Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın ölkəsində müharibəyə başladığı 24 fevraldan bəri ümumilikdə 1300-dən çox Ukrayna hərbçisinin rus əsirliyindən azad edildiyini açıqlayıb.
525.az xəbər verir ki, Zelenski gecə saatlarında Telegram hesabında paylaşdığı video mesajında Ukraynada Rusiyaya qarşı müharibənin davam etdiyini xatırladıb.
Dekabrın 1-də Rusiya ilə etdikləri əsir mübadiləsi ilə 50 Ukrayna hərbçisinin evlərinə qayıtdığını qeyd edən Zelenski, indiyədək ümumilikdə 1300-dən çox ukraynalının rus əsirliyindən azad edildiyini bildirib. "Gəlin onların hamısını geri qaytaraq. Bütün Ukrayna azad olacaq. Bütün ukraynalılar evdə olacaq", - Zelenski bildirib.
Ukraynadakı dini xidmət qurumlarında Rusiya xüsusi xidmət orqanlarının nüfuzunu azaltmaq üçün təhlükəsizlik qüvvələri ilə görüş keçirdiklərini qeyd edən Zelenski sözlərinə belə davam edib: "Milli təhlükəsizliyin qorunmasına cavabdeh olan bütün qurumlar Ukraynanın dini mühitində Rusiya xüsusi xidmət orqanlarının təxribat fəaliyyətini aşkar etməli və onlara qarşı görüləcək tədbirləri gücləndirməlidir".
Malik Atilay