525.Az

Mehdiqulu xan Cavanşir - Vasif Quliyev yazır


 

Mehdiqulu xan Cavanşir - <b style="color:red"> Vasif Quliyev yazır</b>

(Əvvəli ötən saylarımızda)

 

Tədqiqatçı-jurnalist, yazıçı Vasif Quliyev bu yaxınlarda Qarabağ xanlarının həyatından bəhs edən trilogiyadan üçüncü əsərini - "Mehdiqulu xan Cavanşir" adlı sənədli-tarixi romanını tamamlayıb. Romandan bir parçanı oxuculara təqdim edirik.

Vəziyyətin yenidən gərginləşə biləcəyini görən Qafqaz qoşunlarının ali baş komandanı Nikolay Fyodoroviç Rtişev avqust ayının 21-də otuz min nəfərlik qoşunla Qarabağa gəldi. Dərhal da Şuşada yüksək rütbəli zabitlərin müşavirəsini çağırdı. Və generalların verdikləri raportlardan burda yaranan vəziyyətlə ətraflı tanış oldu.

Əsasən, Qarabağ torpağında gedən Rusiya-İran müharibəsi qədimlərdən gözəlliklər məskəni kimi tanınan bu diyarı, sözün əsl mənasında, xarabazarlığa çevirmiş, əhalisini pərən-pərən salmışdı. İranlıların basqınlarından canlarını qurtarmaq üçün Qarabağ ellərinin bir hissəsi başqa yerlərə köçüb-getmiş, bir qismi isə əmlaklarından və mal-qaralarından məhrum olaraq səfil kökünə düşmüşdü. Qarabağ, demək olar ki, tamamilə boş bir səhraya çevrilmişdi.

1812-ci ildə Abbas Mirzənin iyirmi minlik ordusunun hücumu zamanı Qarabağdan çoxlu sayda ailə Arazın o biri üzünə aparılmışdı. Bu ailələrin yarıdan çoxu zorla köçürülmüş, bir hissəsi isə iranlıların vədlərinə inanaraq onlara qoşulub-getmişdi. Abbas Mirzə Cəbrayıl yüzbaşısı Yaqub ağaya tabe olan bütün ailələri də əsir aparmış və onları Araz kənarında məskunlaşdırmışdı. Lakin qarabağlılara verilən vədlər yerinə yetirilmədiyindən iranlılara qarşı onların inam və etibarları itmişdi. Bu barədə məlumat alan general-leytenant Pyotr Stepanoviç Kotlyarevski yaranmış şəraitdən istifadə etmək qərarına gəldi. O, Rusiyaya sədaqətli olan yüzbaşı Yaqub ağa ilə gizli surətdə məktublaşmağa başladı, ondan geri - Qarabağa qayıtmasını xahiş elədi. Yaqub ağa Qarabağa həvəslə qayıtmaq fikri olduğunu bildirdi. Ona görə də general Mehdiqulu xanın köməyi ilə əməliyyat planı hazırladı və bu əməliyyatı həyata keçirmək üçün gürcü qrenadyor polkunun komandiri, mayor İvan Nikolayeviç Abxazovun başçılığı ilə üç topla beş yüz piyada və üç yüz otuz nəfərdən ibarət kazak qoşunu göndərdi. Mayor təcili olaraq Araz sahilinə yaxınlaşdı və çayın keçidində iki rota qoyaraq on beş verstlik məsafədə İranın içərilərinə doğru irəlilədi, "Xan bağı" deyilən dərə ilə gedib, köçkünlərin məskunlaşdığı yerləri tutdu. Yaqub ağa ilə şərtləşdikləri kimi toplardan atəş açmaqla işarə verərək kazakların köməyi ilə bir-birindən ayrı düşmüş qarabağlıları bir yerə topladı. Beləliklə, az müddət ərzində səkkiz yüz on bir ailəni Arazın bu tayına - doğma el-obalarına keçirtdi. Bu uğurlu əməliyyata görə mayor İvan Nikolayeviç Abxazov podpolkovnik, iranlılar tərəfindən əsir aparılmış ailələrin Qarabağa qaytarılmasında mühüm rol oynamış yüzbaşı Yaqub ağaya isə kapitan rütbəsi verildi. Eyni zamanda onlar pulla da mükafatlandırıldılar (AKAK, V cild, 1873-cü il 697-ci  sənəd. General Rtişevin general Qorçakova 5 yanvar 1813-cü il tarixli, 9 nömrəli məlumatı).

...Qarabağdakı rus əsgərlərinin və onların komandirlərinin üzlərinə yaxşı baxdıqca onların əməlləri azır, özlərini öz evlərindəki kimi hiss edir, bu yerlərin mütləq sahibləri kimi aparırdılar. Ruslar ermənilərin diqtəsi ilə yerli əhalini incidir və tez-tez azərbaycanlılara qarşı cinayətlər törədirdilər. Onların bu özbaşınalığına dözməyən İbrahimxəlil xanın nəvəsi Cəfərqulu ağa Cavanşir Cəbrayıl elindən altı min nəfər də götürüb, İrana pənah aparmışdı. Bunun ardınca da Mehdiqulu xanın başını böyütməyə başlamışdılar. Və yadellilərin hərəkətlərindən getdikcə narazılıqları artan yerli əhali artıq meylini İrana salmışdı və Abbas Mirzənin qoşunlarının gəlməsini gözləyirdi. Ruslar üçünsə İran tərəfdən hər an təhlükə gözlənilirdi. Ali baş komandan bu təhlükəni aradan qaldırmaq üçün hər vasitəyə əl atırdı. 1812-ci il sentyabr ayının 9-da o, 17-ci piyada diviziyasının komandiri, general-mayor Axverdovu Abbas Mirzə ilə sülh danışıqlarına göndərdi və ayın 26-da hər iki dövlətin ali baş komandanları arasında danışıqlar başladı. Rusiyanın tələbləri həddindən çox olduğuna görə İran tərəfi bununla razılaşmadı. Sülh danışıqları pozuldu və iki dövlət arasındakı münasibətlər daha da gərginləşdi və müharibənin yenidən qızışmasına aparıb-çıxardı. Abbas Mirzə qarabağlıların arzusu ilə Aslandüz tərəfdən Qarabağa doğru irəlilədi. Rusların və iranlıların gücləndirilmiş qoşun hissələri burda qarşılaşdı. Oktyabr ayının 10-da olan məşhur Aslandüz döyüşü iranlıların tam məğlubiyyəti ilə nəticələndi...

...Kürəkçay müqaviləsinə görə xanlıq dövlət xəzinəsinə hər il səkkiz min çervon ödəməliydi. Lakin Qarabağdakı ictimai-siyasi və iqtisadi vəziyyət, davam eləyən aramsız müharibələr vergini vaxtlı-vaxtında ödəməyə imkan vermirdi və hətta ödənilməmiş vergi qalıqları üst-üstə yığılaraq on yeddi min çervona çatmışdı. Əhali nəinki vergi vermək iqtidarındaydı, hətta dolanışıq üçün Rusiya dövlətindən maddi vəsait tələb edirdi. Camaatının həmişə qayğısını çəkən, qeydinə qalan Mehdiqulu xan Cavanşir isə həmvətənlərinin həyat şəraitini yaxşılaşdırmaq və onları düşdükləri bu ağır və çətin vəziyyətdən çıxarmaq üçün yaxın adamı Gülməmməd bəylə general Nikolay Fyodoroviç Rtişevə məktub göndərdi. Məktubda xan əhalisinin ödəyə bilmədiyi vergi borcunu ya birdəfəlik bağışlamağı, ya da ödənilmə müddətini altı il uzatmağı xahiş eləyirdi. Xüsusi olaraq vurğulayırdı ki, əgər Əlahəzrət İmperator xalqdan mərhəmətini əsirgəsə, onda nəinki ondan vergi almaq olar, əksinə, vergi vermək gücündə olmayan əhali istər-istəməz başqa vilayətlərə çıxıb-getməyə məcbur ola bilər. Həm də onlar vergidən müvəqqəti olsa da, azad edilsələr, onda Qarabağdan baş götürüb-gedənlər öz vətənlərinə dönməyə çalışarlar və sair və ilaxır (AKAK, V cild, 1873-cü il. General Rtişevin Mehdiqulu xana 18 iyul 1812-ci il tarixli, 180 nömrəli məktubu).

Bu məktubu yazmaqla bərabər artıq son vaxtlar ruslara inam və etibarını itirən Mehdiqulu xan Cavanşir  didərgin düşmüş həmvətənlərini əl altından öz vətənlərinə toplamağa başladı. Lakin Qarabağda azərbaycanlıların sayının azalmasına var gücü ilə çalışan və ov tulası kimi Mehdiqulu xanı qarabaqara izləyən Qazax murovu, milliyyətcə erməni olan polkovnik Bebutov bu barədə rus qoşunlarının baş komandanına xəbər çatdırdı ki, Mehdiqulu xan Qazaxda məskunlaşmış köçkün qarabağlıları ailələri ilə birlikdə Qarabağa köçməyə məcbur edir və bununla da əhalidə mənəvi pozğunluq yaradır. Bebutova özü qədər inanan general Mehdiqulu xana göndərdiyi sərəncamda onu qınayaraq ruslara qarşı etibarsızlıqda günahlandırır, belə hərəkətlərə, bu cür "səhvlər"ə yol verməməyə çağırır, xüsusilə də, "keçmiş qarabağlılar"ı qəbul etməməsini, onlara sığınacaq verməməsini, gələnlərin geri qaytarılmasını əmr edir və bildirirdi ki, ailələrin bir yerdən başqa yerə köçürülməsi yalnız dövlət mükəlləfiyyətlərindən və vergilərdən yayınmaq üçündür. Və bununla da general bütün gələcək məsuliyyəti Mehdiqulu xanın üzərinə qoyurdu... (AKAK, V cild, 1873-cü il. 698-ci sənəd. General Rtişevin qarabağlı Mehdiqulu xana 6 fevral 1813-cü il tarixli, 96 nömrəli sərəncamı).

1813-cü ilin ilk aylarında İran tərəfdən olan basqınlar xeyli səngimiş və Qarabağda o qədər də əsaslı siyasi dəyişiklik baş verməmişdi. Lakin sərbazlar arabir Araz çayını keçərək camaatın əkin-biçin sahələrinə ziyan vurur və mal-qarasını qabaqlarına qatıb aparırdılar. Yerli əhali də bunun qarşısını bəzən ala bilir, bəzən də itkilərə məruz qalırdı. Ona görə də son vaxtlar Arazın o tayına kəşfiyyatçılar göndərilir və alınan məlumatlar camaatın karına gəlir, gözdə-qulaqda olmasını tələb edirdi.

May ayının 14-də Zəngəzur mahalının yüzbaşısı, poruçik Qasım bəy Mehdiqulu xan vasitəsilə Şuşaya - Pyotr Stepanoviç Kotlyarevskini əvəz eləyən polkovnik Jivkoviçə məlumat verdi ki, iranlılar bu günlərdə qarətçilik məqsədilə Zəngəzura basqın edəcəklər. Ona görə də o özü dərhal hazırlıq görməyə başladı, özünə məxsus olan kəndlərdən kifayət qədər silahlı piyada və atlı dəstə toplayıb, çapqınçıların keçəcəyi yolları bağlamaq üçün yüzbaşı Hüseyn bəyin sərəncamına göndərdi. Lakin quldurlar döyüşə girmədən bir kəndin mal-qarasını qabaqlarına qatıb, apara bildilər. Bundan duyuq düşən Hüseyn bəy dəstəsi ilə iranlıları izləyərək sərhəd zonasında onları haqladı və bir qədər atışmadan sonra heç bir itki vermədən qarətçilərin apardıqları mal-qaranın bir hissəsini əllərindən alıb, onları qaçmağa məcbur elədi.

Bu hadisədən bir neçə gün sonra, yəni, iyun ayının 4-də Əliqulu xanın, Əlimədəd xanın və Məmmədvəli sultanın başçılığı ilə təxminən iki min nəfərdən ibarət İran atlı dəstəsi Arazı keçərək yenidən Zəngəzura basqın elədi. Bu xəbəri eşidən Mehdiqulu xan dərhal özünü ora yetirdi. 17-ci yeger polkunun podporuçiki Kejinin başçılıq etdiyi rota ilə Xınzirək kəndinin sahibi, kapitan Ağalar bəyin topladığı atlı və piyada silahlı dəstə iranlıların qarşısına çıxıb, kənddən on verst aralı bir yerdə ildırım kimi onların üstünə şığıdı. Bu vaxt Qasım bəy də gəlib-çıxdı. İki saata yaxın davam eləyən atışmadan sonra iranlıların hücumu dəf edildi, sərbazlar döyüş meydanından qaçdılar. Qarabağ atlı dəstələri onları on verstlik məsafədə Bərgüşad çayına qədər təqib elədilər. İranlılar çayı keçərkən çoxlu itki verdilər. Hüseyn bəy və yerli əhalidən üç nəfər həlak oldu, üç nəfər isə yaralandı (AKAK, V cild, 1873-cü il. 700-cü  sənəd. General Rtişevin knyaz Qorçakova 12 iyul 1813-cü il tarixli, 144 nömrəli məlumatı).

... Rusiyaya qarşı vuruşmağa daha iqtidarı olmayan Fətəli şah Qacarı müharibə tamamilə bezdirmişdi. Torpaqlarını qorumaq üçün yollar arayıb-axtaran İran qoşunlarının baş komandanı Abbas Mirzə isə yaxşı bilirdi ki, sülh olarsa, başda ürəkdən, cani-dildən sevdiyi dədə-baba yurdu Qarabağ olmaqla digər yerlər də əldən çıxacaq. Fətəli şah isə erməni arxiyepiskopu Yefrem vasitəsilə Nikolay Fyodoroviç Rtişevlə sülh bağlamağa razı olduğunu bildirdi. Ali baş komandan isə İran tərəfinə bildirdi ki, mühüm və həlli vacib olan məsələlər belə bir görüşlə həll oluna bilməz. Ona görə də danışıqlar aparmaq üçün Tehrandan onun görüşünə nümayəndə heyəti göndərildi. Lakin bu heyətin tərkibində səlahiyyətli şəxs olmadığına görə danışıqlar yenə də baş tutmadı. Fətəli şah bu dəfə Tiflisə Nikolay Fyodoroviç Rtişevin yanına danışıqlara öz yaxın və səlahiyyətli adamı Məhəmmədəli bəyi göndərdi. Rus generalı müqavilə bağlama yeri kimi İrəvan, Naxçıvan və Gülüstanı təklif elədi. Qarabağın Gülüstan kəndi daha münasib hesab olundu və müqavilə 1813-cü il oktyabr ayının 24-də burda imzalandı. Sənədə Rusiya tərəfindən Nikolay Fyodoroviç Rtişev, İran tərəfindən isə Mirzə Əbülhəsən xan qol çəkdi. Bu müqavilə 1804-1813-cü illərdə Rusiya-İran müharibəsinə son qoydu. Müqaviləyə əsasən İran dövləti Qarabağ, Gəncə, Şəki, Şirvan, Quba, Bakı və Talış xanlıqlarından, Şərqi Gürcüstana və Dağıstana olan iddiasından əl çəkdi və onların Rusiya ilə birləşməsini təsdiq elədi. Beləliklə, İran Şimali Azərbaycan xanlıqlarını (Naxçıvan və İrəvandan başqa) Rusiyanın tabeliyinə verdi. Müqavilə Rusiya çarı I Aleksandrın təsdiqinə göndərildi. Rusiya ilə İran arasında, ümumiyyətlə, Cənubi Qafqazda nisbi sakitlik yarandı.

Gülüstan müqaviləsi aşağıdakı maddələrdən ibarət idi:

Taleyi qüdrətli, günəş bayraqlı, Cəmşid məqamlı, bütün Rusiya imperiyasının ləyaqətli, ali Əlahəzrət İmperatoru və qüdrətli taleyi asimanlar ucalığında olan böyük hökmdar, Süleyman məqamlı, İran dövlətinin ləyaqətli Əlahəzrət şahı öz əhalisinə və təbəələrinə bəslədikləri mehribanlıq və şəfqət prinsiplərini əsas götürərək və özlərinin şövkət və şəninin əksinə olan ədavəti aradan qaldırmaq üçün tərəflər arasında keçmiş qonşuluq münasibətlərini təmin edən dostluq və üzrlü sülhün bərqərar olmasını arzulayır, buna çalışırlar və bu, hər iki Əlahəzrət tərəfindən yaxşı qarşılanır. Bu yaxşı işləri həyata keçirmək və qanuniləşdirmək üçün Əlahəzrət Rusiya İmperatoru tərəfindən yüksək məqam sahibi, Rusiyanın Qafqaz və Gürcüstanda yerləşən əsgəri hissələrinin komandanı, general-leytenant Qoqonay, Gürcüstan, Qafqaz və Həştərxanın şəhər və vilayətlərinin işlərini, əmniyyətini və sərhəd məsələlərini tənzimləyən, Xəzər dənizindəki gəmilərin əsgərlərinin komandanı Aleksandr Nevski, birinci dərəcəli Atabay ordenli, göstərdiyi qəhrəmanlıqlara görə Georgi nişanı və qızıl qılıncla təltif olunmuş və bütün mükafatlara layiq görülmüş Nikolay Rtişevi və bütün İran məmləkətinin tale qüdrətli və yüksək məqamlı Böyük, Əlahəzrət Padşahı, həmçinin Rusiya və İngiltərə dövlətlərində İran dövlətinin böyük elçisi olan, əmirlər əmiri seçilmiş, şan-şöhrətli saraya yaxın əyanlar əyanı, gizli sirlərə məhrəm, İran dövlətinin əksər işləri üzrə müşavir, nazirlər kabineti üzvlərindən, saray adamlarının ikinci təbəqəsinin hər şeydən hali olan əmirlərindən sayılan, öz şahından xüsusi mükafatlara, qiymətli daş-qaşlarla işlənmiş xəncər, qılınc, bıçaq, tirmədən tikilmiş libas və yaraqlı ata layiq görülmüş Mirzə Əbülhəsən xanı küll-ixtiyar sahibi etmişlər və tərəflər Qarabağ vilayətinə mənsub Gülüstan mahalından Zirə çayının yanındakı Rusiya hərbi düşərgəsində görüşmüş və müzakirə aparmışlar.

Etimadnamələrimizi və bütün səlahiyyətlərimizi bildirib, bir-birimizə təqdim edəndən sonra mübarək sülhə aid işlər barədə mülahizə və təhqiqatlarımızı böyük hökmdarlarımızın adından onların qərarını tərəflərin hüquqlarına əsasən burda öz əksini tapan qeyd, fəsil və şərtləri əbədi olaraq qəbul edir, təsdiq edir və imzalayırıq:

Birinci maddə: Bundan sonra indiyə qədər Rusiya və İran dövlətləri arasında mövcud olan müharibə, ədavət və düşmənçilik məsələləri bu müqaviləyə əsasən həmişəlik olaraq kəsiləcək, bir kənara qoyulacaq, Böyük Rusiya İmperatoru və Əlahəzrət İran Şahı, onların varisləri və vəliəhdləri arasında möhkəm sülh, dostluq və güclü həmrəylik hökm sürəcək.

İkinci maddə: Tərəflərin apardığı çoxsaylı müzakirə və danışıqlara əsasən razılıq əldə edilmişdir ki, dövlətlər arasında sülh müqaviləsi "statsko-operzəndim" prinsipi ilə bağlansın, yəni, sülh müqaviləsi bağlanana qədər tərəflər hansı mövqe və yerdə idilərsə, elə orda da qalmalı və bu ana qədər dövlətlərin hər birinin işğalı altında olan ölkələr və xanlıqlar əvvəllər olduğu kimi həmin dövlətin ixtiyarında olmalıdır. Buna görə də ali Rusiya və İran dövlətləri arasında aşağıdakı sərhəd xətləri təsbit və təyin edilmişdir. Sərhəd xətti Adinəbazar ərazisinin başlanğıcından müstəqim xətt üzrə Muğan səhrası yolundan Araz çayının Yeddibölük keçidinə qədər və Araz çayı sahilinin yuxarı hissəsindən Mehri dağının arxasındakı Kəpənəkçay çayına qovuşulan yerə qədər və ordan Qarabağ, Naxçıvan və İrəvan vilayətlərinin sərhəd xəttinə qədər, həmçinin Gəncə sərhəddinə qədər uzanır. İrəvan, Gəncə vilayətləri, Qazax və Şəmşəddillə həmsərhəd olan yerdən ta Eşikmeydana qədər müəyyənləşdirilib birləşdirilir. Eşikmeydandan Həmzəçəmən yolu və çaylarının sağ tərəfindəki dağların başına qədər və Pəmbək dağlarının başından Şuragöl mahalının guşəsinə qədər və Şuragöl guşəsindən Bərfaldagöz dağının zirvəsindən keçərək Şuragöl mahalı və Miyanənin sərhəddindən Arpaçayın yanındakı Sədərək kəndinin sərhəddinə qədər birləşdirilib müəyyənləşdirilir.

Talış xanlıqları vilayətləri ədavət və düşmənçilik üzündən bir-birinin əlinə keçdiyinə görə və onların ədalət və düzgünlüyünün artırılması üçün bu Talış vilayətlərinin sərhəddi Ənzəli və Ərdəbil tərəfdən böyük hökmdarların bu sülh müqaviləsinin təsdiq olunmasından sonra etimad göstərilmiş adamlar və mühəndislər tərəf başçılarının qarşılıqlı anlaşmasına əsasən onlara mənsub dağları, çayları, gölləri, yaşayış və əkin sahələrini təfsilatı ilə qeyd edir, ayırır və müəyyənləşdirirlər. Onu da aydınlaşdırıb, müəyyən etməlidirlər ki, bu sülh müqaviləsi tərtib edilən zaman əldə olan və tərəflərin işğalı altındakı yerlər dəqiqləşdirilsin. O zaman onlar Talış vilayətinin sərhəd xəttini də "statsko-operzəndim" prinsipi əsasında təsbit və müəyyən edəcək və tərəflər hər birinin işğalı altında olan yerlərin sahibi olacaqlar. Həmçinin yuxarıda göstərilən bu sərhədlərdən əgər bir hissə tərəflərin xəttindən kənara çıxmış olsa, tərəflərin bu işləri həyata keçirmək vəzifəsi tapşırılan mötəbər adamları və mühəndisləri "statsko-operzəndim" prinsipinə uyğun olaraq razılığa gələcəklər.

Üçüncü maddə: Bütün İranın Əlahəzrət Böyük Padşahının bütün Ümumrusiya imperatoruna bəslədiyi dostluq və həmrəyliyini sübut etmək üçün bu sülh müqaviləsi ilə öz əvəzinə və İranın şahlıq taxtının böyük vəliəhdlərinin əvəzinə hal-hazırda Yelizavetpol adlanan Qarabağ və Gəncə vilayətlərini, Şəki, Şirvan, Quba, Dərbənd və Badkubə xanlıqlarını, Talış vilayətlərinin Rusiyanın işğalı altında olan hər yerini, bütün Dağıstan, Gürcüstan, Şuragöl, Açıqbaş, Kurnə, Menkeril və Anğaz ("Abxaz" olmalıdır) mahallarını, Orta Qafqazda və müəyyənləşdirilmiş sərhədlər daxilində olan bütün mahal və əraziləri, eləcə də Xəzər dənizi sahilinə qədər uzanan Qafqaz ərazisini və əhalisini Rusiya imperiyasına məxsus hesab edirlər.

Dördüncü maddə: Rusiyanın günəş bayraqlı və uca şövkət sahibi olan Əlahəzrət İmperatoru özünün İranın Əlahəzrət Padşahına bəslədiyi dostluğunu və müttəfiqliyini bildirmək və bunu isbat etmək üçün qonşuluq naminə şahlıq İranında istiqlaliyyət bayrağını və monarxiya sistemini qətiyyətlə müdafiə edir və ona rəğbət bəslədiyini bildirir. Buna görə də özü və böyük vəliəhdləri adından bəyan edir ki, onun övladlarından hər hansı biri İran dövlətinin vəliəhdi təyin olunarsa və əgər ali Rusiya dövlətinin kömək və yardımına ehtiyac hiss edərsə, xaricdən kimsə İran məmləkətinin işlərinə müdaxilə etməsin deyə, heç bir şeydən müzayiqə etməyəcək və Rusiya dövlətinin köməyi və himayəsi sahəsində İran dövləti möhkəmlənəcək. Əgər İran məmləkətinin daxili işləri üzrə şahzadələr arasında bir münaqişə baş versə, dövrün padşahı xahiş etməyincə Rusiya dövləti bu məsələyə qarışmayacaq.

Beşinci maddə: Ticarət məqsədilə Xəzər dənizində hərəkət edən Rusiya dövlət gəmiləri keçmiş qaydaya əsasən İran tərəfinin sahillərinə və limanlarına getmək və yaxınlaşmaq hüququna malik olacaq, tufan zamanı və gəmi sındığı vaxt İran tərəfindən onlara dostluq yardımı ediləcək. İran tərəfinin gəmiləri də keçmiş qanunlara əsasən ticarət məqsədilə Rusiya sahillərinə getmək ixtiyarına malik olacaqlar. Elə həmin qaydada da tufan vaxtı və gəmilərin xarab olduğu zaman Rusiya tərəfindən onlara dostluq yardımı ediləcək. Rusiyanın hərbi gəmiləri dostluq dövründə və ya hər zaman Rusiya bayrağı altında Xəzər dənizində üzdüyü kimi indi də keçmişdəki sayaq yalnız dostluq naminə hərəkət edəcək və Rusiya dövlətindən başqa, heç bir dövlətin hərbi gəmilərinin Xəzər dənizində olmasına icazə verilməyəcək.

Altıncı maddə: Döyüşlərdə əsir düşənlər, yaxud tərəflərin əhalisindən - xristian, ya hər hansı bir məzhəbdən olub, əsir düşmüş adamlar bu müqavilə təsdiq edilib, imzalanandan üç ay müddətinədək tərəflər tərəfindən azad olunsunlar. Tərəflərdən hər biri həmin əsirlərin Qarakilsəyə gəlib-çatması üçün lazımi xərcləri və ehtiyacları ödəsin. Tərəflərin sərhəd məmurları əsirlərin müəyyən yerə göndərilməsi barədə bir-birinə məlumat vermək məqsədilə elan versinlər ki, tərəflər buna əsasən əsirləri tapa bilsinlər. Öz razılığı və istəyi ilə qayıtmaq arzusunda olanlara, ya öz təqsiri və xahişi ilə öz məmləkətindən qaçan insanlara əsl vətənlərinə dönməyə icazə verilsin. Hər tayfadan olan - istər əsir olsun, istər fərari - hər kəs əgər qayıtmaq istəməsə, kimsənin onlarla bir işi olmayacaq, tərəflər fərariləri əfv edəcək, günahlarından keçəcək.

Yeddinci maddə: Yuxarıda qeyd olunan həmin qərar  və bəyanatlardan əlavə, Rusiyanın Əlahəzrət İmperatoru və İran məmləkətinin Əlahəzrət Padşahı bu qərara gəlmişlər ki, tərəflərin etimad göstərilən elçiləri lüzum olduqda tərəflərin iqamətgahına - paytaxta göndərildikdə rütbə və dərəcəsinin ləyaqətinə uyğun şəkildə onların bütün müraciətləri yerinə yetirilsin, ödənilsin, qeyd olunsun. Keçmiş qaydada dövlət nümayəndələrini, xüsusilə, tərəflərin münasib şəhərlərə təyin etdiyi ticarət işçilərini himayə etməli, onlara heç bir əziyyət verməməli, əksinə, tərəflərin təbəələrinə verilə bilən zərərləri təbəələrin vəkillərinin məlumatı əsasında azaltmalı və zərər çəkənlərin razılığını qazanmalıdırlar.

Səkkizinci maddə: Tərəflərin dövlətlər arasında karvanların və ticarət nümayəndələrinin gəl-get məsələsinə gəldikdə tacirlər silkindən olan hər kəsin, xüsusən, ali Rusiya dövlətinə aid tacirlərin əlində öz dövləti tərəfindən ya sərhədçilərin pasportu, ya rəsmi sənədi olduqda onların dəniz və quru yolla bu iki dövlətə maneəsiz gəlib-getməsinə icazə verilir, hər kəs orda istədiyi qədər yaşayıb, ya qalıb, müamilə işləri və ticarətlə məşğul ola bilər və öz vətəninə qayıtdığı zaman dövlətlər ona mane olmadan Rusiyadan İran vilayətlərinə, eləcə də İrandan Rusiyaya mal və kapital apara və sata bilər. Əgər tərəflərin ticarət nümayəndələri arasında xüsusi bir tələb və başqa bir iddia olarsa, adət üzrə, iddiaçı tərəflərin vəkillərinin yanına gedə bilər və əgər vəkil olmasa, həmin yerin hakiminin yanına gedib, öz tələbini ona izah edə bilər və belə halda onlar ədalətlə müttəhimin iddiasını öyrənib aydınlaşdırır, özü ya başqalarının vasitəsilə həmin işi həll edir, ticarət nümayəndələrinin hüquqlarının tapdalanmasına və onlara əziyyət verilməsinə imkan vermir. Rusiya tərəfinin İrana gəlmiş ticarət nümayəndələrinin öz mal və kapitalları ilə İran dövlətinin qonşusu olan digər şahlıq ölkələrinə getmək hüquqları olacaq və İran dövləti onlara müzayiqəsiz olaraq yol sənədləri (viza) verməlidir, eləcə də Rusiya da Rusiyadan, Rusiya dövlətinin dostu olan başqa ölkələrə getmək istəyən İran tacirləri zümrəsinə daxil olan şəxslər üçün bu cür şərait yaratmalıdır.

Rusiya dövləti təbəələrindən biri İran məmləkətində yaşadığı və ticarətlə məşğul olduğu zaman vəfat etsə və onun əmlak və malları İranda qalsa, onun əmlakı Rusiya dövləti təbəəsinə məxsus olduğu üçün vəfat edən şəxsin malı-mülkü şəri şəkildə qaytarılmalı və həmin şəxsin varisinə təqdim edilməli, həmçinin ölən adamın qohumlarının onun mallarını satmasına icazə verilməlidir. Belə ki, bu qayda Rusiyada və başqa şahların ölkələrində qanun və adət halını almışdır və hansı dövlətə aid olursa-olsun, ona əməl edirlər.

Doqquzuncu maddə: Rusiya dövləti tərəfinin tacirlərinin İran şəhərləri və limanlarına gətirdikləri malların bacı və gömrük haqqı bir şəhərdə bir tüməndən 500 dinar məbləğinə qədər alınır və həmin mallardan İranın hansı vilayətinə gedirsə-getsin, heç bir məbləğ alınmır. Eləcə də İran məmləkətindən xaricə çıxarılan mallardan xərc, bələdçilik və daşınma və sair adı ilə Rusiya tacirlərindən o qədər də çox məbləğ tələb olunmamalıdır. Elə həmin qaydada İran tacirlərinin Rusiya şəhərləri və limanlarına apardıqları, ya çıxardıqları mallardan alınan bac və gömrük haqqı nəzərdə tutulmuş məbləğdən heç cür fərqlənməməlidir.

Onuncu maddə: Tacirlər mallarını dəniz sahili limanlarına daşıyandan və ya quru yolla tərəflərin sərhəd şəhərlərinə gətirəndən sonra hər iki tərəfin tacirlərinə və mübadilə məmurlarına öz mallarını və pullarını satmaq və başqa mallar almaq və dəyişmək ixtiyarı verilmişdir və daha gömrük işçiləri tərəflərin tacirlərindən icazənamə və göstəriş istəməməlidirlər, çünki gömrükçülər və icarədarlar diqqət yetirməlidirlər ki, müamilə nümayəndələrinin ticarət işində dayanmalar və gecikmələr baş verməsin. Xəzinə vergisi, satılan mal və müştəri ilə bağlanan sazişə əsasən əldə edilir.

On birinci maddə: Bu müqavilə təsdiq olunandan və imzalanandan sonra ali dövlətlərin seçilmiş vəkillərinə təqdim olunub, dərhal tərəflərin hər yerində elan ediləcək, yayılacaq və icra olunacaq, xüsusən, ədavət və düşmənçilik əməllərinə birdəfəlik son qoyulacaq və hər yerə göndəriləcək. Tərəflər arasında daimi, davamlı sülhün təsbit olunması və qeyd olunan iki tərəfin arasında bağlanan bu sülh müqaviləsi indi fars əlifbası ilə qeyd olunmuş, yazılmış, iki dövlət məmurları tərəfindən təsdiq olunmuş, möhürlə imzalanmış və hər iki tərəfə təqdim edilmişdir. Bu sənəd bütün Rusiya imperiyasının Əlahəzrət İmperatoru və İran məmləkətinin Əlahəzrət Padşahı tərəfindən şərafətli imzaları ilə təsdiq olunmuşdur və bu ətraflı, geniş sülh müqaviləsi hər iki dövlət tərəfindən daimi olub, üç qəməri ay müddətində seçilmiş vəkillərə çatdırılmalıdır.

Bu müqavilə Rusiyanın hərbi düşərgəsində və Qarabağ vilayətinə mənsub Gülüstan mahalının Zivə çayı yaxınlığında 29 şəvval 1228-ci ildə (21 oktyabr 1813-cü ildə) qələmə alındı.

 

 

 

 





04.12.2022    çap et  çap et