525.Az

İranın terror təşkilatları ilə əməkdaşlığı 


 

DEPUTAT ARZU NAĞIYEV: "BİR SIRA ÖLKƏLƏRDƏKİ TERROR AKTLARINDA İRANIN DƏSTİ-XƏTTİ GÖRÜNÜR"

İranın terror təşkilatları ilə əməkdaşlığı <b style="color:red"></b>

İran adlanan ölkə illərlə Azərbaycana qarşı qeyri-səmimi, dost olmayan, qonşuluq prinsiplərindən uzaq siyasət aparıb. Sözdə dostluq, qardaşlıqdan danışan Tehran rejimi əməldə ən çirkin işlərə əl atıb. Torpaqlarımızın işğalda qaldığı 30 ilə yaxın müddət ərazində nəinki Ermənistanla bağlı hər hansı sərt bəyanat verib, əksinə, işğalçının yanında olub. Ermənistana işğalın uzun müddət davam etməsi üçün əlindən gələn hər şeyi edib. Qarabağı ermənilərlə birgə talayıb. İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra isə molla rejimi artıq tam açıq hücuma keçməyə cəhd göstərdi. İslam adına yaraşmayan addımlar atmaqla əslində İslama heç bir aidiyyatı olmadığını, dindən, müsəlman həmrəyliyindən yalnız öz çirkin niyyətlərini reallaşdırmaq üçün istifadə etdiyini göstərdi. Əlbəttə ki, əvvəldən rejimin mahiyyəti bəlli idi. İsrailə qarşı düşmənçilik siyasəti aparan rejim heç də özünün dediyi kimi, bunu Fələstinə görə etmir. Fələstini düşünən Azərbaycana qarşı da Qarabağ məsələsində eyni münasibət sərgiləməli idi, hətta daha artığını, amma bu, baş vermədi.

Bu günlərdə isə ermənilərin ASALA terror təşkilatı ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb. Bu barədə terror qrupunun keçmiş üzvü Martiros Jamkoçyan Ermənistan KİV-inə etiraf edib. O bildirib ki, ASALA-nın rəhbərlərindən biri olan beynəlxalq terrorçu Monte Melkonyan Azərbaycan torpaqlarının işğalı zaman İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb. Qubadlının işğalından əvvəl (1993-cü il avqustun 31-də Qubadlı işğal edilmişdir) farslar Monteyə zəng ediblər. İranın xüsusi xidmət orqanlarının nümayəndələri Melkonyanla görüşmək üçün Gorusa gəliblər. Keçmiş terrorçu deyib ki, farslar əməliyyatın hazırlığından xəbərdar idilər: "Həmin vaxt İran tərəfinin marağı müharibənin nəyin bahasına olursa olsun, Arazın o tayına keçməməsi idi. Ona görə də onlar bizimlə əməkdaşlıq etmək istədilər. Onlar təminat istəyirdilər və bizimlə razılaşmaq üçün gəldilər. Bu, 1993-cü il yazın əvvəlində olub. Odur ki, dostlarımız və düşmənlərimiz kiminlə iş gördüklərini bilirdilər. Ona görə də bizimlə hesablaşıb əməkdaşlıq edirdilər. Əlbəttə, biz əsgərlərimizin və geri çəkilən azərbaycanlıların İran istiqamətində atəş açmasına imkan verməyəcəyimiz haqqında farslara təminat vermişdik. Və belə də oldu".

İranın Birinci Qarabağ müharibəsi zamanı amansız qətillər törədən beynəlxalq terrorçu Monte Melkonyanla əməkdaşlığı artıq rejim haqqında hər şeyi deyir.

Mövzunu "525"ə şərh edən Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, ASALA ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb. Bu barədə terror qrupunun üzvü olmuş Jamkoçyan Ermənistan mətbuatına danışıb: "İran xüsusi xidmət orqanlarının bir sıra terror təşkilatları ilə əlaqələrinin olması barədə faktlar ümumiyyətlə çoxdur. Əsas məqam ondan ibarətdir ki, istər Suriyada, istər digər ərazilərdə törədilən terror aktları zamanı İran xüsusi xidmət orqanlarının dəsti-xətti görünməkdə idi. Yəni məlum məsələdir ki, istər "Hizbullah" olsun, istər digər təşkilatlar olsun, birmənalı şəkildə bunların İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələli məsələlərdə adları çəkilir. Bu faktdır, baxmayaraq ki, ciddi-cəhdlə bunu başqa istiqamətə yönəltməyə çalışırlar. Lakin son vaxtlar istər ABŞ-ın kəşfiyyat xidmətlərinin, istərsə də digər müvafiq qurumların məlumatlarında terror təşkilatları - PKK, ASALA və başqaları ilə əlaqədə onların adları tez-tez çəkilir. Yəni əməkdaşlıq barədə məlumatlar inanılmaz faktlar deyil. Onların qeyd edilən terror təşkilatları ilə daim əlaqələri olub".

Deputat hesab edir ki, İran xüsusi xidmət orqanlarının məzhəb məsələsini ortaya salaraq şiə yönümlü terror təşkilatları ilə əlaqələrinin olması inandırıcıdır və buna dair faktlar var: "Düşünürəm ki, onlar öz fəaliyyətlərini davam etdirirlər. Amma hər hansı məsələni gizlətmək də mümkün deyil. Bir müddət sonra artıq bunlar açılır. Onların kim olduğunu, kimə qulluq etdiyinin mütləq şəkildə şahidi oluruq. Ən mühüm məsələ dünyada baş verən hadisələrdə məhz terror təşkilatlarının əlinə hansısa nüvə, bioloji və kimyəvi silahlarının düşməməsidir. Ciddi-cəhdlə bir sıra dövlətlərin nüvə silahını ələ keçirməsi gələcəkdə terror təşkilatlarının istifadəsinə gətirib çıxara bilər. Düşünürəm ki, Azərbaycan tərəfi bu istiqamətdə əməliyyat şəraitinə tam nəzarət edir və ciddi addımlar atır".

Politoloq Cümşüd Nuriyev isə hesab edir ki, ASALA bir müddətdir İranla birgə fəaliyyət göstərir. Onun sözlərinə görə, İranın dəstəklədiyi "Hizbullah" təşkilatı da, ASALA da, o cümlədən, PKK da Suriyanın nəzarətindəki Bekaa vadisindədir. Terror qruplarının həm təlim-məşq düşərgələri ordadır, həm də hazırlıqlar keçirlər: "Bu ərazi tamamilə Suriyanın yox, İranın və "Hizbullah"ın nəzarətindədir. Kiçik yaşlardan başlayaraq İranda uşaqları hazırlayırlar. İranın cənubunda belə təlim düşərgələri var və bir də Suriya ərazisində bu təlim düşərgələrinə rast gəlmək olar. Hazırda Ermənistanın tutduğu mövqe ASALA-nın marağına uyğun gəlmir. Daha doğrusu, Paşinyanın mövqeyinə uyğun gəlmir. Ondan əvvəlki hakimiyyətlərin dövründə də onların maraqları toqquşub. Bu baxımdan ASALA bu açıqlamaları elə belə vermir. Çox gözəl başa düşür ki, İranla yaxınlaşmaq Ermənistan üçün böyük bəlalar gətirəcək. Bu bəlalardan təkcə Ermənistan yox, həm də Fransanın maraqları zərər görəcək".

 

 

 





03.12.2022    çap et  çap et