525.Az

Oyundan kənarda qalan xəbis oyunçu: Fransa


 

Oyundan kənarda qalan xəbis oyunçu: Fransa<b style="color:red"></b>

Qarabağ münaqişəsinin tarixə qovuşmasının üzərindən iki ildən bir qədər artıq müddət keçir. Buna baxmayaraq, hələ də Azərbaycanın qələbəsini həzm edə bilməyən, Ermənistanla birgə bu məğlubiyyətin yasını saxlayan dövlətlər var. Bütün vasitələrə əl ataraq Azərbaycanla sülh müqaviləsinin imzalanmasını bacardığı qədər gecikdirməyə çalışan Ermənistan terrorist rəhbərliyi, bu dəfə isə Fransa-Azərbaycan münasibətlərindəki gərgin ab-havadan istifadə etmək niyyətindədir.

7 dekabrda Brüssel formatında planlaşdırılan növbəti görüşün baş tutmamasının səbəbi də məhz bu yeni erməni hiyləsidir. Regiondakı sülh prosesindən kənarlaşdırılan Fransanı yenidən oyuna qaytarmağa çalışan Nikol Paşinyan, növbəti dəfə Azərbaycanın qərarlı mövqeyi ilə qarşı-qarşıya qaldı: Əgər Ermənistan Fransa olmadan masaya oturmaq istəmirsə, o zaman görüş baş tutmayacaq. Bu, açıq şəkildə bizə heç bir dövlətin şərt irəli sürə bilməyəcəyinin, öz şərtlərimizi diktə etmədiyimiz masaya heç bir aktorun bizi məcbur edə bilməyəcəyinin göstəricisidir.

6 oktyabrda baş tutan Praqa görüşünün ardından, Fransanın ardıcıl şəkildə atmış olduğu təxribat xarakterli addımları, birmənalı şəkildə Ermənistanın revanşist arzularına dəstək mahiyyəti daşımaqdadır. Belə bir şəraitdə tərəfkeş bir ölkənin sülh prosesində israrlı olması, açıq şəkildə ikiüzlülükdən başqa bir məna daşımır və qeyd etmək lazımdır ki, Fransanın məlum prosesdən kənarlaşdırılmasının və münasibətlərdəki gərginliyin bütün məsuliyyəti Makron Fransasının üzərinə düşməkdədir.

Fransa Jak Şirakın 1995-2007-ci illərdəki prezidentliyi dönəmində, Qarabağ münaqişəsinin nizamlanması istiqamətində mühüm siyasi-diplomatik missiya üstlənərək, həmsədr dövlət kimi tərəfsizlik siyasətinin tələbi olaraq daxildəki erməni diasporunun aqressiv tələblərini mümkün qədər görməzdən gəlməyi hədəfləmişdi. Bəs Jak Şirak və ardından gələn F.Holland və xüsusilə də E.Makron dönəmində Fransa de-fakto şəkildə öz neytrallığını qoruyub saxlamağı bacardımı?

29 yanvar 2001-ci ildə prezident Jak Şirak, senatın qondarma erməni soyqırımı haqqındakı qərarını təsdiq edir və beləcə, Fransada qondarma erməni soyqırımının inkarı rəsmi olaraq cəza mahiyyəti daşımağa başlayır. Hər nə qədər Konstitutsiya Məhkəməsi tərəfindən "söz azadlığına zidd olduğu" əsas götürülərək ləğv edilsə də, senatın bu qərarı Fransanın yeni əsrə soyqırımdan, yəni hüquqi mahiyyət daşıyan bir məfhumdan siyasi vasitə kimi istifadəyə gətirib çıxaracaq qədər açıq ermənipərəst mövqedən başladığını göstərdi. Fransa, qondarma erməni soyqırımından Türkiyənin Avropa İttifaqına üzvlüyü üçün də bir sədd siyasəti olaraq istifadə edir.

Yeni əsrə də türkofobiya ilə start verən senatın digər hədəfi isə Qarabağdakı tarixi zəfərinin ardından Azərbaycan oldu. Senatın Azərbaycanı ittiham edən qərarı erməni diasporunun müstəmləkəsi olan senatın ikiüzlü mövqeyinin əsəri olmaqla, eyni zamanda Fransanın islamafobik xarakterinin nəticəsidir. Mənfur qətnamənin tək əleyhinə səs verən senator olan Natali Qule, Azərbaycan dövlət telekanalına vermiş olduğu müsahibəsində senatın qərarını şərh edərkən, Fransada Azərbaycan-Ermənistan münaqişəsinin müsəlman-xristian münaqişəsi olaraq dəyərləndirildiyini bildirdi. Yəni Fransa bu münaqişəni din konteksində təqdim edərək, daxili auditoriyasında Ermənistana yardımlarını pərdələmək üçün vicdan formalaşdırmağa çalışır. Başqa sözlə, Fransa xaç diplomatiyasını yenidən siyasi gündəminə daşıyaraq, bir tərəfdən Ermənistanla birgə perspektiv təxribatlar üçün zəmin hazırlayır, digər tərəfdən isə islamofobiya, türkofobiya və azərbaycanofobiyanı alovlandırmaq siyasəti aparır. İkinci Qarabağ müharibəsinin ardından erməni diasporunun mətbuat katibi kimi davranan E.Makron, Fransanın öz içində islamofobiya və türkofobiyanın qüvvətlənməsini, fərqli regionlarda isə münaqişə ocaqlarının alovlanmasını, qeyri-stabil tendensiyaların yüksəlməsini hədəfləyir ki, Qarabağ münaqişəsinin yenidən canlandırılmasına istiqamətlənən fransız siyasəti də məhz bu hədəfin əsas göstəricisidir. Bu mənada senatın Azərbaycan əleyhinə qəbul etmiş olduğu qərar, Minsk qrupunun keçmiş həmsədri olaraq Fransanın 30 ilə yaxınlıq ikiüzlü mövqeyinin açıq tarixi etirafı və münaqişənin ATƏT çərçivəsindəki nizamsızlığının və təşkilatın disfunksionallığının əsas səbəbidir.

Fransanın xüsusilə son dönəmlərdəki siyasi uğursuzluqlarının səbəbini 2017-ci ildən prezident səlahiyyətlərini icra edən E.Makronun diplomatik portretində də axtarıb tapmaq mümkündür. E.Makronun xarici siyasətindəki ardıcıl uğursuzluqları, özünün diplomatik kimliyini diaspor dəstəyinin arxasında gizlətməyə və müvəffəqiyyətsizliklərindən kənar payı axtarmaya sövq edir ki, bu mənada Makron Fransasının düşməni erməni diasporunun düşmənidir: yəni Türkiyə və Azərbaycan.

Fransanın istər İkinci Qarabağ müharibəsi zamanı, istərsə də qələbənin ardından Azərbaycan siyasətindəki aqressivliyinin əsas səbəbi məhz bu çərçivədə dəyərləndirilməli və Makronun gülünc ittihamlarının həm türk və islam dünyası ilə olan münasibətlərini zədələdiyi, həm də Fransanın sülh və təhlükəsizlik qarşısındakı beynəlxalq öhdəlikləri ilə ziddiyyət daşıdığı dərk edilməlidir.

Azərbaycan "Dəmir Yumruq" əməliyyatı ilə dar mənada Ermənistanı, daha geniş mənada isə Ermənistanla birgə bu çirkli və qanlı oyuna əli batmış olan "sülh və təhlükəsizlik üzrə məsul dövlətlər"in məkrli oyunlarını, açıq və gizli şəkildə Ermənistanın təcavüzkar, işğalçı və terrorçu mövqeyinə siyasi, iqtisadi, hərbi dəstək verənlərin ilmək-ilmək toxunmuş imperialist və ekspansionist politikasını toza-dumana çevirdi. Bu dəstəyini diplomatik manevrlərlə gizlətməyə çalışanların "qaranlığına" Qarabağda atılmış mərminin səs-sorağı isə qələbənin ardından həm cənub qonşumuzdan, həm də Avropanın ortasından gəlməyə başladı.

Ermənistan milli vasitələrlə gücünün yetmədiyi bütün qondarma və əsassız ittiham və fəaliyyətlərini diaspor vasitəsilə Fransa üzərindən həyata keçirərək, Fransanın regional və beynəlxalq mövqelərinə bərpası mümkün olmayan zərbələr vurur. Fransa Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olmaqla, eyni zamanda NATO və Avropa İttifaqının aparıcı dövlətlərindəndir. Tarixi praktika onu göstərir ki, Fransa beynəlxalq məsuliyyət və öhdəliklərindən yayınaraq, təcavüzkarlığın və ermənilərin timsalında terrorizmin əl-qolunun açılmasına yardım etməyə davam edərsə, perspektivdə çox ağır hüquqi məsuliyyətin ağırlığı altında özünün bütün regional və beynəlxalq imkanlarından məhrumlaşacaq. Cənab Prezident İlham Əliyevin Fransanın soyqırım mərkəzi olan Əlcəzairdə vermiş olduğu mesaj məhz bu konteksdə dəyərləndirilməlidir; Cənab Prezident fransız dilində danışmasa da, Fransanın çox yaxşı başa düşdüyü dildən danışaraq, Makron və onun ermənipərəst hökümətinə diplomatik rakursda ilk türk-islam silləsini vurmuş oldu.

Müstəmləkə ənənəsinə sahib olan Fransa, bugün özü erməni lobbisinin müstəmləkəsi olaraq qarşımıza çıxır. Görünür, Azərbaycanın Qarabağ münaqişəsini self-help imkanları çərçivəsində birdəfəlik həll etməsi, müzəffər ədanın qazandırmış olduğu daha güclü və əsaslı politik mövqe, enerji təhlükəsizliyi çərçivəsindəki kritik rolu, əlavə olaraq Azərbaycan-Türkiyə münasibətlərinin bütün türk dünyasına və gələcəkdə islam dünyasına təsir göstərmə mexanizmlərini artırması, eyni zamanda  Türkiyənin taxıl böhranında, əsirlər məsələsində, Ukrayna ilə Rusiya arasındakı balansda Avropanın, xüsusilə də Makron Fransasının bacara bilmədiklərini ustalıqla həyata keçirməsi, Makronun müstəmləkə ideyalı və imperialist qüruruna toxunub. Bütün bunların nəticəsidir ki, Türkiyənin şərqi Aralıq və Afrikanın şimalında  oyundan kənar oyunçu vəziyyətinə saldığı Makron, Prezident İlham Əliyev tərəfindən də "arzu olunmayan şəxs" elan edilərək, Cənubi Qafqazdakı məlum prosesdən kənarlaşdırıldı. 6 oktyabr proseslərinin ardından qovulan Fransa, 7 dekabra kimi yenidən bölgəyə qayıtmağı hədəfləsə də, bu ümidi də puça çıxarıldı.

Regionda yeni bir oyun qurulmağa çalışılırsa, Azərbaycan bu oyunda artıq oyunçu yox, hakim ola bilər. Əsassız və gülünc ittihamlarla erməni "azarkeşlərin" rəğbətini qazanmağa çalışan Fransa, oyunun uzatma dəqiqələrinin artırılmasına çalışsa da, səyləri heç bir nəticə verə bilməz. 30 ilə yaxın davam edən danışıqlar hər hansı nəticə versə və münaqişə Avropanın və ya alternativlərin səyi nəticəsində həll edilsəydi, bugünün reallığı təbii ki daha fərqli ola və biz bu reallığın bəzi aspektlərini daha fərqli dəyərləndirə bilərdik. Amma artıq 3-cü ilə keçir ki münaqişə yerli imkanlarımız hesabına həll edilib, bu yeni reallıq bizim əsərimizdir və bizə məxsusdur.

Fransa senatının məlum qərarı həll edilmiş münaqişəni yenidən canlandıraraq, düyümə salmağa çalışmaqla, revanşist meyllərin baş göstərdiyi Ermənistanın aqressiv politikasına siyasi dəstək ifadə etməkdən, Ermənistanı növbəti işğala cəhd və bunun üçün müharibəyə şirnikləndirməkdən başqa bir məna daşımır. Beynəlxalq sülh və təhlükəsizlik üzrə məsu l5 dövlətdən biri olan Fransanın Türkiyə əleyhinə Yunanıstanda və Azərbaycan əleyhinə Ermənistanda mövcud kini dövlət səviyyəsində alovlandırması dünyanı yenidən qlobal müharibə tezislərinə yaxınlaşdırır və bunun bütün məsuliyyəti Fransanın üzərinə düşməkdədir.

Avropa İttifaqı xüsusi nümayəndəsi Azərbaycanı Avropanın önəmli enerji tədarükçüsü olaraq dəyərləndirdiyi halda, Fransa senatı gülünc qətnamə qəbul edərək Azərbaycana zərbə vurmaq naminə oturduğu budağı kəsməyə cəhd edir. NATO, Şanxay Əməkdaşlıq Təşkilatı da daxil olmaqla regional və qlobal səviyyədə artan Türkiyə perspektivindən ehtiyat edən Fransa, Yunanıstan üzərindən çirkli oyunlar qurmaqla əslində ilk növbədə özünün mövqelərini sarsıdır. Fransanın atmaqda olduğu addımlar hər keçən gün daha da güclənməkdə olan türk birliyinin və islam birliyinin düşmənliyini də özünə çəkməkdədir. Avropa hətta öz daxilində belə artıq çatlarla qarşılaşmaqdadır ki, bunu xüsusilə də Fransa-Almanya münasibətlərində enerji və müdafiə məsələlərindəki fikir ayrılıqlarında müşahidə etmək mümkündür. E.Makron Fransası, öz ölkəsində erməni yuxularına davam etdiyi müddətcə gələcək adına Fransanı heç də yaxşı nəticələrin gözləmədiyini proqnoz vermək mümkündür və nə qədər ki, Fransa terrorist erməni diasporunun müstəmləkəsi olaraq siyasi addımlar atacaq, Fransanın məsuliyyət daşıdığı bütün regional və beynəlxalq öhdəliklər yerinə yetirilmədən, problemlər Minsk sindromu olaraq süni şəkildə uzadılmağa davam edəcək.

Bahadur HÜSEYNOV
Beynəlxalq Münasibətlər üzrə magistr

 





03.12.2022    çap et  çap et