525.Az

21 Azər Hərəkatı Güney Azərbaycan ədəbiyyatında - Esmira Fuad yazır


 

21 Azər Hərəkatı Güney Azərbaycan ədəbiyyatında - <b style="color:red"> Esmira Fuad yazır</b>

Hələ 21 Azər Hərəkatına hazırlıq getdiyi, hərəkatın baş verdiyi və məğlubiyyətinə qədərki mühüm Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazıldığı dövrdə Güneydə ədəbiyyatın inkişafında böyük canlanma yaranmışdı, görünməmiş sürətlə tərəqqi etməyə başlamışdı. Bir sözlə, tədqiqatçılar 1940-50-ci illər Güney Azərbaycan ədəbiyyatını çiçəklənmə dövrü kimi dəyərləndirirlər. Görkəmli ədib və alim Xalq yazıçısı Mirzə İbrahimov yazırdı: "Elmi fikri, sağlam düşüncəsi, zamanın qabaqcıl ideallarını, insan ürəyinin və xalqın mənəvi aləminin uca hisslərini, ali məqsədlərini təsvir və tərənnüm Cənubi Azərbaycan ədəbiyyatında geniş yer tutur. Şairi, yazıçını belə əsərlər yazmağa ruhlandıran nədir? Hər şeydən əvvəl xalqa, həqiqətə məhəbbətdir, təmiz, saf insanlıq duyğusudur, vətənpərvərlik hissləridir! Cənub şairlərində bu hisslər, inqilabi yüksəlişlər dövrünün bu sərvətləri sinədən qopan od kimi alovlanır, işıq verir!" Necə də haqlıdır, böyük ədibimiz!

Qeyd edim ki, 21 Azər Hərəkatı - Nehzətinin qələbəsindən sonra İran tarixində ilk dəfə olaraq siyasi hakimiyyət xalqın, onun öndərlərinin yaratdığı Azərbaycan Demokrat Firqəsinin əlinə keçirir, xalqın arzu və istəklərinin, uzun illər buxovlanmış diləklərinin gerçəkləşdirilməsini özünə vəzifə, borc bilən Azərbaycan milli qanunvericilik, milli icra orqanları - Milli Hökumət və Milli məclis təşkil olunur (21 dekabr 1945). Bütün bu mühüm inqilabi əhəmiyyətli işlər həmin zaman kəsiyində Azərbaycan ədəbiyyatının inqilabi publisistika, poeziya, nəsr, dramaturgiya qollarının azad inkişaf dövrünə qədəm qoyması üçün geniş imkanlar açdı.

Milli Azadlıq hərəkatının başçısı, Azərbaycan Demokrat Firqəsinin rəhbəri, azadlıq fədaisi xalqın dərin sevgisini qazanmış S.C.Pişəvəri həm də istedadlı yazıçı, təcrübəli publisist idi və o, müharibədə məhz həqiqət axtarışındaydı. Güney Azərbaycan xalqının illərdən bəri itirdiyi həqiqətin axtarışında. Ona görə də S.C.Pişəvəri bir yazıçı, həm də təcrübəli publisist kimi ölkənin hərtərəfli inkişafına, mədəniyyətin tərəqqisinə rəvac verən "Hürriyyət", "Yoldaş", "Azərbaycan füqərası", bu dövrdə isə "Azərbaycan" qəzeti kimi mühüm mətbuat orqanlarını yaradaraq rəhbərlik etmiş, Güney Azərbaycan mətbuatını formalaşdırmışdır. Elə yüksək səviyyəli mətbuat ki, o azadlıq hərəkatının ideoloji zəminini yarada bilmiş, bu ideologiyanın mahiyyətini, izahat işini kənd və şəhərlərə, əhalinin geniş təbəqəsinə - zəhmətkeşlərə çatdırmağın öhdəsindən layiqincə gəlmişdir.

Şair və yazıçıların döyüş cəbhələrinə gedib müşahidələri əsasında yaratdıqları sənət inciləri bu kimi mətbuat orqanlarında "Azərbaycan", "Cövdət", "Urmiyyə", "Qələbə", "Azad millət", "Azər", "Günəş", "Demokrat", "Fədai", "Azərbaycan ulduzu" adlı qəzet və jurnallarda işıq üzü görür, xalqa çatdırılır, geniş miqyasda maarifçilik, inqilabi təbliğat işi aparılırdı.

Görkəmli söz ustası Mir Mehdi Etimad coşqun vətənpərvərlik duyğularının diktəsi ilə Milli hökumətin dövlət himnini yazmış, qoca Şərqin çırağı Azərbaycanı - möhtəşəm odlar yurdunu tərənnüm etmişdi:

Ey vətənim - Azərbaycan,

Əbədi odlardan nişan.

Adlı-sanlı keçmişin var,

Sən böyütdün qəhrəmanlar.

Qoca Şərqin çırağısan,

Azadlığın bayrağısan.

Tarix boyunca yadigar

İftixarlı asarın var.

Sənsən bizə ana Vətən

Sənsən bizə nemət verən

Sənsən bizə ruhi-rəvan,

Yaşa-yaşa Azərbaycan!

Azərbaycan, Azərbaycan,

Aslanların məkanısan,

Sən qurduğun yeni həyat

Xalqımıza verdi nicat.

Gözəl günlər gətiribsən,

Səttarxanlar yetiribsən.

Qoy yurdumuz cənnət olsun,

Düşmən bağrı qanla dolsun.

Bir ara ölkədə yaranan nisbi azadlıqdan istifadə edən M.M.Etimad 1942-ci ildə "Şairlər məclisi"ni yaratmaq ideyasını irəli sürür. Əli Fitrət, Əbülqasım Kamil, Məhəmməd Biriya və Hilal Nasiri bu işdə ona yaxından kömək edirlər. Beləliklə, 1942-ci ildə Təbrizdə fəaliyyətə baş-layan Azərbaycan yazıçıları və hünərvərləri cəmiyyətinə Mir Mehdi Etimad sədr seçilir. Etimadın rəhbərlik etdiyi "Şairlər məclisi"nin Urmu, Zəncan, Ərdəbil və Astara şəhərlərində də şöbələri yaradılır. "Məclisin aylıq orqanı olan "Şairlər məclisi" jurnalında (bu orqan jurnal formatında olsa da, jurnal deyil, almanax adlanırdı) tezliklə ölkənin bütün şəhərlərində yazıb-yaradan şair və yazıçıların əsərləri çap olunur".

"Şairlər məclisi" Cənubi Azərbaycanda ədəbiyyatın məzmunca zənginləşməsi və ədəbiyyatda ictimai-siyasi gerçəkliyin aktual problemlərinin əks etdirilməsi sahəsində böyük işlər görürdü. Bu dövrdə M.Niknam, Borçalu, F.Məzhzun, M.M.Çavuşi, Y.Şeyda, Nəcati, H.Sahir, M.Biriya, Ə.Fitrət, M.Dirəfşi, C.Kaşif, B.Azəroğlu, H.Nasiri, M.Gülgün, H.Bülluri, Ə.Tudə, H.Tərlan, Savalan, A.Bariz, Qaflantı, M.Zehtabi və başqaları ilə bərabər, M.M.Etimad da zülmə və zorakılığa, əsarət və səfalətə, milli ayrı-seçkiliyə qarşı kəskin məzmunlu əsərlər yaradaraq ədəbi fikrin təzələnməsinə təsir göstərir. O, Vətənin səmasında doğmuş azadıq günəşini, Milli Hökuməti ürəkdən tərənnüm edir, sevinc duyğularını poetik misralara çevirirdi.  Ədəbiyyat böyük vüsətlə inkişaf edir, Cənubi Azərbaycanda ədəbiyyatın, publisistikanın güclü təmsilçiləri, yeni yazarlar ordusu yaranırdı. Quzey Azərbaycandan Güneyə ictimai-siyasi-ədəbi fəaliyyət üçün gəlmiş M.İbrahimov, S.Rüstəm, M.Rahim, Q.Məmmədli, Q.İlkin və b. yaradıcı ziyalılara qoşulan Mir Mehdi Eti-mad öz həmkarları ilə bir sırada addımlayır, dövri-mətbuatda - "Vətən yolu"nda, "Azərbaycan", "Sitareyi-Azərbaycan", "Xavəri-no", "Azad millət", "Urmiyyə", "Cövdət", "Fədai", "Demokrat", "Azərbaycan ulduzu" kimi qəzet və jurnallarda şeir və məqalələri ilə çıxış edirdi. Etimadın xüsusulə uşaq və gənclər, eləcə də böyüklər üçün yazdığı əsərlərdə əxlaqi-didaktik mövqe özünü daha qabarıq göstərir. Ədib gəncləri gələcəyin görən gözü, düşünən beyni sanır, onların Vətənin sabahı üçün hərtərəfli şəxsiyyət, bir vətəndaş kimi yetişmələrində ədəbiyyatın əvəzsiz rol oynadığını düşünürdü.

Təbii ki, ana yurdun şanlı-şövkətli tarixini, səttarxanlar, xiyabanilər, pişəvərilər yetirən əzmli bir xalqın milli-mənəvi dəyərlərini, aslanlar oylağını şirin Azərbaycan türkcəsində vəsf edən Etimadın "Yaşa Azərbaycan!" himnini dinləyən hər bir Vətən oğlu, Vətən qızı mübarizə və qələbə ruhunda köklənirdi. Təbrizdə fəaliyyət göstərən "Şairlər məclisi"nin ilk qurucularından biri, Güney Azərbaycanda dalğalanan azadlıq, milli-demokratik hərəkatlarının fəal iştirakçılarından olmuş Əli Fitrət üçün də Vətən eşqindən, yurd məhəbbətindən ali duyğu yoxdur. Vətən sevgisi ədib üçün bütün məhəbbətlərdən, sevgilərdən yüksəkdə durur, böyük şövqlə elini, dilini, Azəristanı vəsf edir, "min canım olsa, yenə Azərbaycanın adına qurbandır", - deyirdi:

"Şairlər məclisi"ndə birləşən şairlər, qələm sahibləri daha cəsarətli, daha əzmli, daha səmimi və poetik cəhətdən daha mükəmməl misraları ilə Azərbaycan Milli hökumətinin həyata keçirdiyi demokratik islahatları, quruculuq işlərini nəzmə çəkirdilər. 21 Azər Nehzəti misralarından od-alov saçılan, təbi coşqun dağ çayları tək çağlayan, müstəqil fikirli, sərbəst düşüncəli, orijinal yaradıcılığı ilə heç kəsə bənzəməyən Bulud Qaraçurlu Səhəndin də ən böyük sevgisi Vətən, ən böyük istəyi uluyurd, millət, xalq, ən böyük ülfəti doğma ana dili ilə ülfəti, mehri-məhəbbətidir.

Qoyun məhkum olum millətçilikdə,

Dünyada millətin sevməyən kimdir?

Dilin, elin, yurdun talan etsələr,

Acıyıb başına döyməyən kimdir?

Ancaq bir sözüm var: mən də insanam,

Dilim var, xalqım var, yurdum, yuvam var.

Yerdən çıxmamışam göbələk kimi,

Adamam, haqqım var, elim, obam var, -

deyə sonsuz ürək yanğısı ilə xalqının üzləşdiyi milli zülm və milli ayrı-seçkiliyi qələmə alan Səhənd 21 Azər Hərəkatının qələbəsindən çox böyük nəşə və sevinc hissləri yaşayır, ruhu göylərdə pərvaz edir, ilhamı coşub-çağlayır. İnsanları daim bir-birinə qardaş, dost görmək istəyən, ən böyük arzusu humanizm, sülh və azadlıq olan Səhənd inqilab mücahidlərinə, azadlıq fədailərinə müqəddəs amal uğrunda mübarizə apararaq qələbə qazandıqlarına görə onlara alqış deyir, iftixarla, fərəhlə vəsf edir:

Tarixlər boyunca ey böyük vətən,

Yağıya, düşmənə əyilmədin sən.

Bu gün təbiətdən ilham aldım mən,

Keçdi səhər vaxtı bu söz ürəkdən,

İnsana ruh verən dilinə alqış!

Qırdın zəncirləri, yıxdın zindanı,

Zalim düşmənlərə tutdun divanı,

Hər zaman bəslədin bir qəhrəmanı

Xəzanlar görməyən dilinə alqış!

Əzəldən sən oldun sənət ocağı,

Ədiblər məskəni, şair yatağı,

İgidlər beşiyi, gözəllər bağı,

Söyləyir Razi bu maraqlı bağı,

İnsana ruh verən dilinə alqış!

1945-46-cı illər Azərbaycan milli-demokratik hərəkatı B.Q.Səhəndin ruhunda, yaddaşında elə silinməz izlər buraxır ki, hərəkat irticaçı, mürtəce qüvvələr tərəfindən qan gölündə boğulduqdan sonra da onun təsirindən uzun müddət, əslində ömrünün sonunadək çıxa bilmir. Bu illərdə yaşadığı sevinc və kədər duyğuları, acılı-şirinli xatirələri "Araz" və "Xatirə" mənzum əsərlərində qələmə alır və 21 Azər hərəkatının bədii-tarixi, sənədli təsvirini verir:

Qoy səngərlər evim olsun, dağlar başı məskənim,

Zülm əlindən azad olsun, bu müqəddəs vətənim...

Qarapapaq türklərinə məxsus qorxmazlıq, cəsarət, əyilməzlik, mərdlik özəllikləri milli xarakterində birləşdirən Qulu xan Borçalu bütün Azər elinin inqilab işığına bələnməsindən çölün, çəmənin, meşənin, düzün, Ana torpağın azadlıq günəşinin parlaq şəfəqləri altında bəxtinin güldüyündən, Odlar diyarının hər qarışının da gülüstana döndüyündən riqqətə gəlir, sevinc, fərəh duyğularını poetik misralara çevirir!

1945-46-cı illər inqilabı Haşım Tərlanı da ruhlandırır və xalq hərəkatı şövqə gələn ürəyinin əsl ilham mənbəyi olur. "Mən tufanlar qucağında doğulmuşam, Mən üsyanam, əzəlindən budur peşəm" deyən üsyankar şair böyük sevinc hissləri yaşayır, hərəkatın amal və məqsədini tərənnüm edən "Qalibiyyət bayramı", "Vətən", "Şah gedər oldu", "Mənimdir", "Azərbaycan əncüməninə", "Görürəm", "Dədə Qorqud" və sair kimi şeirlər yazır. İrandakı mövcud durumu, yenə də al-qanlar içində çalxalandığını, tufanlar, qasırğalar içində olsa da xalqın taleyinin üzünə gülməsini - Vətən səmasında inqilab günəşinin doğmasını, "Andımız qəhrəmanlıq, vicdanımız tərtəmiz, qanadımız inqilab, məqsədimiz azadlıq" deyərək şahlar məzarlığında azad həyat qurmağa durmadan can atan xalqının çabalarını alqışlayır.

(Ardı var)

 





01.12.2022    çap et  çap et