Cərrah-oftalmoloq, tibb üzrə elmlər doktoru Tural Qəlbinurla hardasa 15 il olar ki, şəxsən tanışıq. Buna qədər isə onu qiyabi tanıyır, fəaliyyətini izləyir, nailiyyətlərini təqdir edir, xaricdə uğurlu əməliyyatlar keçirdiyini eşidəndə sevinirdim. Bu günlərdə onunla yaxından ünsiyyətdə olmaq, çalışdığı xəstəxanada insanlara qarşı doğma münasibətini görmək, xeyirxah əməllərinin xəstələrdə oyatdığı həyəcanı, ehtiramı yaxından müşahidə etmək imkanı qazandım və bir daha əmin oldum ki, Tural Qəlbinur kimi gənc, peşəkar həkimlərimizin varlığı çağdaş Azərbaycan səhiyyəsinin böyük qazancıdır.
Ünsiyyət zamanı həm də Turalın davranış mədəniyyətini, kübarlığını, insanlara münasibətindəki doğmalığı müşahidə elədim. Əslində, hər bir peşəkar həkim üçün vacib olan belə müstəsna keyfiyyətlər iş prosesində özünü daha qabarıq büruzə verir. Baxırdım, neçə-neçə pasiyentin, fərqli xarakterli xəstələrin, az qala, eyni vaxtda, bir ağızdan müraciət elədiyi gərgin məqamlarda həm onun özü, həm də əhatəsindəki tibbi personal nə qədər həssas və mehriban davranır, o gərgin, əsəbi situasiyanı sakit, nəzakətlə yoluna qoymağı bacarırdılar.
Mən Turalın atası, bizim məşhur göz həkimi, professor Paşa Qəlbinuru uzun illərdir tanıyıram. Paşa müəllimin həkim kimi peşəkarlığının dəfələrlə şahidi olmuşam, həmişə xəstələrə qarşı həssas münasibətini görmüşəm. Paşa Qəlbinur həm də gözəl şairdir, ən müxtəlif mövzularda gözəl şeirlərin müəllifidir və bu şeirlərdən bəzilərini əzbər də bilirəm. Onun işıqla, gözlə, rənglərin gözəlliyi ilə bağlı yazdığı şeirlər isə xüsusilə təsirlidir. Paşa müəllimin həm də gözəl nəsri, bədii publisistikası var. Onun müəllifi olduğu bir çox bədii və publisistik yazıları müxtəlif vaxtlarda dəfələrlə "525-ci qəzet"in səhifələrində də çap etmişik, mən özüm müxtəlif tədbirlərdə bu yazılardan sitatlar da gətirmişəm. Belə bir həkim, belə bir insan, belə bir ziyalı, hesab edirəm, Azərbaycan üçün hərtərəfli böyük sərvətdir.
Tural Qəlbinur ilə dediyim son görüşümüz zamanı dıqqətimi çəkən bir məqam mənə xüsusi təsir elədi.Turalın hərəkət və davranışlarında uzun illərdən bəri tanıdığım atasının - Paşa müəllimin bir çox xüsusiyyətlərinin təkrarını gördüm. Tural özünün danışıq tərzi, diksiyası, hətta nitqindəki pauzası, jestləri, insanlara münasibəti, mimikası ilə, elə bil, atasının davamı, oxşarı, eynisi idi. Və hesab edirəm ki, bu eyniliklərin izahı təkcə genetik bağlılıqda deyil.
Oğulların yaşa dolduqca zahirən öz atalarına bənzədiklərini indiyəcən çox müşahidə etmişəm və hiss olunub ki, bu oxşarlıq daha çox genetik bağlardan irəli gəlir. Amma Turalın atasına bənzərliyi təkcə genetik məsələ deyildi. Mən Turalın timsalında bir övladın öz atasına sonsuz hörmətinin, ehtiramının, sevginin, əlahiddə vurğunluğunun əlamətlərini gördüm. Yox, Tural bunu qəsdən eləmirdi, bu, onun atasına sərhədsiz pərəstişinin təzahürü idi. Ata Qəlbinurun insanlara qarşı münasibəti necədirsə, onlara hansı səviyyədə mehribançılıq, məhəbbət, xeyirxahlıq nümayiş etdirirsə, oğul Qəlbinur da eynən onun kimi - atası kimidir.
Tural Qəlbinur bu gün öz sahəsində bir çox uğurlara imza atmış peşəkar cərrahdır, bildiyim qədərilə 150 illik göz həkimliyi təcrübəsi olan bir nəslin layiqli davamçısıdır, bununla bərabər, o, həm də mükəmməl, yetkin bir şəxsiyyətdir və onun fəaliyyəti, insanlara belə isti, doğma münasibəti qürur doğurur. Məhz belə bir insan olduğuna görə mən Turala təşəkkürümü bildirir və eyni zamanda dostum Paşa Qəlbinuru təbrik etmək istəyirəm. Ona görə təbrik etmək istəyirəm ki, o, öz həyatı ilə böyük bir nəslin işığına çevrilməyi bacarıb. Ömrü boyu işıqdan yazan bir şair, peşəkar bir göz cərrahı, oftalmoloq alim həm də özü bir işıq selidir. İnanıram ki, gələcəkdə də bu nəslin nümayəndələri, varisləri, törəmələri elə Tural kimi məhz ona bənzəməyə, onun şəfqətə aparan yolunu davam etdirməyə çalışacaqlar. Mən buna ürəkdən əminəm və ona görə də Paşa Qəlbinuru - mənim əziz dostumu, bizim hörmətli həkimimizi, gözəl şairimizi, yaradıcı insanı və nəhayət, belə bəxtəvər atanı ürəkdən təbrik edirəm.