Rusiya-Ukrayna müharibəsi başlayan gündən Qərb dövlətləri, xüsusən də ABŞ, Böyük Britaniya Ukraynaya böyük yardımlar göstərir, bu ölkəni ən müasir silahlarla təmin edir, Rusiyaya qarşı çoxqütblü sanksiyalar həyata keçirir. Artıq Avropa İtttifaqı da bu prosesin fəal iştirakçısıdır. Halbuki müharibədən öncə Rusiyanın Ukraynaya hücum edəcəyi halda Avropa İttifaqının Rusiya əleyhinə sanksiyalara qoşulmayacağı barədə qəti fikirlər səsləndirilirdi. Ancaq sonrakı proseslər göstərdi ki, ABŞ-ın Avropa üzərində olan müəyyən təsirləri və Avropaya təzyiqləri İttifaqı Ukraynaya yardım göstərmək məcburiyyətində qoydu.
Politoloq Tural İsmayılovun "525"ə açıqlamasında bildirdiyinə görə, Avropa İttifaqı artıq sarsılmış və potensialını ciddi şəkildə itirmiş bir qurumdur. Xüsusilə də Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi, bu gün Avropa İttifaqına alternativ ikinci yeni bir təşkilatın yaradılma ehtimallarının müzakirəyə çıxarılması bu qurumun perspektivlərinin zəiflədiyini göstərir: "Ukrayna bu gün Avropa İttifaqına tam olaraq inteqrasiya etməyib. Ukraynanın bu ittifaqa inteqrasiya məsələsi uzun illərdir aparılan siyasətin nə qədər yanlış olduğunu göstərir. Əslində, Maydan hərəkatını qızışdıranlar və Ukraynadakı rəngli inqilab ssenarilərini dəstəkləyən qüvvələr Ukraynanı Aİ-ə üzv etmək vədi ilə aldatdılar. Ukrayna böyük təlatümlər yaşasa da, Rusiyanın aqressiyası ilə üzləşsə də, Avropa İttifaqı bu ölkəni hələ də öz sıralarına qəbul etməyib. Aİ-nin bu gün Ukraynanı ittifaqa üzv etməsi Rusiyanın birbaşa Avropa İttifaqına qarşı müharibə etməsi demək olardı. Maydan hərəkatını qızışdıran Qərb imperialist dairələri ona görə Ukraynanı Avropa İttifaqına inteqrasiyasına şərait yaratmadılar ki, Rusiyanın bu prosesə görə Ukraynaya güc tətbiq edəcəyini öncədən proqnozlaşdırırdılar. Belə olduğu təqdirdə Avropa İttifaqı Rusiya ilə birbaşa silahlı münaqişəyə girməli idi. Hesab edirəm ki, bundan sonra da Ukraynanın Avropa İttifaqına qəbulu məsələsi reallaşmayacaq. Aİ dünya dövlətlərini qarışdırıb, onları inteqrasiya modeli ilə aldadır, reallıqda isə tamam fərqli bir siyasi presedent yaratdığını göstərmiş olur".
Digər önəmli məqam isə Avropa İttifaqının üzvü olan Macarıstanın bu gün də Ukraynaya yardım prosesindən kənarda qalmasıdır. Macarıstanın Rusiya ilə münasibətlərə sadiq mövqe nümayiş etdirməsinin səbəbi nədir? T.İsmayılov bunun səbəbini bu gün Macarıstanın Avrasiyaçılıq xəttini daha üstün tutması ilə izah edib:
"Macarıstan enerji daşıyıcılarına görə Rusiyadan birbaşa asılı vəziyyətdədir. Nəzərə almaq lazımdır ki, bu gün nəinki Macarıstan, hətta Qərbi Avropanın ən inkişaf etmiş iqtisadiyyatına malik ölkələrinin də enerji daşıyıcıları baxımından Rusiyadan asılılığı pik səviyyədədir. Mərkəzi və Şərqi Avropa ölkələri müxtəlif iqtisadi manevr imkanlarından yararlanaraq Rusiyadan olan asılılığını azaltmağa çalışır. İndi Azərbaycan Mərkəzi və Şərqi Avropada enerji böhranının qarşısının alınmasında kilid ölkələrdən biridir. Ona görə də Macarıstan Avrasiyaya inteqrasiyanı daim üstün tutub. Bu gün Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirak edir. Avropanın siyasi təşkilatlanmasının gələcək neqativ tendensiyalarını müşahidə edən Macarıstan Avrasiyaçılıq xəttini daha üstün tutur. Macarıstanın dövlət başçısı Viktor Orban bir çox avropalı siyasətçilərdən daha aydın və praqmatik təfəkkürə malikdir. O, yaxşı başa düşür ki, Rusiya ilə açıq tarana getmək, Qərbin siyasətinə qoşulmaq Macarıstanın iqtisadi-siyasi mövcudluğu üçün ciddi təhdid yarada bilər. Bu baxımdan Macarıstanın Rusiya ilə münasibətləri korlamaq üçün hazırda heç bir səbəbi yoxdur və bu ölkə bir çox Qərbi Avropa dövlətlərindən fərqli olaraq bu qış enerji böhranı ilə üzləşməyəcək".
Rusiya ilə münasibətlərinə görə Macarıstanın Qərbin informasiya hücumlarına məruz qaldığına diqqət çəkən politoloq bildirib ki, bu tendensiya Qərb beyin mərkəzlərinin, Avropa mənşəli siyasi institutların Macarıstan hakimiyyətinə, xüsusilə də Viktor Orbana münsibətlərində daha qabarıq müşahidə olunur: "Qərb media məkanında və ictimai-siyasi sektorunda Viktor Orbanın nüfuzdan salınması, həmçinin, Macarıstandakı dövlət idarəetmə metodunun guya demokratik olmaması ilə bağlı klassik imperialist üsullardan istifadə edilir. Amma bundan əlavə, Qərbin Macarıstana hər hansı ciddi sanksiya tətbiq etmək imkanı yoxdur. Macarıstan Avropa ailəsinin üzvü olsa da, iqtisadi potensialına və mövcudluğuna görə Qərbdən daha çox, Şərq ölkələri ilə əməkdaşlığa malikdir. Buna görə də hesab edirəm ki, bütün informasiya hücumlarına, Macarıstana qarşı həyata keçirilən basqılara və təqiblərə baxmayaraq, Viktor Orban Macarıstanda həyata keçirdiyi siyasi kursu uğurla davam etdirə biləcək".
Fərid SANÇAR
çap et