Orta məktəblərdə dərs proqramının ağırlığı və şagirdlərin həddən çox ev tapşırığı ilə yüklənməsi narahatlıq doğuran məsələlərdən biridir. Bəzi məktəblərdə şagirdləri ev tapşırıqları ilə o dərəcədə yükləyirlər ki, hətta onların alitəhsilli valideynləri belə bu qəliz tapşırıqların həllində övladlarına kömək etməkdə çətinlik çəkirlər.
Ev tapşırıqlarının çoxluğu şagirdlərin növbəti mərhələlərdə təhsil nailiyyətlərinə müsbət təsir etmir. Əksinə, şagirdlərin həddindən artıq ev tapşırığı ilə yüklənməsi onları təhsildən, məktəbdən soyudur. Üstəlik, bu gərginliyə kiçik yaşlı məktəblinin orqanizmi, əsəbi, iradəsi də dözmür.
Təhsil sistemi inkişaf etmiş ölkələrdə (Yaponiya, Almaniya və s.) uşaqlara zəruri biliklər dərs vaxtı verilir. Fərz edək ki, dərs vaxtı 08:30-da başlayır, 15:00-da bitir. O müddətə qədər müəllimlər hansı fənni tədris edirlərsə, proqramı yerinə yetirməyə çalışırlar.
Valideyn Günay Sadıqovanın sözlərinə görə, dərs proqramının ağırlığı, ev tapşırıqlarının çoxluğu şagirdlərin həddindən artıq yüklənməsinə və yorulmasına səbəb olur: "Övladım 5-ci sinifdə oxuyur. Uşaq ev tapşırıqları ilə o qədər yüklənir ki, məktəbdən qayıdan kimi dincəlmədən tapşırıqları hazırlamağa başlayır və axşam saat 9-a, bəzən 10-a kimi ancaq yekunlaşdırır. Uşaq dərs də oxumalı, ev tapşırıqları da etməli, dincəlməlidir də. Ancaq bu gün uşaqların dincəlmək üçün vaxtı, imkanı yoxdur. Dərs proqramın ağırlığı, ev tapşırıqlarının çoxluğu ucbatından uşaq öz uşaqlıq dövrünü yaşamağa vaxt tapa bilmir. İzahı verilməyən tapşırıqları müəllim sinifdə şagirdə başa salmır, həll elətdirmir, ev tapşırığı verir. Hesab edirəm ki, uşaqları bu qədər yükləmək olmaz".
Təhsil eksperti Elşən Qafarov deyir ki, repetitor yanından qayıtdıqdan sonra da şagirdlərin dərs yükü bitmir: "Bəzi müəllimlər dərs vaxtı təhsilə etinadsız yanaşırlar ki, əlavə gəlir əldə etmək üçün uşaqları dərsdən sonra hazırlıqlara dəvət edə bilsinlər. İbtidai təsil pilləsində uşaqları bu qədər yükləmək olmaz. Məktəbin dərs yükündən əlavə, uşaqlar repetitorların da yanına gedirlər. Bu, ikiqat yükləmə yaradır. Şagird növbəti günün hazırlıq tapşırıqlarını yerinə yetirmək üçün təxminən 20:00-dan 02:00-dək dərs oxumalı olur. Belə həyat tərzi düzgün deyil. Nəticədə şagirdin psxioloji vəziyyətində problemlər yaranır".
E.Qafarovun sözlərinə görə, belə həyat tərzi uşaqların sağlamlığına çox mənfi təsir edir: "Nəticədə uşağın sağlamlığı əldən gedir, böyük travmalar yaşayır, psixoloji gərginlik yaranır. Düşünürəm ki, hazırkı vəziyyət genefondumuza böyük bir zərbədir və yaxın gələcəkdə biz bunun mənfi təsirlərini görəcəyik".
Təhsil eksperti Kamran Əsədov bildirir ki, təhsil prosesində lazımsız informasiyalara daha çox yer verildiyindən uşaqların özlərinə ayırmağa zamanları olmur: "Şagirdlər daha çox uğur əldə etmək üçün çalışsalar da, nəticədə fiziki və psixoloji olaraq böyük itkiləri olur. Buna görə də dərsliklər daha sadə dildə yazılmalıdır. Hədəf və məqsədlər olmalıdır".
Təhsil eksperti Nadir İsrafilovun sözlərinə əsasən, ev tapşırıqları ilə bağlı müəyyən limit tətbiq olunmalıdır. Xüsusilə də ibtidai siniflərin ev tapşırığında: "Dərs yükünün ağırlığı, mürəkkəb və əhəmiyyətsiz ev tapşırıqları, müəllimlərin tələb etdikləri test və digər vəsaitlərin çoxluğu təhsilimizin əsas problemlərindəndir. Müəllimlər deyir ki, ev tapşırığının məqsədi dərs zamanı keçilən yeni mövzunun daha yaxşı mənimsəməsi və yadda saxlanmasıdır. Fikrimcə, proqram materialı əsasən dərs prosesində mənimsənilməlidir, evə isə bu materialın hafizədə möhkəmləndirilməsinə xidmət edən konkret tapşırıqlar verilməlidir. Ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idraki inkişaflarına müsbət təsir göstərməlidir. Müəllim mövzuya aid olan çox yüngül səviyyəli tapşırıqlar verərək şagirdi oxutdura bilər. Yəni tapşırıqlar bu hallarda verilə bilər. Şagirdlər bütün mövzu və mətnlərin hamısını sinifdə öyrənməlidir. Çünki təhsil məktəbdə verilir. Şagirdlərə daha çox tapşırıq verildikcə onlarda öyrənməyə həvəs qalmayacaq və olan həvəsi də itəcək".
N.İsrafilov deyir ki, müəllimdən çox yüksək bacarıq və intellekt tələb olunur ki, şagirdin qavrama qabiliyyətini düzgün olaraq qiymətləndirsin və buna uyğun ev tapşırığı versin: "Əgər tapşırıq vermək rəva bilinirsə, bu zaman ev tapşırığı elə səviyyədə verməlidir ki, şagirdə özü də bunu anlasın. Yəni şagird müəllimin bu tapşırığı ona sinif yoldaşlarına nisbətən irəliləməli, bilgisində olan boşluğu doldurmalı olduğuna görə verdiyini anlamalıdır. Yaxud da hamıdan yüksək bildiyini zənn edərək, daha yüksək arenaya çıxışı üçün ona yol açıb, işıq verdiyini başa düşməlidir. Yəni şagirdlər bunu dərk etməlidir. Qeyd edim ki, kurikulum təliminə keçid şagirdləri ev tapşırığından azad etmək tələbi qoyub. Kursumuz yaddaş məktəbindən idrak məktəbinə keçid, düşüncənin ön plana çəkilməsi, nəzəri biliklərdən çox şagirdin bacarığı istiqamətində təhsil verilməsinə yönəlib".
Ekspertin sözlərinə görə, ev tapşırığı şagird üçün nə qədər ağır, üzücü olsa da, onların asudə vaxtlarını səmərəli keçirməsində maneə yaratsa da, təəssüf ki, biz hələ də bu tapşırıqdan imtina etməyə tam hazır deyilik: "Nə qədər ki, şagirdlərimizə dərsi məhz dərsdə tam mənimsətməyi öyrənməmişik, ev tapşırığının verilməsinə hansısa qadağa qoya bilmərik. Bu proses mərhələli şəkildə həyata keçirilə bilər. İlk mərhələ isə dərs keyfiyyətini yüksəltmək yolu ilə tapşırıqların həcmi və ağırlıq dərəcəsini azaltmaqdan ibarət olmalıdır. Bir sözlə, hələ ki, dərsi dərsdə öyrənmək, evdə isə yüngülcə təkrarlamaq olar".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, bir sıra xarici ölkələrdə şagirdlərin dərs yükünün azaldılması məqsədi ilə ev tapşırıqları tamamilə ləğv edilib. Bəzi ölkələrin məktəblərində isə ev tapşırıqlarının həcmi minimuma endirilib: "Böyük Britaniyanın bəzi şəhərlərində şagirdlərin dərs yükünün azaldılması məqsədi ilə ev tapşırıqları tamamilə ləğv olunub. İngiltərənin başqa məktəblərində, həmçinin, Almaniyada da bu təcrübədən yararlanırlar. Finlandiya təhsil sistemi dünyada öndə gedən təhsil sistemlərindən biridir. Finlandiyalı şagirdlər ev tapşırığı yükündən azaddırlar. Ancaq yenə də dünyada ən yaxşı nəticələrdən birini göstərirlər. Fin təhsilinin tədrisi çox bəsitdir. Müəllimlər gün ərzində sinifdə ortalama dörd saat dərs keçirlər, ancaq bütün şagirdlər eyni dərəcədə bacarıqlıdırlar. Şagirdlərə ev tapşırığı verilmir ona görə ki, finlilərə görə, öyrənmənin yeri məktəbdir. Fikrimcə, Azərbaycanda da sözügedən xarici ölkələrin təcrübəsindən istifadə olunmalıdır".
Elm və Təhsil Nazirliyindən bildirilib ki, ev tapşırıqları təlimin fərdi təşkili formasıdır. Onlar müxtəlif vəzifələri yerinə yetirir. Dərsdə keçilən materialları möhkəmlətmək, dərinləşdirmək, nəzəri biliyi tətbiq etmək, növbəti mövzunu mənimsəməyə hazırlaşmaq və s..
Fəndən və mövzudan asılı olaraq ev tapşırıqları şifahi, yazılı, əməli xarakterdə ola bilər. Ev tapşırıqları bir sıra tələblərə uyğun olaraq verilməlidir. Məsələn, tapşırığın məqsədi və icra qaydası şagirdlərə aydın olmalıdır. Tapşırıqlar məzmunca rəngarəng olmalı, ev tapşırıqları mümkün qədər yaradıcı xarakter daşımalıdır. Ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idraki inkişaflarına, həyati bacarıqlara yiyələnmələrinə müsbət təsir göstərməlidir: "Şagirdlərin onları hansı müddətlərdə yerinə yetirməsi imkanları nəzərə alınmalıdır. Belə ki, bu müddətlər 1-ci sinifdə dərs ilinin ikinci yarısından etibarən - 1 saata qədər, 2-ci sinifdə - 1,5 saata qədər, 3-cü və 4-cü siniflərdə - 2 saata qədər, 5-ci və 6-cı siniflərdə - 2,5 saata qədər, 7-ci və 8-ci siniflərdə - 3 saata qədər, 9-cu və 11-ci siniflərdə - 4 saata qədər təşkil etməlidir. Bu, bütün fənlər üzrə nəzərdə tutulur. Yəni 1-ci sinifdə təhsil alan şagirdə bütün fənlərdən ev tapşırığı elə verilməlidir ki, onların hamısını hazırlamaq şagirdin 1 saata qədər vaxtını alsın. Bu qayda digər siniflər üçün də eynidir. Evə verilən tapşırıqlar dərslik və dərs vəsaitlərində elmi əsaslara söykənərək hazırlanır, amma bu tapşırıqları şagirdin hansı şəkildə icra etməsi hər müəllimin öz metodundan asılıdır".
Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublunun dediyinə görə, məktəblərdə tədris proqramı ağır deyil. Sadəcə bir qrup müəllim var ki, onlar uşaqların akademik yüklənməsini daha yaxşı öyrənməsi üçün edirlər. Ona görə də uşaqlar ev tapşırığı ilə həddindən artıq yüklənir. Həmin müəllimlərlə iş aparılmalıdır: "Çünki 45 dəqiqə öyrənmək üçün kifayət qədər uyğundur. Şagird hətta oynaya-oynaya qəliz tapşırığı qavraya bilər. Müəllim metodikanı yaxşı quranda, tapşırıqları düz seçəndə uşaq çox rahat, sevə-sevə öyrənir. Uşaqların dərs yükünün optimallaşdırılmasını həyata keçirmək üçün bəzi müəllimlərlə işləməliyik".
Sevinc QARAYEVA