525.Az

​​​​​​​Etibarsız - Səməd Səfərov yazır


 

​​​​​​​Etibarsız - <b style="color:red">Səməd Səfərov yazır</b>

Mən etibarsız adam deyiləm. Bu günə qədər kimisə yarı yolda buraxmamışam, aldatmamışam. Kiməsə yalan vəd verməmişəm. Həmişə sözümdə, əhdimdə möhkəm olmuşam. Dost-yoldaşın da qədrini bilmişəm. Ona görə bəzilərinin irəli sürdükləri bu ittihamları qəbul etmirəm. Məgər, mən xain insanam? Vəfasızam? Əlbəttə, yox. Hər şeyin bir səbəbi var. Uzundur, amma aydınlıq gətirəcəyəm.

O vaxt 2009-cu il oktyabr ayının 14-ü idi. Tarixi güzgü kimi dəqiq xatırlayıram, çünki həmin vaxt mən Moskvada tələbə idim və o gün axşam Azərbaycan futbol millisi Bakıda Rusiya yığması ilə qarşılaşırdı. Dünya çempionatının seçmə mərhələsinin son oyunu idi. Hədsiz həyəcanlıydım. Oyunla bağlı fikirlər tez-tez ağlımı məşğul edir, məni qayğılandırırdı. Qarşılaşmaya hələ iki həftə vaxt qalmışdı, mənsə internetdə matç haqqında açıqlamaları, təhlilləri izləməyə başlamışdım.

Düzdür, çempionata onsuz da gedəsi deyildik, xalımız çatmırdı. Amma bəndəniz ehtiraslı futbol azarkeşi idi və millinin oyunlarını qətiyyən qaçırmazdı. Bakıda yaşayanda bütün matçlara canlı tamaşa edirdim. Tədarükümündən də qalmazdım. Sifətimi üç rəngə boyayar, kartondan üzərində şüarlar yazılmış plakatlar hazırlayar, qəzet səhifələrini isə kəsib, rulon kimi dolayardım. Bayrağı da qamarlayıb, üz tutardım stadiona. Oyun xarici ölkədə olanda da təmtərağı pozmazdım. Evdə televizor qarşısında özümə dəm-dəstgah hazırlayardım: içkilər, çərəz-mərəz və şkafın zirvəsindən asılmış bayraq. Sonuncunu Moskvaya da gətirmişdim. Axşam yataqxana otağında karnizə sancacaqdım. 

Həmin gün günorta çağı universitet yeməkxanasında nahar edirdim. Boğazımdan tikə güclə keçirdi. Ağlımda axşamkı matç haqqında ehtimalları qiymətləndirirdim. Görən, heyətdə kimlər olacaq? İlk qol kimdən gələcək? Başlamı vurulacaq, ayaqlamı? Yoxsa avtoqolmu olacaq?... 

Suallar içində çapaladığım bu qəliz məqamda dostum Müşfiq zəng elədi. Hal-əhval tutduq. Təklif etdi ki, günortadan sonra görüşüb gəzək. Tərəddüd etdim, razılaşmaq istəmədim. Ancaq təklifi rədd edə bilməyəcəyimi də başa düşürdüm. Birinci dəfə deyildi ki! Qarışıq hisslər içində xəbərdarlıq etdim:

- Bax, saat 8-də oyun var. Bir saat əvvəldən mütləq ayrılmalıyıq. Bir dəqiqə belə yubanmayacağam. Yoxsa çatdırmaram. 

- Ürəyini buz kimi saxla – dedi.

Müşfiqlə bir neçə ay öncə tanış olmuşduq. Onunla ilk ünsiyyətdən sonra elə bildim ki, lotoreyada cekpot udmuşam. Adamın dostu belə olar - dahiyanə! Məndən üç yaş böyük idi və kimya üzrə magistratura təhsili alırdı. Azərbaycanda abituriyent imtahanında ən yüksək bal toplayan üç-dörd nəfərdən biri idi. Beynəlxalq elmi olimpiadada mükafat qazanmışdı. İki tədqiqat məqaləsi nüfuzlu elmi jurnalda nəşr edilmişdi. Müntəzəm olaraq elmi konfranslarda, tədbirlərdə çıxış edirdi. Yay tətillərində mənim kimi kitab-dəftəri sağa-sola fırladıb, “asta qaçan namərddir” deyib, istirahət üçün Azərbaycana tələsmirdi. Əksinə, qalırdı Rusiyada, məktəblilərin yay seminarlarına qatılırdı. Onlara pulsuz kimya dərsi keçirdi. Bu cavan yaşda tələbə ola-ola hörmətli “müəllim” adını və nüfuzunu qazanmışdı.

Bəzi nəhəng sənaye şirkətləri onun parlaq savadı və məhsuldar fəaliyyətindən duyuq düşmüşdü. Ona yüksək məvacibli iş təklif etmişdilər. 

- Mən pul qazanmaq istəmirəm. Elmlə məşğul olacağam. Alim olacağam! Yeni-yeni kəşflər edəcəyəm! – deyərək hamısını rədd eləmişdi.

Müşfiq vaxtının böyük hissəsini laboratoriyada ağ xalatda keçirirdi. Lakin həm də incəsənət, musiqi, ədəbiyyata böyük maraq göstərirdi. Bir də görürdün, universitetdə poeziya gecəsində şeir oxuyur. Ya da tələbə yoldaşının gitarasını götürüb, xaricilər qarşısında “Bu qala daşlı qala” mahnısını ifa etməyə çalışır:

- Alim yaradıcı olmasa, məsələlərə yeni həllər tapa bilməz. Hərtərəfli olmaq lazımdır. – deyirdi.

Tez dostlaşmışdıq. Mənim üçün böyük qardaşa çevrilmişdi. Xətrini çox istəyirdim. Həftədə azı bir dəfə görüşür, müzeyləri, sərgiləri ziyarət edir, ədəbi-mədəni tədbirlərdə iştirak edirdik. İkimiz də hər dəfə yeni bir şey oxuyub, bir-birimizlə bölüşmək, müzakirə etmək arzusu ilə alışıb yanırdıq. Ondan hər dəfə nəsə yeni bir şey öyrənirdim. Hər görüşümüzdən sonra elə bilirdim, bir qarış boy atmışam, bir qarış daha savadlı olmuşam. O qədər çox müzakirə edirdik ki, görüşlərin sonunda çənəmiz yorulub sallanırdı. Ayrılanda “davamını gələn dəfə danışarıq” deyirdik.

Bütün bu sadaladığım ürəkaçan cəhətlərə baxmayaraq, Müşfiqin böyük bir eyibi vardı: onun həyatında futbol adlı şeyə yer yox idi. Nə oynamağı vardı, nə də ki, baxmağı. Məcbur qalsaydı, otüstü xokkeyə baxardı, amma futbola gözünün qırağı ilə də nəzər salmazdı. Odur ki, onun həmin oktyabr günündəki təklifi məni narahat etməyə bilməzdi...

Müşfiqlə nahardan sonra görüşdük. Moskva küçələrində həmişəki kimi ordan-burdan uzun-uzun çənə döydük. Saatın əqrəbləri nəhayət, yeddini göstərəndə ayrılmağı təklif elədim.

- Narahat olma, gedərik bizim yataqxanaya, birlikdə baxarıq – dedi.

- Sən futbola baxansan?! – təəccübləndim.

- Futbolu neynirəm?! Söhbətimizə davam edərik. Sən də oyuna baxarsan.

Matç seyr edərkən gözlərimi meydançadan və ya ekrandan ayırmağı sevməzdim. Bütün diqqətim mütləq oyunda qalmalı idi. Birdən qol vurarlar, sənsə görməzsən, qaçırarsan... O coşqu, o qışqırıq, o emosiya partlayışı ki, öz vədəsində baş vermədi, ürəkdən, təbii olmadı, at getsin. İş-işdən keçəndən sonra çığır-bağır salmaq fonoqram ilə mahnı oxumaq kimi bir şeydir. Ona görə Müşfiqin təklifi məni qane edə bilməzdi, amma onunla söhbətimizdən aldığım həzzə etiraz etməkmi olardı?

Gəzintiyə davam etdik. Müxtəlif mövzuları geninə-boluna müzakirə etdik. Oyuna yarım saat qalmış yenə bildirdim ki, artıq gecdir, üz tutaq metroya.

- Cavan oğlansan! Yataqxanaya nə qaldı ki? İkicə stansiya. Ayağına güc ver, piyada gedək! – dedi.

Düzü, ehtiyatı əldən verməyi sevən deyildim. Həmişə həyatın gözlənilməz sürprizlərinə hazır olmağı xoşlayırdım. Amma yerimək məgər sağlamlıq üçün faydalı deyildimi? Universitet otaqlarında o qədər hərəkətsiz otururduq ki, cavan bədənimiz taxta kimi kütləşirdi. Üstəlik, həm də qonaq gedirdim, əliboş olmaq ədəbli deyildi - yolüstü marketlərdən birindən nəsə almaq yaxşı olardı. Beləliklə, Müşfiqin təklifi ilə razılaşdım. Lakin yolboyu tez-tez saatıma göz atır, arabir həyəcan təbili çalırdım: “Gecikirik, sürətlənək”.

Matçın başlamasına təqribən on beş dəqiqə qalmış birdən Müşfiq nəsə xatırlayıb addımlarını yavaşıtdı. Cibindən telefonu çıxarıb, yataqxanadakı otaq yoldaşı Sergeyə zəng elədi. Ondan harada olduğunu, nə vaxt qayıdacağını soruşdu. Sonra sağollaşıb, alnını qırışdırdı və fikirli halda dedi:

- Sergey yataqxanada deyil. Otağın qapısını bağlayıb gedib. Mənim də açarım qalıb çantamda. O da Kimya tədqiqat institutundadır. Yaxındadır. Gedib gəlməyimiz vur-tut on dəqiqə çəkər.

Dodağımı büzüb, içimi çəkdim. Razılaşmaqdan savayı əlacım yox idi. Əgər on dəqiqəlik iş idisə, oyunun start fitinə çatacaq idik. Hələ marketə girməyə də vaxt qalacaqdı. Odur ki, kefimi daha çox pozmayıb dedim: 

- Yaxşı, cəld olaq.

- Arxayın ol. – dedi.

 

***

 

İnstituta gəlib çatdıq. Düz on iki dəqiqə yol getmişdik! İlk beş dəqiqəni hesaba almışdım, amma sonrakı hər dəqiqədə elə bil dərimi soyurdular. Qanım it qanına dönmüşdü. İynə batırsan, partlayacaqdım.

Özümü qınadım ki, Müşfiqin, sizə hələ demədiyim, daha bir eyibini – vaxt məsələsində qeyri-dəqiq olduğunu diqqətdən qaçırmamalı idim. Onunla indiyə qədər nə vaxt görüşmüşdüksə, həmişə görüşə on-on beş dəqiqə gec gəlirdi. Mən də avara qalıb gözləyirdim. Heç mənim gecikdiyim, onun məni gözlədiyi bir görüşümüz də olmamışdı. Hər dəfə də hansısa elmi işi, seminarı, dərsi səbəb göstərib, üzrxahlıq edirdi.

Arada məəttəl qalırdım ki, elm adamı da belə qeyri-dəqiq olar? Sonra fikirləşirdim ki, alimlərin həmişə qəribə xasiyyətləri olur. Məsələn, Nikola Tesla üç rəqəminin düşkünü imiş. Əlini üç dəfə yuyurmuş, binaya girməzdən əvvəl onun ətrafında dəli kimi üç dəfə dövrə vururmuş. Eynşteyn corab geyinmirmiş, deyirmiş ki, ayağın böyük barmağı var ha, o axır-əvvəl corabı deşir, nəyimə lazımdır corab geymək? Pifaqor isə o qədər lobyaya nifrət edirmiş ki, tələbələrinə belə lobya yeməyi, ona toxunmağı qadağan edibmiş. Hələ deyirlər, azğın quldurlar Pifaqoru təqib edirlər, alim qaça-qaça gəlib çatır bir lobya tarlasına, amma tarlaya girməyə ürək eləmir və quldurlar tərəfindən öldürülür. İndi dahilər haqqında bu qədər əhvalatı bilə-bilə Müşfiqin görüşə gecikməyinimi dərd eləyəcəyəm? Odur ki, həm bu, həm də Müşfiqə olan hörmətimdən ötrü abrımı qorudum, üzümü ona sarı çevirib incikliyimi yüngül şəkildə bəyan elədim: 

- Müşfiq, nə uzun məsafəymiş. Oyun artıq başlayır...

- İkicə dəqiqəyə həll edib gedirik – o, gözlərini yoldan ayırmayaraq qəti cavab verdi.

İnstitut binası hündür daş hasarla dövrələnmiş geniş bir ərazidə yerləşirdi. Yəqin ki, Sovet vaxtında inşa edilmişdi. Köhnə, yaraşıqsız binaya oxşayırdı. Müşfiq deməsəydi, bəlkə də, tərk edilmiş bir xarabalıq olduğunu zənn edərdim. 

Uzun hasar boyunca xeyli addımladıq və qabağında yarımdairəvi sahə olan böyük darvazaya çatdıq. Buradan içəri keçəcəyimizi zənn edərək azacıq darvazaya sarı meyil etdim, amma Müşfiq heç oralı olmadı, irəli yeriməyə davam elədi.

- Buradan girmirik? – çaşqınlıqla soruşdum.

- Darvaza axşam bağlı olur, qabaqdan girəcəyik – dedi.

Təxminən yüz metr irəlilədik. Sağımızda nəqliyyat yolu uzanırdı. Solumuzda isə seyrək ağaclıq və arxasında institutun hündür hasarı vardı. Bu vaxt Müşfiq qəflətən sola buruldu və ağacların arasına soxuldu. Yerimdəcə ayaq saxladım.

- Hara gedirsən?! – dalınca ehtiyatla səsləndim.

- Hasardan keçəcəyik. Gəl. – arxaya baxmadan cavab verdi.

- Necə yəni?

- Qapılar bu vaxt bağlıdır, gərək hasarın üstündən girək.

Başımı qaldırıb hasara baxdım. Bayaqdan “hasar-hasar” deyib, əhəmiyyət vermədiyim bu yekə daş hörgüsü indi əzəmətli bir div kimi mənə baxırdı. Gözlərim bərəldi.

- Sən get, mən gözləyirəm. – dedim.

Müşfiq nəhayət geri çevrilib, mənə baxdı:

- Olmaz. Hasarın o biri tərəfindən dırmaşmaq asan deyil. Qayıdanda gərək başqa yerdən keçək. Həm də oradan yataqxanaya daha yaxındır – dedi.

- Bəs, yaxşı, onda mən boyda adam bura necə çıxım?! – üstünə çımxırdım. Əbəs deyildi. O, incə-mincə oğlan idi, bərk külək əssə, yerə səriləcəkdi. Mən isə artıq çəkili idim. Külək mənə bata bilmir, siyrilib yan keçirdi.

Müşfiq məni diqqətlə altdan yuxarı süzdü. Elə bil, ilk dəfə iri həcmimi görürdü. Ağlında nəyisə ölçüb-biçdi. Sonra hasara yanaşdı və divarı əlləyərək bir şey axtarmağa başladı. Əlini qopmuş daş parçasının yaratdığı boşluğa qoyub:

- Bax, mən əlimi birləşdirəcəyəm. – dedi və bu vaxt barmaqlarını bir-birinə caladı - Sən bir ayağını qoy ovucumun içinə. O biri ayağını da sox bu boşluğa. Çıx hasarın üstünə. Orada məni gözlə.

Qəzəblənmişdim, yerimdən tərpənmək istəmirdim. Nə qələt eləyib, bu gün bu görüşə razı olmuşdum, axı? Çoxdandır dörd gözlə gözlədiyim qarşılaşma vardı. Gərək hər təklifə “hə” deyəsən? De ki, bugün alınmır, ertəsi gün görüşərsən də!

Nə qədər hirslənsəm də, dərk edirdim ki, Müşfiqin təlimatına əməl etməyə məcburam. Çarəm nə idi? İlişib qalmışdım burada. Odur ki, ayağımı qoydum onun ovucuna. Əvvəl tab gətirmədi, az qala yıxılacaqdı. Bir neçə dəfə cəhd etdik. Axırda hasarın soyuq daşından, ağacların nəm budaqlarından yapışaraq, üst-başım toza bulaşa-bulaşa dırmaşdım. Barının üstündə oturdum. 

Müşfiq isə nindzalar kimi dərhal yuxarı atıldı, yanıma gəldi. Haradan öyrənmişdi bu hərəkətləri? Bütün günü laboratoriyada oturan oğlan deyildi bu?...

Qarşıya baxdıq. İnstitut binası hündür şam ağacları ilə dövrələnmişdi. Adda-budda skamyalar vardı. Elə bil xəstəxana həyəti idi. Burnuma yaş yarpaqların boğucu tünd qoxusu dolurdu.

- Qulaq as. - Müşfiq sakitcə izah elədi - İndi yavaşca aşağı enəcəyik. Sən ayağını bu ağacın gövdəsinə qoy. Elə ki ayağın yerə dəydi, var gücünlə oradakı qapıya sarı qaç – uzaqda görünən metal qapıya işarə elədi.

- Niyə?

- Burada iki dənə axmaq ov iti var. Adamı tutsa, parçalayacaqlar, buraxan deyillər.

- Məzələnirsən? - gərildim. 

Söz ağzımdan elə təzəcə çıxmışdı ki, bir də gördüm, Müşfiq yoxdur, qeyb olub, artıq aşağıdadır. Təşvişlə ağacın gövdəsindən tələm-tələsik yapışaraq aşağı sürüşdüm. Budaqlar bədənimə, üzümə iynə kimi sancılırdı. Gözümü qapadım ki, heç olmasa, bu lənətə qalmış axşam kor olmayım. Ayağım yerə toxunan kimi bir quru budaq xırçıltı ilə sındı. İkimiz də həyəcanla bir-birimizə baxdıq və dərhal yerimizdən götürüldük. Sürətlə qaçıb, qapıya çatdıq. Müşfiq cəld əlini qapının dəstəyinə atdı. Açılmadı. 

- Bağlıdı? – tövşəyərək soruşdum.

O, cibindən açarları çıxartdı və birini seçib, dəliyə soxdu. Qapı açıldı. Bir-birimizi itələrək içəri dürtüldük. Elə bil, çiynimdən ağır yük götürdülər. Nəfəsimi dərməyə macal axtarırdım ki, Müşfiq qolumdan dartdı:

- Sənə bir şey deməliyəm – o, artıq pıçıltıya keçmişdi.

- Nə? 

- Bura tədqiqat institutudur.

- Aha? – gözlərinin içinə baxdım. 

- Strateji əhəmiyyətli yerdir bura, içəri ancaq xüsusi icazəsi olan adamlar girə bilir.

- Yəni?... – həyəcanlandım - İcazən yoxdur? 

- Var, var... – deyib duruxdu – var deyəndə, universitetin müəllimi danışıb, mənə icazə veriblər, amma qeyri-rəsmidir...

- Yəni, indi bizi tutsalar, nə olacaq?

- Heç nə! – başını qətiyyətlə yırğaladı – Kim tutasıdır? Axşam vaxtları o qədər gəlib getmişəm ki. Sadəcə deyirəm, yəni, qaranlıqda getməli olacağıq. Həm də səs çıxartmayaq. Birdən polis olar...

- Polis?.. – həyəcanlandım. 

- Buranı hərdən polislər qoruyur. 

- Necə yəni qoruyur?… silah… silahları da var? - dilim topuq vururdu.

- Bilmirəm, ola bilər...

Bu dəfə bərk acığım tutdu. Hiss elədim ki, abır əldən gedəcək. Ürəyimdən gələn bütün təhqirlər yığılıb, boğazıma tıxanmışdı. Bir neçə dəfə ağzımı açıb söyüşləri döşəmək istədim, amma hər cəhdimdə Müşfiqlə aramızdakı münasibət, ona rəğbətim gözümün qabağını pərdə kimi örtdü. Nəticədə dişimin dibindəki acı sözləri ən mərifətli sinonimlərlə əvəz etməli oldum. Müşfiqi ehtiyatsız, laqeyd, vecsiz, başısoyuq, diqqətsiz adlandırdım. O da hiss elədi ki, əslində, daha ağır söyüşlər söyürdüm...

Reaksiya vermədi. Sakitcə və ehtiyatla addımlamağa başladı. Uzun bir dəhlizdən keçdik. Ətrafda böyük metal çənlər və onlara bitişik olan, divarda, tavanda sağa-sola uzanan iri-iri borular vardı. Çənlərin üzərində əksəriyyətinin adlarını bilmədiyim müxtəlif kimyəvi maddələrin adları yazılmışdı. Bəzilərində hətta kəllə sümüyü şəkli də vardı. Bir çənin üstünə isə əleyhqaz atılmışdı. Qərar verdim ki, hər şeyi görməzlikdən gəlim və sual-zad verməyim.

Bir qapıdan keçib, özümüzü başqa bir dar dəhliz tapdıq. Azca irəliləmişdik ki, qəflətən yaxınlaşan addım səsləri eşitdik. Cəld otaqlardan birinin qapısını açıb içəri girdik. Sinif otağına oxşayırdı. Masaların arasında çöməlib gizləndik. Qaranlıqda kəsik-kəsik çıxan nəfəsimizi eşidir, bizi ələ verəcəyini zənn edirdik. Tezliklə qara gödəkçəli bir nəfər şüşəbənd qapının önündən keçib getdi. Müşfiq gecikmədən göstəriş verdi: 

- Gedək.

Otaqdan xəlvəti çıxdıq. Dəhlizdə yeriməyə davam etdik. Artıq ürək döyüntülərimi qulağımda hiss edirdim. Polis bizi yaxalasa, nə olacaqdı? Həbsəmi atacaqdı? Yəqin ki, Təhsil Nazirliyindən atama zəng edəcəkdilər. Sonra səfirlik nümayəndəsi gələcəkdi. Dəqiq bilirəm, televizorda “Cinayət işi” verilişində göstərəcəkdilər. Atam da polis idi, çox baxırdı o verilişə. Taleyə bax. Verilişdə öz oğlunu görəcəkdi...

Bir az daha yeridikdən sonra pilləkənlə üst mərtəbəyə qalxdıq. Müşfiq tezliklə bir qapını açdı və içəri keçdik. Bura laboratoriya otağı idi. Ətrafda cihazlar, kitab-dəftərlər, ağla gələn hər formada şüşə qablar, borular vardı. Müşfiq dolablardan birini açıb, çantasını tapdı və dərhal qamarladı. Elə bil, ürəyimə su səpdilər. İşin yarısını həll etmişdik. Qalmışdı buradan qaçıb canımızı qurtarmaq.

Dəhlizə qayıtdıq və yenə oğrun-oğrun irəliləməyə başladıq. İri bir metal qapıya çatdıq. Onu yavaşca açanda çöldən zəif səs gəldi. Kimsə vardı. Tez qapını örtdük. Bilmədik, yerimizdəmi qalaq, yoxsa uzaqlaşaq. 

- Başqa qapıdan çıxa bilərik? – deyə soruşdum.

- Yox, buradan çıxmalıyıq.

İki-üç dəqiqə gözlədik, sonra Müşfiq yenidən əlini dəstəyin üstünə qoydu. Bu vaxt qapıdan ciyilti səsi eşidildi və səs get-gedə yüksəlməyə başladı. Müşfiqin qolundan möhkəm dartdım:

- Açma da!

- Mən deyiləm!

 

***

 

Qapı anidən açıldı və iki nəfər qara gödəkçəli kişi göründü.

- Siz kimsiniz? – deyə qışqırdılar. Hücum çəkib qollarımızdan yapışdılar, biləklərimizi burdular. Elə bil, oğurluq üstündə tutulmuşduq. 

Hay-küy qopdu. Müşfiq hər şeyin qaydasında olduğu təəssüratı yaratmağa cəhd eləyir, yüksəkdən danışırdı:

- Bir dəqiqə, bir dəqiqə... Qolumu buraxın... Biz tələbəyik. Burada məşğul olurduq. İşimiz vardı... Bir dəqiqə...

Adamların gödəkçələrinin arxasında böyük hərflərlə “Mühafizə” yazılmışdı. Təxminən 40-50 yaşlarında olardılar. Üstlərində, deyəsən, silah yox idi, amma rezin dəyənəklər vardı. Qüvvətli görünürdülər. Qollarımızı elə bərk tutmuşdular ki, hərəkət edə bilmirdik.

- Bilmirsiniz ki, saat 6-da binadan çıxmaq lazımdır? – Müşfiqi tutan mühafizəçi soruşdu.

- Necə çıxaq? O qədər iş var ki! Elmi konfransa hazırlaşırıq. Məqalə yazmaq lazımdır, laboratoriyada təcrübə aparırıq... – Müşfiq durmadan deyinirdi. Başını sağa-sola çevirərək elə təbii danışırdı ki, elə bil dosta-yoldaşa güzəranından şikayət eləyirdi.

- Tələbə vəsiqələrinizi, giriş icazələrinizi göstərin – mühafizəçi tələb etdi.

Müşfiq icazə istəyərək cibindən vəsiqəsini çıxartdı. Sonra giriş icazəsini tapmaq adı ilə çantasında eşələnməyə girişdi. 

- Sən də ver! – mənə də əmr verildi və mən də üstümü əlləməyə başladım.

Çox keçmədən Müşfiq içini çəkərək dedi:

- İcazəni tapa bilmirəm. Amma siz məni tanıyırsınız da, əvvəl görmüsünüz. – o, mənim yanımda dayanan mühafizəçiyə dönərək dedi.

Kişi diqqətlə Müşfiqin üzünə baxdı və soyuq bir ifadə ilə cavab verdi:

- Mən səni tanımıram.

Müşfiq tutuldu.

- Necə yəni tanımırsınız? Hər həftə məni görmürsünüz burada? – deyə soruşdu.

- Xeyr.

- Yalan danışırsınız! – Müşfiq səsini qaldırdı.

Digər mühafizəçi mənə sarı dönüb soruşdu:

- Sənin də icazən yoxdur?

Mən tələbə vəsiqəsini könülsüzcə uzatdım. Universitetdə iqtisadiyyat üzrə oxuyurdum. Kimya ilə əlaqəsi yox idi. Kələyin üstü açılacaqdı. Müşfiq məsələdən agah olub, mənim yerimə səbrlə cavab verməyə başladı:

- Yoldaşım başqa sahə üzrə oxuyur. Onunla birlikdə konfrans üçün çıxış hazırlayırıq. – boğazını arıtladı – bəlkə, bilirsiniz, zavodlarda istilik dəyişdirici avadanlıqlar olur. Çox bahadırlar. Bu cihazların içindən kimyəvi maddələr keçir və onları kirlədir. Bu kirlənmənin səviyyəsini daha doğru şəkildə ölçən model hazırlayırıq. Mən kimyəvi hesablamaları edirəm, o isə - əli ilə mənə işarət elədi - bu modelin zavodun xərclərini nə qədər azalda biləcəyini hesablayır.

Mühafizəçilər sabit üz ifadəsi ilə Müşfiqə baxırdılar. O, nitqini bitirəndə bayaqkı mühafizəçi təzədən mənə eyni sualı verdi:

- İcazən var, ya yox?

Nə deyəcəyimi bilmədim. Məndən cavab gəlməyincə, mühafizəçi metal qapıdan çölə çıxmağımızı istədi. Sonra həmkarına baxaraq göstəriş verdi:

- Polislərə məlumat ver.

Müşfiqlə göz-gözə gəldik. O, bir az fikrə gedib, daha sonra yenidən dilini işə saldı və mühafizəçiləri yola gətirməyə çalışdı. Faydası olmadı. Arada mənə azərbaycanca dedi:

- Bu adam məni tanıyır, amma artistlik eləyir.

- Müəlliminin adını verə bilməzsən?

- Yox. Demişdi ki, elə elə, özünü işə salma.

Bizi institut ərazisininin girişindəki darvazanın yanına gətirdilər. Burada mühafizəçilər üçün birmərtəbəli köşk yerləşirdi. İçəri keçib, geniş otağa girdik. Burada 5-6 ədəd monitor vardı və ərazi kameralarla müşahidə olunurdu. Qəflətən “Azərbaycan” sözünü eşitdim və ətrafa göz dolandıranda gördüm ki, həsrətində olduğum matç televizorda canlı-canlı göstərilir. Gözümü ekrana zillədim. Hesab Rusiyanın xeyrinə 1-0 idi. İçimə daha da çox kədər doldu.

Bizi tezliklə başqa otağa apardılar. Bura, deyəsən, toplantılar üçün nəzərdə tutulmuşdu – ortada ətrafında stullar qoyulmuş bir masa vardı. Divarda institutun xəritəsi, yanğın zamanı təxliyyə planı və təhlükəsizliklə bağlı bildirişlər asılmışdı. Mühafizəçilər bizi burada tərk edib, qapını kilidlədilər. Müşfiqlə dinməz-söyləməz oturduq. Həyəcanla nə baş verəcəyini gözləyirdik. Müşfiq arabir narahatlığa əsas olmadığını, hər şeyi həll edəcəyini söyləyirdi.

On-on beş dəqiqə sonra küçədə nəqliyyat vasitəsinin yaxınlaşdığını eşitdik. Darvaza qapıları aralandı və maşın içəri girdi. Tezliklə otağımızın qapısı açıldı. İki polis nəfəri içəri daxil oldu. Özlərini təqdim etdilər. Orta yaşlı kişi leytenant, gənc oğlan isə çavuş idi. Pasport və vəsiqələrimizi istədilər. 

Ardınca otağı tərk etdilər. Bir xeyli keçmiş qayıtdılar. Leytenant əlində Müşfiqin vəsiqəsini tutaraq, onu sorğu-suala tutdu.

- Bura niyə gəlmişdiniz?

- Mən mühafizəçilərə də izah elədim. Sizə də izah eləyirəm. Biz konfransa hazırlaşırıq. Başımız qarışdı, axşama qədər məşğul olduq. 

- Bəs, icazəniz niyə yoxdur?

Müşfiq bu dəfə də nala-mıxa vurmağa başladı: dedi ki, icazə hələ hazır deyil, bir həftəyə veriləcək. Amma konfrans vacib olduğu üçün bizim buraya gəlməyimiz lazım imiş.

- Sizi bura kim dəvət eləyib? – polis soyuqqanlıqla sualları verməyə davam edirdi.

Müşfiq ad vermək istəmirdi. Yenə mühafizəçilərdən birinin onu tanıdığını və əvvəllər instituta buraxdığını deməyə başladı. Polislər razı qalmadılar. Qapını kilidləyib getdilər. 

Uzun müddət yanımıza gələn olmadı. Müşfiqlə bir-birimizi dindirmir, baxışlarımızı yayındırırdıq. İkimiz də qəzəbli idik. Ayağa qalxıb divardakı təxliyyə planına baxdım və Müşfiqlə bu gecə getdiyimiz yolları tapmağa çalışdım. Arada ağlıma fikir gəldi ki, görən, bu xəritəni istifadə edərək qaçmaq olarmı?.. Amma bütün sənədlərimiz polislərdə idi. Təzədən yerimdə əyləşdim.

Bir qədər keçmiş anidən çığırtı, söyüş səsləri eşitdik. Diktor Azərbaycan millisinin cavab qolu vurduğunu bəyan elədi. Yüngül də olsa, ürəyimdə ani sevinc hissi cücərdi. Müşfiq isə üz-gözünü turşudub: 

- Futbola baxırlar. – acıqla dedi və ayağa qalxdı. Qapıya yaxınlaşaraq ona iki dəfə möhkəm yumruqla vurdu. 

- Dəlisən?! Neynirsən? Qapını niyə vurursan? – cəld qolundan tutub çəkdim. 

- Belə şey olar? Adamla məzələnirlər! Axmaq kimi bizi burada qoyub gediblər. - Müşfiqin sifəti qızarmışdı. 

Çox keçməmiş yenə gurultu qopdu. Ardınca getdikcə yaxınlaşan iti, qaba addım səsləri eşitdik. Leytenant qapını sərt şəkildə açıb içəri şığıdı:

- Qapını qıran heyvərə kim idi? – deyə bağırdı.

- Bizi burada niyə saxlamısınız?! – Müşfiq də ayağa qalxıb, onun üstünə bozardı.

- Kəs səsini! İndi polis bölməsinə gedərik, ağlın başına gələr.

- Nədir, Azərbaycan sizə qol vurub, bizə acıq verirsiniz!

Polisin gözləri alovlandı. Müşfiqin qolundan tutub, qaba şəkildə özünə tərəf çəkdi və qolunu tərs şəkildə burdu. Müşfiq səndələyib, bir dizi üstdə yıxıldı. Qorxdum ki, ona təpik vurular. Ayağa qalxıb, onları aralamağa çalışdım:

- Ehtiyac yoxdur, eləməyin. Dostum sadəcə narahatdır. – Müşfiqin qoluna girib, ayağa qalxmasına kömək etdim. 

Leytenant mənə məhəl qoymadan Müşfiqi darta-darta dəhlizə çıxartdı. Müşfiq dartınır, çiyinləri divarlara dəyirdi. Mən də arxalarınca yüyürdüm. Çavuş irəli atılıb, qolumdan yapışdı. Mühafizəçilər kənarda dayanıb, bizə tamaşa edirdilər. 

Köşkdən çölə çıxdıq. Leytenant Müşfiqi itələyərək polis maşınının arxasına apardı. Sonra cibindən qandal çıxartdı və onun qollarına taxdı. Müşfiq isə dayanmadan:

- Neynirsiniz?! Mən sizdən şikayət edəcəyəm! Elm adamı ilə belə davrana bilməzsiniz! - deyə etiraz edirdi. 

- Onu türmədə yoldaşlarına danışarsan! - Polis xəbis təbəssümlə şərh verdi və maşının arxasındakı qapını açıb, Müşfiqi barmaqlıqlı müvəqqəti saxlama hücrəsinə zorla mindirməyə çalışdı.

Müşfiq leytenanta təslim olmayıb, israrla içəri girməməyə cəhd göstərir, qapının çərçivəsinə əlini qoyaraq müqavimət göstərirdi. Leytenant bir neçə həmlədən sonra onun bu hərəkətindən təngə gəldi və var gücü ilə onu möhkəm içəri itələdi. Sonra qapını açarla cəld kilidlədi.

- İndi nə qədər istəyirsən, çərənlə – dedi.

Müşfiq etirazla cavab qaytardı, amma nə dediyini aydın eşitmədim. Leytenant ona əhəmiyyət verməyərək geri döndü. Bu vaxt qəflətən qabağında məni görüb, bir anlıq karıxdı. Deyəsən, varlığımı unutmuşdu. Bir neçə saniyə qəribə səssizlik oldu. Sanki nə edəcəyini bilmirdi. Qolumdan tutmuş çavuş sükutu pozaraq soruşdu: 

- Rəis, bunu da mindirək? 

Ürəyim qopdu. Müşfiqə baxdım. Maşının arxasında, qaranlıqda, əsəbi və pərişan halda, tək-tənha oturmuşdu. Taqətdən düşmüşdü. Ona ürəyim acıdı. Gələcəyin alimi ilə belə davranmaqmı olardı?... Uzaqdan isə diktorun həyəcanlı səsi eşidilirdi. Nəfəs almadan oyunu şərh edirdi. 

Leytenant hələ də dinməmişdi. Tərəddüdlü idi. Üzümü ona tutub, səsim qırıla-qırıla dedim:

- Olar... mən də sizinlə futbola baxım?...

Leytenant gözlərini qaldırıb, heyrətlə mənə baxdı. Təəccübdən alnı qırışmışdı. Deyəsən, zarafat etdiyimi, onu doladığımı zənn edirdi. Müşfiq də səsimi eşidib, başını qaldırmış, mat-məəttəl baxırdı. Gözlərini görməməyə cəhd edirdim.

- ...bilirsiniz, cənab leytenant, çoxdandır bu matça baxmaq istəyirdim. Dəhşət də oyun gedir. – deyə izah elədim.

Leytenant bir müddət qərarsız göründü. Sonra diktorun uzaqdan gələn səksəkəli səsi sanki onu ayıltdı və nəhayət dilinin altında mırıldandı: 

- Yaxşı.

Cavabı eşidər-eşitməz Müşfiqlə göz-gözə gəlməmək üçün üzümü geri çevirdim. Polis və mühafizəçilərlə birlikdə köşkə girib, televizorlu otağa keçdik. Məndən ayaqüstə qalmağımı tələb etdilər. Özləri isə televizorun qarşısında əyləşib, seyrə başladılar. Arabir kəskin şərhlər verir, qəzəblə öz futbolçularını söyürdülər. Mənsə qorxumdan cınqırımı çıxartmırdım. Bəzən Tofiq Bəhrəmov adına stadiondan azarkeşlərin “A-zər-bay-can!”, “Bir-da-ha!” deyə çığırışlarını eşidir, azacıq da olsa sevinirdim. 

Otağın pəncərələrindən Müşfiqin əli qandallı oturduğu maşın görünürdü. Diqqətlə baxsaydım, yəqin, Müşfiqi də görərdim, hələ, bəlkə, gözlərinin parıltısını da, amma ürək eləmirdim. Nə lüzum vardı, axı? Maraqlı oyun gedirdi… Bəs, o? O, yəqin ki, həmin kiçik hücrədə gözlərini mənə dikmişdi... şübhə etmirdim…

Gərgin keçən qarşılaşma bərabərliklə bitdi. Hələ oyunun sonlarına yaxın qapımıza on bir metrlik cərimə zərbəsi də təyin olundu. Qapıçımız topu qəhrəmanlıqla yaxaladı. Onda fikirləşdim ki, yəqin, polislər sinirlənib, məni Müşfiqin yanına göndərəcəklər. Lakin şükür ki, əl dəyən olmadı.

Oyun bitdikdən sonra “ümid axırıncı ölər” şüarını xatırlayıb, boğazıma qüvvət verdim və şuxluqla:

- Bir-bir. Dostluq, qardaşlıq qazandı! – deyib, dişlərimi ağartdım.

Otaqdakılar dönüb tərs-tərs baxdılar. Hamısının üzündən zəhriman yağırdı. Leytenant ağzını büzərək, mühafizəçilərə göstəriş verdi:

- Aparın bunu.

Məni digər otağa gətirib, qapını kilidlədilər. Yorulmuşdum. Stula yayxandım və aqibətimin necə olacağı haqqında mülahizələr apardım. Başıma hec çür yaxşı gümanlar gəlmirdi. Atamı “Cinayət işi” verilişini izləyən şəkildə təsəvvür edirdim.

Xeyli keçmiş qapının açıldığını eşitdim. Çavuş məni həyətə çıxartdı. Müşfiq polis maşınının yanında başı aşağı, burnu sallaq vəziyyətdə dayanmışdı. Qolunda qandal yox idi. Leytenant ona nəsə izah edirdi. 

- Başa düşdün? – deyə axırda soruşdu.

- Bəli. – Müşfiq itaətkarcasına sakit səslə cavab verdi. 

- Eşitmədim!

- Başa düşdüm! – Müşfiq daha ucadan dedi.

- Yaxşı, gedin. 

Darvazanın yanındakı qapını açdılar. Bizi sərbəst buraxdılar. Bir müddət dinməzcə yeridik. Axırda özümü saxlaya bilməyib soruşdum: 

- Bizi niyə buraxdılar?

Müşfiq cavab vermədi. Sualım bir neçə addım havada qaldı. Sonra acıqlı səslə dilləndi:

- Demişdim də, əclaf artistlik eləyir. 

Metroya qədər səssiz yeridik və orada dilucu quruca vidalaşıb ayrıldıq. Həmin gündən sonra nə mən onu axtardım, nə də o məni. Fikirləşdim ki, bu artıq bizim dostluğumuzun sonudur. Əlbəttə, adam kədərlənirdi, amma başqa nə etmək olardı ki?

…Düz üç həftə dörd gün sonra Müşfiqdən telefonuma mesaj gəldi. Dedi ki, Sergey Dovlatovun yaradıcılığına həsr olunmuş tədbir var. Getmək istəyirəmmi. Razılaşdım. Görüşəndə ünsiyyətimiz soyuq və rəsmi alındı, aramızda pərdə hiss olunurdu. Sözü sözə calaya bilmirdik. Hətta fikirləşdim ki, gərək görüşməyəydik. 

İki həftə keçmiş yenə başqa bir tədbirə birlikdə gedəsi olduq. Beləcə, görüşlərimizin sayı təzədən artmağa başladı. Münasibətimizdəki inciklik yavaş-yavaş azaldı. Həmin oktyabr günündə baş vermiş hadisəni heç vaxt dilə gətirmədik. Bu sanki qadağan olunmuş bir mövzu idi…

…Dekabrda Yeni il bayramı ərəfəsində yoldaşlarla birlikdə şam edir, bayramı qeyd edirdik. Bir neçə qədəh spirtli içki qəbul etdikdən sonra Müşfiq bəyan elədi ki, maraqlı bir hadisə danışacaq və həmin bədnam əhvalatı dilə gətirdi:

- Təsəvvür eləyin, qolumu burub, məni yıxırlar, çırpışdırırlar. Sonra əllərimi qandallayırlar. Ardınca məni soxurlar “meymunluğa”. Hirs içindəyəm, partlayacağam, başıma elə bil, qaynar su töküblər. Bu vaxt polis buna deyir ki, sən də keç onun yanına. Bu da nə desə yaxşıdır? – Müşfiq əllərini havada yellədərək hamıya sual elədi – Qayıdıb deyir ki, xahiş eləyirəm, olarmı, mən də sizinlə futbola baxım? Belə dost olar?! Belə xainlik olar?!...

Müşfiqin bu haqsız danışığından sonra dost-yoldaş arasında ləqəbim həmişəlik “etibarsız” qaldı. O gündən bəri nə vaxt uyğun bir məqam olsa, bu hadisəni xatırlayıb, mənə yarızarafatla, yarıciddiyyətlə sataşır, məni etibarsızlıqda günahlandırırlar. Mən də hər dəfə o günün təfərrüatlarını xırdalayıb, hadisələri yad eləyirəm, özümə bəraət qazandırmağa çalışıram. 

- Axı, deyin, kimdir etibarsız?... Mən, ya Müşfiq? – de soruşuram.

Onlardan ittihamları əsaslandırmalarını tələb edirəm. Amma məni eşidən kimdir?! Hərə öz aləmindədir. Əsas odur, gülməyə mövzu olsun. Elə özləri deyirlər, özləri də hırıldayırlar. Kimi nə əyləndirir, kimə nə xoşdur, ona da inanır. Hadisənin təfsilatı isə heç kəsin vecinə deyil…

 





04.12.2022    çap et  çap et