|
|
|
|
Son illər gənclər arasında xaricdə təhsilə maraq durmadan artmaqdadır. Bu zaman xarici universitetlərə müraciət etməyi düşünən tələbələrin qarşısına çıxan ən böyük maneə onların kifayət qədər bilik və bacarıqlara sahib olub-olmamalarıdır. Keyfiyyətli təhsil verən dünyanın qabaqcıl universitetlərinin əksəriyyəti tələbə namizədləri seçərkən onların xarici dil biliklərinə, orta bal (GPA) nəticələrinə və diplomlarına, eləcə də ünsiyyət bacarıqlarına, problem həlletmə qabiliyyətinə və qlobal persperktivlərə malik olub-olmamalarına diqqət yetirirlər.
Təhsilini xaricdə davam etdirmək istəyən gənclərin müraciət etdiyi şirkət onların psixoloji durumlarını, təhsil üçün niyə məhz xarici universiteti seçdiklərini araşdırırmı?
Sorğumuzu cavablandıran xaricdə təhsil üzrə ekspert, Pilgrim EDU MMC şirkətinin təsisçisi Aisa Aslanova fəaliyyəti boyunca müxtəlif xarakterli tələbələrlə işlədiyini bildirib: "Fəaliyyətim boyunca həm hansı ixtisası istədiyini bilməyən, bir vaxtlar arzusunun dalısınca getməyib sonradan özündə cəsarət tapıb məqsədinə yönələn, həm də uşaqlıqdan məqsədinə doğru addımlar atan şəxslərlə qarşılaşmışam. Bəzən özünə güvənməyən tələbənin müsahibədə yüksək performans göstərməsinin, bəzən isə əvvəlcə övladını xaricə buraxmaq istəməyən valideyinin sonunda övladının qəbuluna necə sevinməsinin şahidi olmuşuq. Məhz bu təcrübədən sonra yeni bir platforma yaratmaq qərarına gəldim. Elə bir platforma ki, tələbənin özünü tapmasında, inkişafında və düzgün universiteti seçib qəbul olmasında ona yardım göstərsin".
Aisa Aslanova qeyd edib ki, başlıca məqsədləri tələbələrinin dünyanın ən yaxşı təhsil müəssisələrinə qəbuluna nail olmaqdır: "Bizə bütün ölkələrə və müvafiq təqaüd proqramları üçün müraciət oluna bilər. Müraciətdən sonra tələbə ilə konsultasiya aparılır, göstəricilərinə və istəklərinə əsasən universitet və təqaüd siyahısı tərtib edilir. Daha sonra təsdiq edilmiş təhsil müəssisələrinə əsasən sənədlər hazırlanır və həmin müəssisələrlə danışıqlar aparılır. Burada ən önəmli məqam tələbəyə xaricə getməmişdən öncə göstərilən psixoloji dəstəkdir. Bizim əsas məqsədlərimizdən biri də budur. İlk mərhələdə müəyyən etməyə çalışırıq ki, tələbə ümumiyyətlə niyə xaricə getmək istəyir? Burada səbəb çox ola bilər: ailə ilə problem, mentalitet, yalnız yaşamaq və ya işləmək və s. Əgər bu problemlər varsa, tələbəyə psixoloji dəstək lazımdır".
Pilgrim EDU platformasını digər xaricdə təhsil proqramlarından fərqləndirən cəhətlər hansılardır? Müsahibimizin sözlərinə görə, Pilgrim EDU platformasına müraciət zamanı tələbədə hansısa tərəddüd müşahidə olunduqda əvvəlcə problemin mənşəyini müəyyən etməyə çalışırlar: "Bəzən tələbə bizə müraciət edir və xaricdə təhsil almaq istədiyini bildirir. Lakin hansı ixtisas və ya məqsəd üçün getdiyini soruşduqda tərəddüd içərisində qalır və seçim etməyi bizim öhdəmizə buraxır. Bu kimi problemləri aradan qaldırmaq üçün biz Pilgrim Proftest-i yaratmışıq. Bu test tələbələrin şəxsiyyət tipini müəyyənləşdirir və onlara peşə seçimləri təklif edir. Tələbə əvvəlcə proftestdən keçir, sonra isə karyera məsləhətçisi və psixoloq ilə görüşür. Burada əsas məqsədlərdən biri də övlad-valideyn münasibətlərini daha da sağlamlaşdırmaq, gənclərin psixoloji və özgüvənsizlik problemlərini aradan qaldırmaqdır. Sözügedən test sayəsində valideyn ilə münasibət, "mən kim olacağam?" sualına cavab, tələbənin olduğu cəmiyyət barədə tərəddüdlər kimi məsələlərlə bağlı cavablara aydınlıq gətirilir və beləliklə, yekun bir nəticəyə gəlmək və qərar qəbul etmək mümkün olur".
Sevil SEYMUR