525.Az

"İranda kimliyimizi təhqir edirlər, ana dilimizi əlimizdən alırlar"


 

MƏTBUAT ŞURASINDA "GÜNAZ TV”NİN RƏHBƏRİ ƏHMƏD OBALI İLƏ GÖRÜŞ KEÇİRİLİB

"İranda kimliyimizi təhqir edirlər, ana dilimizi əlimizdən alırlar"<b style="color:red"></b>

Azərbaycan Mətbuat Şurasında (MŞ) Güney Milli Azadlıq Cəbhəsinin xarici əlaqələr üzrə rəhbəri, "GünazTV”nin rəhbəri Əhməd Obalı ilə görüş keçirilib. Görüşdə MŞ İdarə Heyətinin üzvləri, ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, media təmsilçiləri iştirak ediblər.

Mətbuat Şurasının sədri Rəşad Məcid deyib ki, rəhbərlik etdiyi qurum “Günaz TV”nin qurucusu Əhməd Obalı ilə media təmsilçilərinin görüşünü təşkil etməklə, Azərbaycan vətəndaşlarını düşündürən məsələlər barədə mediamızın müfəssəl məlumatlara sahib olması ehtiyacını əsas tutub: “Əhməd bəyi uzun illərdir tanıyırıq, hər dəfə Azərbaycana gələndə redaktorlarla, jurnalistlərlə görüşür. Bu gün ilk dəfədir ki, Mətbuat Şurasında qonağımızdır. Bu gün bizim həyatımızda, Azərbaycan tarixində çox fərqli bir dövr yaşanır. Cənab Prezidentin ardıcıl olaraq İranda yaşayan azərbaycanlılar, onların hüquqları, öz ana dillərində təhsil almaları barədə dediyi fikirlər bizim hamımızın ürəyindən oldu. Neçə illik arzularımızın reallaşması ümidlərini artırdı”.

R.Məcid vurğulayıb ki, Əhməd Obalı 40 ildir İrandan ayrılıb və illərini azərbaycanlıların hüquqlarının müdafiəsinə həsr edib: “Buna görə ona öz hörmətimizi, etiramımızı, təşəkkürümüzü bildiririk. Arzu edirik ki, sizin, bizim xəyallarımızdakı o arzular gerçəkləşsin. Dünən (4 dekabr - red.) daha bir kövrək hadisə baş verdi. Sosial şəbəkələrdə Əhməd Obalının Xudafərin körpüsünün yanında oturub necə çay içməsi barədə paylaşımlar gördüm. Onun oturuşundan, üzündəki ifadədən, jestlərindən, hansı hiss və duyğuları keçirdiyini hiss edirdik”. 
MŞ sədri əlavə edib ki, Prezident İlham Əliyevin onların ana dillərində təhsil almalarının zəruriliyini qabartması həm Azərbaycan cəmiyyətində, həm də cənublu soydaşlarımız arasında böyük nikbinlik yaradıb.

Daha sonra çıxış edən Əhməd Obalı deyib ki, bu gün hər birimiz tarixi günlər yaşayırıq: “Cənubi Azərbaycanın fəalı kimi hər zaman Şimali Azərbaycanın qələbəsini istəmişik. İnanmışıq ki, Azərbaycan bütün azərbaycanlıların ümidi olacaq. Mən nadir hallarda olur ki, danışa, deməyə söz tapa bilmirəm. Uzun illər oralardan uzaq qalsaq da, həmişə düşünmüşük ki, Araz bizi ayıran deyil, birləşdirən çaydır. Xudafərin körpüsünə gələnə qədər ərazilərdə vandalizmin, bizə qarşı nifrət hissinin şahidi oldum. Daşı daş üstə qoymamaq ancaq nifrət hissinin göstəricisi ola bilər. İran sərhədçiləri körpünün digər hissəsinə gəlməyə icazə vermirdilər. Bu, çox qəribədir. Xudafərin körpüsünün üstünü ot basıb, demək olar ki, hərəkət üçün yararsız olub. Amma mən inanıram ki, vaxt gələcək körpünün o hissəsi də bərpa ediləcək".

1992-ci ildən bu yana Şimali Azərbaycanın enişli-yoxuşlu yollar keçdiyini diqqətə çatdıran Əhməd Obalı Şuşanın azad olunması ilə bağlı bir məqamı xatırladıb: "Şuşa işğal olunan zamanı xatırlayıram ki, ABŞ-ın neft şirkətlərindən birinin departament rəhbəri mənə dedi ki, bir daha Şuşanı görməyəcəksiniz, bu iş bitdi. Şuşa işğaldan azad edildikdən sonra həmin adamı çox axtardım ki, deyim, sənin proqnozun yanlış çıxdı. Amma tapa bilmədim. Bir zamanlar “Cənubi Azərbaycan məsələsi bitib” deyən adamlar da olub. İndi mən arzu edirəm ki, həmin bu ifadələri işlədən adamları da elə olsun ki, tapaq və deyək ki, bu proqnoz da yanlış çıxdı. İndi tarixi bir fürsət yaranıb, zaman bizim xeyrimizədir. 100 ildir İran tərəfindən icra olunan assimilyasiya siyasəti aparılır. Amma bu 100 ildə millətimiz bacardığı qədər irəliləyib. Dörd inqilabın şahidi olmuşuq, haqqımızı tələb etmək üçün 4 dəfə ayağa qalxmışıq. Hər dördündə səhvimiz təxminən eynidir: vədlərə, xoş sözlərə inanmışıq. Məşrutə inqilabında Konstitusiya bizə milli muxtariyyət, Milli Məclis və bir çox digər vədlər verdi. Konstitusiyada yazılanlar heç vaxt icra olunmayıb. 1828-ci ildə Azərbaycan ikiyə bölündü. Hələ də Cənubi Azərbaycanın idarəçiliyi ilə məşğul olan fars şovinizmi Azərbaycanın güclü olacağına inanmırdı. Amma onlar səhv proqnoz verdilər”.

“GünazTV”nin rəhbəri qeyd edib ki, İranda 35 milyondan çox Cənubi azərbaycanlının hüquqları tapdalanır: “Pəhləvilər hakimiyyətə gəldikdən sonra bu hal daha da gücləndi. İranda ana dilimizdəki kitabları yığıb yandırıblar. Müəllimlərimizi öldürüblər, zülm ediblər. Biz isə onların vədlərinə inandıq. Bu gün Abbas Lisani kimi böyük qəhrəmanlarımız ancaq İranın Konstitusiyasının icrasını tələb etdiyi üçün həbsə düşüb. Lisani 11 il həbs çəkib, onu daha 15 il həbs gözləyir. İflic olmaq təhlükəsi var, müalicəsinə imkan vermirlər. Əlirza Fərşini döyüblər, gözü zədələnib, 7 il həbsdə qalmalıdır, müalicəsinə icazə vermirlər, kor olmaq təhlükəsi var. Bu da bizim zənn etdiyimiz islam dövləti. Demək, ən böyük səhfimiz sözə, vədə inanmaq olub, xoşməramlı olduğumuz üçün düşünmüşük ki, yaxşı olacaq, amma olmadı. İran dövlətinin mahiyyəti fars dövlətçiliyidir. İranda 100 ildir fars dövlətçiliyi yaranıb, onlar özünə iki düşmən görür - türk və ərəblər. Əgər doğrudan da həqiqi müsəlman, şiə dövlətidirsə, ən azı peyğəmbərə, İslam dininin banilərinə hörmət etməlidir. Amma ərəbin də dili İranda qadağandır. Kimliyimizi təhqir edirlər, ana dilimizi əlimizdən alırlar, torpaqlarımızı talayırlar. İki il əvvəl İranda bir qanun qəbul olundu. Bu, dil haqqında qanun idi. Uşaqlar birinci sinfə getmək üçün fars dilini ana dili kimi bilməli idi. İran məktəblərində dilimiz qadağan olunmaqla bərabər, bu qanunla da dilimizin kökünü kəsmək istəyirlər. Məktəblərdə ana dilimizi qadağan etmək bəs deyil, evdə məcbur edirlər ki, uşaqlar farsca dil açsın. Belə davam etsə, 20-30 il sonra Güneydə ana dilimizi danışan gənc tapmayacağıq”.

O bildirib ki, regionda Azərbaycana qarşı ən çox düşmənçiliyi İran edir. Onlar Ermənistandan da çox bizə düşmənçilik edirlər. İran heç zaman bizə dost gözü ilə baxmayıb. Ona görə də hər dəfə bir düşmən tapmağa çalışır. Bu gün erməni olmasa, başqasını tapacaq.

“Molla rejimində belə hesab edirlər ki, dünyada bir qarış torpaq Azərbaycan adı ilə müstəqildirsə, İran üçün təhlükəldir. Bu, onların inancıdır. Ona görə də Azərbaycana düşmən axtarıb tapıb ona yardım edirlər. Şimali Azərbaycana qarşı hər şey istifadə edirlər. Farsçılıq ideyası Güneydə bir nömrəli problemdir".

Əhməd Obalı əlavə edib ki, İsrail-Azərbaycan-Türkiyə-Səudiyyə Ərəbistan birliyi faydalıdır: "İran bəzi ölkələrlə əlaqələrini pozur. Bu da bizim xeyrimizədir. Həmçinin, Pakistanın da ölkəmizə qarşı münasibəti bizim üçün önəmlidir”.

Ə.Obalı əlavə edib ki, Prezident İlham Əliyev bir neçə dəfə Cənubi azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı açıq mesajlar verib: "Bu, biz Cənubi azərbaycanlılar üçün çox önəmlidir. Biz cənublular istəmirik Azərbaycandan başqa hansısa dövlət işimizə qarışsın. Prezident İlham Əliyevin bir neçə dəfə Cənubi azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı açıq mesajları bizə ruh verdi. Bu, biz Cənubi azərbaycanlılar üçün çox önəmlidir. Bir dövlətin Prezidenti bundan açıq, şəffaf bəyanat verə bilməzdi. İki dövlətimiz var - Azərbaycan və Tükiyə. İndi onu üç etməliyik. Cənubi Azərbaycan dövləti yaratmalıyıq. Zamanla Cənubi Azərbaycan Şimali Azərbaycanla birləşə bilər. Türk dünyasına həmişə xəyalla baxmışam. Güney Azərbaycansız türk dünyası məna vermir. Yollar bizim əlimizdədir, Zəngəzur dəhlizi açılandan sonra da nəzarət bizdədir. İlkin olaraq fikirdə, zehndə inqilab etməliyik. Azərbaycan Ordusunun müvəffəqiyyəti onun başında duran lider sayəsində biz bu gün burdayıq”.
Ə.Obalı deyib ki, İlham Əliyev bütün dünya azərbaycanlılarının prezidenti olduğunu sübut etdi: “İlham Əliyev Azərbaycan tarixində son 200 ildə yeganə liderdir ki, torpaq verməyib, torpaq alıb. Bu, bizim üçün həm də qürurumuzun yüksəlməsi, mənəviyyatımızın yenidən bərpasıdır. Qarabağ azad edildikdən sonra bir millət olduq, Şuşa alınandan sonra başımız ucaldı, qəddimiz dikəldi. Ona görə də ordumuzu ürəkdən təbrik edir, Prezidentə təşəkkür edirik. İlham Əliyev xarici siyasətdə 100 dəfə ölçüb biçməmiş addım atmır, əgər Güney Azərbaycanın taleyindən danışırsa, dilimizdən, təhsilimizdən, təhlükəsizliyimizdən danışırsa, deməli, min ölçüb, bir biçib. Bir daha İlham Əliyevə təşəkkür edirik”.

MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli deyib ki, burada iki nüans var. Birincisi, hadisələri qabaqlamaq, ikincisi, illüziyaya qapılmaq olmaz: "Bu, rejimə qarşı etirazdır. Arzu edirik ki, milli azadlıq hərəkatına çevrilsin. Bunun rüşeymi artıq var. Azərbaycan adının yüksəklərə qalxması üçün cənubda da ciddi proseslər aparılmalıdır. Biz bu problemi dünyaya çatdırmalıyıq. Həmçinin, dövlətimizin başçısının mesajları bizim üçün yol xəritəsidir".

MŞ İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, bu dava məntiqi sonluğa çatmalıdır: "İran adlı şeytan yuvası dağılmalı, Güney Azərbaycan Cümhuriyyəti yaranmalıdır. Azərbaycan tam deyil, onun bir hissəsi İranın əsarətindən qurtarmalıdır". A.Həsrət Əhməd Obalının rəhbəri olduğu “Günaz TV”nin ölkəmizdə yayımı məsələsinə toxunub: "Hər gün bizi tənqid edən, əsassız ittihamlarla çıxış edən rus telekanalları bizdə yayımlanır, amma "Günaz TV" yox. "Günaz TV"nin Azərbaycanda yerüstü yayımın olması hesab edirəm ki, vacibdir. Necə ki, AzTV var, "Günaz TV" də olmalı və biz televiziyada "Günaz TV"yə baxmalıyıq".

MŞ İdarə Heyətinin üzvü Akif Aşırlı Cənubi Azərbaycandakı proseslərin Türk Dövlətləri Təşkilatları (TDT) müstəvisinə gətirilməsinin vacibliyini qeyd edib: "Təbii ki, bu prosesləri daimi olaraq təhlil etməli, müəyyən nəticələr çıxarmalıyıq. Amal oradakı soydaşlarımızın əllərindən alınan hüquqları və bərpası, azadlığı olmalıdır. TDT-nın gündəmində də, hesab edirəm ki, Güney Azərbaycan məsələsi müzakirə edilməlidir".
O, A.Həsrətin təklifini dəstəkləyib.

Çıxışlardan sonra Əhməd Obalı media nümayəndələrinin suallarını cavablandırıb.


 





05.12.2022    çap et  çap et