525.Az

Si Cinpinə xəbərdarlıq - Xaqani Cəfərli yazır


 

Si Cinpinə xəbərdarlıq - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Çinin ən böyük şəhərlərində hökumətin koronavirus pandemiyasına qarşı "sıfır tolerantlıq" siyasətinə qarşı kütləvi etiraz bütün dünya üçün gözlənilməz oldu. Çünki bu etirazlardan təxminən bir ay əvvəl Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinə seçkilər Si Cinpinin qeyd-şərtsiz qələbəsilə başa çatmışdı. Si Cinpin özü də müasir Çin tarixində ilk dəfə üçüncü müddətə ÇKP-nin Baş katibi seçilərək qaydalara riayət etmək istəmədiyini nümayiş etdirmişdi.

Si Cinpin ÇKP-nin XX qurultayında çıxışı zamanı bir sıra iddialı açıqlamaları ilə diqqəti cəlb etmişdi. Si Cinpinin korrupsiyaya qarşı mübarizədə sarsıdıcı qələbənin qazanıldığı haqqında bəyanatı populist çıxış kimi dəyərləndirilmişdi. Çində yoxsulluğa son qoyulması kimi iddialı bəyanatı kimi, Si Cinpinin korrupsiyaya qarşı mübarizə ilə bağlı açıqlamasının da on il iqtidarda olan liderin mövqeyini gücləndirməyə və legitimləşdirməyə xidmət etdiyini görmək çətin deyil.

Həqiqətdə isə Si Cinpinin yanlış xarici və daxili siyasəti özünün acı nəticələrini verməkdədir. Çin dövlət büdcəsinin kəsiri rekord həddə çatmaqdadır. Çinin bu ilin ilk 9 ayında büdcə kəsiri 7,16 trilyon yuana (980 milyard dollar) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur. Ötən ilin yanvar-sentyabr aylarında Çinin büdcə kəsiri 2,6 trilyon yuan olub. Çinin büdcə kəsiri üç dəfə artdığı halda, ABŞ-ın büdcə kəsiri iki dəfədən artıq azalıb. Onu da nəzərə almaq lazımdır ki, ABŞ-ın dövlət büdcəsi Çinin dövlət büdcəsindən az qala iki dəfə çoxdur. İqtisadçılar hesab edirlər ki, Çinin büdcə kəsirinin sürətlə artmasının bir səbəbi də COVİD-19-a qarşı "sıfır tolerantlıq" siyasətinin həyata keçirilməsidir. Çinin "sıfır tolerantlıq" adı verdiyi siyasət əslində, koronavirusa yoluxmuş şəxslərin çox sərt şəkildə təcrid edilməsindən ibarətdir. Etirazları tətikləyən də məhz tamamilə təcrid edilmiş koronavirus xəstələrinin yanaraq ölmələri olub. Sərt təcrid səbəbindən yanğınsöndürmə maşınları yanan evə yaxınlaşa bilməyib və ən azı 10 nəfər yanaraq ölüb. Belə aqibətin hər kəsi gözlədiyi ehtimalı isə insanların etiraza qalxmasına səbəb olub. Dövlətin informasiya üzərində inhisarına baxmayaraq, insanlar iqtidarın koronavirusla mübarizə siyasətinin söylənldiyi kimi effektli olmadığını bilirlər. Təxminən Çin qədər əhalisi olan Hindistanla müqayisədə Pekinin siyasəti çox uğursuz olub. Məsələn, Hindistanda 44,671 milyon yoluxma, 530,604 ölüm halı qeydə alınıbsa, Çində təxminən dörd dəfə çox yoluxma, üç dəfə çox ölüm qeydə alınıb. Çində 198 milyon nəfər virusa yoluxub, onlardan 1,496 milyon nəfəri ölüb. Belə bir vəziyyətdə hökumətin yenidən "sıfır tolerantlıq" siyasətinə əl atması insanların səbrini daşırıb. Çin əhalinin peyvənd olunması məsələsində də Hindistanla rəqabəti uduzub. Hindistanın Çinlə müqayisədə kütləvi peyvənd kampaniyasını daha effektiv təşkil etdiyi artıq mütəxəssislər tərəfindən də etiraf olunur. Digər tərəfdən Çində koronavirusa yoluxma və ölüm hallarının çox olması yerli peyvəndin əcnəbi analoqları ilə müqayisədə zəif olduğu qənaətini yaradıb. Si Cinpin hakimiyyəti ancaq yerli peyvəndlərin istifadəsinə izn verməklə insanların peyvəndi seçmək imkanlarını da məhdudlaşdırıb.

Etirazlara qalxan insanlar koronavirusla bağlı qadağaların aradan qaldırılmasını və dövlət başçısı Si Cinpinin istefasını tələb ediblər. Etirazçılar əllərində ağ vərəqlər tutduğu üçün Qərb mediası Çindəki etirazları "A4 etirazları" adlandırıb. Çin hökuməti isə 1989-cu ilin iyununda Tyananmen meydanında baş verən hadisələrin simvoluna çevrilən "naməlum üsyançı" və ya "tank man"ın şəkillərinin yenidən yayılmağa başlamasından narahat olub.

"Tank man" Tyananmen meydanında tankların qarşısına tək çıxaraq onları dayandırmağa çalışan adı bu gün də məlum olmayan "naməlum üsyançı"dır. Əlində alış-veriş çantaları ilə tankların qarşısını kəsmək istəyən şəxsin tankın tırtılları altında qaldığı haqqında iddialar var. İndi həmin "naməlum üsyançı"nın obrazı etirazçıların əsas simvoluna çevrilir. Bu isə bir ay əvvəl iqtidar uğrunda mübarizədən tam qələbə ilə çıxmış Si Cinpini narahat edir. Bu proses Çində iqtidar və rejim dəyişikliyinə səbəb olmasa da, sərmayəçiləri Pekinlə işbirliyindən çəkinməyə vadar edir. İndi daha 1989-cu il deyil. Dünya sərt repressiya həyata keçirən avtoritar rejimlərlə işbirliyi quran iş adamlarının mövqelərini dəyişməsinə nail ola bilir. Buna görə də Si Cinpin hələlik etirazçılara qarşı ordudan istifadə etmir.

Etirazlar isə artıq bütün dünyanın diqqətini cəlb edib. Sinqapurun "The Straits Times" qəzeti Çində keçirilən etirazları son on ildə dissidentlərlə mübarizə aparan və yüksək texnologiyalı izləmə sistemi quran Si Cinpinin hakimiyyəti dövründə "görünməmiş itaətsizlik nümayişi" adlandırıb.

"Bloomberg" agentliyi Çində baş verən etirazları Tyananmen meydanında baş verən hadisələrdən sonra Çin Kommunist Partiyasının hakimiyyətinə qarşı ən böyük etiraz adlandırıb. Həqiqətdə bundan ibarətdir ki, son 33 ildə Çində belə geniş etirazlar olmayıb.

"The New York Times" qəzeti isə Çin hökumətinin etirazları "pis niyyətli xarici qüvvələr"lə əlaqələndirməyə çalışmasına diqqət çəkib.

"Financial Times" qəzeti isə etirazçıların Si Cinpinin hakimiyyətinə meydan oxuduğunu, koronavirus pandemiyasına qarşı sərt nəzarətə və söz azadlığının boğulmasına qarşı çıxış etdiyini vurğulayıb.

"Der Spiegel" nəşri Çin senzurasının etirazlarla bağlı məlumatların qarşısını almaq üçün "erotik spam tufanı"ndan istifadə etiyindən yazıb.

Bütövlükdə bu etirazları Si Cinpin iqtidarına xəbərdarlıq kimi dəyərləndirmək olar. Əgər Si Cinpin iqtidarı bu etirazlardan lazım olan nəticəsini çıxarmasa, Çində daha böyük etirazlar qaçılmaz olacaq. Bu isə Si Cinpinin əleyhdarlarının fəallaşmasına, islahat və Qərblə yaxınlaşma tərəfdarlarının yenidən önə çıxması ilə nəticələnə bilər.

 

 





03.12.2022    çap et  çap et