525.Az

Naxçıvanda antikorrupsiya tədbirləri


 

DEPUTAT AYDIN HÜSEYNOV: "BUNU SİYASİLƏŞDİRMƏYİN HEÇ BİR ADI YOXDUR"

Naxçıvanda antikorrupsiya tədbirləri<b style="color:red"></b>

Azərbaycanda korrupsiyaya qarşı mübarizə bütün ölkə üzrə həyata keçirilməkdədir. Son vaxtlar antikorrupsiya tədbirləri daha da gücləndirilib. Bu hallara yol verən məmurlar qanun çərçivəsində sərt şəkildə cəzalandırılır. Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da son günlər korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı  tədbirlər görülür.

Amma təəssüf ki, bəzi KİV-də, sosial şəbəkələrdə məsələ siyasiləşdirilir, hansısa siyasi çalar axtarılır. Əslində isə oradakı həbslər digər bölgələrdə və strukturlarda analoji pozuntularla bağlı tədbirlərdən heç nə ilə fərqlənmir.

Naxçıvan blokada şəraitində yaşadığından oraya həmişə xüsusi diqqət olub, ölkə rəhbərliyi tərəfindən yüksək səviyyədə quruculuq və abadlıq işləri həyata keçirilib. Amma görünən budur ki, bəzi məmurlar sui-istifadəyə, mənimsəməyə yol verib ki, onların da qanun çərçivəsində cəzalandırılmasında başqa məna axtarmaq yersizdir.

Mövzunu "525"ə şərh edən Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, Azərbaycan Prezidenti korrupsiya ilə ciddi mübarizə aparır: "Bu məsələdə siyasi iradə var. Müvafiq qurumlar korrupsiya ilə sərt mübarizə aparır. Korrupsiya əməlinə yol verən, bu cinayətləri törədənlər qanun qarşısında öz əməllərinə görə cavab verirlər. Korrupsiya ilə mübarizə paytaxt Bakıda da, regionlarda da aparılır. Yəni korrupsionerin məkanı olmur, o, Naxçıvanda da, Bakıda da, digər regionlarımızda da olur. Söhbət iqtisadi sferadan - yəni gömrükdən, Maliyyə Nazirliyindən gedir. Ona görə də burda başqa bir siyasi çalar, siyasi məna yoxdur. Bunun Naxçıvanda olmasını siyasiləşdirməyin heç bir adı yoxdur".

A.Hüseynov əlavə edib ki, yanlış məlumat  yayanların, dezinformasiya ilə məşğul olanların məqsədi qarşıdurma yaratmaq, adi bir məsələni şişirtmək, siyasi don geyindirməkdir, amma bunun heç bir siyasi tərəfi yoxdur.

Deputat əlavə edib ki, ölkə Prezidenti tərəfindən Naxçıvana həmişə xüsusi diqqət və qayğı olub: "Naxçıvan blokada şəraitindədir və Azərbaycanla quru yolu olmayan bölgəmizdir. Həmin bölgəyə hər zaman yüksək səviyyədə diqqət olub və bu diqqət davam edəcək".

Milli Məclisin deputatı Afət Həsənova isə bildirib ki, Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə dövlət siyasətinin proritet istiqamətlərindən biridir. Ölkəmizdə daim korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılıb və bu cinayət əməllərinə yol verənlər qanun qarşısında lazımi cəzalarını alıblar. O bildirib ki, Naxçıvanda korrupsiya və rüşvətxorluğa qarşı aparılan əməliyyatlar da dövlət siyasətinin tərkib hissəsidir və Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı sərt tədbirlər görülür.

"Naxçıvanda aparılan əməliyyatlar heç nə ilə digər bölgələrdə aparılan əməliyyatlardan fərqlənmir. Yəni oradakı həbslər digər bölgələrdə və strukturlarda analoji pozuntularla bağlı tədbirlərlə eynidir. Təəssüflər olsun ki, bəziləri bu əməliyyatlara siyasi don geydirməyə çalışır. Lakin tam əminliklə deyə bilərik ki, burada hər hansı siyasi çalar, siyasi məna axtarmağa ehtiyac yoxdur. Ortada korrupsiya və rüşvətxorluq, dövlət vəsaitlərinin mənimsənilməsi faktları var və dövlət tərəfindən zəruri tədbirlər görülür. Hər kəs qanun qarşısında eynidir və bu cür əməliyyatlar korrupsiya və rüşvətxorluq faktının olduğu istənilən bölgədə həyata keçirilə bilər", - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, yayılan məlumatlardan aydın olur ki, Naxçıvanda korrupsiya və rüşvətxorluğa qarşı əməliyyat keçirilməsi zərurətdən irəli gəlib.

Deputat Vüqar Bayramov hesab edir ki, bütövlükdə son dəyişikliklər Naxçıvan iqtisadiyyatı üçün də müsbət imkanlar yaradır. Çünki bu həm də idarəetmənin çevikliyini artıracaq, həm də qərarların verilməsi prosesini asanlaşdıracaq: "Nəzərə alınmalıdır ki, bu proses praktik olaraq Azərbaycanın digər ərazilərindəki mövcud iqtisadi sistemə uyğun şəkildə qərarların verilməsinə də imkan yaradacaq. Bu baxımdan təbii ki, Naxçıvanda aparılan struktur dəyişiklikləri buranın iqtisadiyyatına pozitiv təsir göstərəcək".

 

 





02.12.2022    çap et  çap et