Mehriban Vəzir, jurnalist:
- Ərdəbil soyğunçuları ruslar...
Abbasqulu ağa Bakıxanovla Qriboyedovun xoş münasibətləri bəllidir. Onlar bir missiyada çalışır, tez-tez bir araya gəlir, ədəbi müzakirələr edirdilər. Qriboyedov bir çox əsərlərini ilk dəfə Abbasqulu ağaya oxumuşdur.
Bakıxanov 1819-cu ildə Qafqaz qoşunlarının baş komandanı, general Yermolovun dəvəti ilə Tiiflisə köçmüş və müxtəlif diplomatik missiyalarda iştirak etmişdi, o cümlədən, "Türkmənçay Müqaviləsi" sürəcində...
Rusların Ərdəbili tutduğu - 1828-ci ilin yanvar günlərində rus missiyası ilə İranda olan Abbasqulu ağa fürsətdən istifadə edib tez-tez məşhur Şeyx Səfi kitabxanasına baş çəkərmiş. Bildiyiniz kimi, tarixçi alim, yazıçı, şair, filosof Bakıxanov həm də biblioqraf idi.
Kitabxana söhbətini eşidən Qriboyedov günün birində Abbasqulu ağaya qoşulub həmin məkana gedir. Və misilsiz sərvəti görür...
Ruslar, dünyanın ən amansız aktı olan "Türkmənçay Müqaviləsi"nə imza aldıqdan sonra Azərbaycan şəhərlərini, eləcə də Ərdəbili tərk edirlər.
Lakin əliboş getmirlər. Qriboyedovun əmri ilə Ərdəbilin bir çox sərvətini, eləcə də dünyanın ən nadir kitabxanalarından biri olan Şeyx Səfi kitabxanasını soyub aparırlar.
Sayı 28 ədəd olan öküz arabası ilə...
Yolunuz Ərdəbilə düşsə, Şeyx Səfi məqbərəsinə gedin. Ki, əlbəttə, gedəcəksiniz. Kompleksin içindəki məscidin divarları çini qablarla bəzədilib. Bu divarlar məhz həmin nadir incilərin yerləşdirilməsi üçün uyğun ölçüdə tasarlanıb. Yüz illər yaşı var...
Bu çiniləri Səfəvi dövründə Çin imperatoru Şah Abbasa göndərib. Səbəb hələ də davası bitməyən İPƏK YOLU imiş... Şah Abbas Çin ticarət karvanlarına xüsusi güzəştlər verdiyi üçün imperator şaha 1200 (min iki yüz) ədəd müxtəlif ölçüdə, nadir gözəllikdə çini qab göndərib. Minnətdarlıq üçün...
Ruslar Ərdəbildən çıxarkən Qriboyedovun əmri ilə bu qabların səkkiz yüz ədədini öküz arabalarında çəkib aparıblar. Əlbəttə, bir-birindən gözəl olan ən seçmələri...
Moskva, Peterburq muzeylərində, eləcə də Putinin iş, görüş odalarında gördüyünüz çinilərin çoxu rusların Ərdəbildən oğurladıqları qablardır.
...İllər öncə Qahirədə muzeydə... gid bir statuet göstərib... dedi:
- Dostlar, üç min il yaşı olan bu heykəlcikdən Misirdə 147 dənə olub. İndi isə cəmi bircə dənəsi qalıb. Qalan 146 ədədi bizdən ingilislər, ispanlar, fransızlar oğurlayıblar. Siz Avropa, Amerika muzeylərində - harada bunun taylarına rast gəlsəniz, onlara deyin ki, siz oğrusunuz.
İllər keçib. Amma bu söz unudulmayıb. Yaxşı təcrübədir...
Çox istərdim ki, bütün Azərbaycan türklərinin Ərdəbil çiniləri haqda məlumatı olsun.
Eləcə də Şeyx Səfi kitabxanasının ruslar tərəfindən talan edilmiş misilsiz kitabları haqda hər kəs bilsin gərək.
Ermitajı bəzəyən Qarabağ xan xanımlarının geyimləri, bəy silahları, xalı-xalçaları haqda və s. bilməli olduqlarımız çoxdur...
Bütün maddi-mənəvi sərvətimiz rus muzeylərindədir. İndi onları geri almaq mümkündürmü? Hələ mümkün görünmür. Amma indi dünyada belə təcrübələr çoxdur. Sərvətlər sahiblərinə qaytarılır...
Hələlik isə bizə lazım olan: bilməkdir. BİLMƏK. Və iddia etmək...
Bilmədən olmur... Bilgisiz iddia olmaz...
BİZİM OLANI BİLMƏK. TANIMAQ. Oğruya oğru demək...
Fürsətlər isə həmişə olub... olacaq...
Günel Mövlud, yazıçı:
- İllərdir Finlandiyada yaşayan rejissor Kamran Şahmərdan Bakı səfəri zamanı insanların içində kinoşünas Sevda Sultanovanı təhqir edib və ona hücum edib. İnsan haqlarına həssas yanaşılan, qadın haqları müqəddəs hesab edilən Finlandiyada yaşayan sənət adamı illərdir ki, yaşadığı toplumun dəyərlərindən bir qram da mənimsəməyib.
Sevda xanımın yerinə olsam, Kamran Şahmərdanı Azərbaycanda deyil, məhz yaşadığı ölkədə məhkəməyə verərəm. Qadın kinoşünas, qələm adamı olaraq, Sevda xanım Finlandiyada istənilən sənət birliklərindən hüquqi yardım ala bilər.
lll
Universitet illərində bir müəlliməmiz vardı: Məryəm Əlizadə. O qədər nəzakətli qadın idi ki, ondan ötrü ürəyimiz gedirdi. İkinci kursdan sonra Məryəm xanımın evində tez-tez qalırdım. Müəlliməmiz bilirdi ki, Sumqayıtdan gəlirəm, hər gün çox yolpulum çıxır, ailəmin də imkanı yoxdur. Buna görə, hər bəhanə ilə məni yanında saxlayırdı.
Bir neçə dəfə onun evinə qonaq gəldi. Yüksək vəzifədə olan adamlardı, bəlkə etik olmaz deyə, dəqiqləşdirmirəm. Məryəm xanım bu adamlara elə qulluq edir, elə nəzakətlə danışırdı ki, ürəyimdə düşünürdüm, yəqin onlardan çəkinir. Ya da bir umacağı var. Cavan adam idim, cahillik hələ çox idi, bəsirət gözüm açılmamışdı. O anda düşündüklərimə görə indi üzr istəməyə hazıram.
Bir gün Məryəm xanım evini dəyişdi. Əşyalarını təzə köçdüyü evə daşımaq üçün fəhlələr tutmuşdu. Adamlar hər şeyi daşıyandan sonra Məryəm xanım onlardan oturmalarını xahiş etdi. Fəhlələrin hamısına, cavan-cavan uşaqlara "siz" deyə müraciət edirdi. Onlara çay süzdü, çaylarına öz əli ilə limon sıxdı. Qalxıb, harasa gedəndə, ya telefonuna zəng gələndə fəhlələrdən üzr istəyirdi. Müqayisə apardım və Məryəm xanımın evinə gələn vəzifəli adamlarla danışığı və bu fəhlə uşaqlarla davranışı arasında zərrəcə fərq tapmadım.
Onda anladım ki, başqasına qarşı nəzakətli, hörmət dolu olmaq insanın başqalarına qoyduğundan daha çox, özünə qoyduğu qiymət, dəyərdi...
Tanımadığı adamla "sən" deyə danışan, kobudluq edən, aldığı tərbiyəni nümayiş etdirən, necə tərbiyəsiz mühitdən, ailədən çıxdığını göstərənlərin diqqətinə balaca bir ədəb dərsi...
Mir Səməd, bloger:
- Həbs olunan məmurların yağmaladıqları məbləğləri eşidəndə heyrətlənməyə bilmirsən. Mənə elə gəlir ki, bu insanlar talançı olmaqla yanaşı, həm də məhdud dünyagörüşə və intellektə malik insanlardır.
Məgər komfortlu yaşamağa, yaxın insanların həyatını gözəl təmin etməyə, zövq almağa bu qədər pul lazımdır.?!
Axı çox böyük pullar həm də baş ağrısıdır, böyük problemlərdir.
Bu dünyada nə gözəl, maraqlı yerlər var, maraqlı dadlar var, gözəl muzeylər, tamaşalar var.
Zəngin təəssüratlar ala bilərsən, həyatı gözəl yaşaya bilərsən və bunun üçün o qədər pul yığmaq da lazım deyil axı...
Axşam yerinə girib, qorxusuz, hürküsüz yatmaqdan gözəl nə ola bilər...
Vallah, bu insanlar bədbəxt və yazıqdırlar!
Yeganə Hacıyeva, politoloq:
- Fransa parlamentinin aşağı palatası yekdilliklə antiazərbaycan qətnamə qəbul edib. Prezident Makronun rəhbəri olduğu İntibah partiyasının müəllifi olduğu "Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması" tələbi ifadə olunan qətnaməni 256 deputat lehinə, 0 nəfər əleyhinə proporsiyası ilə qəbul edilib.
Qətnamə layihəsinin həmmüəllifləri son seçkilərdə Makronun bir neçə prefekturada seçki qərargahına rəhbərlik etmiş şəxslərdir.
"Demokratik" Fransanın parlamenti SSRİ-də kommunistlərin syezdləri kimi yekdilliklə qərar qəbul edib.
Aydın məsələdir ki, qətnamənin müəllifi elə Putinin Avropadakı emissarı Makron şəxsən özüdür.
Amma Fransa demokratikdirsə, parlamentdə niyə 2-3 nəfər də olsun fərqli fikirli şəxs yoxdur?
Heç totalitar rejimli ölkələrdə, kommunist Çində belə qərarlar bu cür yekdilliklə qəbul olunmur.
Fərid Pərdəşünas, texnobloger:
- Braziliya hökuməti "Apple Store"lardan "iPhone"ların müsadirəsinə başlayıb. Ədliyyə Nazirliyi "Apple" ilə kəllə-kəlləyə gəlir ki, Braziliya vətəndaşlarının istehlakçı hüquqlarını pozub, onlara adapter başlığı olmayan cihaz sata bilməzsən. Maraqlı hadisələr olacaq. Əlavə olaraq, "Samsung" və "Xiaomi" cihazları təhlükə altındadır. Bu biri tərəfdən də votsapdan yarım milyard nömrə satışa çıxarılıb.
Asif Nərimanlı, jurnalist:
- Sülhməramlılar Qarabağa 14 xarici ölkənin vətəndaşının keçidini təmin edib. 10 noyabr razılaşmasından sonra verilən açıqlamalardan belə nəticəyə gəlmək olurdu ki, Qarabağa Ermənistan və Rusiya vətəndaşlarının girişinə müəyyən qədər şərait yaradılması razılığı olub, lakin bu, daha çox humanitar məqsədli səfərlərə aiddir. Digər ölkə vətəndaşları mütləq şəkildə Bakıdan icazə almalıdır.
İlk gündən sülhməramlılar buna əməl etmədilər. Zaman-zaman təkcə Rusiya və Ermənistandan yox, digər ölkələrdən də müxtəlif adlar altında Azərbaycan ərazisinə qanunsuz səfərlərə şərait yaradıldı. İctimaiyyətin bildiyi ölkələr arasında Fransa xüsusilə seçilir, bu ölkənin sonuncu prezident seçkilərində Xankəndidə təbliğat kampaniyası aparan namizədləri də var idi.
Lakin indi 14 ölkədən gələnlərin olduğu və bunların xüsusi xidmət orqanlarının əməkdaşları, yaxud digər müvafiq təyinatlı şəxslər olması haqda məlumatlar var. Söhbət hansı ölkələrdən gedir, çox maraqlıdır. Bu, həm də Qarabağ üzərində oyun quranların sayının az olmadığına işarədir.
İstisna deyil ki, 14 ölkənin arasında İranın da adı var.
lll
"Odda - İki bacı" - ("Sisters apart") filminin Bakıda nümayiş etdirilməsi məsələsi müzakirələrə səbəb olub. Film alman əsgərlərin İraqda kürd qadın döyüşçüləri İŞİD-ə qarşı mübarizəyə hazırlamasından bəhs edir.
Təkcə bu məqam filmin nümayişində hədəfin Azərbaycan tamaşaçısında PKK-ya rəğbət yaratmaq olduğunu deməyə əsas verir.
İraqda, eləcə də Suriyada "kürd döyüşçülər" və İŞİD amili Qərbin PKK-nı legitimləşdirmək təbliğatının tərkib hissəsidir: PKK-çıları terrorçu yox, "azadlıq döyüşçüləri" adlandırır və İŞİD terroruna qarşı mübarizə apardıqlarını deyirlər, bu gün PKK-nın Suriya qanadı olan PYD/YPG ilə ABŞ-ın müttəfiqliyi də buna əsaslanır. Bu təbliğatla həm də Qərbin terrorçulara yox, terrorizmə qarşı döyüşənlərə dəstək verdiyi fikri aşılanır.
"Sisters apart" filminin ümumi məğzi də PKK-nı legitimləşdirməkdən ibarətdir. Film Avropa İttifaqı film festivalı çərçivəsində göstəriləcəkdi, lakin kinoteatrlar imtina edib. İndi Almaniya səfirliyi Türkiyəyə qarşı olan filmi dekabrın 5-də "Landmark"da nümayiş etdirməyi planlaşdırır.