525.Az

Vətənin, milli istiqlalın və sözün fədaisi - Elbrus Sadıqov yazır


 

 Əhməd Cavad - 130

Vətənin, milli istiqlalın və sözün fədaisi - <b style="color:red"> Elbrus Sadıqov yazır</b>

Elbrus SADIQOV
Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universiteti İctimai Fənlər kafedrasının dosenti

[email protected]

 

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illiyi tamam olur. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 aprel 2022-ci ildə Sərəncam imzalayıb və Əhməd Cavadın 130 illiyinə həsr olunan silsilə tədbirlərin keçirilməsinə başlanılıb.

Görkəmli şair, dövrünün öncül ictimai-siyasi fəalı Əhməd Cavad 5 may 1892-ci  ildə Azərbaycanın Şəmkir rayonunda, Aşağı Seyfəli kəndində dünyaya göz açmışdı. O, orta təhsil aldıqdan sonra Azərbaycan Pedaqoji Universitetinə daxil olur və ali məktəbi əla qiymətlərlə bitirir.  Əhməd Cavad şair, tərcüməçi, redaktor və digər fəaliyyətlərlə ardıcıl məşğul olub.

Azərbaycan ədəbi-bədii fikir tarixində Əhməd Cavad istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən,  müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün varlığı ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarı azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdu. Azərbaycan dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən, şairi müvəkkil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik hisslərinin heyrətamiz poetik ifadəsidir.

 

Eşqimin nə imiş bilməm günahı,

Yıxıldı könlümün istinadgahı,

Nəsibim olsa da, dünyanın ahı,

Bir gün göz yaşımı siləcəyəm mən.

 

Ötən əsrin doxsanıncı illərində Əhməd Cavad haqqında ədəbi portret, oçerk yazmaq l illik iş planıma salındı. Və mən onun bütün yaradıcılığını, haqqında olan elmi, tənqidi materialı öyrənməli, araşdırmalı oldum. Tamamilə, fərqli bir mənzərə hasil oldu. Sən demə, bu kimi  məhəbbət şeirlərinin ünvanı əslində başqa imiş...

Əhməd Cavad ilk mətbu şeirlərini iyirminci əsrin ikinci onilliyində yazmağa başlamışdı. O illərdə Azərbaycan ədəbi-ictimai mühitində aparıcı qüvvə olan ziyalılar maarifin, mədəniyyətin yüksəlişi uğrunda fədakarlıqla çalışır, məktəblər açır, mətbuatı inkişaf etdirir, cəmiyyətdə ictimai-siyasi şüurun təkamülünə böyük əhəmiyyət verirdilər.

Gəncədə "Müsəlman Ruhani Seminariyasında" təhsil alarkən müəllimləri Hüseyn Cavidin, Abdulla Surun, İdris Axundzadənin və başqalarının onun ədəbi, ictimai-siyasi görüşlərinin formalaşması, durulaşmasında mühüm rolu olub. Həmçinin, 1912-ci ildə azərbaycanlılardan ibarət "Qafqaz könüllüləri" sırasında bir sıra türk şəhərlərində xeyriyyə işlərində iştirakı da onda türkçülük, turançılıq amalının sabitləşməsinə təkan vermişdi. Vətənin rus imperializminin əsarətində olması ağrıları artıq ilk şeirlərindən onun gələcək yaradıcılıq yolunun ideya-estetik məramnaməsini bəlirləyirdi. Vətənin "yalçın qayalarının şahin yuvası", "izsiz ormanların ərlər obası" olduğu keçmiş günləri arzulayan şair "indi günahımız çox böyükdür" deyib "Qafqazlısan, sev qafqazı" şeirində köləlik boyunduruğunda qalmağa, itaətkarlığa qarşı üsyan edirdi:

 

Yox, müqəddəs göy üzünə səslərimiz gedəmməz?

Namussuzluq pək alçaqdır, bizi haqq da dinləməz,

Qorxaq, alçaq bir millətə tanrı da yol göstərməz.

 

Dövrünün M.Ə.Sabir, C.Məmmədquluzadə, H.Cavid, M.Hadi kimi böyük simalarının ayılmaq, hərəkətə gəlmək çağırışlarına iyirmi yaşlı Əhməd Cavad da öz həyəcanlı haraylarını qatırdı:

 

Ay qardaşlar, iş başına! Biz də bir iş görəlim!..

Yoxsa bizim bənliyimiz, varlığımız bitəcək!

 

Doğma diyarın füsunkar meşələri, çayları, gölləri, sıldırım qayalıqları onu heyran edib, ruhuna qürur, əzəmət aşılayırsa da, könlü açılmır. Vətənin əsarətdə, övladının kölə vəziyyətdə olması şairi dərdli, yaralı, yazıq etmişdi. Ancaq şair babaların igidliyindən xəbərdardır. Bir şeirində yazırdı: "Mən bir dəfə inandım ki, ot kökünün üstə bitər".

1917-ci ildəki rus burjua və proletar inqilablarından sonra Azərbaycanın milli istiqlalı ideyasının tezliklə reallaşa biləcəyi ehtimalı şairin yaradıcılığına böyük ruh yüksəkliyi, nikbinlik gətirdi. İctimai-siyasi hərəkatda yaxından iştirakı lirik tərənnümlərində siyasi məzmunu qüvvətləndirirdi. Bu illərdə yazdığı "Mən kiməm" şeiri onun bir yaradıcı kimi vətəndaşlıq mövqeyini kəskin ifadə edirdi. O, yazırdı:

 

Mən çeynənən bir ölkənin

Haqq bağıran səsiyəm!

 

- deyən şair şeirində "yoxsulların elinə olan haqsız axın"dan qəzəblənib hürriyyət duyğulu vicdanları "yenilməz qala" olmağa çağırırdı.

Əhməd Cavad xalqın, Vətənin həyatı ilə birgə nəfəs alan ilk realist, lirik şairimizdir ki, dövründə, xüsusilə, tarixi-siyasi hadisələrlə zəngin 1917-1920-ci illərdə baş verən siyasi hadisələr onun iç dünyasının ən təlatümlü duyğu və həyəcanları şəklində təcəssüm etmişdi.

"Kuropatkinə" şeirində rus imperiyasının siyasəti ilə bağlı dərk etdiyi həqiqətləri özünəməxsus sərt bir ahənglə açıb-tökürdü:

 

Kimdir bizim minarədə azanları susduranlar?

Kəndimizi heyvan sanıb, yurdumuza od vuranlar...

Heç bir tarix göstərəməz türkün xain olduğunu,

Kimdir çalan türk ərzini, türk elinin var-yoxunu?

Adlarını dəyişdirib məmləkətin, ilin, ayın,

Siz dediniz "sadə türkü məktəblərə buraxmayın".

 

Şair ömrünün ən bəxtəvər məqamlarını Azərbaycan Demokratik Respublikası dövründə yaşamışdı. Bu münasibətlə yazdığı "Can Azərbaycan" şeirindəki:

 

Gəlib qızıl vaxtın sənin,

Açılıbdır baxtın sənin!

Gəncəm tacın, taxtın sənin!

Canım, gözüm, gözüm canım,

Azərbaycanım!

 

- misralarında da öz duyğularını böyük səmimiyyətlə yazıya almışdı.

Bu şeir həm də milli poeziyamızda sonralar böyük bir dastana çevriləcək "Azərbaycan" şeir silsiləsinin ilk nümunələrindən biridir.

1918-ci ilin mayında milli müstəqillik qazanmış Azərbaycan dövlətinin himnini də Əhməd Cavad yazdı və o mətn bu gün də müstəqil dövlətimizin əsas atributlarındandır. İllərdən bəri igid  oğulların öz canlarını fəda etdikləri bu el  səadətinə gedən yolun bütün ağrı-acılarını şair özü də yaşadığı üçün himnin misralarında "Səndən ötrü can verməyə cümlə hazırız", "Sənə hər an can qurban" deyərək vətənpərvər istiqlal aşiqinin inamını, sevgisini dilə gətirib:

 

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən, şanlı Vətən!

Azərbaycan, Azərbaycan!

 

1920-ci il Aprel çevrilişindən sonra Vətənin yenidən ruslar tərəfindən istilası onun şeirlərinə dərin bir kədər, bədbin ruh gətirdi. Bədii dilində ayrılıq, hicranlar, ələmlər, qısıq bir səs, ümidsizlik bildirən ifadələr yer alırdı. Bu dövrdə yazdığı "Yoxsa" şeirində Əhməd Cavadın ictimai-siyasi dəyişikliklə bağlı lirik ovqatı daha səciyyəvi təcəssüm edirdi:

 

Göllərdəki ufaq dalğalar kimi,

Mən də böylə çapuk sönəcəkmiyəm?

Yeni çıxmış ikən ömür yoluma,

Yoxsa yarı yoldan dönəcəkmiyəm?

Qarşıma açılmış dərin bor boşluq,

Uzanmış qalacaq qolların bəlkə,

Mən kimə söyləyim bu bitməz dərdi,

Bilməm ki, dinləyən, anlayan varmı?

 

1920-1924-cü illərdə yazılmış bu qisim şeirlərdəki lirik ovqat uzun illər ədəbi tənqiddə, ədəbiyyat tarixi kitablarında "xırda-burjua əhvali-ruhiyyəsi", millətçilik, osmançılıq meyllərinin təzahürü kimi pislənmiş, "ifşa edilmişdi". Nəhayət, ötən əsrin sonlarında Azərbaycan tam müstəqilliyə çatandan sonra bu şeirlərin də ideya-məzmunu barədə açıq danışmaq şəraiti yarandı. 70 il sonra bəraət alan bu şeirlər üçün demək mümkün oldu ki, "ən müqəddəs amalına çataçatda ikən yenidən buxovlanıb dərin bir boşluğa yuvarlanma faciəsini yaşayan şairin böyük kədərinin həqiqi mənası onun dərin vətənpərvərlik duyğuları ilə bağlı idi. Bu "yas nəfəsli" şeirlər yaradıcısının mənəvi bütövlüyünü, əqidəsinə sadiqliyini, sarsılmazlığını özündə yaşadırdı".

Şairin mənəvi dünyasına hakim olan sarsıntının, əzabın səbəbini dərk edəndən sonra onun "Göy göl", "Kür", "Səsli qız" kimi əsərlərini də obyektiv dəyərləndirmək olur. "Göy göl" şeirindəki "Qəlbində yer verdin ulduza, aya" misrasına görə bəhanə edib şairi 1925-ci ildə həbs də etmişdilər. "Kür" poemasında isə şair Kürə təbiətin, cansız bir lövhəsi kimi baxmır, həm də taleyini bağladığı vətəninin bir parçasını görürdü. Əsərin sonunda zahirən öz xeyri üçün təbiətin, Kürün istismarına qalxan insanın qələbə notlarından çox, hazırda rusun təcavüzünə məruz qalan bu vətən parçasına qayğı, munislik ovqatı səslənir. Və bu misralar xalqın ruhuna doğma olduğu üçün dərhal zərb-məsələ çevrilir:

 

Əyil, Kürüm, əyil keç,

Dövran sənin deyil, keç...

 

Əhməd Cavad hər zaman ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş və dövrün özünün görkəmli şəxsiyyətləri sırasında 1930-cu illərin qəddar repressiyalarına məruz qalmış və 1937-ci ildə qətlə yetirilmişdir.

Onun "Xalq düşməni" kimi ölümə məruz qalmasının bir səbəbi var idi, o da xalqının sadiq övladı, vətəninin etibarlı və qiymətli oğlu olması idi. Şair ölümü seçsə də, vətəninin qoynunda, xalqının qəlbində əbədi məskən saldı.

 





02.12.2022    çap et  çap et