Dekabrın 2-də AMEA-nın Rəyasət Heyətində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müvafiq fərmanı ilə təltif olunan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevə "Dostluq" ordeninin təqdimolunma mərasimi keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, bu gün Akademiyanın bir sıra elmi müəssisə və təşkilatları Özbəkistanın aidiyyəti institutları ilə sıx əməkdaşlıq edir, birgə konfranslar, seminarlar həyata keçirir, monoqrafiya və kitablar ərsəyə gətirirlər. Əlaqələrimizin yüksək səviyyədə olması Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin açdığı geniş əməkdaşlıq imkanlarından irəli gəlir: "Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanın 3 tanınmış alimini yüksək mükafatla təltif etməsi və Prezident İlham Əliyevin 3 özbək alimi mükafatlandırması ölkələrimiz arasındakı elmi, ədəbi, mədəni əlaqələrin dövlət başçılarımız tərəfindən yüksək qiymətləndirilməsinin ən bariz nümunəsidir. Bu münasibətlə Akademiyamız və alimlərimiz adından Prezident İlham Əliyevə və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə dərin minnətdarlığımızı bildiririk".
AMEA rəhbəri çıxışının sonunda akademik Şahin Mustafayevə Beynəlxalq Türk Akademiyasının prezidenti kimi ölkəmizin Türk dünyası ilə əlaqələrinin dərinləşməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
Özbəkistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov akademik Şahin Mustafayevi Beynəlxalq Türk Akademiyasının prezidenti seçilməsi münasibətilə də təbrik edərək bildirib ki, Prezident Şavkat Mirziyoyevin 30 avqust 2022-ci il tarixli fərmanına əsasən, Ş.Mustafayev Özbəkistanın "Dostluq" ordeni ilə təltif olunub. Bahrom Aşrafxanov akademik Şahin Mustafayevə gələcək fəaliyyətində uğurlar arzulayıb, onun Azərbaycanla Türk dünyası və Azərbaycanla Özbəkistan arasında elmi, mədəni əlaqələrin zənginləşməsinə öz töhfəsini verəcəyini söyləyib.
Səfir daha sonra akademik Şahin Mustafayevə Özbəkistanın "Dostluq" ordenini təqdim edib.
Tədbirdə çıxış edən akademik Şahin Mustafayev ali mükafata görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə dərin minnətdarlığını bildirib. O, bu gün prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin yüksək dostluq münasibətlərinin ölkələrimiz arasında əlaqələri yeni müstəviyə qaldırdığını bildirib. Alim Beynəlxalq Türk Akademiyasının prezidenti kimi bundan sonra da Özbəkistanla elmi əlaqələrin zənginləşməsinə töhfə verəcəyini söyləyib.
Tədbirdə, o cümlədən, tarix elmləri doktorları Solmaz Rüstəmova-Tohidi və İradə Bağırova çıxış edərək akademik Şahin Mustafayevin zəngin elmi-təşkilati fəaliyyətindən danışıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.