiyasi məzmununun yeniləşmə zamanının çatdığını sübut edib. Əslində, D.Şuebel həmin məqamı Brüsseldə anladıqlarını və aktual hesab etdiklərini etiraf edib. Aİ nümayəndəsi ümumilikdə Aİ-Azərbaycan münasibətlərinin yaxşı səviyyədə olduğunu ifadə edib. Bu fikir vurğuladığımız kontekstdə səbəbsiz deyilmir - Brüssel Azərbaycan Prezidentinin atdığı addımları, hələ bir neçə il öncə (2013-cü ildə) Şərq Tərəfdaşlığı kontekstində irəli sürdüyü təklifləri çox yaxşı xatırlayır.
Doğrudur, əvvəlcə Brüsseldə ona etiraz etdilər, lakin bir neçə il sonra (2015-ci ildə) Azərbaycan Prezidentinin haqlı olduğunu təsdiq edən sənədə - Aİ-nin xarici siyasət konsepsiyasına düzəlişlər etməklə onunla razılaşmış oldular. Üstəlik, Şərq Tərəfdaşlığı daxilində Azərbaycanla Aİ-nin münasibətləri məhz Azərbaycanın dövlət başçısının hazırladığı təkliflər paketi üzrə qurulmağa başlandı. Şübhə yoxdur ki, bu tarixçəni xatırlayan Aİ indi bir qədər fərqli davranmağa çalışır, yəni Azərbaycan liderinin fikrini öncədən öyrənməyə maraq göstərir. Bəli, bu, bütövlükdə Avropa üçün vacibdir, çünki İlham Əliyev həmişə olduqca konstruktiv təkliflər irəli sürür ki, onların hamısı demokratik ruhlu, əməkdaşlığa, sülh və barışa yönəlmiş tezislərdən ibarətdir.
Bütün bunlara görə də, Dirk Şuebelin Azərbaycan Prezidenti ilə görüşdə ifadə etdiyi aşağıdakı fikirlər tamamilə təbii və məntiqidir. Avropa rəsmisi deyib: "Bizim hamımız hazırkı vəziyyətdə Şərq Tərəfdaşlığının həyata keçirilməsi, ola bilsin ki, Şərq Tərəfdaşlığının yenilənməsi, müasirləşdirilməsi üçün xüsusi nümayəndə təyin olunmuşuq. Bilirik ki, hazırkı geosiyasi vəziyyətdə yeni ideyalara, yeni stimullara, xüsusi yanaşmalara ehtiyac var, bizim burada olmağımızın bir səbəbi də budur. Bunun Sizin nöqteyi-nəzərinizdən necə göründüyünü dinləmək istəyirik: nəyi daha yaxşı edə bilərik, Azərbaycanla əməkdaşlığımızda xüsusi nələri edə bilərik?"
Digər tərəfdən, Aİ rəsmisinin bu giriş məntiqindən sonra daha konkret danışması da maraqlıdır. Dirk Şuebel, faktiki olaraq, Brüsselin müzakirə edilən məsələni necə gördüyünü ifadə edib. O vurğulayıb: "Düşünürəm ki, son bir neçə ildə əməkdaşlıq çox yaxşı inkişaf edib. Biz bir sıra müstəvidə irəliləyirik. Sözsüz ki, enerji sahəsi. Lakin düşünürəm ki, siyasi müstəvidə də biz bir çox səylər göstərmişik. Prezident Mişel çox fəaldır, Siz dəfələrlə görüşmüsünüz və Siz onun, eləcə də bizim hamımızın, Avropa İttifaqının ədalətli vasitəçi olduğunu görmüsünüz. Bilirsiniz ki, bizim gizli gündəliyimiz yoxdur, xüsusi gündəliyimiz yoxdur. Biz, sadəcə, yaxşı əməkdaşlıq etmək və əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. Bir çox dialoqlar - təhlükəsizlik sahəsində və bir sıra başqa sahələrdə dialoqlar qurulub. Biz daha çox məsələni nəzərdən keçirməyə hazırıq. Lakin sözsüz ki, əsas məsələni, münaqişəni unutmaq istəmirik".
Sitatlar bir qədər detallı görünə bilər, lakin onlarda Avropa İttifaqının istəklərinin başlıca məqamları ifadə olunub. Bu bağlılıqda Dirk Şuebel deyir ki, Aİ Azərbaycan Prezidenti ilə münasibətlərdən məmnundur, onun siyasətinin perspektivinə inanır. İndiyə qədər yüksək səviyyədə bir çox məsələlər üzrə səmərəli dialoq qurulub. Lakin Brüsseldə hesab edirlər ki, bu, kifayət deyildir. Ortaya elə problemlər çıxıb ki, dialoqun miqyasını genişləndirmək və onu qarşıya çıxmaqda olan situasiyada konstruktiv məcraya yönəltmək gərəkdir. Həmin sırada Aİ "münaqişəni unutmaq istəmir!" Məsələnin ikinci aspekti bu məqamla sıx bağlıdır.
Şərq Tərəfdaşlığı və sülh naminə səylər: rəsmi Bakının geosiyasi və diplomatik uzaqgörənliyi kontekstində
Buradan Avropa İttifaqının başlıca geosiyasi məqsədi aydın olur. Birincisi, Aİ Cənubi Qafqazda yenidən qarışıqlığın, xaosun və geosiyasi qeyri-müəyyənliyin yaranmasını arzulamır. Vəziyyətin keçən əsrin 90-cı illərinə qayıtmasını istəmir. Görəsən, hansı səbəblərdən? Bizcə, sualın cavabını tapmaq elə də çətin deyildir. Hər şeydən öncə, Aİ postsovet məkanı ölkələri üzrə siyasətini yeniləməkdədir və başlıca məqsədi burada söz sahiblərindən biri olmaqdan ibarətdir. Lakin bu iddiada olan bir neçə böyük dövlət vardır (ABŞ, Rusiya, Türkiyə, Çin, İran, İsrail) ki, bu da rəqabəti çox gücləndirir və sərtləşdirir. Bu cür vəziyyətdə regionda sülh, sabitlik və barışa real töhfə verə bilən dövlət Azərbaycan tərəfindən qəbul ediləcəkdir. Çünki Azərbaycan regionun lideri, əsas geosiyasi gücüdür. Eyni zamanda, rəsmi Bakının regional siyasətində həqiqi mənada barış, əməkdaşlıq, sabitlik və təhlükəsizlik üstünlük təşkil etməkdədir.
İkincisi, Avropa İttifaqı regionda İran və Rusiyanın nüfuz qazanmasını qəbul etmir. Rusiya indi dominant rol oynayır, lakin Kremlin daha çox erməni separatizminin güclənməsinə xidmət edən addımları vəziyyəti iki aspektdə gərginləşdirir. Onlardan biri Ermənistanı, faktiki olaraq, Qərbdən uzaqlaşdırmaqla bağlıdır.
Rusiya Prezidenti Vladimir Putin "Valday" klubunun plenar iclası çərçivəsində sualları cavablandırarkən açıq bildirdi ki, Ermənistan hakimiyyəti Qərbə üstünlük versə, Moskva Qarabağın Azərbaycanın tərkibində qalmasına mane olmayacaq. Lakin ermənilər Rusiyanın planını qəbul etsə, Moskva Qarabağda separatçılığı yenidən alovlandıra bilər. Üstəlik, artıq Kremlin əlaltısı Ruben Vardanyan Xankəndidə "dövlət naziri"dir. Onu deyək ki, həm İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə, həm də ondan dərhal sonra Vladimir Putin bir neçə dəfə buna işarə etmişdi, lakin onda Nikol Paşinyan fərqli davranmışdı. Görünür, Ermənistanın "inqilabçı" rəhbəri müharibəni udacağına çox inanırdı. Hər bir halda indi N.Paşinyan Kremlin çaldığı havaya oynayır. Brüsselə isə "bu havanın melodiyaları və ritmi" xoş deyildir.
İkinci aspekt Rusiyanın gizli razılığı ilə İranın Ermənistanı birmənalı müdafiə etməklə regiona geosiyasi nüfuz etmək istiqamətində "çapalaması" ilə bağlıdır. Tehran həmin bağlılıqda Qərbin dəstəklədiyi Zəngəzur dəhlizinin açılmasına qarşı olduğunu da açıq ifadə etməkdədir.
Üçüncüsü, Brüssel Mərkəzi Asiya regionuna təsirini artırmaqda qərarlı görünür. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin həmin regiona səfəri bunun bariz təsdiqidir. Onun Mərkəzi Asiyanın dövlət başçıları ilə apardığı müzakirələrin mövzusu göstərir ki, Brüssel regionda ciddi söz sahibi olmaq istiqamətində fəaliyyətdədir. Azərbaycan isə Avropanı Mərkəzi Asiya ilə birləşdirən əsas körpüdür. Bu səbəbdən Brüssel Cənubi Qafqazda sabitliyin olmasında son dərəcə maraqlıdır. Zəngəzur dəhlizi də həmin baxımdan Avropa üçün strateji əhəmiyyət daşıyır. Deməli, son həddə problemin kökü Ermənistanla Azərbaycanın sülh müqaviləsi imzalamasına bağlıdır.
Beləliklə, Aİ, həqiqətən, Cənubi Qafqazdakı "münaqişəni unutmaq istəmir". Və buna görə də Şərq Tərəfdaşlığı kontekstində "yeni ideyaları, yeni stimulları, xüsusi yanaşmaları" Cənubi Qafqazda, ilk növbədə, Azərbaycan Prezidenti ilə müzakirə etməlidirlər. Çünki İlham Əliyev yeganə liderdir ki, məsələyə kreativ və müasir tələblər çərçivəsində yanaşır və real addımları ilə sübut edib ki, regionun rifahı naminə çalışır. Azərbaycan Prezidenti bu istiqamətdə konkret formullar, layihələr və təkliflər irəli sürür.
Ancaq Dirk Şuebelin dilə gətirdiyi və faktiki olaraq, İlham Əliyevin ona konkret cavab verdiyini ifadə edən bir əhəmiyyətli məqam vardır. Avropa rəsmisi Azərbaycan Prezidenti ilə görüşdə deyib ki, Bakıya Ermənistandan gəliblər, orada yaxşı danışıqlar aparıblar və "Ermənistanda aldığımız əsas mesaj ondan ibarətdir ki, Ermənistan da sülhün əldə olunmasında maraqlıdır. Biz, həmçinin, burada da Sizin bunda maraqlı olduğunuzu eşidirik. Ona görə də biz davamlı sülhə öz töhfəmizi verə bilərik ki, bunu birdəfəlik kənara qoyaq, Cənubi Qafqaz regionunun qonşu ölkələrlə birlikdə çiçəklənməsi istiqamətində hərəkət edək. Düşünürəm ki, bizim çatdırmaq istədiyimiz əsas diləyimiz bu olacaq".
Bax, məsələnin bu aspekti Aİ tərəfindən düzgün qoyulmur. Daha konkret desək, tərsinə təqdim edilir. Dirk Şuebelin sözlərindən anlaşılır ki, onların ilk olaraq İrəvana getməsi nə ilə bağlıdır. Elə təsəvvür yaratmaq istəyirlər ki, Ermənistan sülh istəyir, diplomatik nəzakətlə də davam edirlər ki, "Siz də istəyin, lütfən!" "Siz istəsəniz, region və onun yaxınlığında yerləşən dövlətlər də çiçəklənəcək". Bunun adı siyasi riyakarlıqdır. Avropa İttifaqı hələ də bu mövqeyinin yanlışlığını dərk etməyibsə, çox təəssüf! Və bu bağlılıqda əsl həqiqəti Azərbaycan Prezidentinin birbaşa Moskvaya və İrəvana olduğu kimi, Brüsselin nümayəndəsinə də deməsi qürur verir! Azərbaycan Prezidenti həmişə olduğu kimi, milli maraqları əsas götürdüyünü bir daha nümayiş etdirib. Bu məqamla bağlı İlham Əliyevin cavabındakı faktlara nəzər salaq.
Dövlət başçısı Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirdiyini ifadə edib, çünki "bu, gələcəkdə görməli olduğumuz işlərin düzgün qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir".
Ölkə rəhbərinin bu məntiqi olduqca əhəmiyyətlidir, çünki Avropaya xatırladır ki, bizim əlaqələr Azərbaycana obyektiv yanaşmadan və bütövlükdə Cənubi Qafqazdakı vəziyyəti düzgün, tərəfsiz qiymətləndirmədən çox asılı olacaqdır.
Həm də onu nəzərə almaq lazımdır ki, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın məzmunu müxtəlif sahələri - siyasi, iqtisadi, enerji, humanitar və digər sahələri əhatə edir. Şərq Tərəfdaşlığı Proqramına gəldikdə isə, "...bu proqramın əvvəlindən Azərbaycan onu güclü şəkildə dəstəklədi və Zirvə görüşləri daxil olmaqla müxtəlif tədbirlərdə fəal iştirak etdi".
İndi isə Azərbaycan hesab edir ki, bu proqramın müasirləşdirilməsi və görülən işlərin bir daha nəzərdən keçirilməsinin zamanıdır. Bu fikri İlham Əliyev dahiyanə əsaslandırır. Ölkə rəhbəri həmin bağlılıqda ifadə edib: "Çünki bu proqramın yaradılmasından on ildən çox keçir və Şərq Tərəfdaşlığına üzv ölkələr öz seçimlərini ediblər. Bəziləri Assosiasiya Sazişini imzalayıb, digərləri Avrasiya İqtisadi İttifaqına üzv olub. Azərbaycan yeganə ölkədir ki, heç bir formata qoşulmayıb".
Azərbaycan Prezidenti diqqətə çatdırır ki, Şərq Tərəfdaşlığı Proqramının 10 illik masada olması ilə yanaşı, üzv ölkələrin geosiyasi seçimi də nəzərə alınmalıdır. Onun üzvləri, faktiki olaraq, üç istiqamətdə seçim ediblər. Bir qrup assosiativ üzvlüyə üstünlük verib, digəri (Ermənistan) Avrasiya İqtisadi İttifaqına üz tutub. Azərbaycan yeganə dövlətdir ki, heç bir formata qoşulmayıb və Şərq Tərəfdaşlığının prinsiplərinə sadiqliyini nümayiş etdirib. Bu o deməkdir ki, Aİ əvvəlki kimi proqrama daxil olan dövlətlərə eyni meyarlarla baxa bilməz. Hər bir üzv dövlətlə əlaqələrin öz məntiqi olmalıdır. Bu konkretliyi Brüssel nəzərə almasa, onda Şərq Tərəfdaşlığının perspektivinə şübhələr yarana bilər.
Azərbaycanın xarici siyasəti praqmatizm üzərində qurulub və hədəfə hesablanıb. Başlıca hədəf ərazi bütövlüyünü bərpa etməkdən ibarət idi ki, Bakı buna nail oldu. Hazırkı mərhələdə Şərq Tərəfdaşlığı ilə bağlı yeni imkanların nədən ibarət olduğu nəzərdən keçirilməlidir. Həmin aspektdə Azərbaycan rəhbərliyinin mövqeyi konkret məzmuna malikdir. Prezident onu dəqiq və dolğun ifadə edib. İlham Əliyev deyib: "...biz bu proqramı və bu platformanı üzv ölkələr arasında əməkdaşlıq deyil, Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək üçün əlavə imkan hesab edirik. Çünki Şərq Tərəfdaşlığına üzv olan digər beş ölkə ilə bizim fərqli münasibətlərimiz var. Bizə isə Avropa Komissiyası ilə əlavə əməkdaşlıq mexanizminin əldə edilməsi vacib idi. İndi isə sizin də qeyd etdiyiniz kimi, yeni geosiyasi şəraitdə bunu yenidən nəzərdən keçirmək lazımdır".
Olduqca praqmatik, məntiqli və reallığa uyğun mövqedir. Şərq Tərəfdaşlığı çərçivəsində üzv dövlətlərlə əməkdaşlıq məsələsi ayrıca qoyula bilməz. Söhbət Avropa İttifaqı ilə əlaqələrin yeni imkanlarından gedə bilər. Bu kontekstdə də Azərbaycan kifayət qədər praqmatik və səmərəli addımlar atır. Belə ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramına daxil olan nadir dövlətdir ki, Aİ-nin doqquz üzvü ilə ikitərəfli qaydada ya bəyanat qəbul edib, ya da strateji tərəfdaşlıq sazişi imzalayıb. Bu əsasda Azərbaycan Aİ ilə əməkdaşlıq sazişini müzakirə edir və sənədin bəndlərinin 90 faizi razılaşdırılıb. Onun da müsbət sonuclanacağını vurğulayan dövlət başçısı, Bakının heç zaman maraqlarına uyğun gəlməyən şərtlərə razı olmayacağını növbəti dəfə bəyan edib.
Ermənistanla imzalanacaq sülh sazişinə də bu məqam birbaşa aiddir. Bu kontekstdə Prezident açıq söyləyib: "Siz Ermənistana səfərinizi və orada Ermənistan rəhbərliyindən sülh mesajı aldığınızı qeyd etdiniz. Biz işğalın davam etdiyi bütün illər ərzində bu mesajları eşitmişik. Lakin onlar səmimi deyildi. Biz də sülh arzulayırdıq, lakin torpaqlarımızı geri istəyirdik. Onlar isə torpaqları geri qaytarmadan sülh istəyirdilər. Fərq bunda idi. Beləliklə, biz münaqişəni güc yolu ilə, daha sonra isə siyasi vasitələrlə həll etməli olduq. Mən bu gün onların sülh haqqında danışmasını bir növ manipulyasiya hesab edirəm. Çünki onlar həqiqətən sülh arzulayırdılarsa, bizim təklifimizə cavab verərdilər".
Mesaj aydındır: Avropa unutmasın ki, Ermənistanın sülh prosesi ilə bağlı manipulyasiyalarını Azərbaycan yaddan çıxarmayıb, Brüssel unutmasın ki, işğalçının xislətini Bakı heç zaman unutmayacaq, Avropa bilməlidir ki, o, bu məsələdə ermənilərlə birgə manipulyasiya etməyə çalışır ki, bu da səmərəsizdir. Çünki Azərbaycan qalib dövlət kimi sülh və əməkdaşlıq təklif edib. Dünya tarixində nadir hallarda belə hallar olur. Təklifin də çərçivəsi dəqiqdir: beş məlum prinsip. Öncə tərəddüd edən ermənilər sonra razı olduqlarını bildirdilər. Lakin çox keçmədi ki, onların burada da riyakarlıq etdikləri məlum oldu.
Ermənistan rəhbərliyi gah Azərbaycanı İŞİD və "Əl-Qaidə" ilə müqayisə etdi, gah təxribatlara əl atdı, gah da havadarları ilə "pıçıldaşıb" absurd şeylərdən danışdı. O cümlədən, indi də Moskvanın emissarı R.Vardanyan adlı bir adamı maşa kimi ortaya atıb. Bununla bağlı Azərbaycan Prezidenti bəyan edib: "Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq".
Və bütün bunların fonunda Prezident iki mühüm mesaj verir. Birincisi, Aİ üçün: "...biz onların əməllərini sözlərlə deyil, addımlarla ölçməliyik. Çünki onların dedikləri sözlər etdikləri əməllər və ya planları ilə ziddiyyət təşkil edir. Bununla bağlı, bilmirəm, siz Ermənistan rəhbərliyindən birbaşa cavab almısınız, yoxsa yox. Mən şübhə edirəm, çünki onlar bu ikimənalılığı saxlamaq istəyir və bu isə heç də fayda gətirmir. Eyni zamanda, əgər bu ölkə sülh istəyirsə, onda o, çox təhlükəli ritorikadan əl çəkməlidir". Yəni İlham Əliyev sülh prosesinə manipulyativ yanaşmaya son qoyulmasını istəyir, real vəziyyətin necə olduğunu Bakı çox gözəl bilir.
İkincisi, Ermənistan üçün: "Ermənilər tarixi və dini irsə İŞİD və "Əl-Qaidə"nin eynilə etdiyi kimi yanaşmışdılar. Biz yox. Onlar. Onlar terror aktları törədiblər. Onlar soyqırımı törədiblər. Onlar bizim məscidləri uçurublar. Biz yox" və nəticə - "...cənab Paşinyan bu sözləri istifadə edərkən bilməlidir ki, biz bunu eşidirik. O, bizim reaksiyamızın necə olacağı barədə düşünməlidir".
Beləliklə, Prezident İlham Əliyev Avropa İttifaqının nümayəndələri ilə görüşdə Azərbaycanın mövqeyini açıq, dəqiq və dolğun olaraq ortaya qoyub. Rəsmi Bakı sülh arzulayır və buna nail olacaq. Bu yolda onun qarşısına ermənilərin hansı havadarının çıxmasının əhəmiyyəti yoxdur - Azərbaycan bütün maneələri aşmaq qüdrətindədir!
çap et