Artıq demək olar ki, 1 ildir fasiləsiz jurnalistika ilə məşğulam. Yaxınlarda 30 yaşını qeyd edən “525-ci qəzet” və 525.az üçün müxtəlif səpkili materiallar hazırlayıram.
İlk olaraq onu deyim ki, jurnalistikaya gəlməyim heç də təsadüfi deyil. Peşəkar futbolçu olmağım və hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında aldığım ali təhsil ilə bu sahə demək olar ki, uyğun gəlmir. Yəni, cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, idmançılar adətən, savadsız olur və hərtərəfli inkişaf edə bilmirlər. Təəssüf ki, bu fikirlə qismən razıyam. Savadlı, geniş və hərtərəfli dünyagörüşü olan az sayda peşəkar idmançı tanıyıram. Lakin mən öz potensialımı və bacarığımı bilərək bu sahəyə addım atmışam.
Bir çoxlarınızın tanıdığı, 30 ildir “525”də çalışan İlqar Tağıyev bu işdə mənə xeyli həvəs və təkan verib. Güman edirəm ki, soyadımızın eyniliyindən onunla qohumluq əlaqələrimizin, qan bağımızın olduğunu hiss etdiniz. Bəli, İlqar Tağıyev atamdır. Onun mənə qatdığı və qatacağı təcrübəni, savadı inkar edə bilmərəm. Hər şeydən ötə atama xüsusi təşəkkür edirəm. Lakin mənə dəstək olan yalnız o deyil ki. “525-ci qəzet”in baş redaktoru, gənclərə xüsusi diqqət ayıran Rəşad Məcidin mənə inanması və “525” ailəsinin bir üzvü olmağa layiq görməsi, bu ailənin üzvlərinin xoş rəftarı bu gün və gələcəkdəki uğurlarımın təməlini qoyur.
Mətbuatda ilk dəfə imzam görünəndən sonra özüm üçün belə bir statistika aparmışam. Oxuduğunuz bu yazı imzamla dərc olun 1000-ci yazıdı. “999”un arasında məqalə, köşə, müsahibə, araşdırma, xarici və ölkədaxili və s. xəbərlər yer alıb. Önümdəki yolun uzun olacağını düşünsək, əslində, 19 yaşlı bir gənc üçün 1000 yazı heç də çox deyil. Amma böyük uğurdur. Məncə, hər bir gənc bu uğurun sahibi olmaq istəyər.
Ətrafımdakı həmkarlarımın hamısının məndən yaşca böyük olması və onlarla rəqabət apara bilmək istəyim, bacarığım mənə xüsusi bir motivasiya verir. Amma bunu ilk zamanlar mənə sayt adminliyini öyrədən və göndərdiyim yazılardakı səhvləri başa salan keçmiş iş yoldaşım və dostum Afaq Rzaya aid etmirəm. Bəlkə də bu işə onun əvəzinə başqa biri ilə başlasaydım, bu qədər həvəsli və işgüzar olmayacaqdım.
Arzum və məqsədim jurnalistikada zamanla daha çox təcrübə toplamaq, daha da irəliləmək və inkişaf etməkdir. 19 yaşımda 1000 yazı yazmışamsa, növbəti illərdə bu rəqəmi 5 min, 10 min, 20 minə çatdırmaqdı. Ən böyük arzum isə yubiley yazılarımın hamısının “525”lə bağlı olmasıdır.