525.Az

“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan


 

“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan<b style="color:red"></b>

Əziz oxucular!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

Raqub KƏRİMOV
Filologiya üzrə elmlər doktoru, professor

 

Molla Abbas Cavanşir

 

Cavanşir nəslindən olan Axund Molla Abbas təxminən 1840-cı ildə Qarabağın Carıcalı kəndində doğulub, ilk təhsilini Şuşada almış, ərəb və fars dillərini mükəmməl öyrənib, riyaziyyat elminin mahir bilicisi olub. Təhsilini Kürdüstan şəhərində davam etdirən Molla Abbas 1867-ci ildə Şuşa şəhərinə gəlib. Burada tədrislə məşğul olmaqla yanaşı, astronomiya və riyaziyyat elmlərinə dair kitab yazıb, bir sıra elmləri, o cümlədən, rəml, üsturlab və nücum elmini Mir Möhsün Nəvvaba o öyrədib. Şeirlərini "Abbas"və "Cavanşir" təxəllüsləri ilə yazan şair 1894-cü ildə vəfat edib. Aşağıdakı şeir örnəkləri "Təzkireyi-Nəvvab"dan götürülüb.

 

Tərfi-rüxsarə nə xoş zülfi-xəmin pirayə,

Guyiya, əbri-siyəh halə urubdur ayə.

 

Çıxma gün qarşısına, ruyinə düşdükdə günəş,

Üzünə zəxm urar zülf salanda sayə.

 

Səndə bu qədər həlavət ki, sərapa görünür,

Səni, güya, əmizib şirü şəkərdən dayə.

 

Gər biləydim bu qədər hicr cəfasın çəkirəm,

Mən ədəm içrə bəsi sabiq idim ünqayə.

 

Gər vəfa görsə idi əhli-zamandan Məcnun,

Mürqü vəhşilər ilə düşməz idi səhrayə.

 

Görməmiş qeyri-cəfavü sitəmü qürbətü qəm,

Bilməzəm kim, neçün Abbas gəlib dünyayə.

lll

Gül deyil mətlubimiz gülşəndə çün tutduq vətən,

Bəlkə gül rüxsarımız yadilə yad etdik çəmən.

 

Sərv çün öz qamətin bənzətdi qəddi-yarıma,

Sərzənişlə başını pakub edir zağü zəğən.

 

Şöleyi-nari-tənim kim, yandırıp hər kisvəti,

İstərəm cildi-Səməndərdən tikəm bir pirəhən.

 

Girəm, belə halını sordum qəmu əhvaldin,

Kim təni üzrə toxur öldükdən əqdəm bir kəfən.

 

Mən kimi bir guşədə qəm çəkməyə tab etməyib,

Qaçdı Məcnun kuhü səhrayə cəfayi-yardən.

 

Gər ümidi-vəsl ola mən bir səri-müjgan ilə,

Dəlləm ol dağı ki, fuladla dəlmiş Kuhkən.

 

Şöleyi-ahım mənə rövşən qılır hər külbəni,

Hacətim yox şəmilə rövşən qılam kaşanə mən.

 

Çün mənə qürbət vətəndir, izzətimdir bu vətən,

Hər zaman Abbasə olmuş əhli-qürbət həmsüxən.

lll

Necə dildayəm mən, bu dilim dildardən doymaz,

Əcayib didədir bu didə kim, didardən doymaz.

 

Səba məndən füzun ol cədi-zülfə mübtəladır kim,

Həmişə oynadır, ol turreyi-tərrardən doymaz.

 

Dəmadəm qut edər öz ləlinin şəhdin şirinim,

Zəhi tutizəbandır, şəhdi-şəkkərbardən doymaz.

Nə tabi-qürbətəm, nə izzətim vardır məqamımda,

Mənim haqqımda gərdun bunca kəc rəftardən doymaz.

 

Edibdir mürği-nəfsin danəsin təsbihdən zahid,

Bu mürğə danə yüz danə nə, yüz xərvardən doymaz.

 

Kələmtək başını pürpiç edib əmmamədən daim,

Bu nazik boynunu gör kim, bu bari-ardən doymaz.

 

Edib üşşaq inkarın şüar ol cahili-nakəs,

Doyub Abbas ondan, ol məgər inkardən doymaz?

lll

Nuşdarudur bu dövran, cami-möhnətdir məgər?

Saqiya, qəm badəsi üşşaqə qismətdir məgər?

 

Xabi-rahət eşqdə bidarlıqdır sübhədək,

Rahəti- əhli-cəfa bu xabi-qəflətdir məgər?

 

Qəm gələndə könlümün viranına nifrət qılır,

Bu ənisim mənzili çox təngü zülmətdir məgər?

 

Mürği-vəhşidən mənim başımda var cəmiyyətim,

Hakimi-mülki-cünun biizzü həşmətdir məgər?

 

Nəbzimi tutduqda dərmanımda acizdir təbib,

Bu mərəz ki məndə vardır, ziddi-hikmətdir məgər?

 

Dil şəfasıyçün dilər daim ləbin cüllabını,

Müzmin olmuş dərdinin dərmanı şərbətdir məgər?

 

Ol səfayi-gərdəni-minaya düşdü gözlərim,

Səy edib can qılmışam qurban, mürüvvətdir məgər?

 

Hər baxan Abbasdan özgə ruyinə, sanma ağlayır,

Gün görən gözdən axan yaş əçki-həsrətdir məgər?

 

Hacı Abbas Ağəh

 

Hacı Abbas Hacı Məhərrəm oğlu Ağəh təxminən 1836-cı ildə Şuşada anadan olub və orada da mədrəsə təhsili alıb. "Məclisi-üns"ün ilk yaradıcılarından biridir. Məclis ilk dəfə onun evində təşkil edilərək fəaliyyətə başlayıb.

Əsas məşğuliyyəti sahibkarlıq olan Hacı Abbas şeirə də ciddi maraq göstərib, fars və Azərbaycan dillərində klassik üslubda şeirlər yazıb. Ağəh 1892-ci ildə vəfat edib.

Aşağıdakı şeir nümunələri AMEA Əlyazmalar İnstitutunun arxivində saxlanılan cünglərdən götürülüb.

 

Arizin görmək ilə tərki-dilü can etdim,

Bağrımı ləblərinin şövqü ilə qan etdim.

 

Tərki-can eyləyibən hüsnünə mayil oldum,

Qəmü dərdini könül şəhrinə mehman etdim.

Küfri-zülfün buraxıb dil, yüzünə mayil olub,

Şükrlillah kim, onu tazə müsəlman etdim.

 

Vəsli-ruxsarını bu xəstə könül istər ikən,

Növki-müjganını dil dərdinə dərman etdim.

 

Yetməyə ol xəti-rüxsarın üçün gərdi-rəhin,

Didədən əşk səri-kuyinə əfşan etdim.

 

Müxtəsər olmadı, ünvanı mütəvvəl yazdım,

Zülfünün şərhini sərdəftəri-divan etdim.

 

Küfri-zülfünlə tutub üns könül, müddətdir,

Ol səbəb tərki-rəhi-din ilə iman etdim.

 

Görəli gün kimi ruxsarını min izzət ilə,

Gətirib mehrini dil mülkünə soltan etdim.

 

Agəhi tərk eləyib qeyr ilə tutdun ülfət,

Bivəfa yar, səninlə belə peyman etdim?

lll

Əla, ey hüsnünə dünyadə çox məğrur olan yarım,

Cahanda aşiqi-dilxəstəyə mənzur olan yarım.

 

Nə baisdir ki, xurşid cəmalın aşikar etməz,

Bu çeşmi xunfişandan dayima məstur olan yarım.

 

Məni məstü xərab etmiş gözün oğrun nigah ilə

Şərabi-nabdan nərgisləri məxmur olan yarım.

 

Qədəm basmaz könlün məmurəsi, hübbün səza qılmaz,

Neçün ol qeyrəti qılman rəsən hur olan yarım?

 

Vəfadan əl çəkib tərki-cəfa etməz neyçün, yarəb,

Cahanda bivəfalıq rəsminə muzdur olan yarım?

 

Cəfavü cövri-aşiqdən usanmaz ol pəripeykər,

Tökər hər ləhzədə qanım dili məsrur olan yarım.

 

Nə görmüş Agəhi-bicarədə bilməm, bu aləmdə

Çəkib əl aşiqindən qeyrlərlə cur olan yarım.

lll

Əfşan edəndə arizi-gülnarə tellərin,

Eylər cahanda aşiqi avərə tellərin.

 

Titrər könül görəndə, edər seyr nazilə

Rüxsarın üzrə əqrəbi-şərarə tellərin.

 

Divanə könlümü yenə zəncirə çəkdirib

Giysuyi-tabdarı necün qarə tellərin?

 

Əqrəbmisal dövri-ruxi eyləmiş zənn,

Yakin niş urar görəndə dili-zarə tellərin.

 

Məşşatə, qoyma qət edə, can riştəsin kəsələr,

Zinət verib düzəndə rüxsarə tellərin.

 

Müddətdi vəslindən məni məhrum eyləmiş,

Qeydi-dildarilə dili-əğyarə tellərin.

 

 

 

 

 

 

 

 

 

 

 

 





02.12.2022    çap et  çap et