525.Az

Çörək ətri - Günel Mehrinin yeni essesi


 

Çörək ətri - <b style="color:red"> Günel Mehrinin yeni essesi</b>

Hər yerdən eyni ətir gəlirdi o gün. Yerdən də, göydən də, barmaqlarımın ucundan, başımın üstündə dalğalanan üç rəngdən də çörək ətri gəlirdi. Kəlbəcər bizi duz-çörəklə qarşılamışdı. Bir əlimdə yupyumru Kəlbəcər çörəyi, o biri əlimdə baldırğan çayının tüstülədiyi karton stəkan rayon mərkəzi sayılan Bayraq meydanında bu qədim rayonla üzbəüz durmuşdum. Ətrafda ins-cins görünmürdü.

Dörd bir yanımda yarıuçuq bomboş evlər idi, səmanı yara-yara şövqlə dalğalanan bayraq idi, əlimi yandıran isti çörək idi, tüstülənən çay idi. Barmaqlarım arasından ehmal-ehmal qalxan tüstü Kəlbəcərdəki həyatın nəbzindən xəbər verirdi. O an mənə bir şey aydın oldu ki, bəzi günlər xatirimdə ətriylə qalır. Həmin gün Kəlbəcər yaddaş kartıma çörək ətriylə həkk olundu. Zarafat deyil, düz 30 ildən sonra Kəlbəcərə həyat qayıtmışdı. Şanslıydım, çünki bu qayıdışa ilk şahidlik edənlərdən biri idim. Birdən xatırladım ki, səhərdən bəri ac-susuzam. Neçə saatlıq uzun yoldan sonra dodaqlarım quruyub bir-birinə yapışmışdı. İştahla çörəkdən bir dişdəm aldım. Sonra üfürə-üfürə sapsarı çaydan içdim. Bayaq çayı süzəndə deyirdilər ki, bu çay Kəlbəcərdə yabanı halda bitən baldırğan otundan dəmlənib və bir çox xəstəliklərin dərmanıdır. Çayı üfürə-üfürə özümü lap Mirzə Fətəli Axundzadənin Müsyö Jordanı kimi hiss edirdim. Ya mən çox acmışdım, ya mənzərə çox ecazkar idi, ya da çörək çox dadlıydı ki, növbəti qurtumlar və düşdəmlər ard-arda sıralandı. Mənə elə gəldi ki, bu günə qədər daddığım ən ləziz çörəkdir, ən fərqli çaydır. Elə onu gördüm ki, yanımdan ötüb keçən hərbi maşındakı əsgər mənim iştahla yeməyimə təbəssüm edir. Qeyri-ixtiyari əlimdəki çörəyi ona tərəf uzatdım: "Yeyirsiz?" Çörəklə dolu torbanı başı üstünə qaldırıb maşının şüşəsindən mənə göstərdi: "Nuş olsun sizə".

Həmin əsgər də eyni ünvandan gəlirdi. Kəlbəcərli Əli kişinin çörək sexindən. Mən elə bu yerlərə Əli kişini deyib gəlmişdim. Adam tam bir Vətən sevdalısı idi. Özü də pafossuz-zadsız. Gəncədə işlətdiyi çörək sexini bağlayıb orduyla birlikdə Kəlbəcərə adlayan ilk yerli sakin idi. İlk dəfə telefonda danışmışdı mənə hekayəsini. Aylar sonra mən çəkiliş heyətimizlə birgə sıldırım Kəlbəcər aşırımlarını dolana-dolana İbrahimov Əli kişinin Kəlbəcərdə nəfəs verdiyi çörək sexinə gəlib çıxdım. Gözlərimlə gördüm maşınla yoğrulan xəmiri də, yumrulanan kökələri, çörəyin qızarıb isti-isti sobalardan çıxmasını da... Elə ordaca üzbəüz əyləşib ata-bala kimi dərdləşdik. Əsli Kəlbəcər rayonunun o vaxtkı Sınıqkilsə, indiki Hacıkəndindən idi Əli kişinin. 31 yaşı vardı qaçqın həyatına qədəm qoyanda. O vaxta kimi Kəlbəcər rayonunun çörək kombinatında baş mühəndis kimi çalışırdı. Özünü dərk edəndən qazancı çörəkdən çıxırdı. Burnu təzə çörək qoxusuna, üzü, gözü xəmirə öyrənmişdi.

Deyir, 1993-cü ilin 2 apreli qara yel kimi əsdi Kəlbəcərin üstünə. Həmin gündən digər kəlbəcərlilər kimi ev-eşiklərindən didərgin düşüb Gəncə şəhərinə pənah apardılar. Ordaca yer-yataq qurub müvəqqəti olaraq kök atdılar. Amma bu müvəqqəti zaman kəsiyi düz 30 il çəkdi. Yeni ünvanlarısa Gəncə şəhər Gülüstan qəsəbəsinin Kəlbəcər qərargahı oldu. Elə ordaca köməkləşib çörək kombinatını işə saldılar ki, məcburi köçkünlərin çörək tələbatı ödənsin. 1996-cı ildən həmin kombinatın direktoru təyin olundu və 2007-ci ilə qədər orda çalışdı. Özəlləşmə prosesləri başlayanda Gəncədə özəl çörək sexi açdı və tender qalibi olub 17 il ərzində Göygöl rayonunun Toğana kəndindəki N saylı hərbi hissənin hərbçilərini çörəklə təmin etdi. Və günlərin bir günü çoxdan gözlənilən qələbə xəbəri gəlincə bütün kəlbəcərlilər kimi kövrəlib qürurlandı. Artıq saç-saqqalına dən düşmüş Əli kişinin sevinci min qat olub Kəlbəcərin başı qarlı dağlarına kimi gedib çıxdı. Elə bu sevinclə üz tutdu doğma el-obaya. Dedi ki, onlar bizə canla-başla xidmət edib ata-baba ocağını qaytardılar, indi də mənim şərəf borcumdur çörəyimlə bu igidlərin xidmətində durmaq... 2021-ci lin ilk günündən Kəlbəcər rayonunda günəş çörək ətriylə birgə doğdu. Və beləcə, rayon mərkəzində seçdiyi guşədə 30 illik aradan sonra çörək sexinin fəaliyyətini bərpa edib başladı hərbi hissə üçün çörək bişirməyə.  

       Birdən susub dərindən köks ötürdü: "İşiləri yoluna qoyan kimi qaçıb kəndimizə getdim. Heç nə qalmamışdı. Nə evlər, nə qəbirlər. Hamısını məhv ediblər..." Bu yerdə Əli kişi saçının bəyazlarıyla uyuşmayan uşaq kövrəkliyi ilə danışa-danışa doluxsundu. Qəhərdənmi, ya şaxtanın təsirindənmi burun pərləri qızarmışdı. Sonra gözlərini bir nöqtəyə dikdi. Dönüb baxışlarının tuşlandığı yerə baxdım. Bayrağa sancılmışdı nəzərləri və onlar bayaqdan danışdıqlarından daha çox söz pıçıldayırdı mənə: "Bəlkə bayrağın qarşısında şəkil çəkdirək?" "Hə. Əla olardı. Qoy bu andan yadigar qalsın..." Üst-başımı çırpıb bayrağın qarşısında dayandım. O an xoşbəxt idim. Sanki yerdən də, göydən də, barmaqlarımın ucundan, başımın üstündə dalğalanan üç rəngdən də çörək ətri gəlirdi. Burnumun kapilyarlarına kimi işləyən bu ətir məni məst etmişdi. Bütün yorğunluğum, soyuqdan titrəməyim asta-asta canımdan çıxır, havaya buxarlanırdı. Düşündüm ki, Allah bilir, bir də nə vaxt yolum bu yerlərə düşəcək? Amma indi Kəlbəcərdə idim və həyatımın ən unudulmaz anlarından birini yaşayırdım. Və həmin anı əbədiləşdirmək lazım idi...

 





03.12.2022    çap et  çap et