525.Az

BDU-nun tələbələri könüllülük hərəkatında fəaliyyətlərini genişləndirir


 

BDU-nun tələbələri könüllülük hərəkatında fəaliyyətlərini genişləndirir<b style="color:red"></b>


Bakı Dövlət Universitetinin (BDU) tələbələri könüllülük hərəkatında fəaliyyətlərini genişləndirir. 2019-cu ildən fəaliyyət göstərən “BDU könüllüləri” qrupu hazırda öz ətrafında 1000-dən çox könüllü tələbəni birləşdirir.

Bu barədə 525.az-a BDU-nun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, “BDU könüllüləri” qrupu müxtəlif uğurlu layihələr həyata keçirib. Hazırda könüllü tələbələr BDU-nun müxtəlif struktur bölmələrində könüllü kimi fəaliyyət göstərməklə universitetin ictimai həyatında fəal iştirak edirlər. Bu ilin ilk yarısında “BDU könüllüləri” qrupunun təşkilatçılığı ilə müxtəlif səpkili 47 tədbir təşkil olunub. Universitetin könüllüləri, həmçinin ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdə, sosial layihələrdə, humanitar aksiyalarda fəal iştirak etməklə uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz töhfələrini verirlər.

“BDU könüllüləri” gənclər arasında könüllülüyün təşviqi və təbliği, könüllülük sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması ilə bağlı mövcud beynəlxalq təcrübənin öyrənilməsinə də böyük səy göstərir.

Xatırladaq ki, BMT Baş Assambleyasının 1985-ci il dekabrın 17-də qəbul etdiyi qətnaməyə əsasən, hər il dekabrın 5-i dünyada “İqtisadi və sosial inkişaf naminə Beynəlxalq Könüllülər Günü” kimi qeyd olunur.

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. Könüllü kimi çalışan şəxs cəmiyyətə töhfə verməklə yanaşı, öz inkişafına dəstək olur, müxtəlif problemlərin həllində yaxından iştirak edir.

Sevinc Qarayeva 

 





05.12.2022    çap et  çap et