525.Az

Musiqi karvanının yorulmaz sarvanı


 

Musiqi karvanının yorulmaz sarvanı<b style="color:red"></b>

Tamaşa etdiyi bir cizgi filmində səslənən musiqi bütün qəlbinə hakim kəsildiyinə görə o, violino alətinə çox kiçik yaşlarından maraq göstərməyə başlayır. Günlərin bir günü uşaq bağçasında oxuduğu dövrdə radio verilişinə qonaq dəvət edilən bir neçə istedadlı həmyaşıdı arasında o da var idi. Bütün uşaqlar kimi, ona da gələcəkdə hansı peşənin sahibi olacaqsan sualı ünvanlandıqda balaca oğlanın ürəyindən elə həmin anda violinoçu olmaq keçir. Beləliklə də, onun gələcək tale yolu həmin gün məlum olur. Oğlunun musiqiçi olmaq arzusunu radionun efiri vasitəsilə dinləyən ata və ana övladının istəyini dərhal yerinə yetirirlər. Təhsil alması üçün onu Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin simli alətlər şöbəsinə gətirirlər. Bununla da, gələcəyin parlaq violinoçusunun musiqi dünyasına ilk addımına yol açılır. Onun ifası dinləyicilərin diqqətini yeniyetməlik dövründən cəlb edir. Səkkizinci sinifdə oxuyarkən gənc musiqiçi hər gün öz ifasını daha çox təkmilləşdirir. Əzmkarlığı və çalışqanlığı sayəsində müəllimlər və musiqiçilər tərəfindən məktəbin ən qabaqcıl şagirdi kimi nüfuz qazanır. Sonralar isə onun ürəklərə süzülən böyük təsir gücünə malik ifası bütün musiqi ictimaiyyəti və musiqisevərlər tərəfindən alqışlarla qəbul edilir. Haqqında söhbət açdığım şəxs istedadı, zəhmətsevərliyi, alicənablığı və vətənpərvərliyi ilə dərin ehtiram və rəğbətə layiq olan dəyərli ziyalımız, görkəmli sənətkar Arif Kamal oğlu Manaflıdır. O, Azərbaycan musiqi sənətinin çox tanınmış və sanballı simalarındandır, sənətinə vurğun olan və həmişə sadiq qalan musiqiçidir.

Musiqi ilə bağlılığı ailə köklərindən gələn A.Manaflı 2 dekabr 1957-ci ildə Bakı şəhərində, ziyalı ailəsində dünyaya göz açıb. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin violino sinfindən məzun olduqdan sonra (1976) Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (hazırkı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) professor Tahir Atakişiyevin sinfinə qəbul olunub. Lakin sonradan təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında (1976-1981) professor D.M.Sıqanovun rəhbərliyi ilə davam etdirib. O, ifaçılıq səviyyəsini təkmilləşdirmək, bu sənətin sirlərinə dərindən yiyələnmək məqsədilə 1983-cü ildə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasına (hazırkı Sankt-Peterburq Konservatoriyası: F.N.) professor B.L.Çutnikovun sinfinə aspiranturaya qəbul olunub. Həmin illərdə klassik və müasir dövr bəstəkarlarının mürəkkəb əsərlərini səsləndirib. Aspiranturanı bitirdikdən sonra (1985) vətənə qayıdan gənc ifaçı M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solo konsert proqramı ilə çıxış edib. Daha sonra dağıstanlı dirijor Pavel Yadıxın idarəsilə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə İ.Bramsın məşhur violino konsertionun təfsirində dinləyicilərə çatdırılıb. A.Manaflı əmək fəaliyyətinə 1985-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayıb. Həmin ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında əvvəlcə konsertmeyster, sonradan isə bu musiqi ocağında (1988-1993) simli alətlər kafedrasının müəllimi kimi işini uğurla davam etdirib. Müxtəlif konsertlərdə, televiziya və radio proqramlarında tez-tez çıxışları olub. Bakıya qayıtdıqdan sonra o, vətənində maraqlı proqramlarla konsertlər verib. 1985-1993-cü illərdə Nazim Rzayevin, Rauf Abdullayevin, Ramiz Məlikaslanovun, Yalçın Adıgözəlovun və İsmayıl Hacıyevin idarəsi ilə geniş və rəngarəng məzmunlu konsertlərdə iştirak edib. Həmin dövrdə violino üçün yazılmış Azərbaycan bəstəkarlarının yeni musiqi əsərləri ilk dəfə məhz onun ifasında tanınıb. A.Manaflı təkcə azərbaycanlı dirijorlar ilə deyil, sonralar Naci Özgüç, Erhan Parlat, Orhan Şallıel, Ender Sakpınar, Tolga Taviş, Emin Güven Yaşlıçam, Nesrin Bayramoğulları, Marek Pijarovski, Can Beyli kimi musiqiçilərlə də yaradıcılıq təmasını davam etdirib.

Böyük musiqiçi vətənpərvər şəxsiyyət kimi Birinci Qarabağ müharibəsində iştirak edib. Faciəli 20 Yanvar hadisələri zamanı o, dostu pianoçu Teymur Şəmsiyev ilə birlikdə könüllü olaraq vətənin müdafiəsinə qalxıb. Sonralar isə mübarizəsini musiqi vasitəsilə aparıb, soydaşlarının haqq səsinə öz səsi ilə güc qatıb. Təsadüfi deyil ki, tanınmış ifaçı uzun illərdən bəri yeri gəldikcə Türkiyə Televiziya və Radiosunda bu mövzuda geniş kütləni maarifləndirir. Hünərli eloğullarından biri kimi respublikamızdan kənarda da xidmətləri ilə xalqımızı qürurlandırır. Onun yaradıcılığı və ictimai fəaliyyəti Azərbaycanla yanaşı, dost ölkə olan Türkiyə Cümhuriyyətinin musiqi mədəniyyətinin inkişafı ilə sıx tellərlə bağlıdır. Arif bəy yüksək peşəkarlığı və məhsuldar fəaliyyəti ilə qardaş türk xalqının mədəniyyətinə böyük töhfələr bəxş edib. Yorulmadan qonşu ölkənin musiqi təhsilinin tərəqqisi uğrunda səmərəli xidmət göstərən ustad sənətkar 1993-cü ildən "Trakya Üniversitesi, Devlet Konservatuvarının, 1995-ci ildən isə "Dokuz Eylül Üniversitesi, İzmir Devlet Konservatuvarının Müzik bölümü"ndə Yrd.Doç.Dr kimi fəaliyyətə başlayıb. Bu günə qədər İzmir Konservatoriyasında müəllim kimi işini davam etdirən görkəmli sənətkar yaradıcılıqla yanaşı, gənc musiqiçilər nəslinin tərbiyəsi ilə yaxından məşğul olub. A.Manaflı 41 il ərzində əllidən artıq violino ifaçısı yetişdirib. Onun sayca 31 yetirməsi hazırda Türkiyədəki aparıcı musiqi kollektivlərində ifaçılıq və pedaqoji fəaliyyətlə məşğuldurlar.

A.Manaflının simasında sənət və həyat təcrübəsi baxımından əvəzsiz cəhətlər öz əksini tapıb ki, onlardan biri də musiqiçinin yaradıcılıq yolunda özünəməxsus rol oynamış görkəmli şəxsiyyətlərin ehtiramla yada salınmasıdır. Bütün bunlar onun sədaqətindən və böyüklüyündən xəbər verir. O, valideynləri, müəllimləri, əsərlərini ifa etdiyi bəstəkarlar və başqa musiqiçilər ilə yanaşı, Ulu öndər Heydər Əliyevin də rolunu yüksək dəyərləndirir. Böyük siyasətçini dərin minnətdarlıq duyğusu ilə yad edən görkəmli violinoçu Rusiyada təhsil aldığı illərdə "Xalq Teatrı"nda onun məruzələrini dinləyənlərdən biri olduğunu xatırlayır və özünü həm də Ulu öndərin yetirməsi hesab edir. Tale elə gətirib ki, 1990-cı illərin əvvəlində Türkiyədə yaradıcılıq fəaliyyətinə yenicə başladığı dövrdə gözəl sənətkar İzmirdə güclü siyasi liderimizlə ikinci dəfə görüşüb. H.Əliyevin 7 may 1997-ci ildə "Dokuz Eylül Üniversitesi"nin Fəxri Doktoru kimi təltif edilmə mərasimində onun şərəfinə təşkil olunan tədbirdə pianoçu Aykut Bakırla birlikdə kiçik konsert proqramı ilə çıxış edib. Həmin gün Q.Qarayevin, F.Əmirovun, A.Məlikovun, A.A.Sayqunun əsərlərini səsləndirdiyini bildirən istedadlı musiqiçi konsertdən sonra H.Əliyevin təbrikini və xoş sözlərini dinləyib. Növbəti görüş isə İstanbulda olub. Uzun illər ötsə də, virtuoz ifaçı həmin görüşləri işıqlı xatirələrlə yada salır. Sözsüz ki, bütün bunlar A.Manaflının hafizəsində dərin iz buraxıb və ona yaradıcılıq stimulu bəxş edib. Məhz buna görədir ki, görkəmli sənətkarın sorağı Fransanın, Almaniyanın, Belçikanın, Böyük Britaniya və Yaponiyanın, Özbəkistanın, Qırğızıstanın, Qazaxıstanın, həmçinin, bəzi ərəb ölkələrinin nüfuzlu konsert zallarından gəlir. O, dünyanın 36 ölkəsində konsertlərdə çıxış edib. A.Manaflı müxtəlif illərdə Türkiyənin aparıcı simfonik orkestrləri ilə birlikdə həmin ölkələrə yaradıcılıq səfərlərində olub. Fransa və Almaniyada isə solo konsertlər verib.

Arif bəy məsafəcə doğulduğu məkandan uzaqda yaşayıb fəaliyyət göstərməsinə baxmayaraq, qəlbi hər zaman vətən eşqilə döyünən yurddaşımızdır. O, respublikamızda gedən yaradıcılıq və quruculuq proseslərinə təəssübkeş vətəndaş kimi çox fərəhlənir. A.Manaflı xalq üçün xidmət göstərir, əldə etdiyi uğurları ilə həm türk qardaşlarımızı, eyni zamanda həmvətənlərimizi daim qürurlandırır. A.Manaflının bu günlərdə nə az, nə də çox - 65 il ərzində qət etdiyi məhsuldar həyat və yaradıcılıq yoluna nəzər saldıqda onun şərəflə və ləyaqətlə ömür keçirdiyinin şahidi oluram. O, bu illər ərzində insana lazım olan ən dəyərli nə varsa hamısını öz zəhməti və istedadı ilə əldə edib. Dostları və həmkarları arasında dərin hörmət və etibar qazanan tanınmış musiqiçi, tələbələri və doğmaları tərəfindən böyük nüfuz və sevgi ilə əhatə olunub. Bənzərsiz sənətkar incəsənətimizə verdiyi zəngin töhfələrə görə 1990-cı ildə mükafata və Azərbaycanın Əməkdar artisti (1991) fəxri adına layiq görülüb. Bütün bunlar virtuozifaçının Azərbaycan musiqi sənəti sahəsində dəyərli xidmətlərinin nəticəsidir. Öz yetirmələrinin uğurlarına hədsiz sevinən, şəxsiyyəti və sənətkarlığı haqqında hamı tərəfindən gözəl fikirlər səsləndirilən, hər yerdə alqışlar eşidən Arif bəy sadaladıqlarıma yüksək humanizmi, daxili paklığı, dürüstlüyü, səmimiliyi və əzmkarlığı sayəsində müvəffəq olub. Həmin keyfiyyətlər A.Manaflını başqalarından qəti şəkildə fərqləndirir, müdrikliyi, uzaqgörənliyi, səmimiliyi onun şəxsiyyətini ucaldır, daha da cazibədar və maraqlı edir. Arif bəy təbiətinə xas olan güclü iradəsi, mərdliyi, səxavəti və təvazökarlığı ilə də seçilir. Odur ki, xalqına və sənətinə sonsuz sevgi ilə bağlı olan, həyatını musiqiyə həsr edən kamil sənətkara, vətənpərvər Azərbaycan övladına böyük ehtiramımı bildirmək məqsədilə ürək sözlərimi bu sətirlər vasitəsilə ünvanlamaq qərarına gəldim. İfasından vəmaraqlı söhbətlərindən böyük zövq aldığım yubilyar indi ömür pilləsinin kamillik çağındadır. Onu bu münasibətlə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, həyatın və sənətin nahamar yollarında həmişə olduğu kimi sarsılmaz iradə və tükənməz enerji ilə daim irəli addımlamağı arzulayıram. Musiqi karvanının yorulmaz sarvanını, əziz  həmvətənimizi, özünəməxsus ifaçılıq üslubu ilə Azərbaycan violino məktəbini zənginləşdirən və sənətkarlıq zirvəsini fəth edən hörmətli Arif bəyin gələcək illəri sonsuz həyat sevincləri ilə dolu olsun.

Fazilə NƏBİYEVA
Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru
[email protected]

 





04.12.2022    çap et  çap et