525.Az

Kənd təsərrüfatı sektorunda mütəxəssis qıtlığı


 

BU GÜN ÖLKƏMİZDƏ SAVADLI AQRONOM, BAYTAR, KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ QABLAŞDIRILMASI VƏ SATIŞI MÜTƏXƏSSİSLƏRİNƏ CİDDİ EHTİYAC VAR

Kənd təsərrüfatı sektorunda mütəxəssis qıtlığı<b style="color:red"></b>

Qlobal institut tədqiqatçılarının proqnozlarına görə, 2030-cu ildən dünyada yüksək ixtisaslı mütəxəssislərin böyük çatışmazlığı yaşanacaq. Əmək bazarında işçi qüvvəsinin artımı yaşadığımız dövrlə müqayisədə təxminən 3 faizə qədər azalacaq. Tədqiqatçıların sözlərinə görə, 10-15 ildən sonra bu gün də aktual olan peşəkar kadr çatışmazlığı problemi sistemli xarakter alacaq. Bir tərəfdən gənclər arasında peşəyönümlü ixtisaslara marağın yüksək olmaması, digər tərəfdən isə ölkələrin miqrasiya qanunlarının sərtliyi əmək bazarında ixtisaslı kadrların sayının artmasına əngəl törədir. Kadr çatışmazlığı yaşanan başlıca sahələrdən biri də kənd təsərrüfatı sektorudur. Aqrar sektorda ixtisaslı kadr çatışmazlığı sürətlə artır. Bunun bir çox səbəbləri var: əmək haqqının azlığı, kənd yerlərində məişət şəraitinin cəlbedici olmaması, müəyyən bilik və bacarıqlar tələb edən yüksək texnologiya və avadanlıqların tətbiqi və s. Lakin başqa bir səbəb var: bu da kənd təsərrüfatı təməyyüllü ali təhsil müəssisələrinin tələbat olan sahələr üzrə savadlı mütəxəssislər hazırlaya bilməməsidir.

Bu gün Azərbaycanın bölgələrində müəyyən peşə sahiblərinə, kənd təsərrüfatı mütəxəssislərinə ciddi ehtiyac duyulur. Ən çox kadr çatışmazlığı isə kənd təsərüfatı sahəsində yaşanır. Bəs bu tələbatı ödəmək üçün hansı addımlar atılır və atılmalıdır?

İqtisadçı Elçin Rəşidov "525"ə açıqlamasında bu gün ölkəmizdə kadr çatışmazlığının əsasən kənd təsərrüfatı sektorunda, xüsusilə də aqronomluq ixtisası ilə bağlı yaşandığını bildirib: "Kadrlar əslində, universitetlərdə yox, təşkilat və müəssisələrdə hazırlanır. Universitetlərdə tələbələrin bilik bazası qurulur. Təşkilatlarda işə başlayanlar isə əmək bazarının içərisində yetişirlər. Məsələn, bu gün Azərbaycanda kadr çatışmazlığı yaşanan sahələrdən biri aqronomlardır. Ölkəmizə Türkiyədən və başqa xarici ölkələrdən aqronomlar gətirilir. Azərbaycanda isə əslində, aqronom yetişdirilmir, sadəcə, tələbələrə aqronom diplomu verilir. Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinə dövlətin dəstəyi çox böyükdür. Kənd Təsərrüfatı Nazirliyi bu ali təhsil müəssisəsinə başqa universitetlərin görmədiyi dəstəyi verir. Eyni zamanda Avropa İttifaqı, BMT kimi xarici qurumlar, təşkilatlar, Dünya Bankı tərəfindən müxtəlif layihələrlə bu universitetə nəhəng dəstək göstərilir. Müasir laboratoriyaların açılmasına, tələbələrin müxtəlif təlimlərə cəlb olunmasına geniş imkanlar yaradılır. Buna rəğmən, Universitet illərdir əmək bazarına lazım olan aqronomlar yetişdirmir. Məsələ orasındadır ki, ölkəmizin əmək bazarında kadrların yetişdirilməsi mənzərəsi bərbaddır. Bunun da əsas səbəbi Azərbaycanda böyük və orta şirkətlərin məmurlara məxsus olmasıdır. Məmur şirkətləri gəlirləri bacarıqlı kadr olması yolu ilə əldə etmirlər. Onlar üçün səmərəli olmaq zəruri deyil, hətta bəzən maneədir. Belə şirkətlərin yaranması həmin sektora səmərəlik gətirməyə xidmət etmədiyindən onların fəaliyyətində kadrların inkşafı da baş vermir. Buna səbəb orada yaxşı və pis kadr arasında fərq qoyulmamasıdır. Ona görə də Azərbaycanda əmək bazarının inkişafı geridə qalır".

Ekspertin sözlərinə görə, bu gün Azərbaycanda mütəxəssislərin işə cəlb olunmasında qabiliyyətə üstünlük verilməsinə çox az müəssislərdə rast gəlinir. Bu gün ali məktəblərə kənd təsərrüfatı sahəsinə lazım olan sifarişləri dövlət verir. Nə qədər aqronom, baytar, mexanizator lazımdır, hansı mütəxəssislərə daha çox ehtiyac duyulursa, həmin yerləri ali məktəblərin yetişdirdiyi kadrlar doldurmalıdır.

Bu gün ölkəmizdə müşahidə olunan başqa bir tendensiya da var. Kənd təsərrüfatı ilə bağlı ixtisaslara gənclər xüsusi maraq göstərmirlər. Elə isə gənclərin bu sahəyə həvəssiz yanaşmasının əsas səbəbi nədir?

Təhsil eksperti Elçin Süleymanov "525"ə açıqlamasında neçə illərdən bəri bu ixtisaslara elə də böyük maraq göstərilmədiyini bildirib: "Universitetin giriş balının aşağı olması və yerlərin boş qalmasının əsas səbəbi də elə bu idi. Keçid balı başqa universitetlərdə 200 olduğu halda, Aqrar Universitetdə 150 bal təşkil edir. Müstəqilliyin ilk illərinə baxanda kənd təsərrüfatının inkişafında savadlı mütəxəssislərin, aqronomların, baytarların yüksək maaşlı işlərə cəlb olunma imkanları son illər xeyli genişlənib. Bu isə sözügedən sahəyə marağın artmasına gətirib çıxarıb. Son 10 ildə Aqrar Universitetində kifayət qədər müsbət dinamika olub. Yeni binalar, yataqxana, tədris korpusu tikilib. Eyni zamanda təqaüd imkanlarının genişləndirilməsi də yüksək ballı tələbələrin bu universiteti seçməsinə şərait yaradır. Aqrar Universitet həm Türkiyə, həm də digər ölkələrlə əməkdaşlıq proqramları həyata keçirir. Ali məktəbin paytaxtda olmaması, eyni zamanda məzunların işləmək imkanların məhdudluğu abituriyentlərin bu universiteti seçməkdən imtina etməsinə gətirən səbəblərdəndir. Bu gün ölkəmizdə savadlı aqronom, baytar, kənd təsərrüfatı məhsullarının qablaşdırılması və satışı mütəxəssisinə ciddi ehtiyac var. Bütün bunlar isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə tendensiya müsbətə doğru inkişaf edəcək. Sovet dövründə kənd təsərrüfatı texnikumunu bitirdikdən sonra gənclər dövlət tərəfindən işlə təmin edilirdilər. İndi belə stimul yoxdur. Səbəb isə böyük təsərrüfatlarının olmamasıdır. Kənd təsərrüfatı müəssisələrinin çatışmazlığı, təcrübə sahələrinin qıtlığı aqrar təhsilə marağı da azaldır".

Millət vəkili, parlamentin Aqrar Komitə

sinin üzvü Azər Badamov müstəqilliyimizin ilk illərində meyvə bağlarının, üzüm plantasiyalarının məhv edildiyini, ölkədə torpaq islahatı aparılaraq torpaqların kəndlilərə paylanıldığını xatırladıb: "Heyvan və quşların sağlamlığının keşiyində baytar həkimlər dayanır, onların xəstəliklərə yoluxmasına qarşı tədbirlər görür və sağlam böyüməsinə nəzarət edir. Bitki aləmi də canlı orqanizmdir. Bu sahənin həkimi aqronomdur. Meyvə və tərəvəzlərin sağlam yetişməsinə və yüksək məhsuldarlığın əldə olunmasına aqronomlar nəzarət etməlidir. Vaxtında aqrotexniki qaydalara riayət edilmədən aparılan əkin sahələrində yüksək məhsuldarlıq və keyfiyyətli məhsul almaq qeyri-mümkündür. Hansı təsərrüfatda savadlı, peşəkar aqronom fəaliyyət göstərirsə, o təsərrüfatın orta məhsuldarlığı da yüksək olur və keyfiyyətli məhsul istehsal edilir. Ölkəmizdə sovet illərində aqrar sahə üzrə mütəxəssislər yetişdirilən Gəncə Kənd Təsəsrrüfatı İnstitutu fəaliyyət göstərirdi. Bu institutun texniki bazası o zamankı mütəxəssislərin hazırlanmasına imkan verirdi. Məhz bu institutda yetişdirilən aqronomlar kənd təsərrüfatını inkişaf etdirirdilər. Sovetlər İttifaqı dağılandan sonra bu instituta universitet statusu verilsə də, təhsilin keyfiyyəti çox aşağı düşdü. Bunun da kökündə müstəqilliyimizin ilk illərində aqrar sahəyə marağım azalması dayanırdı. Planlı təsərrüfat dağıldı. Torpaq payçıları öz sahələrində istədikləri üsullarla əkin-səpin işləri aparmağa başladılar və aqronomlara maraq azaldı. Təbii ki, bu sahəyə marağın azalması gənclərin ixtisas seçiminə də təsir göstərdi və Gəncə Aqrar Universitetini seçən abituriyentlərin sayı kəskin azaldı. Ona görə də bu universitetə qəbul balları xeyli endirildi və elə də savadlı olmayan gənclər diplom xatirinə aqrar sahədə təhsil almağa başladılar. Bu da universitetin verdiyi təhsilin keyfiyyətinə öz təsirini göstərdi. Elm inkişaf etməlidir. Elmi müəssisələr müasir elmi nailiyyətlərini tədqiq etməli və gənc nəsilə müasir elmi əsaslarla təhsil verməlidir. Amma aqronomlar yetişdirməli olan ali təhsil müəssisəsi köhnə dövrün təhsilini davam etdirdi. Halbuki bu gün tələblər dəyişilib. Ölkəmizdə iri fermer təsərrüfatları və aqroparklar yaradılır. Böyük təsərrüfatların sahibləri müasir aqrotexniki qaydalarla meyvə və tərəvəzlərin yetişdirilməsində maraqlıdır. Daha məhsuldar müasir sortlar və növlər meydana gəlib, bu növlər xaricdən gətirilir. Bu müasir meyvə və tərəvəz sortları müasir aqrotexniki qaydalarla xidmət tələb edir. Ona görə də diplomu olub, savadı olmayan mütəxəssislərimiz kənarda qalır, xaricdən savadlı mütəxəsislər gətirilir və kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsinə başlanılır. Məsələn, hansı sahələrdə xaricdən gətirilmiş aqronomun nəzarəti altında taxıl əkilirsə, bu sahənin orta məhsuldarlığı 50-70 sentnerə qalxır. O cümlədən, xarici mütəxəssisin nəzarəti altında əkilən, müasir suvarma sistemləri ilə təchiz olunmuş meyvə bağlarında daha sağlam və çox meyvə əldə edilir. Sual olunur, biz yerli mütəxəssislərimizi yetişdirə bilərikmi və xarici mütəxəssisləri nə vaxta qədər dəvət etməli olacağıq? Bu sualın yeganə cavabı aqrar sahədə çalışan kadrların hazırlanmasına yenidən baxılmasının vacib olduğunu hesab edirəm. Bunun üçün Aqrar Universitetin təhsil bazası tamamilə yenilənməli və burada müasir elmi nailiyyətləri ilə təhsil alan mütəxəssislər hazırlanmalıdır. Təhsil verənlərin savadı da artırılmalıdır. Biz ilk növbədə aqrar sahədə təhsil verən mütəxəssislər yetişdirməliyik. Gənclərimiz Dövlət Proqramı çərçivəsində  aqrar sahədə yaxşı bilik verən dünyanın qabaqcıl universitetlərinə göndərilməli və onların qarşısında təhsili bitirəndən sonra ölkəyə qayıdıb çalışmaq tələbi qoyulmalıdır. Həm də Aqrar Universitetə tanınmış universitetlərin müəllimləri, elmi işçiləri dəvət edilməli və aqronomların hazırlanması prosesinə cəlb olunmalıdır. Aqrar Universitet özünün elmi-tədqiqat bazasını gücləndirməlidir. Tələbələr praktiki işə cəlb edilməli, yuxarı kursların tələblərini xarici universitetlərə kurslara göndərməlidir. Bu gün ölkəmizdə yaxşı aqronoma yüksək tələbat var. Biz indi bu tələbatın böyük bir hissəsini xaricdən gətirilən aqronomlarla təmin edirik. Amma inanıram ki, bir müddət keçəndən sonra təcrübəli yerli aqronomlarımız da formalaşacaq və xaricdən aqronom dəvət etməyə ehtiyac qalmayacaq".

Ümumiyyətlə, bu gün ölkəmizdə aqrar sektor üzrə mütəxəssislərin yalnız universitet deyil, peşə təlimi səviyyəsində də hazırlığına ehtiyac var. Peşə təliminin aqrar sahədə kadr hazırlığına cəlb olunması çox vacibdir. Önəmli olan bir məsələ isə aqrar sahədə yetişən mütəxəssislərin işlə təmin olunmasıdır. Bu kimi məsələlər həllini taparsa, gənclərin aqrar sahəyə marağı da artar.

Havar ŞƏFİYEVA

 





03.12.2022    çap et  çap et