525.Az

İşıq dirəyində sönən xülya - Əlibala Əhmədov yazır


 

İşıq dirəyində sönən xülya - <b style="color:red"> Əlibala Əhmədov yazır</b>

Əlibala ƏHMƏDOV

 

Gecənin içini bənövşəyi balışlarla dolu xəyal etdiyimi xatırlayıram. Yay günləri. Saçlarım tərli, geniş bağçaya açılan balkonda uzanmışam. Gözlərim  aya zillənib.

Külək əsir və elə bil hardansa xəyali portağal ətrini duyuram. Başım xülyalarla dolur. Portağal ətri düşüncələrimi bəsləyir, içimdə baş qaldıran romantizmi varlığımın ən yüksək mərtəbəsinə çıxarır.

Uzaqları düşünürəm. Sarı, parlaq günəşlə, sərin axşamlarla, sarışın və gözəl, mehriban qadınlarla dolu yerləri. Çığırtısız, qışqırıqsız, pıçıltıyla dolu olan məkanları. Həm də qadınları, əlbəttə, gözəl qadınları - gülüşləri şirin keksə bənzəyən, yenicə dəymiş tut kimi şirin, baxışları gələcəyin notlarını indidən bəstələyən, bütün nigaranlıqları tumarıyla silən, inamsızlıq və şübhələri ram edib əminliyə, inama çevirənləri...

Gecə xülyalar üçün, xülyalar qadınlar üçün bəstələnib, məncə.

Bir əhvalat oxuyuram - bir həyat ta

rixçəsi. Mavi balışlarla dolu gecəyə, sərin küləklərə, portağal ətrinə, sarışın gözəl qadınlara, şəkərə bənzəyən gülüşlərə aşiq olan birinin həyat tarixçəsini. Əslində, daha çox, ölüm tarixçəsidir bu.

O, məndən çox uzun illər öncə, çox uzaq yerlərdə yaşayıb.

Qərbdə - kilsələrlə, qəsrlərlə, malikanələrlə, zadəganlar və kasıblarla, etirazçılar və keşikçilərlə, bloklar və barrikadalarla dolu yerdə - Fransada.

Romantizmin ən böyük nümayəndələrindən biri sayılır. 1808-də doğulub, 1855-də ölüb.

Romantik şair. Səyyah. Xəyallarının pambıq kimi əllərində yuxulayan, həm də onlarla ayılan, onlarla hərəkət edən və onlarla qərar verən şair.

Bədəni hər nə qədər yaşlansa da, ruhundakı nəmli həssaslıq heç vaxt yaşlanmayıb, hər zaman təzə-tər və qırılmağa hazır olub.

Onun şeirlərini oxuyanda yeniyetmə idim. Gözlərim tez-tez bir nöqtəyə zillənərdi, gecələr armud ağacına və səmaya baxar, bədənimin yenicə şəhvəti hiss edən nöqtələrini hərdən oxşayar, təbəssümləri və yumşaq dəriləri xəyal edərdim. Uzaq yerlərin həsrəti ürəyimə süzülər, yaxın yerlər gözümdən düşərdi. Sanki uzaqlarda məni bütün xülya və arzularıma çatdırmağa hazır olan adamlar gözləyir, uzaqlarda məni öpmək eşqiylə yatağında qıvrılan, amma həm də təmiz olan, Tanrıya və gələcəyə, işığa və Günəşə, südə və bala inanan qadınlar var. Vardı sanki... Otlar və yaşıllıqlar, bağlar vardı və bağların içi ətirlərlə doluydu.

Başım xülyalar əlində, yorğun gözlərimlə onun şeirini oxuyurdum:

 

"...Fırtınaya düşmüş dənizçilərin -

Rüzgar dayansa belə -

Yarılmış, qırıq

Gəmiləri sularda batarkən

Ümidsiz, çarəsiz gözlərinə tökülən

Parlaq bir ulduz işığından fərqsiz..."

Ruhuma elə bir ağırlıq çöküb ki! Qırılmış dişlərin kəsdiyi damaqları və onlardan axanı qanı xatırlayıram. Məni sevdiyini düşünürsən. Çünki tez-tez güzgüdə özünə baxırsan, bütün bədənin səni gələcəyə, şirin məhəbbətə, ümidli günlərə inandırır.

Bəs mənim üçün kimsən?

Artıq qocalmışam. Gözlərimin gözəlliyə inanan işığı, ruhumun saflığa inanan ümidi sönür.

Mənim üçün kimsən?! Şəhvətli həyat pərisi, Eros, ümid yoxsa inanc. Ya əl atıb tutum deyə ətrafımda dolanan sərçə balası?!

Yox, ölmüş əmisinin dirilməsini bütün qəlbi ilə istəyən bir qız uşağı sadəcə. Öz saf arzu və istəklərinə inanan. Amma yorulmuşam.

Baxışların batmaqda olan gəmiçinin gözlərinə süzülən gözəl bir ulduz işığı kimi faydasızdır.

 

"Qızcığaz, gözəl qız, yalvarıram sənə,

Nə olar əl çək məndən, baxma boşuna,

"Ürəyini dirçəldərəm" deyirsən

Gənclikdən məhrum, bu solğun alnımdan

Kədər sevgini də, xoşbəxtliyi də

Çoxdan sürgün edib, axı niyə görmürsən?"

 

Sən onun şeirindəki həzin kədəri hiss edirsənmi? Üfürülən şamın işığı sönəndə sənə elə gəlibmi ki, ürəyinə zəhərli bir iynə sancıldı.

Gecələr səssizcə qoyulduğu yerdə dayanan fincanların, onların üzərindəki naxışların, naxışların içində susan səsin qüssəsini hiss etmisənmi?

Duya bilirsənmi bütün bunları?

"Səndən səssiz ağrını əzbərləməyini istəyirəm".

Sonuncu dəfə nə vaxt sevmisən? İçindəki çöküntünün tamını nə vaxt duymusan? Nə vaxt kiməsə "Nə olar, məndən əl çək" demisən... Çünki bilmisən ki, eşqdən qorxursan, bilmisən ki, o, həmişə üzünə gülür, sonrasa xəncər saplayır ürəyinin üstünə.

 

"Kəpənək olmuşam dünyada bir vaxt,

Qanadım da olub bilmək istəsən.

İstəyim də olub özümə görə,

İnadım da olub, bilmək istəsən.

O qanad,

o inad,

o istək hanı, -

O qanad,

o inad,

o istək öldü.

Bircə gün çəkmədi gəlib-getməyi,

Kəpənək doğuldu, kəpənək öldü.

Sən ey yeri, göyü yaradan kişi,

Uzaq görünürmü ordan yer sənə?!

Bu qıza bu boyda sevgi vermisən,

Mənə də bir azca sevgi versənə".

 

Bəs Eldar Baxışı - onun "Sərçə balası"nı xatırladınmı? Səncə, insanları bir-birinə oxşadan nədir? Ağrıları? Ümidsizlikləri? Daha çox sevgiləri və ayrılıqları. Dualar və yalvarışları...

Bəs şairləri bir-birinə oxşadan nələrdir, necə olur ki, bu qədər uzun zaman fasilələrində, biri uzaq Fransada, birisə sovet Azərbaycanında, demək olar ki, eyni ruhda, eyni ağrıda sətirlər yazıblar? Düşünmüsənmi?

...Jerar de Nerval xarici ədəbiyyatdan etdiyi tərcümələrlə də ədəbi mühitdə şöhrət tapmışdı. Viktor Hüqonun ən diqqətlə izlədiyi müəlliflərdən biri idi.

1855-ci ildə bir parkda bir vaxtlar çox sevdiyi qadını əri və uşaqları ilə birlikdə xoşbəxt halda görür. Bu mənzərə onun ürəyini parçalayır. Həmin günün axşamı anasına kədər dolu bir şeir və vida məktubu yazır. Sonra ömrünü işıq dirəyində bitirir.

 





01.12.2022    çap et  çap et