525.Az

Lətif Kərimov irsi: “Xalq Əmanəti”nin yeni nəşrində


 

Lətif Kərimov irsi: “Xalq Əmanəti”nin yeni nəşrində<b style="color:red"></b>

Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun 1961-ci ildə Leninqrad şəhərində çap edilən “Azərbaycan xəlçəsi” kitabı yenidən işıq üzü görüb. “Xalq Bank” ASC-nin “Xalq Əmanəti” seriyasının 22-ci nəşri olan kitab bu dəfə Azərbaycan və ingilis dillərində çap edilib.

Dekabrın 2-də Bakıda görkəmli rəssamlar, digər mədəniyyət təmsilçiləri və ziyalıların iştirakı ilə yeni nəşrin təqdimatı keçirilib. Gecədə çıxış edənlər kitabın xalça sənətinin tədqiqatçıları, eləcə də geniş oxucu auditoriyası üçün dəyərli mənbə olduğu, Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, bütövlükdə “Xalq Əmanəti” layihəsinin milli irsin qorunmasında rolundan danışıblar.

Məlumdur ki, L.Kərimov ilk dəfə olaraq xalçaları xovsuz və xovlu kimi iki hissəyə bölərək, onların dörd əsas inkişaf mərhələsini təyin edib, Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz kimi növlərə ayırıb, daha sonra qruplara bölüb ki, bunların da bədii və texniki xüsusiyyətlərini təhlil edib. 20 il ərzində rəssam Azərbaycanın xalçaçılıq məntəqələrindən 1300 xalça elementi toplayıb.

L.Kərimov Azərbaycan mədəniyyət tarixinə yalnız görkəmli ornamentalist və xalça rəssamı kimi deyil, eyni zamanda, xalça sənətini, incəsənətin və elmin ayrıca bir sahəsi olaraq, hərtərəfli araşdıran dərin tədqiqatçı və alim kimi də daxil olub.

Dünyada ilk xalça muzeyinin yaradılmasının və onun təşkilinin təşəbbüskarı da məhz Lətif Kərimov olub.

Ənənənin davamı olaraq budəfəki nəşrin təqdimatı çərçivəsində də Xalq rəssamı Lətif Kərimovun əsərlərindən ibarət ekspozisiya təşkil edilib. Sərgini dekabr ayının 4-dən başlayaraq iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək “Xalq Bank”ın əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar pr., 22L) ziyarət etmək mümkündür. Giriş sərbəstdir.

 

 





02.12.2022    çap et  çap et