525.Az

AMEA-nın prezidenti Riyaziyyat və Mexanika İnstitutunun illik hesabatında iştirak edib


 

AMEA-nın prezidenti Riyaziyyat və Mexanika İnstitutunun illik hesabatında iştirak edib<b style="color:red"></b>

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının 2022-ci ildə aparılan elmi-tədqiqat işlərinin yekunlarına həsr olunan hesabat iclası keçirilib.

Hesabat iclasını akademik İsa Həbibbəyli açaraq tədbir iştirakçılarını AMEA-nın Rəyasət Heyəti adından salamlayıb. Ölkə başçısının "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 28 iyul 2022-ci il tarixli fərmanının ölkəmizdə elmin idarəolunmasında yeni sistem yaratmaq, elm və təhsilin inteqrasiyasını sürətləndirmək, eləcə də Akademiyanın itirilmiş nüfuzunu bərpa etmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini, AMEA-nın tabeliyində olan bir sıra elmi müəssisə və təşkilatların Elm və Təhsil Nazirliyinə və digər dövlət qurumlarının tabeliyinə verilməsinin uğurlu nəticələrə gətirib çıxaracağına əminliyini ifadə edən akademik İsa Həbibbəyli artıq təhvil-təslim prosesinin başa çatmaq üzrə olduğunu, institut və muzeylərin həmin nazirliklərin tərkibində fəaliyyətlərini uğurla davam etdirməyə başladıqlarını vurğulayıb.

Prezident İlham Əliyevin Azərbaycan elmi qarşısında qoyduğu vəzifələrdən irəli gələrək və AMEA-nın yeni çağırışlar işığında qəbul olunmuş yeni Nizamnaməsinə əsaslanaraq bundan sonrakı fəaliyyətini uğurla davam etdirəcəyinə əminliyini bildirən akademik İsa Həbibbəyli nazirliklərin tabeliyinə verilən, eləcə də respublikanın digər qurumlarının tərkibində olan elmi təşkilatlara elmi-metodiki köməkliyin göstərilməsinin nəzərdə tutulduğunu söyləyib. Bu istiqamətdə elm və təhsil naziri Emin Əmrullayevlə bir neçə səmərəli görüşün keçirildiyini deyən AMEA rəhbəri vurğulayıb ki, bir sıra elmi müəssisə və təşkilatların Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi onların gələcəkdə bir çox qrant layihələri və proqramlarda iştirakına geniş imkanlar açacaq.

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov rəhbərlik etdiyi müəssisədə 2022-ci ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələrini təqdim edib. Elmi nəşriyyat fəaliyyətinə toxunan baş direktor institut əməkdaşlarının 2022-ci ildə 148 məqalə (104-ü "Clarivate Analytics" və "Scopus" bazalarında), 164 tezis (52-si xaricdə), 2 kitab və 4 monoqrafiyasının (2-si xaricdə) çap olunduğunu, onların əsərlərinə 2000-ə yaxın istinadın edildiyini bildirib. Alim, o cümlədən, institutda əldə edilən mühüm nəticələr, mövcud problemlər və s. məlumatları təqdim edib.

Daha sonra hesabat ətrafında AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları - AMEA-nın müxbir üzvü Bilal Bilalov, professorlar Mamed Bayramoğlu və Yusif Məmmədov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda çıxış edən akademik İsa Həbibbəyli Riyaziyyat və Mexanika İnstitutunun 2022-ci ildəki fəaliyyətini yüksək qiymətləndirib, riyaziyyatçı alimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 





03.12.2022    çap et  çap et