525.Az

Rusiyaya qarşı hərbi tribunal yaradılacaq


 

Rusiyaya qarşı hərbi tribunal yaradılacaq<b style="color:red"></b>

Rusiyanı Ukraynaya və ukraynalılara qarşı hərbi cinayətlərdə ittiham etmək üçün xüsusi tribunalın yaradılması fikri son zamanlar daha ucadan səslənməyə başlayıb. Öncə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyanın Ukraynadakı hərəkətlərini araşdırmaqvə mühakimə etmək üçün BMT-nin himayəsi altında ixtisaslaşmış məhkəmə yaradılması təşəbbüsü ilə çıxış etdi. Bu məqsədə çatmaq üçün isə Avropa İttifaqı ən geniş beynəlxalq dəstəyi cəlb etmək niyyətindədir. Ursula fon der Leyen hesab edir ki, Rusiya cinayətlərinə gözə cəzalandırılmalıdır. 

Avropa Komissiyasının rəhbərinin bu çıxışından sonra Fransa dərhal hərəkətə keçərək avropalı və ukraynalı tərəfdaşları ilə birlikdə xüsusi tribunalın yaradılması üzərində işləməyə başladı. Fransa Xarici İşlər Nazirliyi bəyanat yayaraq hərbi cinayət törədənləri məsuliyyətə cəlb etmək üçün Ukrayna ədliyyəsinə, eləcə də qərəzsiz və müstəqil araşdırmalar aparmağa səlahiyyətli olan Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etdiyini açıqladı. Bu isə o deməkdir ki, Rusiyanı Ukraynaya və ukraynalılara qarşı hərbi cinayətlərinə görə mühakimə etmək üçün tribunalın yaradılması ilə bağlı sözdən əmələ keçilib.

NATO Parlament Assambleyasının prezidenti Juel Qarrio-Maylam bəyan edib ki, Assambleya Rusiyanı Ukrayna və ukraynalılara qarşı hərbi cinayətlərdə ittiham etmək üçün xüsusi tribunal yaradılması ideyasını dəstəkləyir. "Rusiya bütün cinayətlərinə görə cavab verməlidir. Onun bütün hərbi cinayətləri, o cümlədən, insanlığa qarşı cinayətləri və ehtimal olunan soyqırım aktları araşdırılmalıdır".

NATO Parlament Assambleyasının xüsusi tribunalın yaradılmasını tam dəstəklədiyini xanım Juel Qarrio-Maylam belə ifadə edib: "Biz kənarda oturub baş verənlərə tamaşa edə bilmərik".

Rusiya rəsmiləri isə bu təklifi süngü ilə qarşılayıblar. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin BMT-nin himayəsi altında tribunal yaratmaq təklifi Rusiyanın aktivlərinin ələ keçirilməsini legitimləşdirmək məqsədi daşıyır. Vasili Nebenzya hesab edir ki, bu zaman BMT Baş Assambleyasının qəbul etdiyi qətnamədən istifadə ediləcək. Məlum olduğu kimi, BMT Baş Assambleyası Rusiyanın Ukraynaya müharibə təzminatı ödəməsini tələb edən qətnamə qəbul edib. Bu qətnamə Rusiyanın cəzalandırılmasının hüquqi əsaslarını yaradır. Qətnaməyə görə, Rusiyanın hərəkətləri nəticəsində Ukraynaya dəyən zərərin və itkilərin əvəzinin ödənilməsi üçün beynəlxalq mexanizm yaradılmalıdır. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin tribunal yaradılması təklifi də məhz BMT Baş Assambleyasının qətnaməsinin tələbinin gerçəkləşməsinə xidmət edir.

Belə görünür ki, Rusiyanı Ukraynaya qarşı müharibəsinə görə mühakimə edəcək tribunalın yaradılması istiqamətində önəmli addımlar atılmağa başlayıb. Bu prosesin çox sürətlə gedəcəyini və yazın əvvəllərində tribunalın yaradılacağını proqnozlaşdırmaq olar.

 





05.12.2022    çap et  çap et