525.Az

Rusiya Ukraynada törədilən cinayətlərə görə tribunalda mühakimə oluna bilər


 

Rusiya Ukraynada törədilən cinayətlərə görə tribunalda mühakimə oluna bilər<b style="color:red"></b>

Fransa Rusiyanın Ukraynadakı hərəkətlərini araşdıracaq tribunalın yaradılması üzərində işə başladığını elan edib. Moskva isə bunun hüquqi nəticələrinin olmayacağını  bildirib.

525.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi öz saytında bəyan edib ki, “Ukraynada törədilən cinayətlərə görə mübarizə” Paris üçün prioritetdir. Bəyanatda, həmçinin bildirilir ki, Fransa Ukrayna ədliyyə orqanları və Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən qərəzsiz və müstəqil araşdırmaları dəstəkləyir.

“Rusiyanın Ukraynaya təcavüz cinayətləri üzrə xüsusi tribunal yaradılması təklifinə gəlincə, biz avropalı və ukraynalı tərəfdaşlarımızla işə başlamışıq. Avropa Komissiyasının rəhbəri xanım von der Leyenin vurğuladığı kimi, söhbət beynəlxalq ictimaiyyətdə müzakirə  olunan ən mühüm məsələlərdən biri olacaq", - deyə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.

Federasiya Şurasının Konstitusiya Komitəsinin rəhbəri Andrey Klişas qeyd edib ki, tribunalın yaradılması Rusiya üçün heç bir hüquqi nəticəyə səbəb olmayacaq.  Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa agentliyə müsahibəsində tribunalın yaradılmasını “daha bir siyasi demarş” adlandırıb. 

Krımdan olan senator, Federasiya Şurasının beynəlxalq komitəsinin üzvü Sergey Tsekov  isə Fransa Xarici İşlər Nazirliyinin bəyanatını "ikiüzlülük” adlandırıb. Onun fikrincə, Parisin “tribunal yaratmağa haqqı yoxdur”. O,  həmçinin: "Afrika ölkələrinin Fransa tərəfindən müstəmləkələşdirilməsi üçün tribunal yaratsa, daha yaxşı olar", - deyə təklif edib.

“Əgər Fransa bu qədər  düşünən bir ölkə olsaydı, amerikalıların dağıtdıqları İraq üçün, NATO-nun bombaladığı Yuqoslaviya üçün, özlərinin də məhv etdiyi Liviya üçün tribunalın  yaradılmasını təklif edərdilər. Onlar həmçinin Ukraynanın Krımı və Donbası ələ salmasına qarşı tribunal yarada bilərlər”, - deyə deputat  bildirib.

Bir gün əvvəl Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen demişdi ki, Rusiya Ukraynadakı dəhşətli cinayətlərinin əvəzini ödəməlidir.

“Buna görə də biz Beynəlxalq Cinayət Məhkəməsinə dəstəyimizi davam etdirərək BMT-nin dəstəyi ilə Rusiyanın cinayətlərinin araşdırılması və mühakimə olunması üçün ixtisaslaşmış məhkəmənin yaradılmasını təklif edirik", - von der Leyen çıxışında deyib. O, qeyd edib ki, Avropa Komissiyası bu  məhkəməyə mümkün qədər geniş beynəlxalq dəstəyin cəlb edilməsi üçün digər ölkələrlə işləməyə hazırdır.

Ursula von der Leyen Ukraynada davam edən müharibədən sarsılan Avropa Şurası Parlament Assambleyası (AŞPA) təşkilatının bütün üzv və müşahidəçi dövlətlərini təcili olaraq araşdırmaq mandatı almalı olan xüsusi beynəlxalq cinayət tribunalını yaratmağa çağırıb. 

AŞPA-nın fikrincə, tribunal  beynəlxalq həbs qərarı vermək səlahiyyətinə malik olmalı, yalnız dövlət və hökumət başçılarının və digər dövlət məmurlarının  toxunulmazlığı ilə məhdudlaşmamalıdır.

Qeyd edək ki, noyabrın 21-də NATO Parlament Assambleyası alyans ölkələrinin Rusiyada “terror rejiminin” hökm sürdüyünü tanımalı olduğu qətnamə irəli sürüb. Sənəd yekdilliklə qəbul edilib. Bundan əlavə, qətnamədə qeyd olunub ki, Şimali Atlantika Alyansı ölkələri Ukraynaya “Rusiya təcavüzü”nü araşdırmaq üçün beynəlxalq tribunal yaratmaq niyyətindədir. NATO dövlətlərinin fikrincə, bu, Rusiyanı məsuliyyətə cəlb etməyə və dəymiş ziyanı ödəməyə imkan verəcək.

Havar Şəfiyeva

 





02.12.2022    çap et  çap et