525.Az

Qış turizminə hazırıqmı?


 

TURİZM EKSPERTİ CEYHUN AŞUROV: "QİYMƏTLƏR YERLİ BAZARLA MÜQAYİSƏDƏ XARİCİ BAZARDA DAHA RƏQABƏTLİDİR"

Qış turizminə hazırıqmı?<b style="color:red"></b>

Ölkəmizdə qış turizmi həmişə populyar olub, çünki iqlim və coğrafi mövqe həm həvəskarlara qarlı landşaftlara səyahətə çıxmaq, həm də idmansevərlərə öz potensialını reallaşdırmaq imkanı verir.

Bir çoxumuz üçün qış turizmi ilk növbədə gözəl həftə sonu, hətta tətil üçün bir fürsətdir. Qış turizminin bir çox üstünlükləri var. Vaxtilə bizim vətəndaşlar qış fəslində daha çox xarici ölkələrə üz tuturdular. İndi ölkəmizdə qış turizmi üçün əlverişli şərait yaradılıb.

Yerli turizm şirkətləri xarici tərəfdaşlara Azərbaycanda qış turizmi, xüsusilə də dağ-xizək turizmi ilə bağlı turpaketləri göndərməyə hazırlaşır. Ölkəyə gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Hər qış ölkəmizə xaricdən peşəkar xizəkçilər də dəvət olunur. Məsələn, "Şahdağ" Qış-Yay Turizm Kompleksi və "Tufandağ" Dağ-Xizək Kompleksinə yerli və xarici ölkə vətəndaşları, xüsusilə də körfəz ölkələrinin vətəndaşları tərəfindən böyük maraq var. 

Skal Baku Turizm peşəkarları təşkilatının sədri Ceyhun Aşurov "525"ə açıqlamasında ölkəmizdə gedən qış turizm hazırlıqlarından söhbət açıb: "Hər il olduğu kimi, xüsusən yeni il ərəfələrində turizm şirkətləri, otellər,  böyük restoranlar artıq qiymətləri bazara təklif eləyiblər. Qiymətlərdə ortalama təxminən 2-3 gün üçün iki nəfərlik yemək və əyləncə proqramları daxil təxminən 1500 AZN təşkil eləyir. Bu qiymətlər əlbəttə ki,  mövcud bazar şərtlərindən formalaşan qiymətlərdir və maraqlısı da budur ki, yüksək səviyyədə alıcıları var. Qış turizmi deyəndə bizim ağlımıza ilk növbədə qar, xizəklə sürüşmə, qışla əlaqəli əyləncələr  gəlir. Təbii ki, ölkəmizdə bununla əlaqədar iri komplekslər yaradılıb. Bunlar bazarın tam tələbatını ödəməsə də, kifayət qədər geniş müasir infrastruktura malik və tam standartlara uyğun təchizatlardır. Qış turizmi təkcə xizəklə məhdudlaşmır. Təbiəti sadəcə seyr etmək istəyən, şəhərdən rayonlara gedərək dağlıq əraziləri səyahət edən adamlar da, belə fürsətlərdən  yararlana və zövq ala bilərlər. Mövcud  reallıq ondan ibarətdir ki, istər yayda, istərsə də qışda mövsumdən asılı olmayaraq qeyri-iş günləri, uzun tətillər müddətində, həftə sonlarında tələbat daha çox olur. Bununla əlaqədar endirimlərin də olduğunu  görürük. Tətil günlərində insanlar rayonlara üz tuturlar, istirahətlərini bu qaydada təmin etmək istəyirlər. Otellərin sayı tələb qarşısında daha az olduğuna görə qiymətlərin bir qədər yüksək olmaq ehtimalı var. Qiymətlərə gəlincə isə yerli bazarla müqayisədə xarici bazarda daha rəqabətlidir".

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, ölkəmizdə hazırda 3 qış turizm mərkəzi fəaliyyətdədir. Qusarda "Şahdağ", Qəbələdə "Tufandağ", Naxçıvan MR-də "Ağbulaq" qış xizək mərkəzlərində ənənəvi olaraq turistləri qəbul etməyə hazırlıq işləri aparılır. Ölkəmizdə qış mövsümü hava şəraitindən asılı olaraq 10-15 dekabr tarixlərində başlayır və mart ayının sonlarınadək davam edir. Avropa ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması və əməkdaşlıq imkanlarının artırılması məqsədilə 10-13 oktyabrda İsveçrənin Sürix, Avstriyanın Vyana, həmçinin, Almaniyanın Münhen və Frankfurt şəhərlərində təqdimatlar təşkil edilib. Həmçinin, 7-9 noyabrda Azərbaycan nümayəndə heyəti ənənəvi olaraq dünya turizm sənayesini bir araya toplayan, Londonda keçirilən Dünya Səyahət Bazarı sərgisində ("World Tourism Market") iştirak edib.

Qeyd edək ki, Yaxın Şərqdən də qış mövsümündə turist axınının təmin edilməsi üçün tədbirlər davam etdirilir.

Havar ŞƏFİYEVA

 

 





01.12.2022    çap et  çap et