525.Az

Aprel döyüşlərində dostu qucağında şəhid olan şəhidimiz Budaqov Yusif


 

Aprel döyüşlərində dostu qucağında şəhid olan şəhidimiz Budaqov Yusif<b style="color:red"></b>

Hər şəhid ocağı bizim üçün bir müqəddəs ev, ziyarətgahdır. Bu gün daha bir şəhidimizin evində olduq, şəhid anası ilə birgə qəhrəman oğlumuzun döyüş yoluna birgə nəzər saldıq.
 
Haqqında söz açacağım şəhid Budaqov Yusif Ramiq oğludur. Ailənin yeganə övladı olan Yusif  1997-ci il oktyabrın 11-də Bakı şəhərində anadan olub. 2003-2014-ci illərdə Bakı şəhərindəki 132 saylı orta məktəbdə təhsil alıb. 2015-2017-ci illərdə hərbi xidmətdə olub, daha sonra dizayn üzrə kollec təhsili alıb. Atası dünyadan erkən köçdüyündən Yusif Bakı şəhərindəki klinikada işə düzələrək, baş texnik vəzifəsində çalışıb. Budqov Yusif torpaqlarımızın azadlığı uğrunda 2020-ci il sentyabrında başlanan Vətən müharibəsində qəhrəmancasına iştirak edib və şəhid olub.
 
Şəhidimizin anası Budaqova Lətafət Yusiflə bağlı xatirələrini bizimlə paylaşıb. O bildirib ki, Yusif evin tək övladı olduğu üçün üzərində həmişə yapaq kimi əsirdilər:
 
“Çox mehriban uşaq idi. Ata-anasına çox diqqətcil, hörmətlə yanaşırdı. Həmişə məktəbə aparanda çox səliqəli geyinirdi. Çox təmizkar idi. Atası o nə istəyirdisə, o dəqiqə alırdı, gəzdməyə aparırdı. Biz balamıza bütün varlığımızla bağlı idik. Həyat yoldaşım hər zaman Yusifə çox diqqət edirdi, onu nəzarətdə saxlayırdı. Oğlum da həmişə vaxtlı-vaxtında evdə olurdu. Ağılla-başla işləyirdi, ailəmizə dəstək olurdu.
 
Yusif idmanı çox sevirdi. Bütün günü futbol oynayırdı. Fiziki sağlamlığını həmişə üstün tuturdu. Balam ermənilərə çox nifrət edirdi. Xocalı faciəsi ona çox pis təsir edirdi. Aprel döyüşlərində oğlum hərbi xidmətdə idi. Dostu bunun qucağında şəhid olmuşdu. Buna görə çox pis olurdu, heç vaxt özünü bağışlaya bilmirdi. Həmişə deyirdi ki, kaş təkrar müharibə olsun, gedib torpqlarımızı o mənfurlardan təmizləyək, azad edək. Aprel döyüşlərindən sonra demək olar ki, heç rahatlıq tapa bilmirdi”.
 
Söhbət zamanı şəhidimizin anası bildirib ki, yoldaşım onkoloji xəstəliyə tutulmazdan əvvəl Mehdi Hüseyn 51 ünvanlı küçədə, Şəhidlər xiyaba nından bir az aşağıda yaşayırdıq. Yoldaşımın səhhətinə görə evi banka qoyduq. Daha sonra müsadirə olundu. Bir müddət kirayədə qaldıq. Hazırda yaşadığım jurnalistlər binasında olan mənzili isə tanınmış bir jurnalist hədiyyə edib.
 
“Müharibə zamanı tez-tez telefonla danışırdıq. Bir dəfə zəng vuranda mənə dedi ki, ana, burda hər şey yaxşıdır. Ermənilər elə qaçırlar ki, bizə ləzzət edir. Tezliklə Şuşa bizimdir”, - deyə anası əlavə edib:
 
“Deyirdim ki, nə yeyirsiniz, bala? Çünki o hər şeyi bəyənmirdi. Deyirdi, na, narahat olma konserva məhsulları yeyirik, hər şey yaxşıdır. Bizim üçün vacib olan yemək deyil, qalib gəlməkdir!
 
Dostu Məhəmmədə yolladığı səs yazısı var. Deyir heç nədən narahat deyiləm. Narahat olduğum təkcə anamdır, yazıq qadın kirayədə qalır, atam da dünyadan köçüb, görəsən anam necə olacaq? Bircə anamdan narahatam…
 
Gördüm xəbər yoxdur. Özüm getdim Füzuliyə oğlumun dalınca. Səbail rayonu polis rəisinin tapşırığına əsasən mənə maşın təyin etmişdilər. Çox sağ olsunlar həmin vaxtı yanımda oldular. İki oğlan idilər, ikisi də baş leytenant idilər. Elə bil ki, ən yaxın qohumlarıyıq. İndiyə qədər hələ də məni axtarırlar, yanmdadırlar.
 
Getdim Füzuliyə, dedilər kim üçün gəlmisiniz? Oğlumun adını dedim, xəbər verdilər ki, Budaqov Yusif şəhid olub… Xəbəri alanda heç özümdə deyildim. Açdım nəşinə baxdım. Balamın ürəyindən dəymişdi güllə… Getdim uşağımı özüm götürdüm, gəldim torpağa tapşırdıq. Onsuz keçən hər günüm məni bir saniyə qoymur ki, rahat olam…”
 
 
Şəhidimizin anası Budaqova Lətafət ana deyir ki, arzumdur ki, balamın adına küçə verilsin, adı əbədiyyən yaşasın.
 
 
 
Qeyd edim ki, hazırda şəhidimizin xatirəsinə Mehdi Hüseyn 51 küeçəsində əvvəllər yaşadıqları mənzilin yanında baralyefi qoyulub.
 
Yusif Budaqov Ramiq oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Yusif Budaqov Füzuli və Xocavənd döyüşlərində savaşıb. 20 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində şəhid olub. Şəhidimizin nəşi oktyabrın 30-da yaxınlarına təhvil verilib, oktyabrın 31-də də Badamdar qəbiristanlığında dəfn edilib.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Yusif Budaqov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
 
Ruhun şad olsun, qəhrəmanlıq salnaməmizə adını şücaəti ilə yazdıran igid qardaşım!
 

 





28.11.2022    çap et  çap et