525.Az

"Fransa Milli Assamleyasının qərarı xristian təəssübkeşliyindən irəli gəlir"


 

"Fransa Milli Assamleyasının qərarı xristian təəssübkeşliyindən irəli gəlir"<b style="color:red"></b>

"Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi bu ölkənin Azərbaycana qarşı ədalətsiz münasibətinin, qərəzli yanaşmasının, beynəlxalq hüquqa hörmətsizliyinin növbəti təzahürüdür".

Bunu 525.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, Fransa eyni münasibəti və qərəzi Vətən müharibəsi dövründə də Azərbaycana qarşı göstərmişdi. Son proseslər bir daha göstərdi ki, bir Fransız siyasətçinin dediyi kimi Makron fransızların deyil Fransada yaşayan ermənilərin prezidentidir:

"Makronun bu qətnamənin qəbul edilməsinə ciddi cəhdlə canfəşanlıq etməsi bunu bir daha təsdiq edir. Bu eyni zamanda, Makronun Fransa erməniləri qarşısında hansısa öhdəliyinin olmasından xəbər verir. 
Bu zaman belə bir sual yaranır. Əgər Fransa bu qədər haqqın və ədalətin yanındadırsa 30 ilə yaxın dövrdə Azərbaycan torpaqları işğalda olarkən, Azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilərkən, bütün ərazilərimiz ermənilər tərəfindən viran qoyularkən, 67 məscidimiz barbarcasına dağıdılarkən, Qarabağda yeganə pravoslav kilsəsi dağıdılarkən, Alban abidələri saxtalaşdırılarkən və uçurularkən niyə Fransa Milli Assambleyası bu məsələlərə heç bir münasibət bildirmədi? Demək ortada açıq-aydın qərəz və xristian təəssübkeşliyi  var.
Vətən müharibəsində qələbədən sonra Ermənistan və erməni xalqı üçün regionun əsas aparıcı və güclü dövlətlərindən olan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün yeni imkan və fürsətlər yaranmışdı. Ermənistan yen bu imkanlardan yararlana bilmədi və düşmənçilik yolunu seçdi".

Millət vəkili qeyd edib ki, bu gün bölgəmizin və dünyamızın daha çox sülhə və təhlükəsizliyə ehtiyacı var. Son addımlar göstərir ki, bir sıra dövlətləri bölgədə sülhün bərqərar olmasında deyil, qeyri-sabitlik və qarşıdurmada maraqlıdırlar:

"Əgər Fransa və ya Ermənistanın digər hansısa havadarı düşünürsə ki, bu cür qətnamələrlə Azərbaycanın haqlı mövqeyinə təsir edə bilər yanılır. Azərbaycan xalqının və Müzəffər Ali Baş Komandan İlham Əliyevin mövqeyi prinsipial və qətiyyətlidir. Belə qətnamələrin qəbulundan ən çox əziyyət çəkən yenə Ermənistan və erməni xalqı olacaq". 

Sevinc Qarayeva

 





02.12.2022    çap et  çap et